Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 17 Oktyabr – Füzuli Şəhəri Günü: Zəfərin Salnaməsində  Ucalan Üçrəngli Bayraq

17 Oktyabr – Füzuli Şəhəri Günü: Zəfərin Salnaməsində  Ucalan Üçrəngli Bayraq

15.10.2026 [16:28]

Azərbaycanın şanlı hərb və dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış 17 Oktyabr – Füzuli Şəhəri Günü xalqımızın milli qürur, azadlıq və dövlət suverenliyinin təcəssümüdür. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətə son qoyaraq Füzuli şəhərini və onun ətraf kəndlərini düşmən işğalından azad etdi. İkinci Qarabağ müharibəsinin gedişində Füzulinin azad edilməsi hərbi-strateji baxımdan dönüş nöqtəsi oldu. Düşmənin illər boyunca qurduğu keçilməz istehkamların yarılması və Füzuli əməliyyatının uğurla başa çatdırılması Zəfər yolunun geniş açılmasına, digər rayonlarımızın və Şuşa şəhərinin azad olunmasına həlledici zəmin yaratdı.

Füzulinin azad edildiyi həmin tarixi gündə şəhər mərkəzində müqəddəs üçrəngli Azərbaycan bayrağının ucaldılması təkcə bir ərazinin azad olunması deyil, həm də tarixi ədalətin, milli ləyaqətin və dövlət suverenliyimizin tam bərpa edilməsi idi. İllərlə düşmən tapdağı altında qalan, infrastrukturu tamamilə dağıdılaraq xarabalığa və "ruhlar şəhəri"nə çevrilən Füzulidə ucalan üçrəngli bayrağımız Vətən torpaqlarının dirçəlişinə, yeni həyatın başlanmasına işıq saçdı. Bayrağımızın Füzuli səmasında dalğalanması hər bir azərbaycanlının qəlbində böyük fəxarət və qürur hissi oyatdı.

Bu gün Füzuli şəhərində dalğalanan bayrağımız Böyük Qayıdışın, yenidənqurma və tikinti-quruculuq işlərinin parlaq rəmzinə çevrilib. İşğaldan azad edildikdən keçən qısa müddət ərzində Füzulidə görünməmiş miqyasda bərpa layihələri həyata keçirilib. Regionun nəqliyyat və loqistika qovşağına çevrilməsi istiqamətində cəmi 9 aya inşa olunan Füzuli Beynəlxalq Hava Limanı – Qarabağın hava qapısı istifadəyə verilib. Müasir şəhərsalma konseptinə uyğun olaraq "ağıllı şəhər" və "ağıllı kənd" layihələri tətbiq olunub, yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sənaye obyektləri istifadəyə verilib. İllər boyu öz ata-baba ocaqlarından didərgin düşmüş Füzuli sakinləri artıq doğma yurdlarına qayıdır, öz evlərində dinc və təhlükəsiz şəraitdə yaşayırlar. Dağıdılmış şəhərin yerində sürətlə ucalan müasir Füzuli həm də Azərbaycan dövlətinin gücünü, iqtisadi potensialını və qurub-yaratmaq əzmini bütün dünyaya nümayiş etdirir.

17 Oktyabr – Füzuli Şəhəri Günündə uca zirvələrdə dalğalanan üçrəngli bayrağımız bizə həm də bu torpaqların hər qarışı uğrunda canından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsini və qazilərimizin misilsiz şücaətini xatırladır. Müqəddəs bayrağımızın kölgəsində yenidən canlanan Füzuli, Azərbaycanın sarsılmaz birliyinin, hərbi qüdrətinin və parlaq gələcəyinin əbədi nişanəsidir.

​Nəriman Məmmədli

YAP Şahbuz rayon təşkilatının fəal üzvü

Paylaş:
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31