Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / GÖZÜ YOLDA QALAN YURDUMUZUN – İRƏVAN TEATRI

GÖZÜ YOLDA QALAN YURDUMUZUN – İRƏVAN TEATRI

23.08.2022 [13:28]

XX əsrin əvvəllərinə qədər əhalisinin 75 faizini azərbaycanlılar təşkil edən İrəvan şəhəri mədəniyyətinin bütün sahələrində olduğu kimi teatr sənətinin təşəkkülü və inkişafı baxımından da ən qabaqcıl mərkəzlərdən biri olmuşdur. Dünya təcrübəsi göstərir ki, bu və ya digər məkanda teatrın meydana gəlməsi və inkişafı üçün əlverişli mədəni şəraitin olması vacibdir. Bu bir tərəfdən teatr sənətinin sirlərinə hərtərəfli yiyələnmiş kollektivin, digər tərəfdən isə teatr sənətini dərk etməyə qadir tamaşaçı kütləsinin formalaşması ilə bağlıdır. Əgər artıq XIX əsrdə İrəvan şəhərində Azərbaycan teatrı fəaliyyətə başlayıbsa, bu o deməkdir ki, uzun əsrlər boyu burada yaşayan Azərbaycan türkləri bu dövrdə teatr sənətini yaratmağa və onu dərk etməyə qadir yüksək mədəni səviyyəyə qalxmışlar.

İrəvan dram teatrında 1882-ci ildə səhnəyə qoyulan ilk əsər mövzusu baxımından o dövrün Azərbaycan dram sənətində aparıcı fiqur olan Nəcəf bəy Vəzirovun əsərləri ilə səsləşirdi. Dramın zərb-məsəl kimi səslənən adı (“Tamahkarlıq düşmən qazanar”) o dövrdə Azərbaycan dramaturgiyasında Mirzə Fətəli Axundovdan başlayaraq Üzeyir Hacıbəyova qədər davam edən xəsislik probleminə həsr olunmuşdu. Təəssüf ki, bir sıra araşdırmalarda 1882-ci ildə İrəvan Dram Teatrında ilk dəfə səhnəyə qoyulan “Tamahkarlıq düşmən qazanar” əsərinin müəllifinin Məşədi İsmayıl, İsmayıl bəy Şəfibəyov olduğu barədə məlumatlara rast gəlinir. 

Bu fikirlərə aydınlıq gətirmək üçün onu da qeyd edim ki, 1882-ci ildə İrəvan Dram Teatrında ilk dəfə səhnəyə qoyulan əsərin müəllifi İrəvanda yaşayıb-yaratmış ədəbi-bədii sözün görkəmli nümayəndələrindən olan Məşədi İsmayıl Hacı Kazımzadə (“Bəzmi”) olmuşdur. İrəvan 3 sinifli şəhər məktəbinin müəllimi Məşədi İsmayıl Hacı Kazımzadə 1881-ci ildə “Tamahkarlıq düşmən qazanar” adlı əsərin mövzusunu bir neçə dəfə Nəzmiyə danışmış və dram sənətinin sirlərinə yaxından bələd olan Nəzmi isə bu ideyanı pyes şəklində gerçəkləşdirmişdir. Həmin tamaşadakı Hacı Fərəc rolunu da elə Məşədi İsmayıl Hacı Kazımzadənin özü ifa etmişdir. İrəvanın ədəbi-mədəni həyatında fəal iştirak edən Məşədi İsmayıl Hacı Kazımzadə ömrünün 20 ildən artıq bir hissəsini İrəvanda maarif sahəsinə həsr etmişdir. İrəvanda teatrın, maarifin, mədəniyyətin, milli intibahın tərəqqisi naminə çalışan, fədakar ziyalılarımızdan biri olan Məşədi İsmayıl Hacı Kazımzadə həm də “Bəzmi” təxəllüsü ilə xeyli qəzəllər, müxəmməslər, rubailər, qəsidə və qəzəllər yazmışdır.

İrəvan XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin qabaqcıl mərkəzlərindən biri olmaqla yanaşı, paradoksal şəkildə həm də dini fanatizmin tüğyan etdiyi məkanlardan biri idi. Bu da təbii ki, teatr sənətinin inkişafına, xüsusilə tamaşaçı kütləsinin formalaşmasına mənfi təsir göstərirdi. Teatrın inkişafı yolunda əngəl olan mövhumatla mübarizə aparmaq və onu dəf etmək üçün isə əsl sənət fədailəri tələb olunurdu. Belə sənət fədailərindən biri1885-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, İrəvan Gimnaziyasına təyinat almış, Firudin bəy Köçərli oldu. Firudin bəy Köçərli 1886-cı ildə gimnaziyanın tələbələrinin iştirakı ilə, müsəlman fanatlarının təqib və hədələrinə baxmayaraq M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərini tamaşaya qoya bilmişdir. Sonralar əsər İrəvan teatrının səhnəsində bir neçə dəfə oynanılmışdır. 

1892-ci ildən 1905-ci ilə qədər İrəvanda yaşayan görkəmli yazıçı, publisist Eynəli bəy Sultanov və 1898-1903-cü illərdə böyük sənətkarımız Cəlil Məmmədquluzadə bu sənət ocağının tərəqqisinə böyük səy göstərmiş teatr həvəskarlarını yeni-yeni uğurlar əldə etməyə ruhlandırmışlar.

İrəvan Azərbaycan teatrının təşəkkülündə və inkişafında hələ gənc yaşlarında məhz bu teatrda səhnəyə qədəm basmış, sonralar isə onun korifeyinə çevrilmiş Yunis Nurinin də rolu əvəzedilməzdir. 

1903-cü ildə Yunis Nuri, Mirzə Cabbar Məhəmmədzadə, Mustafa Rəcəbov, Asif bəy Şəfıbəyov, Həsən Əliyev kimi açıq fikirli ziyalıların köməkliyi ilə mütəşəkkil həvəskarlar dəstəsi yaradılaraq, teatrın yeni bir inkişaf mərhələsinə qədəm qoymasına yol açmışdır. Truppaya rəhbərlik gələcəyin böyük aktyoru, teatrın sütunlarından biri Yunis Nuriyə həvalə edilir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Vasaq Mədətovun «Qırt-qırt», «Tamahkarlıq düşmən qazanar», «Gözə görünməyən şal», M.F.Axundovun «Müsyö Jordan və Dərviş Məstəli şah» əsərləri tamaşaya qoyulmuşdur. 1905-ci il hadisələri gərginləşdiyi zaman mədəniyyətin digər sahələri kimi, İrəvan Azərbaycan teatrı da böhran və düşkünlük dövrü keçirmişdir. Buna baxmayaraq, bu dövrdə Azərbaycan ziyalıları Yunis Nuri, Məmmədağa Şahtaxtinski kimi mədəniyyət xadimləri «Hacı Qara», «Xor-xor», «Dursunəli və Ballıbadı», «İrəvanda qarət» kimi pyesləri tamaşaya qoymağa nail olmuşdular.

Ermənilərin 1905-ci ildə törətdikləri vəhşiliklər İrəvanda Azərbaycan mədəni həyatına ağır zərbə vursa da, teatrın fədakar kollektivi bu sənət  ocağının inkişafına təkan verməklə yanaşı, tamaşaların   bədii  səviyyəsini   yüksəltməyə  çalışırdılar.  1905-18-ci illər ərzində Azərbaycan teatrının böyük sənətkarları Hüseyn Ərəblinski, Mirzə Ağa Əliyev, Sidqi Ruhulla, Mustafa Mərdanov, Əliqulu Qəmküsar, Zülfüqar Hacıbəyov, Cəlil Bağdadbəyov, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyyə Davudova və başqalarının etdikləri qastrol səfərləri İrəvanın mədəni həyatının oyanmasına, yerli aktyorların səhnə yaradıcılığına, teatrın dərnək səviyyəsindən peşəkar teatr səviyyəsinə yüksəlməsinə böyük təsir göstərirdi. 

1918-ci ildə İrəvanda qaniçən erməni daşnakları hakimiyyətə gəldi. Bununla da təkcə İrəvanda deyil, hətta bütün Ermənistanda Azərbaycan xalqına qarşı güclü qenosid siyasəti başlandı: ermənilərin «Böyük Ermənistan» yaratmaq xülyasına birinci hədəf azərbaycanlılar olmuşdur. 1918-1920-ci illərdə minlərlə azərbaycanlı məhv edildi, qalanları isə əzablı ölümdən xilas olmaq üçün ölkəni tərk etməyə məcbur oldu. Demək olar ki, İrəvanda Azərbaycan ədəbi-mədəni həyatı tam tənəzzülə uğradı.

1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyyəti quruldu. Bir qayda olaraq sovet tarixçiləri bu dövrü daşnak millətçiliyinə son qoyulması, bolşevik beynəlmiləlçi ideyalarının təsbit olunması, Ermənistanda yaşayan xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin bərpası və inkişaf dövrü kimi dəyərləndirirlər. Amma əslində, daşnakların genosid siyasəti sovet hakimiyyəti illərində daha incə üsullarla davam etdirilmişdi. 

Bala Əfəndiyevin, Mustafa Hüseynovun, Məmmədəli Nasirin, Yunis Nurinin təşəbbüsü və fədakər fəaliyyəti sayəsində 1922-ci ildə İrəvan Azərbaycan teatrı yenidən bərpa olunur. Teatrın ümumi rəhbəri və baş rejissoru isə artıq təcrübəli səhnə ustası kimi yetişmiş olan Yunis Nuri təyin olunur. Teatr İrəvanda Əzizbəyov adına azərbaycanlı klubunun nəzdində fəaliyyət göstərirdi. Tamaşaların çoxu da burada səhnəyə qoyulurdu.

Bununla da İrəvanda Azərbaycan teatr sənəti yeni inkişaf mərhələsinə qədəm qoydu. Teatrı ağır vəziyyətdən çıxarmaq üçün Rza Şeyxzadə, Əkbər Rzayev, Əşrəf Yusifzadə, Abbasəli Axundov, Yusif Fikrət, Yusif Ziya, Mehdi Kazımov, Kərim Əhmədov, Hüseyn Salmanov, Məşəmməd Yusifzadə, Cəmil Fəxralı, Cəfər Əhmədov, Rza Abbasov, Rəhim Allahverdiyev, Fatma Əfəndiyeva, Yasəmən Əhmədova, Məhəmməd Abbasov, Firəngiz Rzayeva və başqaları bu sənət məbədinin ətrafına toplaşaraq onun dirçəlməsinə və canlanmasına böyük təsir göstərmişdilər. 1922-ci ildə İrəvanda Azərbaycan teatrı yenidən təşkil edildikdən sonar həmin ilin oktyabr ayında Mərkəzi fəhlə klubunda ilk dəfə “Türk inqilabi” tamaşasını göstərmişlər. Tamaşada Kərim Əhmədov ̶ Sədrəzamin, Yusif Məhəmmədov  ̶ Xəfiyə, Cəfər Əhmədov  ̶  Molla Qara, Yaqub  ̶  Atıcı Qasım, Yusif Ziya  ̶ Qurban Hacı Əli, Məmməd Abbasov  ̶  Azər Əlibala rolunu ifa etmişdilər.

1922-ci ildən 1929-cu ilə, yəni daimi fəaliyyət göstərən teatr statusu alana qədər bu fədakar kollektiv N. Nərimanovun «Nadir şah», S.S.Axundovun «Laçın yuvası», «İki yol», C.Məmmədquluzadənin «Ölülər», M.F.Axundovun «Hacı Qara», Ü.Hacıbəyovun «Məşədi İbad», «Əsli və Kərəm», Molyerin «Zorən təbib», Ə.Haqverdiyevin «Dağılan tifaq», «Bəxtsizcavan», «Ağac kölgəsində», N.Vəzirovun «Yağışdan çıxdıq, yağmura düşdük», H.Cavidin «İblis», «Şeyda» əsərlərini və s. tamaşaya qoymuşdur. Teatr kollektivinin işindən ruhlanan ziyalılar, tələbələr İrəvanda və başqa şəhərlərdə teatr dərnəkləri təşkil edirdi. Belə dərnəklər İrəvan fəhlə fakültəsində, yeddi illik Azərbaycan məktəbində, İrəvan azərbaycanlı qadınlar klubunda, mədəni-maarif müəssisələrində, inşaatçılar klubunda, pedaqoji texnikumda hətta kəndlərdə, islah evlərində həvəskarlar tərəfindən təşkil olunur və müxtəlif səviyyədə tamaşalar göstərirdilər.

1930-сu ildə İrəvan Azərbaycan teatrı Ermənistanda keçirilən teatrlar olimpiadasında iştirak etmək hüququ qazanmışdı. Kollektiv bu olimpiadada «Sevil» tamaşası ilə iştirak etmişdir. Olimpiadanın münsiflər heyətində Azərbaycanın görkəmli səhnə ustaları Hüseynqulu Sarabski və Rza Təhmasib də təmsil olunurdular. Yunis Nuri (Atakişi), Məmmədbağır Qaraxanov (Babakişi), Qəniyev Naci (Balaş), Xədicə (Ediya), Qafar Həqqi (Əbdüləli bəy) rolunu ifa etmişdilər. Aktyorlar oynadıqları rolların bədii obrazına güclü səhnə təcəssümü verə bilmiş, olimpiadada müvəffəqiyyət qazanmağa nail olmuşlar. Münsiflər heyətində təmsil olunan Hüseynqulu Sarabski və Rza Təhmasib İrəvan Azərbaycan teatrının uğurlu çıxışını yüksək dəyərləndirərək demişlər: «kiçik aktyor qüvvəsi çox böyük məharət göstərdi». Amma bununla yanaşı, onlar teatrın təcrübəli aktyorlara, rejissorlara böyük ehtiyacı olduğunu da qeyd edirdilər.

İrəvan Azərbaycan teatrının 1929-1949-cu illəri əhatə edən dövrü istər tamaşaların çoxluğu, istər mükəmməl yaradıcı kollektivə malik olması, istərsə də Bakıdan görkəmli səhnə ustalarının teatra dəvət edilməsi, rejissorluq işinin kamilləşməsi, dünya klassiklərinin əsərlərinə müraciət olunması və s. cəhətdən özünəməxsusluğu ilə seçilir. Bu, bir tərəfdən fədakar kollektivin gərgin fəaliyyətinin nəticəsi idisə, digər tərəfdən İrəvanda Azərbaycan teatrında çalışan Kazım Ziya (1935- 1938), İsmayıl Dağıstanlı (1937-1938), Əli Zeynalov (1935- 1946), Ətayə Əliyeva (1935-1949), Baxşı Qələndərli (1935- 1949), Əli Şahsabahlı (1938-1949) kimi görkəmli və istedadlı sənətkarların gərgin yaradıcı əməyi ilə bağlı idi. Kazım Ziya İrəvan teatrında çalışmaq üçün özü ilə birlikdə Kamil Qubuşov, Tura Mirzəyeva, Midəd Rəsulzadə, Adil Əsgərov, Həsən Mirzəyev kimi gənc aktyorları da gətirmişdir. Onlar Bakı teatr ənənəsini İrəvan Azərbaycan teatrına gətirmişdilər. 1935-ci ilin noyabr ayının ortalarında İrəvan teatrında çalışmağa başlamış Kazım Ziya teatrın həm baş rejissoru, həm də aktyoru kimi çalışırdı. O «Sevgililər», «Yaşar», «Cancur Səməd» və s. tamaşaların quruluşunu vermişdir. Kazım Ziya aktyor heyətinin yaradıcılıq səviyyəsini yüksəltmək üçün «Azərbaycan teatr tarixi» mövzusunda mühazirələr oxumuşdur. İrəvan Azərbaycan Dram Teatrı öz varlığının ikinci dövründə çox mürəkkəb problemlərlə üz-üzə gəlməsinə baxmayaraq, İrəvanda mövcud olan teatrlar içərisində öz dəst-xəttilə seçilən bir kollektivə çevrilmişdi.

Buna baxmayaraq, İrəvanda azərbaycanlı əhalinin azalması teatrın fəaliyyətini dayandırmağa məcbur edən faktorlardan biri idi. SSRİ Nazirlər Sovetinin «Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» 23 dekabr 1947-ci il tarixli qərar azərbaycanlıların deportasiyası üçün başlıca sənəd oldu.

Beləlilkə, yuxarıda qeyd etdiyimiz kimi, böyük uğurlara imza atan İrəvan Azərbaycan Dram Teatrı 1949-cu ilin sonlarında Basarkeçər rayonuna köçürüldü və bir müddətdən sonra 1950-ci ilin ortalarında fəaliyyəti dayandırıldı.

Erməni şovinizminin tarixin səhnəsindən silməyə və sıxışdırıb çıxarmağa çalışdığı bu sənət ocağı 1967-ci ilin yanvar ayında yenidən bərpa edilərək öz üçüncü həyatını yaşamağa başlayır. 1968-ci ilin iyun ayında 23 yaşlı gənc Hidayət bu sənət ocağına direktor təyin edilir. İrəvan Azərbaycan Dram Teatrı varlığının üçüncü dövründə çox mürəkkəb problemlərlə üz-üzə gəlməsinə baxmayaraq, Hidayətin yorulmaz zəhmətisayəsində yeni bir inkişaf mərhələsinə qədəm qoydu. İrəvanda mövcud olan teatrlar içərisində öz dəst-xətti ilə seçilən bir teatra çevrildi. Bütün bunlara baxmayaraq, 1988-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı həyatında dördüncü dəfə didərginlik taleyini yaşamağa məcbur oldu. Bu il teatr sənətimizin inkişafında mühüm yer tutan, səhnə sənəti tariximizə parlaq səhifələr yazan İrəvan Azərbaycan Teatrının yaranmasının 140 ili tamam olur. Şərəfli tarixi yol keçmiş İrəvan AzərbaycanTeatrı – böyük qürur və fərəh doğuran 140 illik yubileyin mübarək! Növbəti yubileyində doğma yurdda görüşənədək!

Cəlal Allahverdiyev

filologiya üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31