/ / VIII Qurultayda Prezident İlham Əliyevin çıxışında əks olunan siyasi baxışları: Yeni mərhələnin çağırışları və qarşıdakı hədəflər
VIII Qurultayda Prezident İlham Əliyevin çıxışında əks olunan siyasi baxışları: Yeni mərhələnin çağırışları və qarşıdakı hədəflər
07.10.2026 [17:52]
Nərminə Qədirova
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi hadisə olmaqla yanaşı, ölkəmizin qarşısında dayanan yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Qurultayın əhəmiyyəti yalnız Yeni Azərbaycan Partiyasının növbəti inkişaf mərhələsi ilə məhdudlaşmır. Burada səsləndirilən fikirlər Azərbaycanın keçdiyi yolun siyasi qiymətləndirilməsi, əldə olunan tarixi nailiyyətlərin mahiyyətinin dərk edilməsi və qarşıdakı dövr üçün əsas prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm istiqamətlər ortaya qoyur.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı bu baxımdan xüsusilə diqqətçəkəndir. Dövlət başçısının nitqində Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, hərbi qüdrətimizin artırılması, iqtisadi inkişaf, sosial rifah, Qarabağ və Şərqi Zəngəzurun bərpası, xarici siyasət, ideoloji təhlükəsizlik və partiyanın gələcək fəaliyyəti ilə bağlı mühüm mesajlar öz əksini tapıb.
Bu qurultayın ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Bu faktın özü Azərbaycanın son onilliklər ərzində keçdiyi yolun necə böyük tarixi dəyişikliklərlə müşayiət olunduğunu göstərir.
Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm siyasi missiya həyata keçirib. Bu mənada Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın bugünkü uğurlarının başlanğıcında Yeni Azərbaycan Partiyasının təsis qurultayının dayandığını xüsusi qeyd etmək lazımdır.
Dövlətçiliyin xilası ilə başlayan siyasi yol
Yeni Azərbaycan Partiyasının yaradılması təsadüfi siyasi hadisə deyildi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ağır sınaqlarla üz-üzə idi. Ermənistanın torpaqlarımıza qarşı təcavüzü, ölkə daxilində siyasi böhran, hakimiyyət böhranı, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin ciddi təhlükələrlə üzləşməsi cəmiyyət qarşısında böyük suallar doğururdu.
Belə bir mürəkkəb tarixi şəraitdə xalqın böyük əksəriyyətinin Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını tələb etməsi əslində dövlətin xilası və Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi tələbi idi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ölkənin parçalanmasının qarşısını aldı, dövlət idarəçiliyində sabitlik yaratdı və Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişafının möhkəm təməlini formalaşdırdı. Onun siyasi uzaqgörənliyi, qətiyyəti və dövlətçilik iradəsi Azərbaycanın ən mürəkkəb dövrlərindən birini geridə qoymasına imkan verdi.
Bu baxımdan Heydər Əliyevin siyasi irsi sadəcə keçmişin xatirəsi deyil. Bu irs bu gün də Azərbaycanın dövlət siyasətində öz real əksini tapır. Prezident İlham Əliyevin çıxışında da xüsusi vurğulandığı kimi, taktiki və müəyyən strateji məqsədlər zaman keçdikcə dəyişə bilər, lakin dövlətçilik xəttinin əsas istiqamətləri dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə bu siyasi xəttin əsas dayaqlarıdır.
Tarixi Zəfərdən yeni inkişaf mərhələsinə
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkəmizin müasir tarixində yeni səhifə açıb. Bu nailiyyət uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, güclü iqtisadiyyatın, qüdrətli ordunun və ən əsası, xalq-dövlət birliyinin nəticəsidir.
Azərbaycan xalqının Vətən müharibəsi və sonrakı dövrdə nümayiş etdirdiyi birlik bir daha göstərdi ki, milli məqsəd ətrafında səfərbər olunan xalq qarşısına qoyduğu tarixi vəzifəni yerinə yetirmək gücündədir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan dövləti bu şərəfli missiyanı uğurla həyata keçirdi. Bu gün əldə etdiyimiz Zəfərin əsas siyasi və mənəvi dayaqlarından biri məhz bu birlikdir.
Bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin və müharibənin olmaması, sərhədlərdə sakitliyin hökm sürməsi də yeni reallığın göstəricisidir. Lakin əldə olunan nəticələr arxayınlaşmaq üçün deyil, daha böyük məsuliyyətlə gələcəyə baxmaq üçün əsasdır.
Güclü dövlət, güclü ordu və təhlükəsizlik
Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri hərbi gücünü daim artırmaqdır. Müasir dünyada təhlükəsizlik məsələləri heç bir dövlət üçün ikinci dərəcəli məsələ deyil. Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün hər zaman hazırlıqlı olmalıdır.
Bu, təkcə hərbi potensialın gücləndirilməsi demək deyil. Müasir dövrdə təhlükəsizlik anlayışı daha geniş məzmun kəsb edir. Fiziki təhlükəsizliklə yanaşı, informasiya, kibertəhlükəsizlik və ideoloji təhlükəsizlik də dövlətlərin qarşısında duran əsas məsələlər sırasındadır.
Xüsusilə internet və süni intellektin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə ideoloji təxribatların sərhəd tanımaması ciddi məsuliyyət yaradır. Buna görə də Azərbaycan cəmiyyətinin bu təsirlərdən qorunması yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin, xüsusilə gənc nəslin və Yeni Azərbaycan Partiyasının qarşısında mühüm vəzifə kimi dayanır.
İdeoloji təhlükəsizliyin ən mühüm dayaqları isə təhsil və vətənpərvərlikdir. Təhsilli, bilikli və dünyagörüşlü insan yalan və manipulyasiyaları daha asan ayırd edə bilir. Dövlətinə və milli dəyərlərinə bağlı vətəndaş isə xaricdən yönələn ideoloji təsirlərə qarşı daha dayanıqlı olur.
Müasir ideoloji işə yeni yanaşma
Prezident İlham Əliyevin çıxışında Yeni Azərbaycan Partiyasının qarşısında duran mühüm vəzifələrdən biri də ideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasıdır.
Bu gün ictimaiyyətə yalnız ənənəvi və formal tədbirlərlə təsir göstərmək mümkün deyil. Yeni dövr yeni yanaşmalar, yeni kommunikasiya imkanları və daha çevik ideoloji fəaliyyət tələb edir.
Partiya fəallarının əsas vəzifələrindən biri Azərbaycan reallıqlarını cəmiyyətə düzgün, obyektiv və müasir formada çatdırmaqdır. Ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa prosesi, sosial və iqtisadi inkişaf, Azərbaycanın beynəlxalq nüfuzunun artması ictimai müzakirələrin əsas mövzularından birinə çevrilməlidir.
Burada əsas məsələ şablon ifadələri təkrarlamaq deyil, görülən işlərin mahiyyətini insanlara çatdırmaq, cəmiyyətdə sağlam düşüncə və milli həmrəylik mühiti formalaşdırmaqdır.
Müasir informasiya məkanında Azərbaycan dilində müxtəlif resursların yaradılması, sosial şəbəkələrdə yayılan yalan və manipulyativ məlumatlar göstərir ki, ideoloji mübarizə artıq yeni müstəviyə keçib. Buna görə də informasiya məkanında fəallıq, peşəkarlıq və çeviklik xüsusi əhəmiyyət daşıyır.
Bu prosesdə Yeni Azərbaycan Partiyasının üzvləri yalnız siyasi təşkilatın nümayəndələri deyil, eyni zamanda ölkənin reallıqlarını cəmiyyətə çatdıran fəal vətəndaşlar kimi çıxış etməlidirlər.
Müstəqil xarici siyasət və artan beynəlxalq nüfuz
Azərbaycanın son illərdə əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də müstəqil xarici siyasət kursunun ardıcıl şəkildə həyata keçirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsidir.
Azərbaycan müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı hörmət və milli maraqlar prinsipləri əsasında münasibətlər qurur. Bu siyasətin əsas mahiyyəti heç bir dövlətin daxili işlərə müdaxilə etməsinə imkan verməmək, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməkdir.
Ölkəmizin heç bir dövlətə qarşı ikili standartlardan çıxış etməməsi, siyasətdə emosiyalara deyil, milli maraqlara əsaslanması Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindəndir.
Azərbaycanın müxtəlif beynəlxalq və regional formatlarda fəal iştirakı, yeni əməkdaşlıq imkanlarının yaranması ölkəmizin qlobal siyasi sistemdə artan rolunun göstəricisidir. Bu gün Azərbaycanın enerji, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə mühüm tərəfdaşa çevrilməsi ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır.
Eyni zamanda Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində də fəal və birləşdirici rol oynayır. Bu yanaşma ölkəmizin xarici siyasətinin yalnız milli maraqlara deyil, daha geniş regional əməkdaşlığa və qarşılıqlı anlaşmaya xidmət etdiyini göstərir.
İqtisadi müstəqillik dövlət müstəqilliyinin əsas dayaqlarındandır
Siyasi müstəqilliyin davamlı olması üçün iqtisadi müstəqillik də təmin edilməlidir. Azərbaycan son illərdə məhz bu istiqamətdə mühüm nəticələr əldə edib.
Ölkəmizin xarici borcunun ümumi daxili məhsula nisbətinin 5,6 faiz səviyyəsinə düşməsi, valyuta ehtiyatlarının 90 milyard dollara çatması iqtisadi və maliyyə sabitliyinin mühüm göstəricilərindəndir.
İqtisadi imkanların genişlənməsi sosial siyasətin də gücləndirilməsinə şərait yaradır. Qarşıdakı dövrdə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı gözləntilər dövlətin iqtisadi inkişafın nəticələrini birbaşa vətəndaşların rifahına yönəltmək siyasətinin davamı kimi qiymətləndirilə bilər.
Azərbaycanın enerji sektorunda qazandığı mövqelər də ölkəmizin iqtisadi və geosiyasi əhəmiyyətini artırır. Eyni zamanda nəqliyyat-logistika imkanlarının genişlənməsi Azərbaycanı regionun mühüm tranzit mərkəzlərindən birinə çevirir. Ölkə ərazisindən keçən tranzit yüklərin həcminin artması yeni investisiyalar, yeni iş yerləri və əlavə iqtisadi imkanlar deməkdir.
Beynəlxalq İnvestisiya Forumlarının nəticələri də Azərbaycanın investorlar üçün cəlbedici ölkəyə çevrildiyini göstərir. Cəmi iki forum çərçivəsində imzalanmış investisiya müqavilələrinin ümumi həcminin 20 milyard dollardan çox olması ölkəmizin iqtisadi potensialına beynəlxalq marağın göstəricisidir.
Qarabağ və Şərqi Zəngəzur: Zəfərdən quruculuğa
Azərbaycanın qarşısında duran ən böyük və tarixi vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Artıq 96 min insan həmin ərazilərdə yaşayır, işləyir və təhsil alır. 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşdırılması həyata keçirilib. Bu göstəricilər “Böyük Qayıdış” proqramının real nəticələrini ortaya qoyur.
Bu ərazilərin inkişafına indiyədək 28 milyard manat vəsaitin ayrılması dövlətin Qarabağ və Şərqi Zəngəzurun gələcəyinə verdiyi strateji əhəmiyyətin göstəricisidir.
Qarabağda görülən işlər sadəcə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması deyil. Burada yeni məktəblər, xəstəxanalar, yollar, yaşayış kompleksləri, istehsal və sosial obyektlər yaradılır. Başqa sözlə, Zəfər yalnız hərbi nəticə kimi deyil, genişmiqyaslı quruculuq və inkişaf prosesi kimi davam etdirilir.
Yeni Azərbaycan Partiyasının qarşısında yeni məsuliyyət
VIII Qurultay Yeni Azərbaycan Partiyasının qarşısında yeni mərhələnin məsuliyyətini də müəyyənləşdirir.
Partiyanın qarşısında artıq fərqli çağırışlar dayanır. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycan tarixinin mühüm mərhələsi başa çatıb. İndi əsas məqsəd əldə edilmiş Zəfəri dayanıqlı inkişaf, güclü dövlət, yüksək rifah və milli həmrəyliklə möhkəmləndirməkdir.
Yeni Azərbaycan Partiyasının fəalları və bütün üzvləri bu prosesdə fəal iştirak etməlidirlər. Bunun üçün yalnız təşkilati fəaliyyət kifayət etmir. Müasir Azərbaycanı, onun inkişafını, qarşıda duran məqsədləri düzgün dərk etmək və cəmiyyətə doğru şəkildə çatdırmaq lazımdır.
Partiyanın gələcək fəaliyyəti daha çevik, daha müasir, daha yaradıcı və cəmiyyətlə daha sıx əlaqədə qurulmalıdır. Çünki siyasi təşkilatın gücü yalnız üzvlərinin sayında deyil, cəmiyyətin inkişafına verdiyi töhfədə, dövlətçilik ideyalarına bağlılığında və dəyişən dövrün çağırışlarına cavab vermək bacarığındadır.
Qarşıda bizi daha böyük hədəflər gözləyir
Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər Azərbaycanın keçmişinə verilən qiymətlə yanaşı, gələcəyinə dair aydın baxışın ifadəsidir.
Bu gün Azərbaycan öz taleyini özü müəyyən edən, iqtisadi müstəqilliyini təmin etmiş, güclü orduya malik, beynəlxalq aləmdə böyük hörmət qazanan və regionda mühüm geosiyasi faktor kimi çıxış edən dövlətdir.
Lakin əldə olunan uğurlar yolun sonu deyil. Qarşıda daha böyük hədəflər dayanır. Qarabağ və Şərqi Zəngəzurun tam bərpası, “Böyük Qayıdış”ın sürətləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi, hərbi potensialın gücləndirilməsi, ideoloji təhlükəsizliyin qorunması və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı dövrün əsas istiqamətlərindəndir.
Prezident İlham Əliyevin qurultayda ifadə etdiyi inam da məhz bundan ibarətdir: Yeni Azərbaycan Partiyasının fəalları və bütün üzvləri Azərbaycanın qarşısında duran tarixi vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklər.
Bu gün YAP-ın qarşısında dayanan əsas məsələ yalnız keçmiş nailiyyətləri qeyd etmək deyil, həmin nailiyyətlərdən güc alaraq gələcəyin Azərbaycanını qurmaqdır. Bu gələcək daha güclü dövlət, daha firavan cəmiyyət, daha təhlükəsiz ölkə və beynəlxalq aləmdə daha böyük nüfuz deməkdir.
VIII Qurultayın əsas mesajlarından biri də budur ki, Azərbaycan artıq özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə ən böyük gücümüz yenə də milli birlik, dövlətçilik iradəsi, xalq-iqtidar həmrəyliyi və qarşıya qoyulan məqsədlərə inamdır.
Yeni Azərbaycan Partiyası isə bu tarixi prosesin mühüm siyasi dayaqlarından biri olaraq, qarşıdakı dövrdə də Azərbaycanın inkişafına və dövlətçilik xəttinin daha da möhkəmləndirilməsinə öz töhfəsini verməlidir.
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53

