Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İlham Əliyev: Sözü də imzası qədər keçərli olan Lider

İlham Əliyev: Sözü də imzası qədər keçərli olan Lider

22.12.2022 [11:05]

Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, vətəni və dövləti üçün yaşayır. 

Viktor Mari Hüqo demişdir:  Əsl insanın vəzifəsinin yarısı vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir. Bu mənada Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ömrünü dəyərləndirəsi olsaq insan ömrünün məna dərinliyini dərk etmiş olarıq.  Hələ 19 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin haqqında dediyi “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikri həm Ulu Öndərin uzaqgörənliyinin, həm də bir insanın haqqında deyilənləri  artıqlaması ilə təsdiqinin nümunəsi oldu.

İlham Əliyev son 19 ildə rəhbərlik etdiyi dövrdə Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Mürəkkəb dünyada baş verən proseslər fonunda Azərbaycanın sabit və davamlı inkişafı isə İlham Əliyevin 19 illik dövlət quruculuğu və inkişafı istiqamətində fəaliyyətinin bariz nümunəsidir.  

Möhtərəm Prezident İlham Əliyevin dilindən dəfələrlə səslənən “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikir ölkəmizdə həyata keçirilən sosial siyasətin mahiyyətini çox dəqiq ifadə edir. Azərbaycanda görülən bütün işlər, əldə olunan nailiyyətlər ölkə vətəndaşları, onların ali mənafeyi üçündür. Azərbaycan xalqı əmindir ki, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin qayəsini “xalqa ləyaqətlə xidmət etmək” prinsipi təşkil edir. Onun “Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik” fikri ölkənin liderinin demokratik proseslərinin ardıcıllığının və dönməzliyinin təmin edilməsi ilə bağlı tələbkarlığının ifadəsidir. Müasir Azərbaycan 1993-cü ildə “Yolumuz demokratiya yoludur” deyən Ulu Öndərin görmək istədiyi respublikaya çevrilmişdir.

2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Yeni Azərbaycan Partiyasının sədri seçilən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlara başlanılmışdır. Cənab İlham Əliyevin həyata keçiurdiyi islahatlar nəticəsində YAP-ın cəmiyyətdəki nüfuzu daha da möhkəmlənmiş və partiyanın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsində əhəmiyyətli rol oynamışdır. 800 minə yaxın üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil və modern islahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən mühüm şərtlərdən biridir. Qabaqcıl institusional islahatlar sırasında isə Birinci vitse-prezidentlik institutunun yaradılması müstəsna əhəmiyyətə malikdir. Ötən dövr göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi sonrakı mərhələdə vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsində mühüm amil olmuşdur.

İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Prezident İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə keçirilmiş davamlı görüşlər demokratik ənənələrin şaxələnməsinə xidmət edən müsbət təcrübədir.

Prezident İlham Əliyev həssas əhali təbəqəsinə, şəhid ailələrinə davamlı qayğını bütün cəmiyyətin işinə çevirib. Prezident şəhid ailələrinə mənzillərin, maşınların açarlarını şəxsən özü təqdim edir, bu qayğını özünə təkcə vəzifə borcu yox, həm də şərəf sayır. Bu ünsiyyət insanları sevindirir, ürəkləndirir, sabaha inamını artırır və həm də düşündürür. Çünki bu münasibət son dərəcə səmimidir və ürəkdən gəlir. Məsələn, dövlət başçısı öz ad günlərində hər zaman xalqın arasında olur.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Cənab Prezidentin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Azərbaycanın neft sektoruna investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr vardır.

Daxili inkişafa gəlincə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir.

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 19 ildə 4 minə yaxın məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. 2019-cu ildə regionların sosial-iqtisadi inkişafına dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib.

Azərbaycan xalqının tarixinə ən parlaq Qələbəni də məhz müzəffər Ali Baş Komandan olaraq İlham Əliyev yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin həm də elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. O, müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya, onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı. 

Sözü də imzası kimi keçərli olan Liderlə fəxr etməyə, onun apardığı böyük mücadilə yolunda sıravi əsgər olmağa dəyər. Şərəfli ömrün xalqa, millətə, dövlətə və dövlətçiliyə həsr olunmuş hər anı qiymətlidir. Bu mənada Cənab İlham Əliyevin ömrü illərlə yox əməllərlə ölçülməlidir. Əməllər isə o qədər möhtəşəm, o qədər dəyərlidir ki, onun qiymətini bu gün verməkdə, ifadə etməkdə çətinlik çəkmək olar. Amma tarix bütün çətinliklərin fövqündə dayanır və əsil qiyməti də o verəcəkdir.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28