Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Güclü ordu və ideoloji təhlükəsizlik: VIII Qurultayın strateji vurğuları

Güclü ordu və ideoloji təhlükəsizlik: VIII Qurultayın strateji vurğuları

06.10.2026 [16:39]

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələr sırasında təhlükəsizlik məsələləri xüsusi yer tutdu. Partiya Sədri həm fiziki, həm də ideoloji təhlükəsizliyi bərabər əhəmiyyətli istiqamətlər kimi təqdim etdi və onların hər birinin qarşıdakı dövrdə necə təmin olunacağına aydınlıq gətirdi.

Dövlət başçısı əvvəlcə ritorik bir sual qoydu: biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub, sərhədlərdə sakitçilikdir, sülh müqaviləsi paraflanıb, hətta ticarət də başlayıb - bəs nə üçün hərbi gücün artırılması yenə də birinci vəzifədir? Cavab iki amillə izah olundu. Birincisi, xalqımızın acı tarixi təcrübəsi. Azərbaycan xalqı ermənilərin nankorluğu ilə dəfələrlə üzləşib. Yaşlı nəsil yaxşı xatırlayır ki, şirin sözlərdən, dostluq bəyanatlarından sonra Azərbaycanın büdrədiyi anda arxadan zərbə vuruldu. Prezidentin sözlərinə görə, buna görə də biz ayıq olmalı və hər gün onlardan on qat güclü olmalıyıq.

İkinci amil qlobal təhlükəsizlik mühitinin kəskin pisləşməsidir. Azərbaycanın ətrafında - həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə müharibələr və toqquşmalar davam edir, yeni münaqişə ocaqları yaranır. Bu müharibələrin dayandırılması üçün işlək beynəlxalq mexanizm yoxdur, beynəlxalq hüquq faktiki olaraq sıradan çıxıb. Belə bir şəraitdə hər bir ölkə yalnız öz gücünə arxalana bilər. Məhz buna görə də gələn ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyard manata yaxın vəsait nəzərdə tutulur. Prezident vurğuladı ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası, sosial rifahın yüksəldilməsi kimi vəzifələr də icra olunur, lakin əgər biz özümüzü qoruya bilməsək, başqa heç bir layihənin əhəmiyyəti qalmaz.

Partiya Sədri təhlükəsizlik siyasətinin daha bir prinsipini də açıq ifadə etdi: Azərbaycan ona qarşı yönələn heç bir zərbəni cavabsız qoymur. Bir zərbəyə iki, beş, on zərbə ilə cavab verilir ki, heç kim bizim daxili işlərimizə qarışmasın, həyat tərzimizə müdaxilə etməsin və bizə yol göstərməyə cəhd etməsin. Prezidentin sözləri ilə desək, Azərbaycan gücləndikcə, daha fəal və müstəqil siyasət apardıqca ona qarşı təzyiqlər də artacaq. Bu təzyiqlərə qarşı ən etibarlı cavab isə güclü ordu, müasir texnologiyalarla qorunan dövlət sərhədləri və xalqın vahid mövqeyidir. Bu gün Azərbaycan xalqının təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşaması, Prezidentin ifadəsi ilə, indiki dünyada böyük sərvətdir və bu sərvəti qorumaq hamımızın borcudur.

Qurultayın diqqət çəkən tezislərindən biri ideoloji təhlükəsizliklə bağlı oldu. Partiya Sədri bildirdi ki, ölkə daxilində heç bir risk mövcud deyil - nə fiziki, nə ideoloji. Bütün risklər hüdudlarımızdan kənarda formalaşır. Lakin ideoloji risklər sərhəd tanımır. İnternet, kiberhücumlar və süni intellekt dövründə təxribatçı məlumatlar birbaşa ölkənin içinə, insanların düşüncəsinə yönəldilir. Prezident konkret faktlara diqqət çəkdi: müxtəlif ölkələrdə Azərbaycan dilində yaradılan resursların məqsədi bizə kömək etmək deyil, xalqımızı çaşdırmaq, gənclərin beynini zəhərləmək, birliyimizi sarsıtmaq və Azərbaycanı müstəqillik yolundan döndərməkdir.

Bəs ideoloji təxribatlara qarşı necə mübarizə aparılmalıdır? Prezident İlham Əliyev bunun iki əsas vasitəsini göstərdi. Birincisi, təhsil. Xalq nə qədər bilikli və savadlı olarsa, yalanlara, şayiələrə bir o qədər az uyar. İkincisi, vətənpərvərlik. Hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir, çünki biz dünyada misli görünməmiş Qələbəni təkbaşına qazanmışıq. Başqalarının arxasında «böyük dayılar» dayandığı halda, Azərbaycan bütün o güclərin müqavimətinə baxmayaraq qalib gəlib. Bu qürur hissi ideoloji təxribatlara qarşı ən etibarlı sipərdir.

Qurultayda ideoloji işin təşkilinə dair konkret tələblər də irəli sürüldü. Partiya Sədri şablonlardan, formal xarakter daşıyan tədbirlərdən əl çəkməyin vaxtının çatdığını bəyan etdi. İdeoloji iş müasir olmalı, Azərbaycan reallıqları - ölkədə gedən genişmiqyaslı quruculuq, müsbət ab-hava daim ictimai müzakirədə olmalıdır. Prezident xüsusi vurğuladı ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil, sadəcə həqiqətlərin hər bir vətəndaşa çatması kifayətdir. Bu işin mərkəzində isə, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri dayanmalıdır.

Beləliklə, VIII Qurultay partiya üzvləri qarşısında aydın vəzifə qoydu: güclü ordunun və təhlükəsiz dövlətin ideoloji dayağı olmaq. Fiziki sərhədləri ordumuz qoruyursa, ideoloji sərhədlərin keşiyində hər bir partiya fəalı dayanmalıdır. Bu, qazanılmış Zəfərin qorunmasının və Azərbaycanın müstəqil inkişafının vacib şərtidir.

Rza Məmmədov,

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Azadlıq prospekti 20” ünvanı üzrə (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ərazi partiya təşkilatının sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris məsələləri üzrə prorektoru

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31