Heydər Əliyev
yeni azerbaycan logo

181-ci üzv

02.03.2024 [11:10]

Azərbaycanın BMT-yə üzv seçilməsindən 32 il ötür

Nardar BAYRAMLI

Bu gün Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv seçilməsindən 32 il ötür.  1992-ci il martin 2-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.Ölkəmiz bu təşkilatda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan BMT-də uğurla təmsil olunmağa, sözügedən beynəlxalq qurumun tribunasından fəal istifadə etməyə başlayıb. Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Prezident İlham Əliyev də Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri əsasında ərazi bütövlüyünün dəstəklənməsi, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasının təmin olunması istiqamətində BMT çərçivəsində fəal diplomatik iş aparılmasını xüsusi diqqət mərkəzində saxlayıb.

Dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri isə, şübhəsiz ki, 2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsidir. Əlbəttə, 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi idi. 2012-ci il yanvarın 1-də isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Bunun ardınca həmin il may ayının 4-də Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. Bundan başqa, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik edib. Bütövlükdə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirib. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr aparılıb, müvafiq qərarlar verilib, sənədlər qəbul edilib. Dolayısıyla, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir.

Azərbaycan BMT TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirib. Bütövlükdə, ölkəmizin bu quruma hər iki sədrliyi müddətində ümumilikdə qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni bu, özlüyündə böyük bir göstəricidir. Birinci növbədə, ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu. Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət edən amillərdən biri idi. Çünki dünya birliyinin mütləq əksəriyyəti bizə inandı, bizə etimad göstərdi və bizə öz səsini vermişdi”.

Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlara, müasir çağırışlara uyğun fəaliyyəti ilə mühüm reallıqlar formalaşdırıb, bir çox ilklərə və yeniliklərə imza atıb. Məlumdur ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin  yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir.

Prezident İlham Əliyev 2020-ci ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışı zamanı dünya ictimaiyyətinin diqqətini Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına, hərəkətlərinə yönəltmiş, ölkəmizin qətiyyətli mövqeyini, işğal faktı ilə heç vaxt barışmayacağını vurğulamışdı. Buna baxmayaraq, Ermənistan təcavüzkar siyasətini davam etdirdi, məlum qətnamələri yerinə yetirməməsinə və işğal faktını davam etdirməsinə görə bu ölkəyə qarşı sanksiya tətbiq edilməsi imkanı olsa da, dünya birliyi tərəfindən belə bir təşəbbüs irəli sürülmədi. Bu, ikili standartlar siyasətinin və selektiv yanaşmanın bariz nümunəsi idi. Çünki dünya təcrübəsində müxtəlif ölkələrə qarşı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dərhal və tam icrasına dair kifayət qədər fakt, nümunə var. Azərbaycan isə uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Əlbəttə, bu xoşagəlməz hal, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən, təcavüzkar, destruktiv mövqeyindən 30 ilə yaxın müddət ərzində əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu. Bu, qeyd etdiyimiz kimi, yeni bir presedentin əsasının qoyulması idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.

Hazırda yeni reallıqlar mövcuddur. Azərbaycan regionda sülhə, sabitliyə - təhlükəsizliyə, əməkdaşlığa və inteqrasiyaya xidmət edən mühüm təklif və təşəbbüslərlə çıxış edir.

Bu gün də Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir. Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf Proqramı uğurla icra olunur. Lakin reallıqlar ondan ibarətdir ki, bu gün BMT-də ciddi islahatların aparılmasına ehtiyac var. bu, qlobal bir çağırışdır.

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30