Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mədəniyyətlərarası Dialoq Forumunda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda müzakirələr aparılıb

Mədəniyyətlərarası Dialoq Forumunda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda müzakirələr aparılıb

01.05.2024 [17:29]

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu açılış mərasimindən sonra işini sessiyalarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusunda təşkil olunan birinci plenar sessiyaya Koventri Universitetinin Etimad, Sülh və Sosial Əlaqələr Mərkəzinin direktoru, professor Mayk Hardi moderatorluq edib.

Sessiyada açılış nitqi ilə çıxış edən UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos deyib: “Hər bir cəmiyyətdə parçalanma müşahidə oluna bilər. Biz çalışmalıyıq ki, insanların üzləşdiyi problemləri başa düşək və onların həllinə çalışaq”.

BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev qeyd edib ki, hər kəs bütün dünyada sülhün bərqərar olmasına çalışmalıdır. “BMT artıq sülhməramlı missiyasını siyasi amilə çevirib. Hazırda dünyada münaqişələr artır. Belə bir vəziyyətdə BMT-yə olan etimadın qorunması üçün əlimizdən gələni etməliyik. Əsas diqqət tərəfdaşlığa yönəldilməlidir. Hazırda bütün dini və siyasi tərəflər Bakıda bir araya gəliblər. Əminəm ki, bu forum beynəlxalq sülhü təşviq edəcək. Azərbaycan siyasi müzakirələrdə iştirakını beynəlxalq səviyyədə davam etdirir”, - deyə o əlavə edib.

Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi, Brazzavildə baş məsləhətçi Jan Kristof Bas Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq qabaqcıl tədbirə çevrildiyinə diqqət çəkərək bildirib: “Bütün bunları görmək heyrətamizdir. Bu inkişaf məni müsbət mənada təsirləndirir. Dünya hazırda labirintə bənzəyir və buradan çıxış yolunun axtarılması olduqca vacibdir. Məqsədimiz özümüzü yenidən kəşf etmək, birgəyaşayışın yollarını tapmaqdır. Hazırda dünyanın parçalanmasının şahidiyik. Bu parçalanma həm qlobal səviyyədə, həm də cəmiyyətlər arasında baş verir. Biz bütün bunları daim diqqət mərkəzində saxlamalıyıq. Bu böhran beynəlxalq səviyyəli olmaqla bərabər, cəmiyyətlərimizə də təsir edir”.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov vurğulayıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu tarixin indiki çətin və ziddiyyətli dövründə müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq edən, etnik, dini və mədəni amillərdən irəli gələn fərqliliklərdən ümumbəşəri idealların həyata keçirilməsində təsirli alət kimi faydalanmağın yollarını axtaran unikal müzakirə platformasıdır. “Multikultural ənənələri ilə özünü dünyada tanıtmağa müvəffəq olmuş Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa töhfə vermək, qlobal əhəmiyyətli məsələlərin həllində fəal iştirak etmək niyyətini göstərir. Bizim xalqımız fərqli mədəniyyətlərin, dinlərin, etnosların mövcudluğunun bütün cəmiyyətləri üçün əsrarəngiz bir sərvət olduğuna inanır. Əsrlər boyunca məhz bu inanc ölkəmizi dünyanın ən tolerant məkanlarından biri kimi tanıtmağa imkan verib. Azərbaycan dövlətinin siyasəti yalnız ölkə daxilində mədəni fərqliliklərin milli sərvət kimi qorunmasına və inkişaf etrdirilməsinə dəstək verməklə məhdudlaşmır. Biz həm də dünyanın müxtəlif ölkələrində bəşəriyyətin ümumi sərvəti hesab olunan dəyərlərin mühafizəsində fəal iştirak edirik”, - deyə o bildirib.

S.Məmmədov Heydər Əliyev Fondunun Azərbaycanda multikultural ənənələrin özünəməxsus və nadir formasının yaranmasında, qorunub saxlanmasında rolunu xüsusi vurğulayıb: “Fondun ötən 20 il ərzində müxtəlif ölkələrdə həyata keçirdiyi proqramlar Azərbaycan multikulturalizminin qlobal miqyasda tanıdılmasına və ümumilikdə multikultural ənənələrin təşviqinə xidmət edir. “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu Azərbaycanın sərhədlərindən kənarda bir sıra tədbirlər təşkil edib, bəşəriyyətin ümumi sərvəti olan müqəddəs xristian abidələrinin bərpasına dəstək verib. Fond XIV əsrdə salınmış Strasburq Kafedral Kilsəsinin vitrajlarının, Fransanın Orn, Kurjust, Revayon və Mal və digər ərazilərində yerləşən 20-dək kilsənin bərpasına maliyyə yardımı göstərib. İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin Qəsrinin bərpası ilə əlaqədar başlanan ianə kompaniyasına Heydər Əliyev Fondunun töhfəsi də multikulturalizm ənənələrinə diqqətin daha bir təzahürüdür”.

Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri Qladin Papinon diqqətə çatdırıb ki, ölkəsi Şərq və Qərb mədəniyyətlərinin qovuşuğunda yerləşir. Bu səbəbdən dünyada Macarıstanın qlobal münasibətlərdə davamlılığın təmin olunması siyasəti izlənilə bilər. 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun unikal platforma olduğunu söyləyən Davamlı Müxtəliflik və İnklüzivlik İnstitutunun rəhbəri Efendus Henderson isə vurğulayıb ki, hamı öz rolunun öhdəsindən layiqincə gəlməlidir. “Bir ayara gəldikdə dünyanın tolerantlığını və digər dəyərlərə hörmətlə yanaşmağı, millətlər arasında daha çox əməkdaşlığı təşviq etməliyik. Bunun əsasında isə yumşaq güc dayanır. Yumşaq gücdən ortaq dəyərlər üçün istifadə mümkündür. Biz əməkdaşlığa diqqət yetirməliyik. Parçalanmanı deyil, körpüləri, anlaşmanı təmin etməliyik. Bütün bunları irs kimi qəbul edirik. Bu da həmin yumşaq gücün əsasıdır”. 

ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru, səfir Qusti Aqunq Vesaka qeyd edib ki, sülh bizim regionumuz üçün böyük məna daşıyır. İcmalar daxilində olan problemlərə göz yummaq mümkün deyil. Münaqişələrin qarşısının alınmasında, dinc şəraitdə yaşamaqda qarşılıqlı dəstək mühüm amildir. 

Daha sonra Satyarthi Qlobal Şəfqət Hərəkatının icraçı direktoru xanım Asmita Satyarthi hazırda bütün dünyanın sivilizasiyalar böhranın ortasında olduğunu vurğulayıb. Deyib ki, milyonlarla insan müharibə şəraitində yaşayır. Bu məsələlərə dürüst şəkildə yanaşılmalıdır.

Azərbaycanda keçiriləcək COP29 barədə də danışan xanım Satyarthi bildirib: “COP29-da iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan ölkələr barədə danışılacaq. Sözsüz ki, ilk sıralarda Afrika ölkələridir. Orada insanların üzləşdikləri məsələlər bizi təcili addımlar atmağa vadar edir. Qəzzada, Konqoda insanların qətlə yetirilməsi, Afrikadakı anaların öz övladının aclığı ilə bağlı yaşadığı çarəsizlik bizim problemimizdir. Bizə mərhəmətli liderlər, rəhbərlər lazımdır. Onlar problemin həllinə maraq göstərməli, real işlərlə məşğul olmalıdırlar. Burada xüsusilə Prezident İlham Əliyevin müasir dünyada yaşanan problemlərin həlli istiqamətində gördüyü işləri nümunə göstərmək istərdim. Liderliyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkədən 700 mötəbər qonaq iştirak edir.

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31