Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İrəvan dilemma qarşısında...

İrəvan dilemma qarşısında...

16.10.2026 [10:25]

“Dəmir yolu” problemi yenidən aktuallaşır - Ermənistan ilə Rusiya razılaşacaqmı?

Vətən müharibəsinin başa çatması ilə Cənubi Qafqazda formalaşan yeni siyasi situasiya regionun gələcək iqtisadi inkişafını müəyyənləşdirəcək kommunikasiya gündəliyini də meydana çıxardı. Azərbaycan müharibədən sonra sülh prosesinə təşəbbüs göstərməklə yanaşı, bölgədə nəqliyyat əlaqələrinin bərpasını və genişləndirilməsini strateji prioritet kimi irəli sürdü. Bu yanaşma təkcə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqəsinin yaradılmasını deyil, Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat marşrutlarının yeni imkanlar qazanmasını nəzərdə tutur. Məhz bu baxımdan Zəngəzur dəhlizi (TRIPP) Orta Dəhlizin perspektivli seqmentlərindən biri olmaqla yanaşı, Avrasiya məkanında iqtisadi əlaqələrin yenidən qurulması baxımından da xüsusi əhəmiyyət daşıyır. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar və TRIPP layihəsi ilə bağlı irəli sürülən təşəbbüslər bu perspektivi beynəlxalq siyasi gündəliyin mühüm istiqamətlərindən birinə çevirib. Artıq söhbət yalnız iki ölkə arasında nəqliyyat bağlantısından deyil, yükdaşımaların sürətlənməsindən, tranzit imkanlarının genişlənməsindən, yeni investisiyaların cəlb edilməsindən və regional iqtisadi inteqrasiyanın dərinləşməsindən gedir. Azərbaycan öz ərazisində müvafiq infrastrukturun qurulması istiqamətində addımlar atmaqla bu prosesin praktiki mərhələsinə töhfə verir.

Lakin yeni kommunikasiya imkanlarının reallaşması region dövlətlərinin siyasi iradəsindən, mövcud infrastruktur üzərindəki hüquqi münasibətlərdən və geosiyasi maraqların uzlaşdırılmasından asılıdır. Ermənistan üçün də qarşıda mühüm seçim dayanır: dəyişən regional reallıqlara uyğunlaşaraq tranzit və ticarət imkanlarını genişləndirmək, yoxsa mövcud ziddiyyətlərin iqtisadi inkişafı məhdudlaşdırmasına yol vermək. Bu mənada Zəngəzur dəhlizi (TRIPP) təkcə nəqliyyat layihəsi deyil, həm də Ermənistanın gələcək iqtisadi strategiyasını müəyyənləşdirəcək ciddi sınaqdır.

Ən mühüm sual - Ermənistan dəmiryolları hansı ölkənindir?

Ermənistanın regional kommunikasiyaların açılmasına razılıq bildirməsi hələ bu prosesin qarşısındakı bütün maneələrin aradan qalxması demək deyil. İrəvanın üzləşdiyi əsas problemlərdən biri ölkənin dəmir yolu infrastrukturunun idarə olunması ilə bağlıdır. 2008-ci ildə Ermənistanın dəmir yollarının idarə edilməsi 30 illik konsessiya müqaviləsi əsasında Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinə verilib. Bu müqavilə Ermənistanın nəqliyyat siyasətində Rusiyanın mövqeyini gücləndirməklə yanaşı, indiki şəraitdə regional layihələrə qoşulmaq məsələsini də daha mürəkkəb müstəviyə keçirib.

Hazırda İrəvan mövcud müqaviləyə yenidən baxılmasında, dəmir yollarının idarə edilməsində qərarvermə imkanlarının genişləndirilməsində və yeni tranzit marşrutlarından iqtisadi fayda götürmək üçün daha əlverişli şərtlərin yaradılmasında maraqlıdır. Ermənistan hakimiyyəti anlayır ki, regional kommunikasiyaların açılması ölkənin nəqliyyat imkanlarını genişləndirə, yükdaşımaların həcmini artıra və tranzit gəlirləri üçün yeni mənbələr yarada bilər. Lakin bu məqsədlərə çatmaq üçün Rusiya şirkətinin idarəetmə hüquqları və müqavilə öhdəlikləri ilə bağlı məsələlərə də aydınlıq gətirilməlidir.

İşçi qrupu yaradılıb

Moskvanın mövqeyi isə müqavilənin şərtlərinin, indiyədək qoyulmuş investisiyaların və üzərinə götürülmüş öhdəliklərin nəzərə alınması zərurətinə əsaslanır. Bir müddət öncə Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozyorovun verdiyi açıqlamada bildirilmişdi ki, 2008-ci ildən sonrakı dövrdə Ermənistanın dəmir yolu infrastrukturuna təxminən 146 milyard dram, başqa sözlə, 685 milyon manat sərmayə yatırılıb. Bu rəqəm mübahisənin yalnız siyasi deyil, həm də ciddi maliyyə və hüquqi tərəfinin olduğunu göstərir. Əgər Ermənistan konsessiya müqaviləsinə vaxtından əvvəl xitam verməyə çalışarsa, kompensasiya və mümkün təzminat tələbləri ilə üzləşə bilər. Beləliklə, İrəvan bir tərəfdən yeni regional imkanlardan yararlanmağa, digər tərəfdən isə Rusiya ilə müqavilə münasibətlərinin doğura biləcəyi maliyyə risklərini məhdudlaşdırmağa çalışır.

Yeri gəlmişkən, məsələ ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanla “Rusiya Dəmir Yolları”nın rəhbəri Oleq Belozyorov arasında İrəvanda keçirilən görüşdə bir sıra razılaşmalar olub. Belə ki, Ermənistan və Rusiya dəmir yolunun fəaliyyəti ilə bağlı məsələlərin həlli məqsədilə birgə işçi qrupu yaradılacaq.

Tərəflər regionda nəqliyyat kommunikasiyalarının açılması fonunda Ermənistanın dəmir yolu infrastrukturunun beynəlxalq tranzit şəbəkəsinə inteqrasiyası istiqamətində atılacaq addımları nəzərdən keçiriblər. Görüşdə xüsusilə Gümrü - Axurik - Türkiyə sərhədi və Yerasx (Arazdəyən) - Naxçıvan istiqamətlərində dəmir yolu xətlərinin yenidən qurulması layihələri ətrafında müzakirələr aparılıb.

Paşinyan: Yaxın gələcəkdə Ermənistanda TRIPP layihəsi həyata keçiriləcək

Bütün bunlarla yanaşı, Ermənistan laiyhədən geri çəkilmək fikrində deyil - oktyabrın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib ki Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur və TRIPP layihəsinin həyata keçirilməsi Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinə imkan verəcək.  Paşinyan qeyd edib ki, son iki ildə regiondakı vəziyyət xeyli dəyişib. Onun sözlərinə görə, Azərbaycan dəmir yolları təxminən bir ildir ki, Ermənistan yüklərinin daşınması üçün açıqdır. O, həmçinin Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin başlandığını elan edib. Regional nəqliyyat əlaqələrinin perspektivlərindən danışan baş nazir bildirib ki, yaxın gələcəkdə Ermənistanda TRIPP layihəsi həyata keçiriləcək və bu, regional əlaqələrin blokadasına son qoymağa kömək edəcək.

İki ssenarili yol...

Göründüyü kimi, Ermənistanın qarşısında duran əsas vəzifə mövcud konsessiya müqaviləsinin şərtlərini dəyişdirmək və regional nəqliyyat layihələrində daha sərbəst iştirak imkanları əldə etməkdir. Lakin bu prosesin hüquqi mexanizmləri kifayət qədər mürəkkəbdir. Müqavilənin vaxtından əvvəl dayandırılması, idarəetmə hüquqlarının başqa operatora verilməsi və ya şirkətin səlahiyyətlərinin məhdudlaşdırılması investisiyaların taleyi, kompensasiya öhdəlikləri və mümkün məhkəmə mübahisələri kimi məsələləri gündəmə gətirə bilər. Belə bir şəraitdə Ermənistanın qərarları yalnız siyasi iradədən deyil, hüquqi və iqtisadi hesablamalardan da asılı olacaq. Ekspertlər bu dilemmanı iki mümkün iqtisadi ssenari çərçivəsində qiymətləndirirlər:

- Birinci ssenaridə mövcud idarəetmə modeli əsaslı dəyişiklik olmadan davam edir, dəmir yolu infrastrukturunun regional layihələrə inteqrasiyası isə ləngiyir. Bu halda Ermənistan mövcud nəqliyyat imkanlarından istifadəni davam etdirsə də, yeni marşrutların yaradacağı əlavə yükdaşımalarından, tranzit gəlirlərindən və investisiya imkanlarından lazımi səviyyədə yararlana bilməz. İnfrastrukturun saxlanılması xərcləri, idarəetmə ilə bağlı məhdudiyyətlər və regional əməkdaşlığın zəifliyi ölkənin iqtisadi potensialının tam reallaşmasına mane ola bilər.

- İkinci ssenari isə regional kommunikasiyaların açılması, ticarət əlaqələrinin genişlənməsi və Ermənistanın beynəlxalq nəqliyyat marşrutlarına daha fəal inteqrasiyası ilə bağlıdır. Bu variantda ölkə tranzit xidmətlərindən gəlir əldə etmək, logistika sahəsinə investisiyalar cəlb etmək və qonşu bazarlarla iqtisadi münasibətlərini inkişaf etdirmək imkanları qazana bilər. Bununla belə, belə nəticələr avtomatik şəkildə yaranmayacaq. Onların reallaşması dəmir yollarının idarə olunması ilə bağlı hüquqi problemlərin həllindən, sərhəd prosedurlarının sadələşdirilməsindən və regional əməkdaşlığın praktik mexanizmlərinin qurulmasından asılıdır.

Sülh - ən real həll imkanı

Siyasi ekspertlərin yanaşmaları da bu iki istiqamətin müqayisəsi üzərində qurulub - bir tərəfdə mövcud problemlərin həllini gecikdirən geosiyasi ziddiyyətlər, digər tərəfdə isə əməkdaşlığın gətirə biləcəyi iqtisadi dividendlər. Ermənistanın seçim imkanları olsa da, regional proseslərdən kənarda qalmağın uzunmüddətli iqtisadi nəticələrini nəzərə almamaq mümkün deyil. Xüsusilə Azərbaycanla münasibətlərin normallaşması və kommunikasiyaların açılması ölkənin regional iqtisadi sistemdə yerini dəyişə biləcək amillərdir.

Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il oktyabrın 13-də videomüraciətində Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiya olunmasının vacibliyinə diqqət çəkib. O bildirib: “Bu, baş verən kimi Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoyduğumuzu deyə biləcəyik”. Bu fikir sülh prosesinin İrəvan üçün yalnız siyasi münasibətlərin normallaşması deyil, həm də dövlətin uzunmüddətli inkişaf perspektivləri ilə əlaqələndirildiyini göstərir.

Nəticə etibarilə, Zəngəzur dəhlizi ətrafında formalaşan yeni reallıqlar Ermənistanın qarşısında mühüm strateji seçim qoyur. Bakı regional kommunikasiyaların açılmasını iqtisadi əməkdaşlığın genişlənməsi və Avrasiya nəqliyyat əlaqələrinin güclənməsi üçün imkan kimi təqdim edir. İrəvanın həmin imkanlardan yararlanması isə siyasi bəyanatların konkret qərarlara çevrilməsindən, Rusiya ilə yaranmış hüquqi məsələlərin həllindən və Azərbaycanla sülhün davamlı xarakter almasından asılı olacaq. Ermənistan üçün əsas məsələ bu prosesdə kənarda qalmamaq, regional inteqrasiyanın yaratdığı imkanları real iqtisadi nəticələrə çevirməkdir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31