Heydər Əliyev
yeni azerbaycan logo

Dönüş anı

11.06.2024 [11:15]

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşdi. Ölkə daxilində siyasi böhranın, xaosun hökm sürməsi, Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürüklədi. Bu proses 1993-cü ilin iyununda özünün kulminasiya nöqtəsinə çatdı və o vaxtkı hakimiyyətin səriştəsiz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Ölkəni belə çətin vəziyyətdən xilas etməyə qadir yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Xalq Ümummilli Lideri  təkidlə hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı.  İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu. Bu səbəbdən 15 iyun haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.  Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Ümummilli Lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. Ölkəmizin müstəqilliyi daimi, dönməz və sarsılmaz oldu. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 20 ildən artıq dövrdə  uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi.  Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı.  Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun keçmiş  məcburi köçkünlərlə görüşlərinin  birində böyük inamla söylədiyi bu fikirlər artıq reallıqdır: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.” Müzəffər Ali Baş Komandan  İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Bayrağımız qürurla dalğalanır. Bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımızın qayıdış ünvanlarının sayı günbəgün artır. Əsas hədfələrdən biri Böyük Qayıdış Proqramının başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün dogma yurd-yuvasına qayıdışıdır. Artıq dörd ilə yaxındır ki, bayramlarımız, o cümlədən Milli Qurtuluş Günü işğaldan azad edilmiş ərazilərimizdə də qeyd edilir.

Müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır

2021-ci ildə 15 İyun-Qurtuluş Günündə Qarabağın tacı Şuşa tarixi hadisəyə şahidlik etdi.  Bütün türk dünyasının birliyinə, regionda sabitliyin, təhlükəsizliyin təminatına, Türkiyə-Azərbaycan dostluğunun yeni istiqamətlər üzrə inkişafına xidmət edəcək Şuşa Bəyannaməsi imzalandı. Dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixi sahibinə qovuşan torpaqlarımıza ilk səfər edən dövlət başçısıdır.  Azərbaycana səfəri çərçivəsində Şuşada rəsmi qarşılanması ölkəmizin, mədəniyyət paytaxtımız Şuşanın həyatında tarixi hadisə kimi dəyərləndirildi. Türkəyə Prezidentinin Şuşaya gəlişinin ilk anından müşahidə etdiyimiz bayram ab-havası, qürur dolu anlar  bu birliyin sarsılmazlığının təqdimatı oldu. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan “Azərbaycan tək deyil “ bəyanatını dünyaya ünvanlayaraq   hər zaman ölkəmizin yanında olduğunu təsdiqləyən   Rəcəb Tayyib Ərdoğanın, qardaş ölkənin digər rəsmilərinin, sıravi vətəndaşlarının dəstəyi dövlətimiz, xalqımız tərəfindən yüksək dəyərləndirilir.  Azərbaycan və Türkiyə eyni sevinci yaşadı, küçə və meydanlarımızı hər iki ölkənin bayraqları bəzədi. Necə ki, birliyimizin rəmzi kimi dəyərləndirilən, birgə dalğalan byraqlarımız Şuşada da bu sevinci hər kəsə bəxş etdi. Mətbuata bəyanatında “Bu gün qardaş ölkənin Cümhurbaşqanı tarixi şəhərdə bizim qonağımızdır və hiss etdiyimiz duyğuları sözlərlə ifadə etmək mümkün deyil. Mən əminəm ki, buraya gələn hər bir insan eyni duyğuları hiss edir və bu çox duyğusal günləri yaşadığımız üçün Ulu Tanrıya minnətdarıq” söyləyən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan dostluğunun, birliyinin əbədiliyini təsdiqləyən bu fikirləri də xüsusi qeyd etdi ki, əziz qardaşım,  Sizi səbirsizliklə Şuşada gözləyirdik. Doğma Vətəninizə xoş gəlmisiniz, Şuşamıza xoş gəlmisiniz!” Tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə əlaqələri, ümumilikdə türk dünyasının birliyi daha da möhkəmlənib.  Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edərkən bu məqamı xüsusi qeyd etdi ki,  Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək. Çünki  mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir: “Qeyd etdiyim kimi, böyük coğrafiyadır, xəritəyə baxsaq görərik ki, Türk dünyasının ucu-bucağı yoxdur, böyük coğrafiyanı əhatə edir. Artan əhali, gənc əhali, təbii sərvətlər, nəqliyyat yolları, aramızdakı birlik. Bu birlik təbiidir, bu birliyin təməlində ortaq köklər var. Ona görə bu birlik bütün başqa birliklərdən daha qüvvətli, daha güclüdür. Yəni bizim birləşməyimiz etnik, mədəni köklər üzərindədir və biz təbii ki, praktiki addımlarla bu birliyi gücləndirməliyik.” Dövlət başçısı İlham Əliyev bir daha diqqəti Şuşa Bəyannaməsinə yönəldərək onu da vurğuladı ki, Türkiyə və Azərbaycan 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışlar və rəsmi müttəfiq olmuşlar. Bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq: “Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz.”

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30