Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Brüssel yollar axtarışında...

Brüssel yollar axtarışında...

17.10.2026 [10:45]

Aİ üçün yeni dönəm və yeni çağırışlar

Bir vaxtlar yüksək rifahı təmin etməyi gündəliyinin əsas məsələsi sayan Avropa İttifaqı (Aİ) üçün hazırda prioritetlər dəyişib. Daha dəqiq desək, qlobal miqyasda cərəyan edən proseslər, geosiyasi konfiqurasiyanın transformasiyası, xüsusilə də qoca qitənin ənənəvi müttəfiqi sayılan Amerika Birləşmiş Ştatlarının Aİ ilə əvvəlkindən fərqli davranışlar sərgiləməsi, o cümlədən də ticarət sövdələşmələri, müdafiə məsələləri ilə bağlı şərtləri sərtləşdirməsi Brüsseli yeni çağırışlarla üz-üzə qoyub. Bu fonda Rusiya-Ukrayna müharibəsinin uzanması, Kiyevin müdafiəsi öhdəliyinin Avropa İttifaqının üzərinə düşməsi, artan enerji qiymətləri, miqrasiya probleminin daha da böyüməsi Brüsseli kritik qərarlar qəbul etmək məcburiyyətində qoyur.

Bunu Avropa İttifaqı Şurasının oktyabrın 15-16-da baş tutan sammitində aparılan müzakirələrdən də görmək mümkündür. İkigünlük toplantıda iqtisadi rəqabətqabiliyyətliliyin artırılması, enerji qiymətlərinin təsirinin azaldılması, Ukraynaya dəstək, Avropanın təhlükəsizliyi və müdafiə hazırlığı, miqrasiya, Aİ-nin genişlənməsi, Yaxın Şərqdəki vəziyyət kimi məsələlər liderlərin müzakirəsinə çıxarılıb. Aİ-yə üzv dövlətlərin növbəti zirvə görüşünün gündəliyi onu deməyə əsas verir ki, hazırda qoca qitədə yeni dönəmə keçidin zəruriliyi bütün ciddiliyi ilə qəbul olunur. Brüssel transformasiyanın mümkün qədər tez və uğurlu baş tutması üçün yollar axtarır.

Aİ üçün həssas məsələ - rəqabətliliyi yüksəltməklə, qlobal makroiqtisadi disbalansların biznesə və əhaliyə mənfi təsirlərini azaltmaq

Sanksiyalara görə Rusiyadan neft, qaz, kömür tədarükünün əhəmiyyətli dərəcədə azalması, həmçinin Hörmüz boğazı ilə bağlı vəziyyət Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinə ciddi təhdidlər yaradıb. Həm qiymətlər yüksəlib, həm də təchizat azalıb. Yaranmış vəziyyət həyəcan təbili çalmağa əsas verir. Aİ bu il əvvəlki həcmdə enerji məhsulları idxal etməsinə baxmayaraq, xərcləri 100 milyard avrodan çox artıb. Avropa Komissiyasının qiymətləndirməsinə görə, qiymət artımları səbəbindən qarşıdan gələn qış qitə üçün çətin keçə bilər. Rəsmilərin məlumatına görə, eyni həcmdə qaz və neftə daha çox pul ödənilməsi Aİ-nin xarici mənbələrdən asılılığının qeyri-sabitliyini göstərir. Buna görə də xaricdən alınan qazıntı yanacağının mütləq şəkildə yerli bərpaolunan enerji ilə əvəzlənməsi vazkeçilməz zərurət kimi çıxış edir.

Ayrı-ayrı ölkələrin vəziyyəti daha kritikdir. Niderland, Almaniya və İtaliya qarşıdan gələn qış mövsümündə enerji böhranından ən çox zərər çəkən ölkələr sırasında yer ala bilərlər. Böhrana qarşı həssaslıq ölkələrin anbar tutumuna, mövcud qaz ehtiyatlarına və sənaye strukturuna görə dəyişir. Niderland qitədə qaz anbarları ən kritik səviyyəyə düşən ölkədir. Ölkənin qaz ehtiyatları keçən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.

Almaniya Avropanın ən böyük sənaye mərkəzi olmasına baxmayaraq, qış ərəfəsində qaz anbarlarının doluluq səviyyəsi 60 faizdən yüksək deyil. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizədək aşağıdır. Sənayenin yüksək qaz tələbatı və anbarların boş olması Almaniya iqtisadiyyatını böyük risk altına qoyur.

Fransa nüvə enerjisinə güvənsə də, qaz anbarlarının doluluq səviyyəsi çox aşağıdır. Eləcə də İtaliyanın  elektrik enerjisi istehsalında fosil yanacaqlardan yüksək asılılığı var. Nəticədə, İtaliya Avropada spot bazarda topdansatış elektrik qiymətlərinin ən baha olduğu ölkəyə (hər meqavat-saat üçün 142 avrodan çox) çevrilib.

Yaranmış vəziyyət Aİ üçün ciddi çağırışlardır. Buna görə də liderlər geosiyasi qeyri-müəyyənliyin artdığı şəraitdə yüksək enerji qiymətlərinin və qlobal makroiqtisadi disbalansların Avropa sənayesinə təsirinin azaldılması yollarını nəzərdən keçiriblər. Avropa Komissiyasına enerji xərclərinin vətəndaşlar və biznes üçün təsirini yüngülləşdirən hədəfli, müvəqqəti tədbirlərlə bağlı istiqamətlərin verilməsi, eləcə də fosil yanacaqlardan asılılığın uzunmüddətli azaldılması diqqət mərkəzindədir. “Vahid Avropa, vahid bazar” gündəliyinin icrası da müzakirə mövzusu olub. Bu gündəlik Avropanın yaxın gələcəyi üçün bir növ yol xəritəsi hesab olunur. Artan enerji qiymətlərinin sənayeyə və vətəndaşların yaşayış minimumuna təsirləri, həmçinin emissiya ticarəti qaydaları diqqət mərkəzindədir.

Sammitin mühüm mövzularından biri 2028-2034-cü illəri əhatə edən çoxillik büdcə ilə bağlı olub. Çoxillik Maliyyə Çərçivəsi üzrə danışıqlar həlledici mərhələyə qədəm qoyub. İttifaq daxilində büdcənin bölüşdürülməsi və xərclərin ixtisarı ətrafında fikir ayrılıqlarının aradan qaldırılmasına cəhdlər göstərilir.  Aİ Şurasının Prezidenti Antonio Koşta 2026-cı ilin sonunadək yekun razılaşmaya zəmin yaradacaq əsas elementlər üzrə irəliləyişin vacibliyini vurğulayıb. Tədbirdə həmçinin Avropa sənayesinə mənfi təsir göstərən qlobal iqtisadi qeyri-bərabərliklər (xüsusilə Çinlə olan ticarət münasibətləri və elektromobil rüsumları) ətrafında strateji əhəmiyyət daşıyan müzakirələr aparılıb.

Qeyd edək ki, hazırda Avropa Komissiyası rəqabətlilik böhranını aşmaq üçün 2026-2027-ci illəri əhatə edən strateji islahat proqramını reallaşdırır. Bu çərçivədə əsas hədəflər biznesə əlavə yükün azaldılması, maliyyə səfərbərliyi, strateji muxtariyyət və yerli üstünlük kimi məsələləri əhatə edir. Eyni zamanda, startapların və kiçik sahibkarların (KOB) bütün ittifaq ərazisində 27 fərqli milli qanunla deyil, vahid Avropa hüquqi çərçivəsi ilə fəaliyyət göstərməsinə şərait yaradılır. Ümumi qənaət belədir ki, bu kimi hədəflərin reallaşdırılması son nəticədə Avropa mallarının rəqabətlilik göstəricilərinin yüksəlməsinə öz müsbət təsirini göstərəcək.

Strateji müstəqilliyin mühüm komponenti - təhlükəsizliyin təmin edilməsi

Sammitdə aparılan müzakirələrin mərkəzində Avropanın strateji müstəqilliyinə nail olmaq hədəfi dayanıb. Buna nail olmağın bir yolu, əlbəttə ki, Avropanın iqtisadi, xüsusilə də enerji müstəqilliyinin təmin olunmasından keçir. Yuxarıda da qeyd olunduğu kimi, Aİ rəsmiləri bunun ən optimal yolunu bərpaolunan mənbələrdən enerji istehsalının artırılmasında görürlər.

Avropa İttifaqı məkanının strateji müstəqilliyinin digər bir mühüm komponenti isə heç şübhəsiz ki, təhlükəsizliklə bağlıdır. Brüssel üçün təhlükəsizliyin təmin olunması və gündəliyin əsas məsələlərindən birinə çevrilməsi iki reallıqla bağlıdır.

Birinci reallıq Şimali Atlantika Alyansı (NATO) üzrə ənənəvi müttəfiq Amerika Birləşmiş Ştatlarının davranışlarından qaynaqlanır. Son vaxtlaradək Aİ öz təhlükəsizliyini əslində böyük dərəcədə ABŞ-a həvalə etmişdi. Ağ Evdən gələn son mesajlar isə Brüssel üçün soyuq duş effekti yaradıb. Donald Tramp açıq şəkildə bəyan edir ki, Avropanın təhlükəsizliyinə Aİ məsuliyyət daşıyır və qurumda yer alan ölkələr müdafiə xərclərini artırmalıdırlar. Bunun üçün isə Avropa ölkələri sərt qənaət rejiminə keçməli və rifah büdcəsini müəyyən dərəcədə ixisara salmalıdırlar. Bunu etmək də asan görünmür. Çünki artan enerji qiymətləri və yüksək inflyasiya fonunda vətəndaşların xərcləri onsuz da artıb.

Təhlükəsizliyi ön plana çəkən növbəti faktor Ukraynanın müdafiəsi məsuliyyətinin Aİ-nin üzərinə düşməsidir. Əvvəllər bu məsuliyyət Brüssellə Vaşinqton arasında bölüşdürülürdü. Ağ Evin yeni administrasiyası isə Ukrayna müharibəsinin onun müharibəsi olmadığını bildirərək məsuliyyəti Aİ-nin üzərinə ötürüb. Təzələnən mexanizmə əsasən, Vaşinqton  Ukrayna üçün hərbi texnikanı Brüsselə əvəzi ödənilməklə tədarük edir. Belə bir vəziyyətdə müharibənin intensivləşməsi, həmçinin Ukraynanın digər ehtiyaclarının ödənilməsi Aİ üçün ağır maliyyə yükü yaradır. Artıq bəzi Avropa ölkələrində buna qarşı etirazlar da baş qaldırmaqdadır.

Ancaq müzakirələrdə də vurğulandığı kimi, Brüsselin Ukraynanı dəstəkləməkdən başqa çıxış yolu yoxdur. Aİ-də yaxşı anlayırlar ki, Ukrayna cəbhəsi elə Avropa cəbhəsi deməkdir. Niderlandın Baş naziri Rob Yetten Ukrayna və ABŞ münasibətlərindəki gərginlik fonunda Avropanı Kiyevə qeyd-şərtsiz dəstək nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, Vaşinqton da Ukraynanı dəstəkləməkdə maraqlıdır və Avropa ölkələri ABŞ-ın iştirakının qorunub saxlanmasına kömək etməlidir. “Son il yarım ərzində biz ABŞ və Ukrayna arasındakı diplomatik münasibətlərdə dəfələrlə belə çətinlikləri görmüşük. Belə məqamlarda Avropa hər kəsin bu prosesə cəlb olunaraq qalmasına nəzarət etməlidir”, - deyə R.Yetten bildirib.

“Ukrayna Rusiyanın təcavüzünə qarşı müqavimət göstərərkən öz vətəndaşlarının həyatı bahasına mübarizə aparır. Avropa ölkələri Kiyevə maliyyə yardımı göstərir və bu dəstək davam etməlidir”. Bu fikri isə Latviyanın Baş naziri Andris Kulberqs Aİ dövlət və hökumət başçılarının sammitinin ikinci gününün başlamasından əvvəl jurnalistlərə bildirib. “Onlar bunu öz həyatları bahasına edirlər. Biz isə hələlik yalnız puldan istifadə edirik və bu pul zəruridir”, - deyə  Kulberqs vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31