Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda dərman bazarının problemləri

Azərbaycanda dərman bazarının problemləri

27.10.2021 [10:49]

Dərmansız həkim silahsız əsgər kimidir

Azərbaycanda apteklərdə satılan dərmanların keyfiyyəti barədə alıcıların fikirləri həmişə birmənalı olmur. Eyni dərmanların müxtəlif qiymətlərə satılması və ya eyni adlı, lakin müxtəlif istehsalçılara aid olan dərmanların keyfiyyəti barədə hər zaman mübahisələr var. Xəstəxanalara üz tutan hər kəs əlində çanta, öz dərmanlarını reklam e?mək üçün gələn nümayəndələri də görür, o nümayəndələrlə əməkdaşlıq edən həkimləri də. Bu faktın özü çox zaman vətəndaşlarda dərmanların keyfiyyətinə şübhə yaradır. Xəstələr həkimin tanınmış preparatlar yerinə, bahalı “firma” dərmanları yazmasından narazılıq edirlər.

Təbii ki, bütün dərmanlar hansısa şirkətin, firmanın məhsuludur. Məhsullarına GMP sertifikatı almış şirkətlər də var, keyfiyyətə önəm verməyən, ucuz jeneriklər istehsal edən şirkətlər də. Birinci qrupa daxil olan şirkətlər həkimlərə heç nə təklif etmirlər. Çünki bilirlər ki, keyfiyyətli məhsul hazırlayıblar və onların dərmanları satılacaq. Əksinə, müxtəlif elmi konfranslar təşkil edir, müalicələrlə bağlı yenilikləri həkimlərin nəzərinə çatdıraraq, həm də öz işlərini təqdim edirlər.

Keyfiyyəti aşağı olan preparatlar istehsal edən şirkətlər isə həkimlərlə əməkdaşlığa girməyə çalışırlar, müxtəlif həvəsləndirici tədbirlər görürlər ki, həkim məhz onların dərmanını resept olaraq yazsın. Təəssüf ki, ölkəmizdə belə xırda firmalar həddindən artıq çoxdur, bu da insanların haqlı narazılığına səbəb olur. Keyfiyyətli dərman tapa bilməyən həkimlər bəzən belə əməkdaşlığa məcburdurlar. Çünki hər bir həkim üçün xəstəsinin sağalması daha önəmlidir. Dərman problemi bu gün səhiyyəmizin ən ağrılı problemlərindən biridir. Bu da bizim dərman istehsalımızın zəif səviyyədə olması ilə bağlıdır.

Həkim-farmakoloq, beynəlxalq “Complete-Pharma Europe” əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynov hesab edir ki, bir neçə il öncə Tarif Şurasının həyata keçirdiyi qiymət tənzimlənməsi nəticəsində dərmanların qiyməti aşağı düşsə də, bu, ümumilikdə ölkəyə böyük ziyan vurdu. Doktor fikrini belə izah edir: “Dünya bazarında 50-60 ildən də çox fəaliyyət göstərən, öz sözünü demiş, tanınan, nüfuzlu şirkətlər var idi ki, onlar bizdə də fəaliyyət göstərirdi və ölkəmizə gətirdikləri dərmanların keyfiyyətinə heç bir şübhə ola bilməzdi.

Bir müddət əvvəl Tarif Şurası istisnasız bütün dərmanları Çin və Rusiya istehsalına əsasən dəyərləndirdi. Qiymətlər aşağı düşdü və bu həmin sözügedən, keyfiyyətli məhsul istehsalçısı olan şirkətlərə sərf etmədi. Nəticədə ölkəmizdə fəaliyyət göstərən nəhəng əczaçılıq şirkətlərinin nümayəndəlikləri bağlandı. Bura mal gətirmək onlara sərf etmədi. Almaniyada istehsal olunan dərmana sən Çin qiyməti qoya bilməzsən. Qaçıb gedəcək. Nəticədə bazarda ancaq Rusiya, Çin və üçüncü dünya ölkələrinin məhsulları qaldı. Keyfiyyət aşağı düşdü. Dünyanın aparıcı əczaçılıq şirkətləri Azərbaycandan çıxmaq məcburiyyətində qaldı. Bu gün Azərbaycanda dünyanın nəinki ilk üçlüyünə, hətta ilk onluğuna girən böyük istehsalçıların nümayəndəlikləri yoxdur. Onların yerini başqaları tutdu. Əczaçılıqla əlaqəsi olan-olmayan hər kəs bu sahəyə girdi. Tələb varsa, təklif də olmalıdır. Tutaq ki, diabetdən əziyyət çəkən və müəyyən dərmanlardan istifadə edən şəxs dərmanını tapıb ala bilməyəndə, buna tələbat yaranırsa, kimsə bu boşluğu doldurmalıdır. İş adamı gedir, üz tutur bu dərmanın oxşarını, eyni tərkibli, amma başqa ad altında olan zəif analoqunu, məsələn, ya Misirdən, ya da Argentinadan tapıb gətirir. Keyfiyyətinə hansısa zəmanət vermək mümkün deyil. Mən demirəm ki, bu dərmanların hamısı keyfiyyətlidir, yaxud keyfiyyətsizdir. Sadəcə, keyfiyyətindən əmin olduğumuz, illərlə güvəndiyimiz firmaların dərmanları ilə eyni səviyyədə deyil. Bu bir reallıqdır”, - deyə farmakoloq qeyd edib.

O, Azərbaycanda dərman istehsalının təşkilinin ürəkaçan səviyyədə olmadığını da vurğulayıb.

“Azərbaycanda dərman satışı tamamən idxala bağlıdır. Təxminən iki həftə əvvəl belə bir məlumat yayıldı ki, Tarif Şurası dərmanların qiymətinə yenidən baxacaq. Qiymətlər qalxarsa, bəlkə vəziyyət düzələr. Bu fikrim bəlkə də əhali tərəfindən qeyri-adi qarşılanacaq. Lakin reallıq budur. Azərbaycan istehlakçı olaraq böyük şirkətlər üçün o qədər də böyük bazar deyil. Ona görə də, həmin böyük şirkətlərin burada ofislərinin olub-olmaması onlara deyil, bizə ziyan vurur. Trilyonluq dövriyyəsi olan bir şirkətin 10 və ya 100 milyonluq bazarının bağlanması ona çox böyük zərbə vurmur, o bunun yerinə başqa bir ölkəni qoymağı bacarır. Avropanın tanınmış dərman istehsalçıları müqavilələrini Gürcüstanla bağladılar və bu gün Azərbaycanda satılan jenerik məhsulların hamısı bizə Gürcüstandan gətirilir. Gürcüstanı Qafqazın əczaçılıq mərkəzi kimi qəbul etdilər və bu gün biz də, Ermənistan da dərman üçün Gürcüstana üz tuturuq. Tarif Şurasının ucuzlaşdırmaq siyasəti böyük firmaların getməsiylə nəticələndi. Qiymətlərin tənzimlənməsinin yolu bu deyildi, onu o ölkə edə bilərdi ki, öz daxili istehsalı var. Məsələn, öz daxili tələbatının 90 faizini daxili istehsal hesabına ödəməyi bacaran Türkiyə üçün belə qiymət tənzimlənməsi keçərli ola bilərdi. Bizdə isə dərman istehsalı yoxdur. Bunu böyük təəssüflə qeyd edirəm. Bir il öncə Pirallahı Sənaye Parkında yerləşən şpris və dərman preparatları müəssisələrində işlərin sürətləndiyi deyilsə də, nəticə ölkə üçün yetərli sayılmaz.

Özümüzdə yaratmaq üçün baza inkişaf etdirilməlidir. Bu gün Azərbaycanda elementar infuziya dərmanları istehsal olunmur. Halbuki bu preparatları demək olar ki, bütün ölkələr özləri istehsal edirlər. Adi qida əlavələrini də biz istehsal etmirik. Buna dövlət özü əl qoymalıdır. Dərmanların alış-satışı strateji məsələ olduğu üçün mən bunun özəl sektorun deyil, dövlətin nəzarətində olmasının tərəfdarıyam. Bu, boş buraxılması mümkün olmayan vacib bir sektordur. Bu sektoru azad bazarın öhdəsinə buraxmaq xaosa da yol açacaq, qaçaqmalçılığa da”, - deyə həkim vurğulayıb.

O, həll yolunun icbari tibbi sığortada olduğunu bildirib.

“Hesab edirəm ki, ölkədə dərmanların qiymətləri ilə bağlı məsələnin həlli yolu tənzimləmədə yox, tibbi sığortaya keçidin normal təşkilindədir. Xəstəyə təyin edilən dərmanlar tibbi sığorta hesabına alınarsa, onun neçəyə olması vətəndaşı narahat etməyəcək. Bu, bütün sivil dünyanın getdiyi yoldur”.

Qeyd edək ki, Pirallahı Sənaye Parkında yerləşən şpris və dərman preparatları müəssisələrinin tam gücü ilə işə düşməsindən sonra vəziyyətin xeyli düzəlməsi gözlənilir. Zavodda birinci mərhələdə 89 çeşiddə dərman istehsal olunacaq.

Həkimlər resept yazmağa çətinlik çəkdiklərini bildirirlər. Çünki onların öz təbiriylə desək, keyfiyyətsiz dərmanla müalicə edən həkim, silahsız döyüşə atılan əsgərə bənzəyir. Azərbaycanda xəstələrin xarici ölkələrə müalicəyə can atmasının bir səbəbi də budur - keyfiyyətli dərmanlarla müalicə.

Problem bəlli, həll yolu bəlli, bircə qalır onun praktiki həlli. Elə bir həll ki, sonda vətəndaş da, büdcə də xeyir görsün.

İlhamə

 

 

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31