Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / 3 saatlıq görüş...

3 saatlıq görüş...

14.11.2025 [09:58]

Qazaxıstan və Rusiya prezidentləri nələri müzakirə ediblər?

Tokayevin Moskva səfərinin əsas məqamları...

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya 2 günlük dövlət səfəri bir sıra məqamları ilə yadda qaldı. Qeyd edək ki, noyabrın 11-dən başlanan səfər çərçivəsində iki ölkənin rəhbəri arasında 3 saat çəkən görüş keçirilib. Danışıqların ardından dövlət başçıları Rusiya-Qazaxıstan XXI regional əməkdaşlıq forumuna videokonfrans şəklində qatılıblar. Qeyd edək ki, Qazaxıstan Prezidenti rusiyalı həmkarını 2026-cı ildə ölkəsinə rəsmi səfərə dəvət edib və Putin bu dəvəti qəbul edib. Bundan başqa, noyabrın sonunda Bişkekdə keçiriləcək KTMT sammitində də iki ölkə prezidenti arasında görüş keçiriləcəyi planlaşdırılır.

İki ölkə arasındakı əlaqələr...

Keçirilən görüşlərdən sonra mətbuata açıqlamasında Rusiyanın dövlət başçısı danışıqların işgüzar, konstruktiv və məhsuldar keçdiyini bildirib. O qeyd edib ki, ikitərəfli məsələlərin bütün spektri ətraflı müzakirə olunub və aktual regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb: “Səfərin mühüm nəticəsi Rusiya-Qazaxıstan münasibətlərinin keyfiyyətcə yeni, daha da inkişaf etmiş hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçirilməsi haqqında bəyannamə oldu. Təbii ki, danışıqlar zamanı iqtisadi əməkdaşlıq prioritet olub. Keçən il ticarət dövriyyəsi 28,7 milyard dollara çatıb - bu, Qazaxıstanın ümumi xarici ticarətinin beşdə birinə bərabərdir. Rusiya artıq təxminən 10 milyard dollarlıq Rusiya kapitalı ilə Qazaxıstanın aparıcı investorları arasındadır. Qazaxıstan bazarında Rusiyanın iştirakı ilə 17 mindən çox biznes subyekti fəaliyyət göstərir və Qazaxıstan iqtisadiyyatının bütün əsas sektorlarında təxminən 70 irimiqyaslı birgə layihə həyata keçirilir”.

Putin deyib ki, Rusiya və Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasında ön sıralarda yer almış və onların işində fəal iştirak etmişlər. “Biz Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi Birliyi daxilində inteqrasiyanı qurmaq üçün birlikdə çalışırıq”.

Tokayev isə çıxışında bu səfəri ölkələr arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından xüsusilə əhəmiyyətli adlandırıb. O, keçirilən danışıqları yüksək qiymətləndirdiyini, ikitərəfli və çoxtərəfli məsələlərin bütün spektrinin ətraflı müzakirə edildiyini və bütün səviyyələrdə intensiv dialoq aparmaq barədə razılığa gəlindiyini açıqlayıb. Tokayev Rusiyanın Qazaxıstanın ən vacib ticarət, iqtisadi və investisiya tərəfdaşı olduğunu bildirib: “Biz həmçinin tranzit və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik. Şimal-Cənub Boru Kəməri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Ayagöz-Baxtı, Dostık-Moiyntı dəmir yolu xətləri və digər layihələrin imkanlarını ardıcıl olaraq genişləndirmək barədə razılığa gəldik. Sərhədlərarası logistika infrastrukturunun təkmilləşdirilməsinin və sərhəd-keçid məntəqələrinin sadələşdirilməsinin vacibliyini vurğuladıq”.

Rusiya ilə Qazaxıstan arasında sənədlər imzalanıb...

Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Sənədlər arasında Rusiya Federasiyası ilə Qazaxıstan Respublikası arasında dövlətlərarası münasibətlərin Hərtərəfli Strateji Tərəfdaşlıq və Müttəfiqlik Səviyyəsinə Keçid haqqında Bəyannamə də var. 42 maddədən ibarət olan bəyannamədə ortaq tarixə, suverenliyə və ərazi bütövlüyünə, müstəqil daxili və xarici siyasətə və mədəni müxtəlifliyə qarşılıqlı yardım kimi məsələlər bir daha təsdiqlənib. Sənədə əsasən, tərəflər Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsində təsbit edilmiş bütün məqsəd və prinsiplər də daxil olmaqla, beynəlxalq hüquqa hörmət əsasında daha təmsilçi və ədalətli çoxqütblü dünya nizamı qurmaq məqsədlərinə sadiq qaldıqlarını bəyan ediblər. Tərəflər KTMT-nin böhranlara cavab mexanizmlərinin təkmilləşdirilməsinə, kollektiv təhlükəsizlik sisteminin qüvvələrinin və vasitələrinin döyüş hazırlığının artırılmasına, müasir çağırışların və təhdidlərin aradan qaldırılmasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəklərini bildiriblər. Eyni zamanda, 1 iyul 1968-ci il tarixli Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin gücləndirilməsindən başqa alternativ olmadığı da qəbul edilib.  Hər iki ölkə 12 avqust 2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada təsbit edilmiş Xəzər dövlətləri arasında əməkdaşlıq prinsiplərinə, o cümlədən konvensiyanı imzalayan tərəflərə məxsus olmayan silahlı qüvvələrin Xəzər dənizində olmamasına, bir-birinin təhlükəsizliyinə xələl gətirməməsinə, Xəzər dövlətlərinin öz ərazilərini tərəflərdən heç birinə qarşı təcavüz və digər hərbi əməliyyatlar üçün digər dövlətlərə qoşmamasına, eləcə də Xəzər dənizindən dinc məqsədlər üçün istifadəsinə və Xəzər dənizi ilə bağlı bütün məsələlərin dinc yolla həllinə sadiq qaldıqlarını bildiriblər. Bundan başqa, bəyannamədə iqtisadi əməkdaşlıq və inteqrasiya sahəsində birgə fəaliyyətlə bağlı maddələr də yer alıb. Sənəddə, həmçinin enerji daşıyıcılarına və nəqliyyat kommunikasiya məsələlərinə, humanitar məsələlərə aid müddəalar da yer alıb.

Bundan başqa, iki ölkə arasında 2026-2030-cu illər üçün Hərtərəfli İqtisadi Əməkdaşlıq Proqramı, Üçüncü Ölkələrə İxrac üçün Nəzərdə Tutulan Rusiya və Qazaxıstan yüklərinin Dəmir Yolu Tranzit Daşınması və Transbombalanması sahəsində əməkdaşlığın təşkili haqqında Saziş, Nəqliyyat Təhlükəsizliyinin Təmin Edilməsində Əməkdaşlıq haqqında Saziş və bu kimi sənədlər də imzalanıb.

SADİQ

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30