Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan İslam həmrəyliyinə böyük töhfələr verir

Azərbaycan İslam həmrəyliyinə böyük töhfələr verir

18.09.2026 [15:13]

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türk Dövlətləri Təşkilatının (TDT)  Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının iştirakçılarını qəbul etdi. Azərbaycanın ev sahibliyi etdiyi hər bir tədbir onun beynəlxalq nüfuzunun təqdimatı olmaqla yanaşı, əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyini də təsdiqləyir. Ölkəmiz hər zaman birlik, həmrəylik, sülh, əməkdaşlıq çağırışları ilə dünyanın diqqətindədir. Sözügedən konfrans da bunun batiz nümunəsidir. Cənab İlham Əliyev konfrans iştirakçıları ilə görüşündə bir daha Azərbaycanın birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələrin yaratdığı narahatlıqdan bəhs edən cənab İlham Əliyev vurğuladı ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik.

Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Dövlətimizin başçısı  gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacağına əminliyini ifadə edərək onu da qeyd etdi ki,  ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə, biz ancaq müştərək səylərlə buna nail ola bilərik: “Ona görə hesab edirəm ki, sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız, yenə də deyirəm, həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir. Təbii ki, indi türk dövlətlərinin müsəlman liderlərinin görüşləri müxtəlif ölkələrdə keçirilir və sıra ilə keçiriləcək. Amma bax, bu konfrans ki, keçirilir, bunu biz ənənəvi edə bilərik. Ənənəvi edə bilərik, ya hər il, ya iki ildən bir ki, bu, həm gözəl bir toplantı kimi, həm fikir mübadiləsi, həm müzakirə, həm də birliyin nümayişi olsun. Ona görə bu haqda da fikirləşin. Yenə də təşəbbüsü mən irəli sürürəm, sizdən də konkret təkliflər gözləyirəm”.

Dövlətimizin başçısı İlham Əliyev konfrans iştirakçılarının Ağdam, Xankəndi, Xocalı, Şuşa şəhərlərində olacağını önə çəkərək bu əminliyi də ifadə etdi ki, bu səfər sizin üçün çox maraqlı olacaq. Çünki həm 30 ilin işğalının fəsadlarını, dağıntılarını  və eyni zamanda, bu gün dirçələn Qarabağın yeni simasını görəcəksiniz. Bu torpaqlar 30 il ərzində Ermənistanın işğalı altında idi. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı şəhərində qanlı soyqırımı törədilmişdir. Artıq Xocalıda Xocalı Memorial Kompleksi də yaradılıb. Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır. 30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı.

Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Şəhidlərimizin  canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etdi.  Biz bu torpaqlara 30 ildən sonra qayıdanda viran qoyulmuş şəhərləri, kəndləri, sökülmüş evləri, talanmış milli sərvətlərimizi, dağıdılmış məscidləri gördük. Bunu indi bütün dünya görür. 65 məscid Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq.

Azərbaycanın sülh təcrübəsindən bəhs edən cənab İlham Əliyev vurğuladı ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq. Məhz hərbi güc və övladlarımızın qəhrəmanlığı nəticəsində biz Ermənistanın işğalçı ordusunu öz torpaqlarımızdan qovmuşuq. Ona görə hərbi vətənpərvərlik tərbiyəsi bu gün Azərbaycanda çox geniş vüsət alıb. Hər kəs görür ki, bu gün dünya tamamilə dəyişib və güc amili ön plana çıxıb. “Kim güclüdür, o da haqlıdır” prinsipini biz ortaya atmamışıq. Amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq. Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir.

Paylaş:
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Analitik

11 sentyabrın kölgəsi

18 Sentyabr 09:17  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30