Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsi kimi

Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsi kimi

02.02.2024 [18:23]

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan gəncliyi bu gün bayram əhval-ruhiyyəsindədir. 2 Fevral Gənclər Günü ölkəmizdə hər il gənclərimiz tərəfindən böyük coşğu ilə qeyd olunur.

Ümumiyyətlə, xalqımızın xoşbəxtliyi ondadır ki, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi tam təmin olunub, bəzi geosiyasi mərkəzlərin qaranlıq planları və dağıdıcı ssenarilərinin reallaşmasının qarşısı alınıb, Azərbaycan sabitlik adası və təhlükəsizlik məkanı kimi uğurlu inkişaf yoluna çıxıb. Belə bir şəraitdə Azərbaycan gəncliyi də həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirib, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəlib. Bu reallıq ölkə gəncliyinin vətənpərvərlik ruhunun timsalında və xalqımızın mübarizə əzminin fonunda müasir müstəqil Azərbaycan dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinin və parlaq gələcəyinin əyani ifadəsidir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Heydər Əliyev qeyd edirdi ki, hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Ulu Öndər gənclər siyasəti sahəsində vacib qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla gənc dövlətin gənclər siyasətinin hüquqi əsaslarını formalaşdırıb, demokratik inkişafı təmin etməklə gəncliyin inkişafının ictimai-siyasi özüllərini möhkəmləndirib. Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması məqsədilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bu kontekstdə xüsusi vurğulanmalıdır. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi müdrik dövlət xadiminin və Azərbaycan dövlətinin gəncliyin inkişafına xüsusi diqqət və qayğısının bariz əyani göstəricisidir.

Hazırda Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasəti uğurla davam etdirilir. Cənab Prezidentin müvafiq Sərəncamına əsasən 2007-ci ilin “Gənclər İli” elan edilməsi, bu istiqamətdə mühüm addımların atılması – çoxşaxəli tədbirlərin həyata keçirilməsi gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub, növbəti illər üçün zəngin təcrübə və ənənələr formalaşdırıb. Bununla yanaşı, 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü il 2 iyul tarixində isə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi Azərbaycan gənclərinin müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək yeni nailiyyətlər qazanmasına stimul və dayanıqlı zəmin yaradıb. Digər tərəfdən, dövlət başçısı ötən müddət ərzində gənclər siyasətinin təkmilləşməsinə, bu sahədə təşkilatı-hüquqi əsasların möhkəmlənməsinə, bütövlükdə,  Azərbaycan gəncliyinin inkişafına xidmət edən çox mühüm qərarlar verib, fərman və sərəncamlar imzalayıb. “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” Dövlət Proqramı, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”,  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və digər bu kimi sənədlərin qəbul edilməsi isə gənclər siyasətinin səmərəliliyinin artırılmasına, bu yenilikçi və aparıcı qüvvənin potensialının Azərbaycanın inkişafına yönləndirilməsinə yeni və daha geniş imkanlar yaradıb.

Ən mühüm məqamlardan biri odur ki, gənclər Prezident İlham Əliyevin islahatlar kursunun çox mühüm qüvvəsini təşkil edir. Daha dəqiq desək, dövlət başçısının kadr islahatları, gənclərə müxtəlif vəzifələrdə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmələri üçün şərait yaradılması Azərbaycanın inkişafının sürətlənməsini və milli gücünün artmasını şərtləndirir.

Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçərək möhtəşəm nailiyyətlər qazanan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir - böyük önəm verir, gəncliyin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir. Sevindirici haldır ki, Heydər Əliyev ideyalarını dərindən mənimsəyən, milli məfkurəmiz olan azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşən gənc nəslin nümayəndələri qüdrətli Azərbaycan dövlətinin sağlam düşüncəli vətəndaşları kimi ölkəmizin inkişafına mühüm töhfə verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edirlər. Xüsusilə yüksək vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gəncləri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması işində tarix yazdılar.

Qarşıdan isə ölkəmizin həyatında mühüm siyasi hadisə olan 7 fevral prezident seçkiləri gəlir. İnanırıq ki, gənclərimizin seçimi qalib xalqın qalib Lideri İlham Əliyev olacaq. Və əminliklə söyləmək olar ki, qüdrətli və nüfuzlu Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər qazanacaq, mütərəqqi Azərbaycan gəncliyi isə qalib və güclü dövlətin vətəndaşları kimi səmərəli fəaliyyət göstərərək öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, müstəqil dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəklər!

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31