Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Siyasi mühit canlanır

Siyasi mühit canlanır

25.11.2022 [10:25]

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi daha da təkmilləşdirilib

Nardar BAYRAMLI

Ölkəmizdə uğurlu siyasi islahatların həyata keçirilməsi yeni siyasi konfiqurasiyanın formalaşmasını şərtləndirib. Bu amil siyasi münasibətlərin və dialoq mühitinin inkişafına əhəmiyyətli təsir göstərir. Belə bir şəraitdə “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi də zəruridir. Məlumdur ki, bir neçə ay öncə parlamentdə təmsil olunan siyasi partiyaların müraciəti əsasında Milli Məclisdə yeni qanun layihəsi hazırlanıb. Bu layihənin geniş ictimai müzakirəsi təşkil olunub və müzakirələr nəticəsində siyasi partiyalar tərəfindən irəli sürülən bir çox təkliflər nəzərə alınıb. Bütün bunlardan sonra noyabrın 23-də parlamentin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasdan sonra Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc jurnalistlər üçün mətbuat konfransı keçirib.

Əli Hüseynli bildirib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin geniş ictimai müzakirələrindən sonra layihənin yeni variantına ümumilikdə 66 düzəliş edilib. Düzəlişlər həm mahiyyət, həm də texniki xarakterlidir. İctimai müzakirələrdən sonra layihəyə partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi və sair məsələlərə dair müddətlərlə bağlı düzəlişlər edilib.

Zahid Oruc isə deyib ki, bu gün Azərbaycanda dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirilib. Yeni qanun layihəsini tərtib etməkdə ali məqsəd bu sahədə ortaq məxrəcin tapılması və güclü siyasi partiyaların formalaşdırılmasıdır. Dövlət Vətən müharibəsində qazandığı Zəfərdən sonra ölkədə qalib siyasi sistem yaratmaq niyyətindədir.

Qeyd edək ki, komitələrin birgə iclasında qanun layihəsi geniş müzakirə olunub. Müzakirələrdə bildirilib ki, sənəd hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycanın siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də nəzərə alınıb. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb.

Sənəddə, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti, təbliğat və təşviqat prosesini genişləndirmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib. Layihədə hər hansı etnik siyasi birliklərə və separatizmə yol açan müddəalara yol verilməyib. Dövlətin məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir.

Layihənin ilkin variantında dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvünün olması tələb edilirdisə, yekun variantında bu tələb 5000-ə endirilib. Sənədə əsasən, siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir. Siyasi partiyanın adında, qısaldılmış adında və rəmzlərində irqi, dini, mənşə, cinsi, etnik xüsusiyyətlərə istinad olunması, habelə fiziki şəxslərin adlarından istifadə edilməsinə yol verilməyəcək.

Bundan əlavə, layihədə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılması qaydası da müəyyənləşib. Belə ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla yanaşı, parlamentdən kənarda qalan partiyalara da maliyyə veriləcək. Bu, qanunun müvafiq maddələri ilə tənzimlənəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında da olduğu kimi, siyasi partiyaların Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Yenilik isə odur ki, siyasi partiyaların aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunacaq.

Qeyd edək ki, iclasda çıxış edənlər sənədin ölkədə sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsində əhəmiyyətindən danışıblar. Deputatlar qanun layihəsinin çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artırılmasına xidmət edəcəyini söyləyiblər. Milli Məclisin deputatları layihənin yenilənmiş variantında bəzi məhdudiyyətlərin aradan qaldırılmasını təqdirəlayiq hesab ediblər. Bildirilib ki, sənəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcək.

Müzakirələrin sonunda “Siyasi partiyalar haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30