Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın Zəfər salnaməsi

Azərbaycanın Zəfər salnaməsi

18.09.2026 [13:28]

Meydanəli Yolçiyev

​YAP Daşkəsən rayon təşkilatının sədri

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti dövlətin gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü də məhz belə tarixi hadisələrdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını, dövlət hakimiyyətinin bütün ərazilərimizdə təmin olunmasını ifadə etməklə yanaşı, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasını da simvolizə edir.

Azərbaycan xalqının müstəqil dövlətçilik arzusu uzun və mürəkkəb tarixi yol keçib. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası edilsə də, sonrakı illərdə Ermənistanın hərbi təcavüzü ölkəmizin qarşısında ciddi sınaqlar yaradıb. Torpaqlarımızın işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması ölkəmizin inkişafına maneələr törədib. Lakin işğal faktı Azərbaycan xalqının dövlətçilik düşüncəsini və doğma torpaqlara qayıtmaq əzmini zəiflətyib.

Uzun illər ərzində aparılan diplomatik səylərin nəticəsiz qalması Azərbaycanın öz gücünə arxalanaraq tarixi ədaləti bərpa etməsini zəruri etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan güclü iqtisadiyyata, müasir orduya və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrildi. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər isə dövlətimizin qüdrətinin nəticəsi olub.

44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ yaratdı. İşğal altında olan ərazilərin böyük hissəsi azad edildi, Şuşanın düşmən işğalından qurtarılması Azərbaycanın hərbi-siyasi üstünlüyünü təsdiqlədi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə işğala son qoyulması istiqamətində mühüm nəticələr əldə edildi. Postmüharibə dövründə əsas hədəflərdən biri Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin tam bərpası idi. Qarabağda mövcud olan separatçı rejim və qanunsuz silahlı birləşmələr ölkəmizin suverenliyinin tam həyata keçirilməsinə mane olurdu. Azərbaycan dövlətinin ardıcıl və qətiyyətli siyasəti nəticəsində bu istiqamətdə də mühüm addımlar atıldı.

2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın dövlət sərhədləri və ərazisi üzərində nəzarətinin təmin olunması baxımından mühüm hadisə oldu. Həmin ilin sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri isə dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər nəticəsində separatçı silahlı birləşmələr tərk-silah edildi, qanunsuz rejim fəaliyyətini dayandırdı və Azərbaycan öz ərazisində konstitusiya quruluşunu tam bərpa etdi.

Beləliklə, Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ başlandı. Artıq ölkəmizin bütün ərazisində vahid hüquqi məkan mövcuddur. Dövlət hakimiyyəti və Konstitusiyanın aliliyi tam təmin edilir. Bu, təkcə siyasi və hüquqi nəticə deyil, eyni zamanda Azərbaycanın sosial-iqtisadi inkişafı üçün geniş imkanlar yaradan mühüm amildir.

Tam suverenlik şəraitində Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. İşğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, müasir şəhər və kəndlərin qurulması, nəqliyyat və enerji infrastrukturunun yaradılması bu mərhələnin əsas istiqamətlərindəndir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Yeni yollar, tunellər, hava limanları, yaşayış kompleksləri, məktəblər və digər sosial obyektlər inşa olunur. Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına qayıtması Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi şəhərlərin də ölkənin vahid sosial-iqtisadi məkanına inteqrasiyası Azərbaycanın suverenliyinin yaratdığı yeni reallığın mühüm göstəricisidir. Dövlət Bayrağının Azərbaycanın bütün ərazilərində dalğalanması ilə yanaşı, bu ərazilərdə həyatın yenidən qurulması da tarixi Zəfərin davamlı nəticələrini ortaya qoyur.

Tam suverenlik Azərbaycanın regional mövqelərinə də yeni məzmun gətirib. Ölkəmiz artıq regionda nəqliyyat, enerji və logistika layihələrinin həyata keçirilməsində daha geniş imkanlara malikdir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, Zəngəzur dəhlizi ilə bağlı təşəbbüslər, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarında Azərbaycanın rolunun artması ölkəmizin regional əhəmiyyətini daha da gücləndirir. Dövlət müstəqilliyi və ərazi bütövlüyü ilə yanaşı, əldə edilmiş nailiyyətlərin qorunması və inkişaf etdirilməsi də mühüm vəzifədir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bu baxımdan xüsusi məna daşıyır. Konstitusiyanın aliliyinin bütün ərazidə təmin edilməsi, dövlət qurumlarının səmərəli fəaliyyəti, vətəndaş hüquq və azadlıqlarının qorunması suveren dövlətin əsas göstəricilərindəndir.

Azərbaycanın əldə etdiyi tarixi nəticələrin əsasında xalqımızın milli həmrəyliyi, ordumuzun qəhrəmanlığı və dövlətimizin qətiyyətli siyasəti dayanır. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və əsgər-zabitlərimizin şücaəti hesabına əldə olunan ərazi bütövlüyü və suverenlik xalqımızın ən qiymətli milli sərvətidir. Əsas hədəf azad edilmiş ərazilərdə dayanıqlı yaşayış mühitinin formalaşdırılması, iqtisadi potensialın hərəkətə gətirilməsi, Böyük Qayıdışın sürətləndirilməsi və ölkənin hərtərəfli inkişafının davam etdirilməsidir.

Bu gün Dövlət Bayrağı suveren Azərbaycanın bütün ərazilərində qürurla dalğalanır. Bu amil həm keçdiyimiz yolun, həm şəhidlərimizin müqəddəs amalının, həm də Azərbaycanın gələcəyə inamının ifadəsidir. Dövlət Suverenliyi Günü xalqımızın müstəqil dövlətçilik iradəsinin rəmzi olmaqla yanaşı, Azərbaycanın yeni inkişaf mərhələsinin möhkəm təməlini təşkil edir.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30