Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tarixin qanlı yaddaşı

Tarixin qanlı yaddaşı

31.03.2026 [16:33]

İlqar İlyasov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri

Azərbaycan xalqının çoxəsrlik tarixində bir çox faciələr və çətin sınaqlar olsa da, 1918-ci ilin mart hadisələri öz amansızlığı və miqyasına görə xüsusi bir qanlı səhifə təşkil edir. Ulu Öndər Heydər Əliyevin 30 mart 2003-cü il tarixli müraciətində vurğuladığı kimi: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur.” Bu siyasətin kökləri isə xeyli dərindir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, XIX əsrin əvvəllərindən Qarabağ və Zəngəzura erməni əhalisinin yerləşdirilməsi ilə başlanan demoqrafik müdaxilə, 1905, 1918 və 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba yurdlarından qovulması ilə nəticələnmişdir. 

Xalqımıza qarşı törədilmiş bu qanlı faciə, əslində, mifik “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi yolunda atılan düşünülmüş addım idi. Erməni millətçi dairələrinin, xüsusilə Daşnak partiyasının faşist siyasətinin təzahürü olan bu hadisələr təkcə siyasi deyil, həm də etnik təmizləmə xarakteri daşıyırdı. 1918-ci ilin martında Bakıda başlanan və sonra Şamaxı, Quba, Kürdəmir, Lənkəran və digər bölgələrə yayılan cinayətlərin miqyası dəhşət doğurur. Dinc əhaliyə qarşı törədilmiş bu cinayətlər zamanı on minlərlə soydaşımız yalnız milli mənsubiyyətinə görə qətlə yetirilmiş, kəndlər yandırılmış, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir.

Şamaxıda törədilmiş cinayətlər ilə əlaqədar tədqiqat işləri hələ də davam edir. Şamaxı qəzasında erməni-bolşevik dəstələri tərəfindən törədilən vəhşiliyin təzahürü olan qətliamlar zamanı qədim məscidlər, tarixi binalar və minlərlə dinc sakin məhv edilmişdir. Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılmış, yeni arxiv sənədləri və şahid ifadələri üzə çıxarılmışdır. Bu araşdırmalar sübut edir ki, 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır, çünki burada hərbi zərurət yox, məhz silahsız insanları məhv etmək niyyəti var idi.

Soyqırımı siyasətinin ən ağır izləri Quba qırğınları zamanı da özünü göstərmişdir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Bu tapıntı erməni vəhşiliyinin əyani sübutu kimi dünyaya təqdim olundu. Elmi araşdırmalar hər keçən gün yeni faktları ortaya çıxarır və sübut edir ki, Qubada təkcə azərbaycanlılar deyil, eyni zamanda orada yaşayan yəhudi və digər azlıqların nümayəndələri də eyni aqibəti yaşamışlar.

Erməni təcavüzü təkcə bugünkü Azərbaycan Respublikası əraziləri ilə məhdudlaşmırdı. 1918-1920-ci illərdə İrəvanda və ətraf bölgələrdə azərbaycanlıların qətl edilməsi, onların öz tarixi torpaqlarından didərgin salınması prosesi sistemli şəkildə həyata keçirilirdi. Hətta bir çox hallarda ermənilər törətdikləri qırğınları etiraf edirlər; dövrün erməni müəlliflərinin yazışmalarında və hesabatlarında "müsəlman kəndlərinin təmizlənməsi" fəxrlə qeyd olunurdu.

Ulu Öndər Heydər Əliyevin 31 mart soyqırımına verdiyi siyasi qiymət tariximizin bərpası baxımından dönüş nöqtəsi oldu. 26 mart 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla bu hadisələrə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Bu yolun davamı olaraq, dövlət başçısı İlham Əliyev tərəfindən soyqırımının 100 illik yubileyi ilə əlaqədar imzalanmış Sərəncam bu sahədəki tədqiqatların daha da dərinləşməsinə və beynəlxalq müstəviyə çıxarılmasına təkan verdi.

Bu gün Azərbaycan dövləti həqiqətləri ifşa edən prinsipial mövqe nümayiş etdirir. Saxta erməni təbliğatının qarşısını almaq, dünya dövlətlərinə və beynəlxalq təşkilatlara real faktları çatdırmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Biz bu tarixi dərsləri unutmamalı, gələcək nəsillərə bu həqiqətləri ötürməliyik ki, bir daha xalqımız belə faciələrlə üzləşməsin.

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31