Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Partiya sədrinin “yan” reallığı...

Partiya sədrinin “yan” reallığı...

17.04.2023 [23:16]

Qeyri -“REAL” müqayisə

“REAL” Partiyasının sədri İlqar Məmmədovu hər mənada tükənmiş bir siyasətçi kimi təqdim etmək daha doğru olardı. Bir vaxtlar xüsusi bir layihə qismində təmtəraqla siyasi səhnəyə çıxarılan bu şəxs ssenari üzrə ona verilən rolu o qədər zəif və sönük ifa etdi ki, cəmiyyətdə ona maraq həmən söndü. Belə demək mümkündürsə, onun ulduzu elə siyasi fəaliyyətinin başlanğıcındaca qürub etdi. Bu da ilk növbədə “REAL” sədrinin siyasi fəaliyyətini reallıqdan uzaq utopiyalar üzərində qurmasının, daha çox qərəzə əsaslanmasının, rəhbərlik etdiyi partiyanın tezislərini Azərbaycana xoş niyyət sərgiləməyən dairələrin sifarişləri əsasında hazırlamasının və əlbəttə ki, özünün potensialının qabın dibinədək aşağı səviyyədə olmasının məntiqi təzahürüdür. Budur, İlqar Məmmədov siyasi qərəzə söykənən və sağlam məntiqlə bir araya sığmayan növbəti açıqlamaları ilə yenidən qarşımızdadır.

İqtisadi mövzuda siyasi qərəz

Bu dəfə “REAl” Partiyasının sədri İlqar Məmmədov Ermənistanla Azərbaycan arasında sosial-iqtisadi göstəricilər əsasında müqayisə apararaq təcavüzkar ölkənin guya demokratik islahatlar həyata keçirməsi sayəsində sosial rifahının bizdən yaxşı olmasını isbat etməyə xüsusi canfəşanlıq göstərir. Sözsüz ki, İ.Məmmədovun reallıqdan uzaq bu sərsəm müqayisəsi normal iqtisadi məntiqdən çox uzaqdır. Partiya sədri siyasi qərəzə söykəndiyindən bu cür nataraz fikirlər səsləndirir. Məgər İlqar Məmmədov bilmir ki, Ermənistan iqtisadiyyatı və istehsal-sənaye müəssisələri tamamilə Rusiyanın nəzarəti altındadır? Forpost ölkənin, yanacaq-enerji, sənaye, metallurgiya, infrastrukturlar, dəmir yolları, telekommunikasiya, bank, sığorta sektoru Rusiyanın inhisarındadır, yerdə qalan digər bank-sığorta və turizm müəssisələri isə İrana məxsusdur. Təkcə, “Qazprom”, “MTS”, “Teghout” QSC, “VTB” Bank, “Nairi Infrastructure Capital Ltd” , “Mellat İran” , Acko” və sair şirkətlər bu ölkənin bütün iqtisadi sferalarına nəzarət edir. Bu necə azad iqtisadiyyatı olan ölkədir ki, bütün strateji iqtisadi resurslarını ruslar və iranlılar idarə edir?  Həmçinin, Ermənistan iqtisadiyyatı Rusiyadan və İrandan gələn pul köçürmələri, xarici ölkələrdəki erməni fondlarından yönləndirilən ianələrdən və beynəlxalq maliyyə institutlarından əldə edilən kreditlər hesabına ayaq üstündə saxlanılır. Bu ölkə hər il öz iqtisadi-maliyyə-büdcə öhdəliklərini bağlamaq üçün xaricdən ən azı 1,5 milyard dollar borc alır.

Hazırda Ermənistanın xarici dövlət borcu 10,6 milyard dollar təşkil edir. Ölkənin dövlət büdcəsi isə 2023-cü ildə 2 trilyon 591 milyard dram, yəni 6,6 milyard dollar təsdiqlənib. İlqar Məmmədovun həsəd apardığı Ermənistanın borcu dövlət büdcəsindən 4 milyard dollar çoxdur. Üstəlik, ilin sonunadək borcun 1,2 milyard dollar artacağı gözlənilir. Ölkə büdcənin 25-30 faizini xarici kreditlər, ianələr hesabına doldurmaq məcburiyyətində qalır. Bu necə iqtisadi inkişafdır ki, insanlara verilən maaş, pensiya, sosial ödəmələrin az qala yarısı xaricdən alınan borc və ianələrlə təmin edilir? Üstəlik, xarici borc hər il artır.

Bütün bunların səbəbi məlumdur - iqtisadi tarazlığı təmin etmək üçün yerli resurslar, hərəkətverici iqtisadi dinamika yoxdur. Rusiyadan, İrandan, Avropa xeyriyyə fondlarından  pul köçürmələrinə arxayın olaraq büdcəni böyütmək, maaş, pensiya və s. ödənişləri real əsaslar, iqtisadi baza olmadan süni şəkildə artırmaq olduqca risklidir və belə “demokratik iqtisadi islahatların” hansı fəsadlarla sonlanacağını təsəvvür etmək çətin deyil. Yəni, bu ölkənin iqtisdadiyyatı suyun üzərindəki sabun köpüyünə bənzəyir və hər an xarici şoklara məruz qala bilər. Verilən məlumatlara görə, Rusiya iqtisadiyatı, maliyyə sektoru mart ayından başlayaraq çətin və sıxıntılı bir krizisə daxil olub. Mütəxəssislər bunun Ermənistana da  mənfi təsirlərinin özünü çox gözlətməyəcəyini proqnozlaşdırırlar.

REAL” sədrinə zəruri xatırlatma

Reallıqda Azərbaycan iqtisadiyyatı ilə Ermənistan iqtisadiyyatı bir-birindən müqayisəyəgəlməz dərəcədə əks qütblərdə dayanır. Bu məqamda Cənubi Qafqaz iqtisadiyyatının 62 faizinə sahib olan, 57 milyard dolar valyuta rezervi olan Azərbaycanın inkişafının birbaşa yerli resurslar üzərində inkişaf etdiyini də xatırlatmaq yerinə düşər. Azərbaycanda ÜDM 2022-ci ildə 133,8 milyard manat  və yaxud 78,8 milyard dollar təşkil edib ki, bu da Ermənistan və Gürcüstanla müqayisədə müvafiq olaraq 3 və 2,8 dəfə çoxdur. Azərbaycan məhz yeni qlobal çağırışlarla səsləşən ardıcıl islahatlar sayəsində iqtisadi müstəqilliyini tam təmin etmiş ölkədir. Ermənistandan fərqli olaraq respublikamız heç bir güc mərkəzindən, beynəlxalq maliyyə qurumundan, donor təşkilatlarından asılı deyil. İqtisadi potensialını artıran Azərbaycan ölkə hüdudlarından kənarda da fəal investisiya siyasəti həyata keçirir. Güclü iqtisadi potensial, həmçinin respublikamızın siyasi müstəqilliyini şərtləndirir. Azərbaycan milli maraqlara xidmət edən siyasət həyata keçirir.

Azərbaycan bu bölgədə bütün maliyyə öhdəliklərini yalnız öz iqtisadi mənbələri hesabına formalaşdırır. Məsələn, respublikamızın  33,4 milyard manat, yaxud 19,8 milyard dolar həcmində olan dövlət büdcəsinin cəmi il ərzində 1 milyard manatını xarici kreditlər təşkil edir. Bu isə ümumi maliyyə xərclərinin 3 faizi deməkdir. Azərbaycanın xarici borcu isə 6,7 milyard dollardır. Yəni, dövlət büdcəsinin həcmi borcdan 3,2 dəfə çoxdur.

Rəqəmlərdə ifadə olunan kəskin fərqlər

Azərbaycan və Ermənistan iqtisadiyyatları arasındakı kəskin fərq hər iki ölkənin milli statistika komitələrinin təqdim etdiyi rəqəmlərdən də aydın şəkildə görünür.

- Milli valyutaların məzənnəsi: 1 AZN = 229 dram.

- Minimum əməkhaqqı: Azərbaycanda 345 manat, Ermənistanda 68 min dram və ya 296 AZN.

- Orta aylıq pensiya: Azərbaycanda 456 manat, Ermənistanda 36 min dram və ya 229 AZN.

- Minimum pensiya: Azərbaycanda 280 manat, Ermənistanda 20 min dram və ya 87 AZN.

- Adambaşına düşən ÜDM: Azərbaycanda 13 min 292,2 manat, Ermənistanda  2,3 milyon dram və ya 8 min 062 AZN.

- Adambaşına düşən büdcə xərcləri: Azərbaycanda 3345 manat,  Ermənistanda 663 min dram və yaxud  2688 manat.

- Adambaşına düşən xarici borc: Azərbaycanda 1115 manat, Ermənistanda 1 milyon 482 min dram və ya 5146 manat.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 404 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31