Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İlham Əliyev-türk dünyasının ali ordenli lideri

İlham Əliyev-türk dünyasının ali ordenli lideri

15.11.2021 [11:05]

ELMAN NƏSİROV

MİLLİ MƏCLİSİN DEPUTATI, DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Ölkələrin Əməldaşlıq Şurasının (Türk Şurası) VIII Zirvə Göruşündə Türk Dünyasının Ali Ordeni ilə təltif olunmuşdur. Bununla bağlı Türk Şurasının üzvü olan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın siyasi liderləri yekdil qərar qəbul etmişlər. Bu təşəbbüsün müəllifi isə qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur və Ali mükafatı da özü təqdim etmişdir.

Əslində heç kəsə sirr deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  son 18 ill ərzində dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafı, beynəlxalq sülh və təhlükəsizliyin təminatı, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə verdiyi misilsiz tohfələrə görə ayrı-ayrı dövlətlərin çoxsaylı Ali Ordenlərinə layiq görülmüşdür. Bunların sırasında Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il), Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il), Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il), Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il), Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il), Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il), Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il), Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il), Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il), Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il), Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il), Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il), Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il), Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il), Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il), Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il), Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il), “Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il) , Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il) və Ukraynanın “Azadlıq” ordenini (18 noyabr 2013-cü il) xüsusi olaraq qeyd etmək olar.

Bütün bu reallıqlar fonunda Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsinin daha böyük məna və əhəmiyyəti vardır. Fikirlərimizi əsaslandırmağa çalışaq.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə Görüşündə çıxışında şəxsinə və xalqına göstərilən bu yüksək etimada görə təşəkkürünü ifadə edərək bildirmişdir ki, “Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.”

Türk Şurasının tam hüquqlu üzvü olan dörd dövlətin-Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinin məlum seçimini şərtləndirən amillər məlum qərarda və cənab Ərdoğanın çıxışında müfəssəl şəkildə əsaslandırılmışdır. Həmin amilləri şərti olaraq üç qrupa bölmək olar.

Birincisi, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edən tarixi zəfər;

İkincisi, bu tarixi zəfərə imza atmaqla türk birliyinin formalaşması prosesinə mühüm töhfə;

Üçüncüsü, tarixi qələbə nəticəsində bölgədə davamlı sülh və sabitliyin əldə olunamasına yolun açılması.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və  onun ətrafında monolit birliyi sayəsində əldə olunan qələbə öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır,Türk dünyası kimi daha geniş coğrafi arealı əhətə edir. Cənab Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimat mərasimində səsləndirdiyi fikirlər bu baxımdan olduqca böyük məna kəsb edir :”Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.”

Ali Baş Komandan İlham Əliyevin məğlubedilməz sərkərdə və mahir diplomat olaraq qazandğı Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi.  Bugün “qoca qitə”də baş verən qorxulu proses və tendensiyalar fonunda, yəni islamofobiya, ksenofobiya, itqçilik, xüsusilə də neofaşizmin dirçəlməsi reallığında Azərbaycancanın qazandığı qələbə həm də qlobal əhəmiyyət kəsb edir.

Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. Bu ideologiya tarixin zibilliyinə kəmiyyət dəyişikliyi əlavə etmişdir. Eyni məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer almışdır.

Xüsusi olaraq vurğulayaq ki, Türkiyə kimi güclü qardaş dövlətin Vətən müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycanın yanında olduğunu bəyan etməsi, ölkəmizə böyük mənəvi və siyasi dəstək göstərməsi üçüncü dövlətlərin hərbi avantürasının qarşısının alınmasında müstəsna rol oynadı. Prezident İlham Əliyevin Türk Şurasının Zirvə görüşündə bu məqama xüsusi diqqət ayıraraq vurğuladı ki, “ Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək.”

Nəticədə Ermənistanın siyasi-hərbi rəhbərliyinin ayrı-ayrı ermənipərəst dövlətləri, siyasi dairələri, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etmək niyyəti fiaskoya uğradı.

Türkiyə Azərbaycanın strateji müttəfiqi olaraq Qarabağın bərpası və yenidənqurulması prosesinə də böyük töhfələr verir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Türkiyənin bu tarixi prosesdəki rolunu yüksək qiymətləndirərək bildirmişdir ki,”Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı azad edilmiş torpaqlara iki dəfə səfər edib. İyun ayında Şuşaya və bu yaxınlarda - oktyabr ayında Füzuli və Zəngilana səfər edərkən bunu əyani şəkildə görüb. Bu bölgələrin - Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bu gün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, - körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə fəal iştirak edirlər. Hörmətli Cümhurbaşqanı ilə birlikdə bu yaxınlarda açdığımız Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hesab edirəm, məhz buna görə biz rekord müddət ərzində, cəmi 8 ay ərzində inşa edə bildik. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər və bizim digər layihələrimizdə iştirak edəcəklər.”

2019-2021-ci illərdə Azərbaycan Respublikasının Türk Şurasına sədrlik etməsi olduqca mürəkkəb tarixi dovrə təsadüf etdi. Bütün dünya COVİD-19 pandemiyası ilə çətin və ağır mübarizə şəraitində yaşamağa məhkum oldu. Dünyanın təhlükəsizliyinə daha böyük cavabdehlik daşıyan böyük dövlətlər və beynəlxalq təşkilatların müəmmalı susqunluğu fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyət və prinsipiallıq göstərərək  cevik və operativ addımlara imza atdı.

Dövlətimizin başçısının təşəbbüsü ilə 2020-ci ilin aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının,  may ayında isə Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas qrupunun videoformatda keçirilən Zirvə görüşləri məhz milli, regional və qlobal səviyyələrdə  pandemiyaya qarşı səylərin birləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi məsələləri baxımından müstəsna əhəmiyyət kəsb etmişdir. Yeri gəlmişkən, onu da xüsusi olaraq qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının məlum Zirvə görüşü beynəlxalq birliyin pandemiyaya qarşı mübarizəsində səylərin uzlaşdırılması və təcrübə mübadiləsi baxımından ilk tədbiri olmuşdiur. Bu addımı ilə də Prezident İlham Əliyev pandemiya dövrünün mürəkkəb reallıqları fonunda növbəti ilkə imza atmışdır. Azərbaycan Prezidentinin gözlənilməz situasiyada təmkin, bacarıq və iradə ortaya qoyması, habelə məsuliyyəti üzərinə götürmək qabiliyyəti nümayiş etdirməsi türkdilli dövlətlər, onların xalqları və siyasi rəhbərləri tərəfindən yüksək qiymətləndirilmiş və Türk Şurasının məlum İstanbul qərarının yaranmasına birbaşa təsir göstərmişdir.

Azərbaycan Respublikası öz siyasi liderinin-Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərə imza atmaqla,  pandemiyaya qarşı mübarizədə türk dövlətlərinin səylərini koordinasiya etməklə, habelə onlar arasında əməkdaşlıq mühitinin genişlənməsinə töhfələr verməklə Türk Şurasının Türkdilli Dövlətlər Təşkilatına çevrilməsi üçün  olduqca münbit şərait yaratmışdır. Məhz Türk Şurasının 2019-cu ilde Bakıda keçirilən Vll Zirvə göruşündə Türkmənistan fəxri qonaq statusunda iştirak etmiş, Özbəkistan isə tamhüquqlu üzv olmuşdur.

Bundan savayı, Azərbaycanın tarixi zəfəri postmünaqişə dövrü problemlərinin həlli üçün də yeni imkanlar pəncərəsi açmişdır. Xüsusilə də yeni reallıqlar əməkdaşlığın alternativinin olmadığı həqiqətini diqtə edir. Məsələyə bu xüsusda yanaşdıqda Ermənistan və Azərbaycan arasında iqtisadi-komunikasiya əlaqələrinin bərpası tarixi zərurətə çevrilmişdir. Zəngəzur dəhlizinin işə salınması ilə bu prosedə maraqlı olan bütün tərəflər uduşlu vəziyyətdə olacaqlar. Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında dəmiryol və avtomobil yolu əlaqəsinin bərpası baş tutacaqdır. Azərbaycan və Türkiyə arasında qardaş dövlətlər olaraq əlavə komunikasiya əlaqəsi yaranmış olacaqdır. Bu hadisə türk dünyasının coğrafi bağlantısının bərpası baxımından da müstəsna əhəmiyyətə malikdir. Bütün bu əhəmiyyətli məqamları nəzərə alaraq Prezident İlham Əliyev noyabrın 12-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə xüsusi olaraq qeyd etmişdir ki, “Zəngəzura gəldikdə, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq...Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.”

Nəticədə Türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün unikal imkanlar yaranmış olacaqdır. Bu isə ilk növbədə türkdilli dövlətlər arasında mövcud 21 milyardlıq dollarlıq ticarət dövriyyəsinin kəskin artımını şərtləndirə bilər.

Yuxarıda qeyd olunduğu kimi, tarixi qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəszilik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir. Danışıqlarda ilk növbədə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat komunikasiyalarının bərpası, o cümlədən Zəngəzur dəhlizinin işə salınması, miinalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi və ümumən tarix sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması ətrafında məsələlərin müzakirə edilməsi mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Bu isə öz növbəsində bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar.

 Təəssüf ki, qeyd edilən məsələlərin həlli istiqamətində Ermənistandan müsbət siqnallar gəlmir. Azərbaycan xalqı 8 Noyabr Zəfər Gününün bir illiyini böyük atəşfəşanlıqla-qalibə uyğun səviyyədə keçirdiyi realıqda Ermənsitanda revanşizm mövqeyindən bəyanatlar səslənir, təxribatçı addımlara əl atırlar. Ermənistan tərəfi Azərbaycan Prezidenti İlham Əliyev və hökumət nümayəndələrinin Şuşa şəhərində keçirdiyi Zəfər Günü mərasimlərinə qarşı diversant-terrorçu hərəkətlərə yol vermişlər. Bu hərəkətlərin qarşısı hərbçilərimiz tərəfindən dərhal alınmış və cavab tədbirləri görülmüşdür. Kəlbəcər istiqamətində mövqelərimiz Ermənistan tərəfdən atəşə məruz qalmışdır. Noyabrın 13-də isə erməni terrorçusu Şuşa şəhəri yaxınlığında Azərbaycan hərbçilərinin postuna qumbara atmış və 3 hərbçimiz yaralanmışdır. Rusiyalı hərbçilərin postu da sözügedən ərazidə olmuşdur. Cinayətkar Azərbaycana yox, Ermənistana təhvil verilmişdir. Bu təxribatçı addım həm də Rusiya hərbçilərinə qarşı bir təhdid və çağırışdır. Rusiya tərəfi bu terror əməlinə görə icraçı və təşkilatçıların cəzalandırılması istiqamətində qəti və təxirəsalınmaz tədbirlər görməldir. Ermənistanda getdikcə artan anti Rusiya meyllər fonunda Rusiya siyasi-hərbi rəhbərliyinin Ermənistan siyasətində adekvat addımların atılmasının zamanı çoxdan çatmışdır. Həm də belə təxribatçı addımlar Qarabağda Azərbaycan hərbçiləri və Rusiya  sülhməramlıları arasında etimadsızlıq mühitinin yaradılması mənafeyinə xidmət göstərir.

            Ermənistan dövləti 44 günlük ikinci Qarabağ müharibəsində biyabırçı məğlubiyyətə məruz qalmış və kapitulyasiya aktı imzalamışdır. Bu gün Ermənistanda hərbi canilər Köçəryan və Sarkisyan “milli müqavimət hərəkatı” yaratdıqlarını bəyan ediblər. Hədəfləri Paşinyan hökumətini devirmək və Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını yenidən gündəmə gətirməkdən ibarətdir. Bu yerdə məşhur bir Azərbaycan zərb-məsəlini xatırlamamaq mümkün deyil: “Ac toyuq yuxusunda darı görər”. Belə revanşist və xəstə düşüncənin daşıyıcıları papaqlarını qarşılarına qoyub (əgər papaqları varsa) düşünsünlər və müzəffər Ali Baş Komandan İlham Əliyevin Türk Şurasının İstanbul Zirvə Görüşündə səsləndirdiyi xəbərdarlığı yaddan çıxarmasınlar: “Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər”.  Başqa sözlə, Tarixi Zəfərimizin simvolu olan Dəmir Yumruq yerindədir.

Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Yaşasın Türk Birliyi!

Qarabağ  bizimdir.  Qarabağ Azərbaycandır!

 

Paylaş
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31