Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tarixi Zəfərdən Yeni İnkişaf Mərhələsinə

Tarixi Zəfərdən Yeni İnkişaf Mərhələsinə

05.10.2026 [16:43]

Ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən tarixi bir tədbir kimi yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli çıxışı keçilmiş zəfər yolunun yekunlarına nəzər salmaqla yanaşı, dövlətimizin ideoloji, iqtisadi və xarici siyasət prioritetlərini əks etdirən mühüm strateji yol xəritəsini müəyyənləşdirdi.

Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin daxili siyasi səhnəsində deyil, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük, mütəşəkkil və nüfuzlu siyasi qüvvədir. 1992-ci ilin noyabrında mürəkkəb xaos və dərin sosial-iqtisadi böhran şəraitində, xalqın tələbi və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP, Azərbaycanı dövlətçilik xəritəsindən silinmək riskindən xilas etmişdir.

Prezident İlham Əliyev öz nitqində qurultayın strateji əhəmiyyətini dəyərləndirərək bu tədbirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi yeni geosiyasi vəziyyətə təsadüf etdiyini bildirib. Ölkə başçısı vurğulayıb ki, əgər əvvəlki VII qurultay 44 günlük müharibədən sonrakı ilkin şəraitdə keçirilmişdisə, VIII qurultay ölkəmizin öz suverenliyini tam təmin etdiyi şəraitdə baş tutur. Ölkəmizin təkbaşına yaratdığı bu yeni geosiyasi reallıqlar artıq qlobal miqyasda qəbul olunan inkaredilməz faktordur.

Bu Zəfərin asan əldə olunmadığını vurğulayan ölkə rəhbəri ölkəmizin illər ərzində ciddi xarici təzyiqlərə, böhtan kampaniyalarına və sanksiya hədələrinə qarşı mübarizə apardığını bildirib. Lakin xalqın vahid mövqeyi və siyasi iradə qarşısında bu təxribatlar iflasa uğrayıb. Şanlı 8 Noyabr Zəfəri ilə yanaşı, 2023-cü il sentyabrın 20-də reallaşan lokal antiterror əməliyyatı da separatizmə və işğala son qoyan həlledici tarixi mərhələyə çevrilib.

Prezident İlham Əliyev diqqətə çatdırmışdır ki, Azərbaycanın böyük qələbələrinin təməli məhz 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması ilə qoyulmuşdur. O vaxt ölkə idarəolunmaz halda idi, xəzinə boşalmış, inflyasiya 1000 faizi ötmüş, Şuşa, Laçın və Kəlbəcər işğal edilmişdi. O dövrdəki AXC-Müsavat cütlüyünün yarıtmaz, təxribatçı siyasəti və vətəndaş qarşıdurması ölkəni fəlakətə aparırdı. Məhz belə bir ağır məqamda xalq müdriklik göstərərək nicat yolunu Ulu Öndər Heydər Əliyevdə gördü.

Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan parçalanmaqdan xilas oldu, beynəlxalq təcriddən çıxdı və “Əsrin kontraktı”nın imzalanması ilə ölkəyə böyük investisiya axını başladı.

Prezident vurğulamışdır ki, illər keçdikcə taktiki və strateji məqsədlər yenilənsə də, Ulu Öndərin müəyyən etdiyi ana xətt dəyişməz qalır: müstəqillik, iqtisadi suverenlik, güclü hərbi potensial və milli maraqlara söykənən müstəqil xarici siyasət. Azərbaycan bu gün öz ayaqları üzərində möhkəm dayanaraq gələcəyə inamla addımlayır.

Ərazi bütövlüyünün bərpası 2003-cü ildən bəri qarşıya qoyulan əsas strateji vəzifə olmuşdur. Müzaffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan şanlı Zəfərlərdən sonra Ermənistanla sülh prosesi Ağ Evdə möhürlənsə də, hərbi gücün artırılması yenə də prioritet məsələ olaraq qalır.

Prezident İlham Əliyev ölkənin müdafiə qabiliyyətinin artırılmasının vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycanın Zəfər qazanmasına, Ermənistanın kapitulyasiya aktına imza atmasına  və tərəflər arasında münaqişənin sona çatmasına baxmayaraq, ordunun gücləndirilməsi hər zaman zəruridir. Ölkə başçısı qeyd edib ki, təhlükəsizliyin təmin olunması üçün hər zaman ayıq-sayıq olmaq və hərbi baxımdan qarşı tərəfdən dəfələrlə üstün mövqeyi qoruyub saxlamaq lazımdır.

Dövlət başçısı qeyd edib ki, ətrafımızdakı regionlarda — Şimalda, Cənubda və Yaxın Şərqdə müharibə ocaqları alovlanır və beynəlxalq hüquq mexanizmləri tamamilə sıradan çıxıb. Məhz bu səbəbdən növbəti ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik xərclərinə təqribən 9 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur.

Ölkə daxilində hər hansı fiziki və ya ideoloji riskin olmadığını bildirən Prezident, bütün təhdidlərin hüdudlarımızdan kənarda formalaşdığını diqqətə çatdırıb. Azərbaycanın müstəqil siyasətinə qarşı xaricdən edilən hər bir kənar təsirə və təzyiqə layiqli cavab verilir.

Dövlət başçısı ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik dərəcəsində böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Prezident qeyd edib ki, ölkəmizi ideoloji təxribatlardan, yalan və şayiələrdən qorumağın başlıca yolu təhsilin və vətənpərvərlik ruhunun yüksəldilməsindən keçir. Onun sözlərinə görə, təhsilli və savadlı cəmiyyət yad təsirlərə qarşı daha davamlı olur, bu səbəbdən də milli ideoloji məkan kənar müdaxilələrdən təmiz saxlanılmalıdır.

Ölkədə sosial rifahın artırılması istiqamətində növbəti ildən minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin qaldırılması nəzərdə tutulur. Azərbaycanın xarici borcu ÜDM-in cəmi 5,6 faizinə endirilib, valyuta ehtiyatları isə 90 milyard dollara çataraq xarici borcu 20 dəfə üstələyib. Son iki ildə keçirilən Beynəlxalq İnvestisiya Forumlarında imzalanan müqavilələrin həcmi 20 milyard dolları keçib.

Dövlət başçısı Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki strateji rolunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr daxil olmaqla, demək olar ki, bütün növ enerji resurslarını hasil və ixrac edən nadir ölkələrdəndir. Ölkə başçısı vurğulayıb ki, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğu müasir dövrdə zəngin resurslara malik Azərbaycan mühüm geosiyasi və təhlükəsizlik amilinə çevrilib və ölkəmizin bu sahədəki beynəlxalq rolu gələcəkdə daha da artacaq.

Eyni zamanda, nəqliyyat infrastrukturunun inkişafı nəticəsində ölkə ərazisindən keçən tranzit yüklərin həcmi bu il 16 milyon tona çatıb, orta müddətli hədəf isə bu göstəricini 30 milyon tona çatdırmaqdır.

Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətin ən mühüm prioritetlərindən biri olaraq qalır. Bu günə qədər həmin bölgələrin yenidən qurulmasına 28 milyard manat vəsait yönəldilib.

Dövlət başçısı "Böyük Qayıdış" proqramının uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, hazırda azad edilmiş torpaqlardakı 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb. Ümumilikdə isə bu ərazilərdə yaşayan, çalışan və təhsil alan əhalinin sayı artıq 96 min nəfərə çatıb. Prezident vurğulayıb ki, azad olunmuş ərazilərə əhalinin köçürülməsi prosesi bundan sonra daha yüksək dinamikayla davam etdiriləcəkdir.

Nəticə etibarilə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın tam suverenlik şəraitində daxili və xarici siyasətini yeni çağırışlara uyğun formalaşdıran mühüm tarixi mərhələ oldu. İdeoloji bütövlük, iqtisadi müstəqillik, güclü müdafiə potesialı və azad edilmiş torpaqların sürətli bərpası üzərində bərqərar olan bu stratejik  kurs Azərbaycan dövlətinin sarsılmazlığının və parlaq gələcəyinin başlıca qarantıdır.

YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov

Paylaş:
Baxılıb: 25 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31