Əməkdaşlıq coğrafiyası genişlənir
05.02.2026 [09:32]
Bölgənin yeni inkişaf və təhlükəsizlik mərhələsi Türkiyə Prezidentinin Səudiyyə Ərəbistanına səfəri bir çox mesajlarla yadda qaldı
Qlobal siyasi arxitektura sürətlə transformasiya olunur və artıq ənənəvi güc mərkəzlərinin mövqeləri ciddi şəkildə yenidən nəzərdən keçirilir. Uzun illər dünya siyasətinin ağırlıq mərkəzi hesab edilən Qərb bu gün əvvəlki təsir imkanlarını tədricən itirir, paralel olaraq isə Qlobal Cənub yüksələn siyasi və iqtisadi aktor kimi ön plana çıxır. Məhz bu yeni reallıq fonunda Yaxın və Orta Şərq, xüsusilə Körfəz regionu qlobal münasibətlər sisteminin əsas diqqət mərkəzinə çevrilməkdədir. Enerji resursları, nəqliyyat-logistika xətləri, maliyyə kapitalı və siyasi manevr imkanları bu bölgəni yeni dünya nizamının aparıcı sütunlarından birinə çevirir.
Son illər regionda formalaşan yeni geostrateji konfiqurasiya beynəlxalq münasibətlər sisteminə əsaslı təsirlər göstərir. Türkiyə və Səudiyyə Ərəbistanı, eləcə də Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qurulan sıx siyasi, iqtisadi və təhlükəsizlik əlaqələri artıq lokal əməkdaşlıq çərçivəsini aşaraq daha geniş geosiyasi platformaya transformasiya olunur. Bu prosesə Pakistanın da fəal şəkildə qoşulması regionlararası sinerjinin formalaşdığını deməyə əsas verir. Sözügedən dövlətlər arasında maraqların uzlaşdırılması, qarşılıqlı etimadın güclənməsi və strateji tərəfdaşlığın dərinləşməsi yeni siyasi mühitin konturlarını müəyyənləşdirir.
Təsadüfi deyil ki, son günlərdə qlobal diqqət məhz bu istiqamətə yönəlib. Azərbaycan Prezidentinin BƏƏ-yə, Türkiyə Prezidentinin isə Səudiyyə Ərəbistanı və Misirə həyata keçirdiyi səfərlər beynəlxalq ekspertlər tərəfindən yeni dövrün siyasi mesajları kimi qiymətləndirilir. Bu diplomatik aktivlik onu göstərir ki, formalaşmaqda olan münasibətlər sistemi qarşıdurmaya deyil, tərəfdaşlığa, rəqabətə deyil, balanslı əməkdaşlığa əsaslanacaq və yeni dünya nizamında regionun rolunu daha da gücləndirəcək.
İkitərəfli münasibətlər...
Vurğulandığı kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində apardığı danışıqlar, səsləndirdiyi fikirlər olduqca mühüm amillərə əsaslanır. Türkiyə Prezidenti Ər-Riyadda Krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səudla görüşüb. Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri, xüsusilə energetika, müdafiə sənayesi, investisiyalar, ticarət və texnologiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində yeni addımlar atmağa qətiyyətli olduğunu bildirib. Tərəflər regional və qlobal proseslərə də diqqət ayırıblar.
Suriyanın bərpası...
Görüşdə Türkiyə lideri Fələstində humanitar böhranın mümkün qədər tez aradan qaldırılması üçün səylərə hazır olduğunu vurğulayıb, Suriyada sabitliyin və ərazi bütövlüyünün qorunmasının əhəmiyyətindən danışıb. Prezident Ərdoğan qeyd edib ki, Ankara Suriyanın bərpası məsələlərində Ər-Riyadla əməkdaşlığa hazırdır.
Qeyd edək ki, Azərbaycan da bu proseslərdə aktiv rol alır. Rəsmi Bakı Qəzza bölgəsində sülhün və təhlükəsizliyin təmin olunması üçün reallaşan Sülh Sazişi Nizamnaməsini imzalayan təsisçi dövlətlərdən biridir. Paralel olaraq Azərbaycan həm də Suriyanın bərpası prosesində aktiv rol alır. Bakı Dəməşqin mavi qazla təmin olunmasında önəmli 1 yer tutur. Bu isə regional məsələlərdə əməkdaşlıq platformasının daha da genişlənə biləcəyindən xəbər verir.
31 maddəlik birgə bəyanat
Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri bir sıra sahələr üzrə əməkdaşlığın gücləndirilməsini əhatə edib. Belə ki, rəsmi Ankaranın Prezident Aparatının Kommunikasiya İdarəsinin açıqlamasına görə, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər, enerji, müdafiə sənayesi, investisiyalar, ticarət və texnologiya sahələrində əməkdaşlıq, regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaqda qərarlı olduqlarını bildirib və bir çox sahədə, xüsusən də bərpaolunan enerji və müdafiə sənayesində yeni addımlar atılacaq.
Səfər çərçivəsində iqtisadiyyat, ticarət və investisiyalar, enerji/iqlim dəyişikliyi, Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurası, müdafiə və təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, regional və beynəlxalq məsələlər, Fələstin, Yəmən, Somali, Sudan, Suriya və Rusiya-Ukrayna böhranı kimi mövzuları əhatə edən 31 maddəlik birgə bəyanat qəbul edilib. Tərəflər neft sektorunda əməkdaşlığı gücləndirmək, neft-kimya və kənd təsərrüfatı qida sektorlarında investisiya imkanlarını qiymətləndirmək üçün birgə işləmək və karbohidrogenlərin innovativ istifadəsi üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Müdafiə və təhlükəsizlik sahəsində hər iki tərəf müdafiə əməkdaşlığı sahələrində imzalanmış müqavilələrin aktivləşdirilməsinin vacibliyi barədə razılığa gəliblər. Tərəflər regional əməkdaşlığın vacibliyini vurğulayıb, regional sabitliyin, sülhün və rifahın təmin edilməsinə yönəlmiş kollektiv təşəbbüslərə dəstəklərini təsdiqləyiblər. Bəyanatda həmçinin Prezident Ərdoğanın Vəliəhd Şahzadə Məhəmməd bin Salmanı Türkiyəyə səfərə dəvət etməsi də yer alıb.
Strateji müttəfiqlikdən regional müdafiə platformasına doğru
Bəlli olduğu kimi, Türkiyə və Azərbaycan bu gün təkcə dost və qardaş ölkələr deyil, rəsmi sənədlərlə təsbit olunmuş strateji müttəfiqlərdir. Şuşa Bəyannamə ilə hüquqi müstəviyə daşınan bu müttəfiqlik regional təhlükəsizlik və siyasi koordinasiyanın əsas dayaqlarından birinə çevrilib. Hər iki dövlətin Pakistanla qurduğu dərin və qarşılıqlı etimada əsaslanan münasibətləri isə bu strateji xəttin daha geniş coğrafiyaya yayılmasına imkan yaradır. Türkiyə-Azərbaycan-Pakistan xətti artıq sadəcə diplomatik yaxınlıq deyil, ortaq maraqlara söykənən real təhlükəsizlik arxitekturası kimi formalaşır.
Bu kontekstdə Səudiyyə Ərəbistanının Pakistanla imzaladığı “Birgə Strateji Müdafiə Sazişi” xüsusi əhəmiyyət daşıyır. Sənəd iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini, hərbi-texniki imkanların artırılmasını və potensial təhlükələrə qarşı koordinasiyalı cavab mexanizmlərinin qurulmasını nəzərdə tutur. Razılaşmada tərəflərdən birinə qarşı edilən hücumun hər iki ölkəyə qarşı yönəlmiş hücum kimi qiymətləndirilməsi müddəası isə regionda kollektiv təhlükəsizlik yanaşmanın formalaşdığını açıq şəkildə göstərir.
Bu cür sazişlər qlobal təhlükəsizlik arxitekturasında yeni reallıqlar yaradır. Artıq bölgədə klassik hərbi bloklardan fərqli, çevik və milli maraqlara əsaslanan müdafiə platforması fəaliyyət göstərir. Bu platforma qarşıdurma yaratmaqdan daha çox balans, sabitlik və qarşılıqlı çəkindirmə funksiyasını daşıyır. Digər tərəfdən, həm Türkiyə, həm də Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiya ölkələri ilə qurduğu sıx strateji əlaqələr bu xəttin təsir dairəsini daha da genişləndirir. Bütün bu faktorlar bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və formalaşmaqda olan yeni dünya nizamında bu coğrafiyanın qaydaları müəyyənləşdirən əsas aktorlardan birinə çevrildiyini deməyə əsas verir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

