Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsidir

Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsidir

05.06.2023 [13:46]

Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra əvvəl Türkiyə, ardınca isə İsrail müstəqilliyimizi rəsmən tanımışdır. Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Son vaxtlar qarşılıqlı diplomatik səfərlərin reallaşması buna nümunədir. Cari ilin may ayının 30-da İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına iki günlük rəsmi səfərə gəlib. İki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən bu səfərdə İshak Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edib.

2023-cü il 29 mart tarixində İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, yeni strateji səviyyəyə çatdırılmasına təkan verdi, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə gətirib çıxardı. 

Ümumilli Lider Heydər Əliyevdə Azərbaycan – İsrail münasibətlərinə xüsusi əhəmiyyət verirdi. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Ümumilli Lider Heydər Əliyev yəhudilərin əsrlər boyu burada azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirərək qeyd edirdi ki, "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır."

Azərbaycan-İsrail əməkdaşlığı yalnız ticarət əlaqələrində deyil, bir sıra siyasi məsələlərin həllində də özünü büruzə vermişdir. İkinci Qarabağ müharibəsində qazandığımız şanlı zəfər ölkəmizin nüfuzunu daha da artırdı. Rəşadətli Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində tarixi ədalət bərpa olundu. 44 günlük müharibə dövründə xalqımızın haqq işinə dəstək göstərən dövlətlərdən biri də İsrail idi. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi,  “Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar”.

2023-cü ilin yan­var – fevral aylarında Azərbaycanla İs­rail arasında əmtəə dövriyyəsi 334,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,36 faiz çoxdur. Azərbaycanın əmtəə döv­riyyəsində bu ölkənin payı 4,66 faiz təşkil edib.

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq münasibətlərin uğurlu inki­şafının daha bir əsasını təşkil edir. İs­rail özünün neft tələbatının üçdə birini Azərbaycandan idxal hesabına qarşı­layır. Neft-qaz sahəsində böyük təc­rübəyə malik Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə bu sahənin inkişafına böyük töhfə verə bilər. Həmçinin, İsrail ilk dəfə olaraq, öz qazını Avropaya Azərbaycana məxsus kəmər vasitəsilə nəql etməkdə maraqlıdır. İsrail qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin TANAP layihəsindən istifadə etməsi iki dövlət arasındakı enerji əməkdaşlığını yüksək səviyyəyə qaldıracaq. Həmçinin enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək.

Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsidir. Ölkəmizdə yəhudilərə illər boyu göstərilən gözəl münasibət və qarşılıqlı  hörmət yəhudilərin Azərbaycana rəğbətini və heyranlığını daha da gücləndirir, dövlətlər səviyyəsində əlaqələrin daha da möhkəmlənməsinə təsir edir. Azərbaycanda yaşayan yəhudilərin razılığı, rahatlığı iki dövlət arasında münasibətlərin inkişafına təkan verir. Bu tarixi əlaqələr həmçinin İsrail və müsəlman ölkələri arasında uğurlu əməkdaşlığın nümunəsidir.

         Varis Rüstəmov,

         Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31