Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Birbaşa dialoqa hazırıq!

Birbaşa dialoqa hazırıq!

06.12.2023 [10:00]

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilib

Dekabrın 5-də Bakı şəhərində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edib.

Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli beynəlxalq sülh, təhlükəsizlik və ədalətin bərqərar olunmasında əvəzsiz rol oynamış Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümündə bu mötəbər beynəlxalq konfransın keçirilməsinin çox əlamətdar hadisə olduğunu vurğulayıb. Ə.Ələkbərli çıxışında Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması, Qərbi Azərbaycan İcması, onun sələfi - 1989-cu ildə təsis edilmiş Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər mühüm beynəlxalq konvensiyalarla tanınmış olan qayıdış hüququnun İcmanın fəaliyyətinin əsas məqsədini təşkil etdiyini bildirən İdarə Heyətinin sədri bu məqsədə dialoq yolu ilə çatmaq əzmində olduqlarını bildirib.

İcma sədri özünü insan haqlarının carçısı adlandıran bəzi qüvvələrin beynəlxalq hüquqla tanınmış qayıdış hüququnun kimə verilib-verilməyəcəyi ilə bağlı özlərinə “səlahiyyət” uydurduqlarına diqqət çəkərək, belə ikili standartlar və ayrı-seçkilik cəhdlərinin yolverilməz olduğunu söyləyib. “Ermənistanın hərəkətləri bu ölkədəki azərbaycanlıların öz ata-baba yurdlarından qovulmaları ilə nəticələnib. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”,-deyən Ə. Ələkbərli qeyd edib ki, Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıdıb. Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərib. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və sosial bağlarımız xeyli zərər görüb. Ermənistan hökuməti Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək məqsədilə UNESCO-nun missiyasının bu ölkəyə göndərilməsinə imkan vermir. “Biz Ermənistandakı müqəddəs yerlərimizi ziyarət edə bilməyimizə yardım etmək xahişi ilə dinlərarası dialoqun sadiq müdafiəçisi olan Papa Həzrətləri Fransiskə müraciət göndərmişik. Bundan əvvəl isə biz oxşar xahişlə Avropa İttifaqına (Aİ) müraciət etmişdik. Təəssüf ki, Avropa İttifaqı bizim dini və mədəni abidələrin dağıdılması və ziyarət hüququmuz məsələsinə tam etinasızlıq nümayiş etdirib. Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir”,- deyə deputat vurğulayıb.

Ə.Ələkbərli Qərbi Azərbaycan İcmasının beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini vurğulayıb. O, Ermənistandan didərgin salınmış azərbaycanlıların dinc yolla öz evlərinə qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi qələmə verilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb. İcmanın sədri qayıdış məsələsi üzrə Ermənistan hökuməti ilə birbaşa dialoqa hazır olduqlarını bir daha bəyan edib, Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırıb. 

O, Azərbaycan hökumətinin sülh və barışıq səylərini təqdir edib, Qərbi Azərbaycan İcmasına göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Konfransda çıxış edən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, millət vəkili Zafer Sırakaya bu il 100-cü ildönümü qeyd edilən, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, Azərbaycan ilə Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərindən söz açıb və bu əlaqələrin bölgədə sülh üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Keçmiş münaqişənin Azərbaycan xalqı üçün ağır humanitar nəticələrini xatırladan qonaq, Ermənistandan azərbaycanlılarn qovulmasını və bu ölkədəki Azərbaycan mədəni irsinin dağıdılmasını təəssüflə qeyd edib. Z.Sırakaya Ermənistandan qovulmuş azərbaycanlıların İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 13-cü bəndinə uyğun olaraq öz evlərinə qayıtmaq haqqı olduğunu vurğulayıb.

AK Parti sədrinin müavini Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bölgədə davamlı sülh üçün əlverişli imkan yarandığını bildirib. Z.Sırakaya keçmişin ağrılı səhifəsini qapadaraq, gələcəyə baxmaq zamanı gəldiyini qeyd edib. Azərbaycanın sülh səylərinə dəstək ifadə edib.

Efiopiya parlamentinin deputatı, xarici əlaqələr alt-komissiyasının sədri Təvfik Abdullahi Əhməd öz çıxışında beynəlxalq aləmdə köçkünlük problemi, onun səbəbləri və miqyası haqqında düşüncələrini bölüşüb. Qaçqın düşmüş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən natiq, Azərbaycanın məcburi köçkünlərin qayıdışı və reinteqrasiyası sahəsində təcrübəsinin maraq kəsb etdiyini bildirib.

Beynəlxalq konfransın panel müzakirəsində çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, millət vəkili  Ramil Həsən söyləyib ki, Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə geri qaytarmaq hüquqlarını müdafiə etmək üçün kollektiv işin aparılması çox önəmlidir. 1989-cu ildə soydaşlarımızın Ermənistandan kütləvi surətdə qovulması nəticəsində yaradılmış Qərbi Azərbaycan İcması möhkəmliyin və sarsılmaz ruhun göstəricisidir. Bu icma azərbaycanlıların Ermənistandan sistemli və etnik təmizlənməsinə cavab olaraq yaranıb. Zorakılıq, ayrı-seçkilik ilə müşahidə olunan bu müsibətlər nəticəsində bu gün Ermənistanda azərbaycanlıların mədəni irsi tamamilə silinib. O bildirib ki, mülkiyyət hüquqlarının bərpası bu qayıdışın həlledici tərəfini təşkil edir. Ermənistan hökuməti bu hüquqların pozulmasında öz rolunu etiraf etməli və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir. “Sülh, konstruktiv əlaqə və sarsılmaz prinsiplər ilə bağlı olan gündəliyimiz ədalətə və sülhə sadiqliyimizin sübutudur. Bu, hüquqlarımızın bərpası yolunda apardığımız mübarizəmizdə həmrəylik və dəstəyə çağırışdır. Biz hamı üçün ədalətin və sülhün vacibliyini vurğulamaqla ata-baba torpağımıza qayıtmaq hüququmuzun təmin olunacağına inanırıq”,- deyə o qeyd edib.

“Agefi Lüksemburq” jurnalının redaktoru Adelin Daniel A.Remi çıxışında bildirib ki, Qərbi Azərbaycanla bağlı məsələlər Qərb kütləvi informasiya vasitələrində obyektiv şəkildə işıqlandırılmayıb: “Qarabağda ermənilərin keçirdiyi qanunsuz “seçkilər”ə Qərb dairələri tərəfindən hər hansı sərt münasibət göstərilmədi. Amma Donbasda keçirilən referendum qınandı. Bunlar Qərbin siyasi məsələlərə ikili standartlar nümayiş etdirməsidir”.

İtaliyalı professor Daniel Pommier Vinçelli isə söyləyib ki, iki onillik ərzində dünyada adambaşına düşən köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdən birini tuturdu. Buna səbəb isə Qarabağ və ətraf rayonların işğal olunması idi. O qeyd edib ki, Qərbi Azərbaycan məsələsinin həlli dünyadakı oxşar problemlərə bir yol göstəricisi ola bilər: “Qərbi azərbaycanlılarla bağlı konfransa gələrkən məni qınayanlar oldu. Amma bu konfrans təkcə Azərbaycan üçün yox, qlobal əhəmiyyətli məsələlərin həlli baxımından da əhəmiyyətlidir”.

Qeyd edək ki, konfransda Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlərin və ictimai-siyasi xadimlərin çıxışları dinlənilib.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29