Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiyanın Avropa pəncərəsi bağlanır

Rusiyanın Avropa pəncərəsi bağlanır

19.08.2022 [10:36]

Murad KÖHNƏQALA

Finlandiya Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkəyə daxil olmaq istəyən Rusiya vətəndaşlarına verilən turist vizalarının sayını 10 dəfə azaltmaq niyyətindədirlər.

Nazirlik həmin qərarını bəzi Avropa ölkələrinin ruslara turist vizasının verilməsini tamamilə dayandırmaq çağırışları fonunda açıqlayıb. Finlər bu qərarın sentyabrın 1-dən işə düşəcəyini də bəyan ediblər. İstisna hal kimi Rusiyanın ictimai fəal və jurnalistlərinin ölkəyə gediş-gəlişini asanlaşdırmaq üçün yeni humanitar viza tətbiq etmək fikrindədirlər.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da bildirib ki,  viza üçün ruslardan qəbul edilən müraciətləri məhdudlaşdırmağa hazırlaşır. Ölkənin rəsmi statistikasına görə, hər gün min nəfərə yaxın Rusiya vətəndaşı Finlandiyaya gəlmək arzusu ilə viza üçün müraciət eləyir. Finlər hazırda həmin rəqəmi 100-ə, maksimum halda 200-ə endirmək fikrindədirlər. Haavistonun sözlərinə görə, indən belə vizaların verilməsində ailəliklə səfər etmək istəyənlərə, bir də təhsil üçün gələnlərə üstünlük veriləcək.

İndiyədək ruslar Şengen ərazisinə daxil olan istənilən Avropa ölkəsinə getmək üçün Finlandiya vizasından rahat istifadə ediblər. Finlər bunu bilsələr də, rusların öz ölkələri üzərindən başqa Aİ ölkələrinə keçib getmələrinə göz yumublar. Qanuna görə, əcnəbi ölkə vətəndaşı hansısa Şengen ölkəsinə daxil olursa, onun həmin müqavilənin əhatə etdiyi başqa ölkəyə keçib orada yaşamaq, qalmaq izni almaq hüququ yoxdur. Qonaq vizada nəzərdə tutulmuş müddət boyunca başqa Avropa ölkələrinə səfər edə bilər, lakin yaşamaq, qalmaq izni almaq üçün mütləq ilk ayaq basdığın ölkəyə qayıtmalısan.

Məsələn, Rusiyanın Sankt-Peterburq şəhərindən Finlandiyanın İmatra şəhərinə təxminən 200 kilometr məsafə var. Ruslar bu yolu maşınla 3 saata gedirlər. Əvvəllər belə idi, yəni, viza alan hər bir Peterburq rusu üç saat yol getdikdən sonra Avropaya düşürdü. Hətta vaxt vardı Sankt-Peterburqda “Ploşad vosstaniya” metrostansiyasının çıxışında onlarla barker: “Finlandiyaya mikroavtobus gedir, boş yerlər var!” deyə bağırırdılar. Yaxud gəmi ilə, rahat və ucuz. Axşam Peterburqda minirdilər gəmiyə, səhər tezdən Helsinkidə olurdular. Finlandiya hakimiyyəti piterlilərə və şimal-qərb bölgəsinin digər şəhərlərinin sakinlərinə sadələşdirilmiş qaydada viza verirdi. Yəni bəri başdan otelpulu ödəmək, irəli-geri bilet almaq, bank hesabında lazımi qədər valyutanın olduğunu təsdiqləyən sənəd tələb etmirdilər.

Əlbəttə, Rusiya vətəndaşları Avropa səyahətindən sonra Finlandiyadan özlərinə minik avtomobilləri, hər cür elektron avadanlıqlar, paltar və bu kimi lazımlı şeyləri çox ucuz qiymətə alıb gətirə bilirdilər. Eləcə də Avropanın ən ucuz aviadaşıyıcısı “Ryanair”dən yararlanırdılar.

Bundan başqa, bir neçə il idi vizalar məhdudiyyətsiz sayda girişlə verilirdi və bunu arzulayan hər bir Sankt-Peterburq sakininin pasportunda “Fin Şengeni” vardı. Rəsmi statistikaya görə, 2018-ci ildə Finlandiya dövləti peterburqlulara 500 000-dən çox viza verib ki, bunun da 99,6%-i çoxdəfəlik olub. Lakin ölkəyə daxil olan rusların mağaza və mənzillərdən oğurluq etmə faktları sürətlə artdığına görə finlər 2019-cu ildən viza sistemində  sərtləşdirməyə gedib digər Avropa ölkələri kimi bilet və otel rezervasiyası tələb etməyə başladılar. Sonralar koronavirus karantininə görə sərhədlərini bağlayan Finlandiya turistlər üçün yalnız bu yay açıldı. Bu dəfə Avropa pəncərələri həmişə əziyyətsiz, asan yolla viza almağa öyrəşmiş peterburqluların üzünə, deyəsən, bağlanası olacaq.

Ukrayna savaşından sonra Avropa İttifaqı Rusiya şəhərləri ilə hava əlaqəsini kəssə də, hələlik quru sərhədləri açıq qalır. Buna baxmayaraq, Finlandiyanın baş naziri Sanna Marin deyib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü bitməyənə qədər rus turizminə məhdudiyyətlər qoymaq məcburiyyətindədirlər: “Rusiyanın Avropada aqressiv və amansız müharibə apardığı bir vaxtda rusların deyə-gülə Avropaya turist kimi səyahət etməsi yolverilməzdir. Özü də onlar başqa Avropa ölkələrinə getmək üçün Finlandiyadan keçid məntəqəsi kimi istifadə edirlər”.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç də öz Tvitter hesabında yazıb ki, Avropa ölkələrinə vizası olan Rusiya vətəndaşlarının sərhədi birbaşa keçmələrinin qarşısını almaq üçün ölkəsi regiondakı digər həmfikir dövlətlərlə siyasi və hüquqi yollar aramağa çalışır.

Bundan başqa, Estoniya hakimiyyəti avqustun 18-dən Rusiya vətəndaşlarının ölkəyə buraxılmayacağını açıqlayıb. Beləliklə, Latviya, Litva, Estoniya və Finlandiya ruslara Şengen vizasının  verilməsinə və onların ümumavropa evinə buraxılmasına qarşıdır. Avqustun sonunda Praqada baş tutacaq Aİ xarici işlər nazirlərinin görüşündə bu təklifin müzakirəsi də gözlənilir. Lakin Almaniya kansleri Olaf Şolts Şengen Sazişində konkret bir ölkə üçün tam viza qadağasına imkan verən müddəa nəzərdə tutulmadığına görə bu cür sərt tədbirlərin əleyhinə olduğunu bildirib.

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Dünya Ürək Günüdür

29 Sentyabr 10:30

Prezident bu gün

Prezident bu gün

29 Sentyabr 10:21

Sosial

Elektron, yoxsa auksion?

29 Sentyabr 10:19

Xəbər lenti

Siyasət

Gündəm

İkinci zəng...

29 Sentyabr 09:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30