Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müstəqil siyasət və güclü dövlət modeli: Azərbaycanın seçdiyi yol

Müstəqil siyasət və güclü dövlət modeli: Azərbaycanın seçdiyi yol

16.10.2026 [08:12]

Ölkəmizin işlərinə heç bir dövlət qarışa bilməz!

Prezident İlham Əliyev: Hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq.

Müasir dünyada geosiyasi rəqabətin dərinləşməsi beynəlxalq münasibətlərin mahiyyətini dəyişdirir. İqtisadi imkanlar, texnoloji inkişaf, ideoloji təsir və beynəlxalq gündəliyi müəyyənləşdirmək bacarığı da qlobal rəqabətin əsas istiqamətlərinə çevrilib. Belə bir şəraitdə dövlətlərin qarşısında mühüm seçim dayanır: öz milli maraqlarına əsaslanan müstəqil inkişaf yolu seçmək, yoxsa güclü aktorların siyasi iradəsinə uyğunlaşmaq hesabına müəyyən üstünlüklər əldə etmək. Təəssüf ki, beynəlxalq münasibətlər sistemində iqtisadi tərəqqinin və regional nüfuzun yalnız böyük güclərin himayəsi ilə mümkün olduğunu təlqin edən yanaşmalar mövcuddur. Bu yanaşma suveren qərarvermə imkanlarını məhdudlaşdırır, dövlətlərin xarici siyasətini asılılıq münasibətlərinə sürükləyir. Halbuki davamlı inkişafın əsas şərti kənar iradəyə tabe olmaq deyil, milli resursları düzgün səfərbər etmək, tərəfdaşlıq imkanlarını genişləndirmək və dəyişən beynəlxalq şəraitdə çevik qərarlar qəbul etməkdir.

Azərbaycanın təcrübəsi bu baxımdan xüsusi diqqət çəkir. Son altı ildə Cənubi Qafqazda yaranmış yeni reallıqlar, ərazi bütövlüyünün və suverenliyin bərpası, regional nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi ölkəmizin siyasi çəkisini əhəmiyyətli dərəcədə artırıb. Bakı bu mövqeyi hər hansı güc mərkəzinin siyasi orbitinə daxil olmaqla deyil, müstəqil qərarvermə qabiliyyətini qorumaqla möhkəmləndirir. Azərbaycanın yanaşması göstərir ki, milli maraqlara söykənən siyasət beynəlxalq əməkdaşlıqdan təcrid olunmaq demək deyil. Əksinə, düzgün qurulmuş tərəfdaşlıq əlaqələri suverenliyi gücləndirən, iqtisadi imkanları artıran və dövlətin regional mövqeyini möhkəmləndirən vasitəyə çevrilə bilər. Məhz bu model Azərbaycanın yeni dünya nizamında fərqli siyasi aktor kimi çıxış etməsini şərtləndirir.

Hər kəsdən eyni uzaqlıqda, hər kəsə eyni yaxınlıqda...

Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsas xüsusiyyətlərindən biri beynəlxalq münasibətlərdə seçim azadlığını qorumaq və müxtəlif güc mərkəzləri ilə əlaqələri milli maraqlar əsasında qurmaqdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs müstəqil dövlətçiliyin möhkəmləndirilməsini, beynəlxalq əməkdaşlığın genişləndirilməsini və Azərbaycanın dünya siyasətində etibarlı tərəfdaş kimi mövqeyinin gücləndirilməsini hədəfləyirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu xəttin davam etdirilməsi ölkəmizin xarici siyasət imkanlarını daha da genişləndirib. Bakı müxtəlif siyasi və iqtisadi platformalarda iştirak etməklə yanaşı, heç bir tərəfin maraqlarını avtomatik şəkildə özünün milli prioritetlərindən üstün tutmur.

Bu yanaşmanın əhəmiyyəti Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti ilə də təsdiqlənir. Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin vaksinlərin ədalətli bölgüsü məsələsini beynəlxalq gündəliyə gətirməsi qlobal həmrəyliyin yalnız bəyanatlarla deyil, konkret təşəbbüslərlə təmin edilməsinin mümkünlüyünü göstərdi. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət isə Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik məsələlərində iştirak imkanlarını nümayiş etdirdi. Bu təcrübə ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərində qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinin əhəmiyyətini ön plana çıxardı.

Bu gün Azərbaycanın siyasi manevr imkanlarını genişləndirən mühüm amillərdən biri fərqli güc mərkəzləri ilə paralel əməkdaşlıq qurmaq bacarığıdır. ABŞ və Çin kimi qlobal rəqiblərlə münasibətlərin inkişaf etdirilməsi, Avropa ilə enerji və nəqliyyat sahələrində tərəfdaşlıq, türk dövlətləri ilə inteqrasiyanın dərinləşdirilməsi vahid siyasi xəttin müxtəlif istiqamətləridir. Burada məqsəd tərəflər arasında seçim etmək deyil, hər bir istiqamətdə ölkənin maraqlarına uyğun nəticələr əldə etməkdir. Azərbaycanın üstünlüyü bütün tərəflərlə eyni münasibətə malik olmaq iddiasında deyil, münasibətlərin heç birinin digərinə siyasi tabeçilik yaratmasına imkan verməməsindədir. Bu, müasir diplomatiyanın mürəkkəb şəraitində ciddi strateji üstünlükdür.

Sülh üçün güclü dövlət konsepsiyası

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə regionda yalnız hərbi-siyasi reallıqları dəyişmədi, həm də təhlükəsizlik və əməkdaşlıq münasibətlərinin yenidən qurulması üçün zəmin yaratdı. Uzun illər münaqişə ilə müşayiət olunan Cənubi Qafqazda yeni mərhələnin başlanması güc amilinin dövlətlərin gələcəyinə təsirini bir daha göstərdi. Lakin Azərbaycanın yanaşmasını fərqləndirən cəhət əldə olunmuş üstünlüyün yalnız siyasi təzyiq vasitəsi kimi nəzərdən keçirilməməsidir. Bakı regionun gələcəyini qarşıdurmanın davamında deyil, suverenliyin qarşılıqlı tanınması, iqtisadi əlaqələrin genişlənməsi və nəqliyyat imkanlarının açılması əsasında görür.

Güclü dövlət konsepsiyası məhz bu nöqtədə xüsusi məna qazanır. Dövlətin hərbi imkanları, iqtisadi potensialı və siyasi iradəsi onun təhlükəsizliyini təmin etməklə yanaşı, sülh təşəbbüslərinin həyata keçirilməsi üçün də imkan yaradır. Azərbaycanın təcrübəsi göstərir ki, öz təhlükəsizliyini təmin edə bilən dövlət daha inamlı şəkildə dialoqa qoşula, milli maraqlarını qoruyaraq kompromis imkanlarını qiymətləndirə bilər. Burada söhbət güzəşt naminə prinsipial mövqedən imtina etməkdən deyil, qarşılıqlı fayda əsasında razılaşmaların əldə olunmasından gedir. Regional əməkdaşlığın inkişafı da bu strategiyanın mühüm istiqamətidir. Beləliklə, Qələbədən sonrakı mərhələdə əsas məsələ hərbi üstünlüyün nümayişi deyil, həmin üstünlüyün davamlı təhlükəsizlik və regional inkişaf üçün siyasi imkanlara çevrilməsidir.

Daxili inkişaf modeli, siyasi qərarlar və milli prioritetlər Azərbaycan xalqının və dövlətinin səlahiyyətinə aiddir

Beynəlxalq münasibətlərdə dövlətlərin müstəqil siyasət yürütmək imkanları birbaşa onların təhlükəsizlik potensialından asılıdır. Siyasi suverenlik yalnız beynəlxalq sənədlərdə təsbit edilən hüquq deyil, həm də həmin hüququ qorumaq üçün zəruri institusional, hərbi, iqtisadi və informasiya imkanlarının mövcudluğudur. Azərbaycan son illərdə təhlükəsizlik məsələlərinə məhz bu geniş yanaşma çərçivəsində diqqət yetirir. Ordunun modernləşdirilməsi, müdafiə sənayesinin inkişafı, müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi və dövlət institutlarının dayanıqlığının artırılması ölkənin milli təhlükəsizlik strategiyasını tamamlayan istiqamətlərdir.

Cənubi Qafqazda yeni reallıqların formalaşması müxtəlif beynəlxalq aktorların regiona marağını da artırıb. Ancaq kənar təsir imkanlarının genişləndirilməsi cəhdləri dövlətlərin daxili siyasi proseslərinə müdaxilə formasını aldıqda, regional sabitlik üçün əlavə risklər meydana çıxır. Belə şəraitdə Azərbaycanın vəzifəsi mümkün təhdidlərə cavab vermək, daxili işlərimizə müdaxilə cəhdlərini zərərsizləşdirməkdir. Bakı bu vəzifənin öhdəsindən uğurla gəlir - Azərbaycan üçün beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin davamlılığı onların bərabərhüquqlu xarakterindən asılıdır. Heç bir tərəfdaşlıq formatı bir dövlətin digərinin daxili qərarlarına diktə etməsi üçün əsas yaratmamalıdır. Qarşılıqlı hörmət suverenliyin toxunulmazlığı ilə uzlaşmadıqda, əməkdaşlıq münasibətləri etimad mənbəyindən asılılıq alətinə çevrilə bilər. Bakı bu baxımdan aydın mövqe ortaya qoyur - Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında ifavdə etdiyi fikrə diqqət yetirək: “... hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq”.

Ölkənin daxili inkişaf modeli, siyasi qərarları və milli prioritetləri Azərbaycan xalqının və dövlətinin səlahiyyətinə aiddir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31