Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qəbələ RLS-nin tikintisində erməni izi...

Qəbələ RLS-nin tikintisində erməni izi...

30.05.2023 [16:08]

Qəbələ RLS-nin tikintisində erməni izi...

Heydər Əliyev qədim şəhəri necə xilas etdi?

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatdı. O, Azərbaycanın müxtəlif bölgələrindəki mühüm elmi, tarixi əhəmiyyət daşıyan maddi mədəniyyət abidələrinin qorunması üçün zəruri tədbirlər həyata keçirdi. Heydər Əliyevin göstərişi ilə respublikanın bütün rayonlarında Tarix Diyarşünaslıq muzeyləri yaradıldı, tarixi nümunələrimiz burada qorunub və saxlanıldı. Heydər Əliyev dəfələrlə bu abidələri ziyarət etdi.

SSRİ miqyasında böyük nüfuza malik Heydər Əliyevin Azərbaycanın tarixi abidələrinə göstərdiyi qayğının ən bariz nümunəsi qədim Qəbələ şəhərinin qalıqlarının məhv olmaqdan xilas etməsi idi. Ulu Öndər sayəsində qədim Qəbələ şəhərinin qalıqları birdəfəlik məhv olmaqdan xilas edildi. Kreml səviyyəsində danışıqlar apararaq Qəbələ şəhər yerinin dağıdılmasının qarşısını aldı.

Tarixdən silmək istəyirdilər...

Qəbələ şəhərini tarixdən silmək istəyənlər kimlər idi?  Heydər Əliyev onların planlarını neçə puç elədi?  Tarix: 1976-cı il...Azərbaycanın Qəbələ rayonu ərazisində SSRİ silahlı qüvvələrinin ən güclü Radiolokasiya stansiyalarından biri tikilməyə başlamışdı. Stansiyanın tikintisi ilə bağlı qərar isə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun və Nazirlər Kabineti tərəfindən qəbul edilmişdi. Vacib layihə “Enerjişəbəkəlayihə” Elmi Tədqiqat İnstitutunun baş mühəndisi A.Y.Şusterə tapşırıldı. Diqqət çəkən məqam isə ixtisasca mühəndis olan bir erməni qadının da həmin layihənin hazırlanmasında iştirak etməsi idi. Mənfur və xəyanətkar erməni xisləti özünü burada da göstərdi.

Sən demə, RLS tikilərkən ora gedən yüksək gərginlikli elektrik xətlərinin dirəkləri birbaşa Çuxur Qəbələdə, qədim paytaxtın yerləşdiyi ərazidə basdırılıbmış. Qısaca desək, elektrik xəttinin bir neçə qurğusunun tikintisi qədim Qəbələ şəhərinin ərazisinə, daha doğrusu qala qapıları üzərinə düşürmüş. Görünür, imperiya generalları həmin stansiyaya yüksək gərginlikli elektrik xətti çəkilməsini planlaşdırarkən xalqımızın tarixini, abidələrini nəzərə almamışdılar.

Bir düşünün, bu yanlış sadəcə abidələrin məhv edilməsinə yox, hətta Azərbaycan xalqının tarixinə böyük zərbə vurmuş olardı. Materialın əvvəlində də qeyd etdiyimiz kimi, görəsən, qədim Qəbələ şəhərini tarixdən silmək istəyənlər kimlər idi? Antik dövrdən XVIII əsrədək mövcud olan Qəbələ şəhəri qalıqlarının məhv olmasını, tariximizin daha bir nişanəsinin yer üzündən silinməsini kimlər istəyirdilər?

Aparılan araşdırmalar göstərir ki, ağır texnikadan istifadə olunmaqla qala divarlarının yaxınlığında aparılan torpaq işləri nəticəsində abidənin dərinliyi 0,6 metr olan 1200 kvadratmetr sahəsində mədəni təbəqəyə böyük ziyan vuruldu.  Bundan əlavə, Şiştəpə və Kamaltəpə yüksəkliklərində yenə də ağır texnikadan istifadə edilməklə ərazi hamarlanarkən 1000 kvadratmetr sahədə bir metrdən 2,5 metrə qədər dərinlikdə çoxsaylı qəbir abidələri olan təbəqə dağıdıldı.

Heydər Əliyev: “Sizə kim ixtiyar verib...”

Bunu görən Tarix İnstitutunun nəzdində arxeologiya və etnoqrafiya sektorunun arxeoloqu, tarix üzrə fəlsəfə doktoru Firudin Qədirov akademik İqrar Əliyevə məlumat verdi. Bu zaman İqrar Əliyev Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri işləyən Qurban Xəlilovla görüşüb, tarixi abidənin dağıdılması ilə bağlı məsələnin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Heydər Əliyevə çatdırmasını bildirdi. Məsələni bütün təfərrüatı ilə öyrənən Heydər Əliyev təcili olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Qurban Xəlilov başda olmaqla, akademik İqrar Əliyevin və keçmiş SSRİ MN-nin nümayəndələrinin də daxil olduğu nüfuzlu komissiya yaratdı və onları Qəbələyə ezam etdi. Milli tariximizin nişanələrini yer üzündən silmək istəyənlər və bununla barışan rayon rəhbərliyinin hərəkətləri 17 yanvar 1978-ci ildə Heydər Əliyevin rəhbərliyilə Azərbaycan KP MK-nın bürosunda müzakirə olundu.

Öz növbəsində, Heydər Əliyev SSRİ Silahlı Qüvvələrinin ən yüksək vəzifəli şəxslərindən birinə, hərbi hava qüvvələrinin baş komandanı olan marşala zəng vurdu və onunla çox sərt danışdı. Səhəri gün iki ordu generalı Bakıya gəldi. Mərkəzi Komitənin bürosunda müzakirə zamanı Heydər Əliyev həmin generallara üz tutaraq: “Sizə kim ixtiyar verib ki, mənim millətimin tarixinə təcavüz edirsiz?”, - dedi. Bu iclasdan sonra heç bir şey əvvəlki kimi olmadı.

Heydər Əliyev qədim abidəmizin məhvinin qarşısını aldı

Mövzunu daha ətraflı araşdırmaq üçün AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovla həmsöhbət olduq. Müsahibimlə birlikdə 1978-ci ilin yanvarına qiyabi səyahət etdik.

Cəbi müəllim deyir ki, mənfur plan quranlar cəzasız qalmadı. Abidəni dağıtmaq istəyən generallar və rayon rəhbərləri cəzalandırıldılar. Belə ki, bu tarixdə Heydər Əliyevin təşəbbüsü ilə dövlət komissiyası yaradıldı. Komissiyanın üzvləri sırasında Qurban Xəlilov, İqrar Əliyev, Əliş Ləmbəranski, Cəmil Quliyev və Moskvadan olan nümayəndə A.Konstantinov yer aldılar. 1978-ci il yanvarın 13-də komissiya 2 bənddən ibarət təqdimat hazırladı. Milli tariximizin nişanələrini yer üzündən silmək istəyənlər və bununla barışan rayon rəhbərliyinin hərəkətləri 17 yanvar 1978-ci ildə Heydər Əliyevin rəhbərliyilə büroda müzakirə olundu. Ən nəhayət, həmin ilin yanvarın 24-də qəbul edilən qərara görə, həmin elektrik dirəkləri tarixi abidənin yanından çıxarılaraq 1 km aralıda basdırıldı. Bununla da Heydər Əliyevin qəbul etdiyi qərar sayəsində Azərbaycan xalqının şimal torpaqlarında yaratdığı ilk dövlətin paytaxtından qalan abidənin dağıdılmasının qarşısı alındı.

Qeyd edək ki, o zaman Qəbələ ilə bağlı aparılan müzakirələr və bu barədə qəbul olunan qərar məxfi saxlanılırdı.

“Yeni Azərbaycan” olaraq araşdırma apardıq və sözügedən materialları əldə etdik. Həmin sənədləri Azərbaycan ictimaiyyətinə təqdim edirik. Qurban Xəlilovun imzalamış olduğu bu arayışın üzərində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin 13.01.1978-ci il tarixli belə bir dərkənarı var: “Yol. Q.Ə.Xəlilov, yol. N.Məmmədov. Xahiş edirəm, məsələni təcili olaraq Mərkəzi Komitənin büro iclasına çıxarasınız”.

Qəbələ xilas oldu və dirçəldi...

Daha sonra Heydər Əliyevin göstərişi ilə respublika Nazirlər Soveti 27 mart 1978-ci ildə Qəbələ tarix və mədəniyyət qoruğunun yaradılması haqqında qərar qəbul etdi. Qoruğun ətrafı hasarlandı, sel sularının dağıtmaq təhlükəsi olan yerlərdə beton bəndlər salındı, arxeoloji tədqiqatlar intensiv xarakter aldı. Qoruq yaradıldıqdan sonra Heydər Əliyev həmin ilin may ayında Qəbələyə səfər etdi. Ümummilli liderin Qəbələyə son səfəri isə 2002-ci ildə olmuşdu.

Bir sözlə, Azərbaycan xalqının zəngin tarixi keçmişi, mədəni irsi daim Heydər Əliyevin diqqət mərkəzində olub. O, bu abidələrin qorunmasına, bərpasına, təbliğinə və gələcək nəsillərə çatdırılmasına böyük önəm verib və diqqət yetirib. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirib. Əminliklə deyə bilərik ki, Ulu Öndərin Azərbaycanın tarixi abidələrinin qorunması, tədqiqi və təbliği istiqamətindəki müdrik siyasəti bundan sonra da öz aktuallığını qoruyub saxlayacaq.

Layihə haradadır?

Bəs qədim Qəbələni tarixdən silmək və onu tamamilə yox etmək üçün hazırlanmış layihə haradadır? Layihə barədə və onu hazırlayan erməni qadının kimliyini öyrənmək üçün 3 layihə institutu ilə əlaqə saxladıq. Qurum rəhbərləri sözügedən layihənin və həmin erməni qadın haqqında məlumatların arxivdə olmadığını bildirdilər. O zaman belə bir sual yaranır: “Ermənilər layihəni ya ləğv ediblər, ya da özləri ilə birlikdə aparıblar?”.

İlham Əliyev və Ata yolu...

2500 yaşı olan qədim şəhərin qala və giriş darvazalarının, bəzi binalarının qalıqları indi də qalmaqdadır. Qəbələnin qala divarları özünün möhtəşəmliyi ilə Azərbaycanın digər orta əsr şəhərlərinin müdafiə sistemindən xeyli fərqlənir.  Qəbələdə 100 ilə yaxındır ki, arxeoloqlar tərəfindən tədqiqatlar aparılır. Burada aparılan arxeoloji qazıntılar nəticəsində torpaq altında qalan şəhər üzə çıxıb. Ona görə də bu şəhərin bir abidə olaraq qorunması üçün dövlət tərəfindən bütün lazım olan tədbirlər görülür. Belə ki, 2014-cü ilin sentyabrında Qəbələ Arxeoloji Mərkəzi istifadəyə verilib. Mərkəzin açılışında Prezident İlham Əliyev iştirak edib. Belə bir nümunəvi elmi mərkəz, demək olar ki, dünyanın heç bir ölkəsində yoxdur.  Qəbələnin tarixini dərindən araşdırmaqla həm də Albaniya tarixini saxtalaşdırmaq naminə uzun illərdir ki, dəridən-qabıqdan çıxan bədnam erməni tarixçilərinin cəfəng dolu, əsassız iddialarını ifşa etmiş oluruq.

Müşfiqə BAYRAMLI

Yazı Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsinin “ Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəlişi” istiqaməti üzrə təqdim olunur


Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Yuxumuz şirin olsun...

28 Sentyabr 11:32

MEDİA

Sosial

Son 8 ayda...

28 Sentyabr 11:10

Analitik

Xəbər lenti

İki terrorçu Ruben

28 Sentyabr 10:50

Siyasət

Fransanın “məkri”

28 Sentyabr 10:40

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30