Mədəniyyətlərarası dialoq: Tarixdən müasirliyə
01.05.2024 [09:50]
Azərbaycanın nadir tolerantlıq nümunəsi
Bu gün dinlər və mədəniyyətlərarası münasibətlər baxımından dünyanın mənzərəsi heç də ürəkaçan deyil. Əslində, indiyədək bəşəriyyət fərqli etiqadların daşıyıcısı olan insanların elmə, təhsilə, mədəniyyətə, iqtisadiyyata verdikləri töhfələr sayəsində yüksək inkişaf səviyyəsinə yüksəlib. Bugünkü ümumbəşəri sivilizasiyadan bütün xalqların mirasları keçir. İnsanlar arasında tarixdən, coğrafiyalardan, gendən, irqdən gələn fərqlilik dünyanı daha rəngarəng və cəlbedici edir. Ancaq təəssüf doğuran haldır ki, bu gün dünyada xalqlar arasındakı mədəni-dini müxtəliflik bir sıra hallarda ayrıcı xətlər anlamında qəbul edilir. Biz müşahidə edirik ki, xüsusilə də Avropanın ayrı-ayrı ölkələrində multikulturalizm ideyalarından imtina olunur, milli-dini-irqi zəmində dözümsüzlük artır, İslamofobiya təzahürləri açıq müstəviyə keçir. Ən acınacaqlı cəhət ondan ibarətdir ki, bütün bunlar bir sıra hallarda məhz dövlətlər səviyyəsində təşviq olunaraq ideoloji platforma qismində cəmiyyətlərə təlqin edilir. Belə bir şəraitdə zəngin tolerantlıq ənənələrini qoruyaraq tarixdən müasir həyatına daşıyan Azərbaycan dünyaya nadir nümunəsini təqdim edir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlayan “Bakı Prosesi”
Milli-mənəvi dəyərlərə sıx bağlı olan, eyni zamanda müasir düşüncə tərzi ilə fərqlənən Azərbaycan Prezidenti İlham Əliyev daim qlobal həmrəyliyin möhkəmlənməsinə hesablanan yeni-yeni təşəbbüslər irəli sürür. Bu gün dünyada İlham Əliyev kimi, multikulturalizm ideyalarının qorunub saxlanılmasına və daha da zənginləşdirlməsinə səmimi şəkildə çağırışlar edən liderlərin sayı elə də çox deyil. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində respublikamızda müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Bakı Beynəlxalq Humanitar Forumuna, eləcə də Dünya Dini Liderlərinin Sammitinə, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumuna məmnuniyyətlə ev sahibliyi edir. Sadalanan platformalar çərçivəsində qloballaşma şəraitində milli mədəniyyətlərin qorunması, eləcə də dünyada birgəyaşayışın təmin edilməsi ilə bağlı yaranan çağırışlar əhatəli şəkildə müzakirə olunur və səmərəli təkliflər səsləndirlir. Diqqət çəkən ən önəmli məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan “Bakı Prosesi” çərçivəsində Avropa İttifaqı (Aİ) məkanında və İslam coğrafiyasında yerləşən ölkələrin rəsmi şəxslərini və cəmiyyətlərinin təmsilçilərini bir araya toplamağa nail olur. Bu, dünya üzrə barışıq, inam mühitiinin möhkəmlənməsi naminə atılan çox mühüm bir addımdır. Eyni zamanda, mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından da son dərəcə önəmlidir. Tədbirlərə qatılan qonaqlar respublikamızdan zəngin təəssüratlarla ayrılırlar və öz ölkələrinə çox mühüm mesajlar aparırlar.
Artıq respublikamız sayca altıncı olan Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara, ümumilikdə, 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.
Vacib qlobal platforma
Mayın 1-dən 3-dək davam ediləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçirilir. Tədbirə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq qatılıb. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi planlaşdırılıb. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbir mötəbər beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir. Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.
Milli dəyərlərə və milli maraqlara əsaslanan siyasət
Hər bir xalq öz milli kimliyini dərk etdikdə başqa mədəniyyətlərə də hörmətlə yanaşa bilər. Qloballaşma şəraitində ölkəmizi fərqləndirən və respublikamızı daha güclü edən amillərdən söhbət açarkən ilk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan tarixdən gələn milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir. Dünya birliyinin suveren aktoru olan respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb.Bu siyasətin əsasını və möhkəm özülünü isə Ulu Öndər Heydər Əliyev formalaşdırıb. Mədəniyyətimizin Heydər Əliyev erası xalqımızın bütövlükdə milli-mənəvi dəyərlərə yeni münasibətinin formalaşdığı dövr kimi xarakterizə olunmaqdadır. Bu dövrün mədəni tərəqqisinin əsas xarakteristikası ondan ibarətdir ki, Ulu Öndərin yaratdığı və həyata keçirdiyi mədəniyyət siyasəti ölkəmizin milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə və inkişafına güclü zəmin yaradıb, onu yeni-yeni çalarlarla zənginləşdirib.
Sonrakı mərhələdə Prezident İlham Əliyev Ulu Öndərimizin əsasını qoyduğu siyasəti eyni ardıcıllıqla davam etdirib. Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri ilə keçirdiyi görüşlərdə zəngin tariximizin, milli-mənəvi dəyərlərimizin qürur mənbəyimiz olduğunu dəfələrlə bəyan edib. “Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır”, - deyə dövlətimizin başçısı ölkəmizin “Bakı prosesi” çərçivəsində ev sahibliyi etdiyi qlobal tədbirlərdən birində vurğulayıb.
Ümumiyyətlə, milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətdən gələn sosial sifarişlərin dövlət siyasətində prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçir. Dövlət başçısı qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir.
O cümlədən İslam dəyərləri xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir. İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Eyni zamanda, ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər.
Onu da qeyd edək ki, ölkəmiz İslam dövlətləri və təşkilatları ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Təsadüfi deyil ki, Azərbaycanın milli mədəniyyətində İslam dəyərlərinin əhəmiyyətli yer tutması, Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında bu dəyərlərin əvəzsiz rol oynaması, xalqımızın İslam sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş etməsi nəzərə alınaraq Bakı şəhəri 2009-cu il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunub, həmçinin İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı Bakıda keçirilib.
Ölkəmizin zəngin multikultural mühiti
Ölkəmizin mədəniyyətlərarası dialoq platformalarına ev sahibliyi etməyə hər cəhətdən haqqı vardır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda bütün dinlərə aid icmalar sərbəst şəkildə fəaliyyət göstərirlər. “... Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan qədim tarixə malik ölkədir və bunu bir sıra amillər təsdiqləyir. O cümlədən zəngin tariximizin izləri respublikamızın ərazisindəki çoxsaylı abidələrdə də öz əksini tapıb. Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, ölkə ərazisindəki bu günümüzədək gəlib çatan dini abidələr yalnız bir mədəniyyətə, deyək ki, hazırda əhalinin böyük əksəriyyətinin etiqad bəslədiyi İslam sivilizasiyasına aid deyil. Əksinə, paytaxt Bakıda və respublikanın bölgələrində mövcud olan dini abidələr müxtəlif sivilizasiyaların izlərini özlərində qoruyub saxlayır. Bu, o deməkdir ki, dini dözümlülük, multikultural dəyərlər Azərbaycanda tarixən mövcud olub və bu gün də yaşamaqdadır. Dövlət başçısının qeyd etdiyi kimi, bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən, onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar.
Aşağıdakı faktlar deyilənləri bir daha təsdiqləyir. Azərbaycan xalqı qürur duyur ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Söhbət Şamaxı Cümə məscidindən gedir. 743-cü ildə inşa olunan bu dini abidə Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir və hazırda tarixi abidə kimi qorunur. Xatırlatmaq yerinə düşər ki, bir neçə il bundan əvvəl burada əsaslı təmir işləri həyata keçirilib.
Bəhs olunan Şamaxı Cümə məscidi İslam sivilizasiyasını əks etdirir. Eyni zamanda, ölkəmizin ərazisində qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin yaxınlığında yerləşir. Həmçinin bu kilsə də Qafqazın ən qədim tarixi abidələrindən biridir.
Digər bir nümunəyə diqqət yetirək. Bakının Suraxanı rayonunda Atəşgah yerləşir. Bu abidə də dövlət vəsaiti ilə yüksək səviyyədə təmir edilib. Bakıda atəşpərəstlik məbədinin mövcud olması ona dəlalət edir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri var. Sonrakı dövrlərdə respublikamızda rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilib. Prezident İlham Əliyev bütün bunlara istinad edərək vurğulayıb ki, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir.
Heydər Əliyev Fondunun davamlı töhfələri
Azərbaycanın nadir nümunəsinin ən səciyyəvi cəhəti ondan ibarətdir ki, ölkəmizdə multikulturalizm ideyaları dövlət səviyyəsində geniş təşviq edildiyi kimi, buna cəmiyyətdə də güclü dəstək göstərilir. Bu barədə söhbət açarkən Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyətini xüsusi qeyd edə bilərik. Fondun geniş əhatə dairəsinə malik olan fəaliyyətində iki istiqamət xüsusilə fərqlənir. Bunlardan biri zəngin Azərbaycan mədəniyyətinin inkişafına və milli-mənəvi dəyərlərimizin qorunmasına diqqətdir. Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qeyd olunan istiqamətdə reallaşdırlan çoxsaylı layihələr sayəsində milli mədəniyyətimizin ayrı-ayrı sahələri, xüsusilə də muğamlarımız yeni inkişaf mərhələsinə qədəm qoyub. Milli-mənəvi dəyərlərimizin qorunması, o cümlədən də tarixi abidələrimizin bərpası Fondun fəaliyyətindən qırmızı xətt kimi keçir. Hazırda qurum Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış tarixi dini abidələrin bərpası ilə bağlı layihələr həyata keçirir.
Heydər Əliyev Fondu, həmçinin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa davamlı töhfələr verir. Belə ki, Fondun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda və Romada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Fond ilə Müqəddəs Tax-Tac arasındakı əməkdaşlıqda mühüm əhəmiyyət daşıyan bu layihələr üç mərhələdə həyata keçirilib. Roma Papası Fransisk də ölkəmizin bu istiqamətdə səylərini yüksək qiymətləndirib.
Yeri gəlmişkən, Heydər Əliyev Fondunun beynəlxalq miqyasda uğurlu fəaliyyəti bu günlərdə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin tərəfindən də etiraf olunub. Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib. Qəbulda qonaq Heydər Əliyev Fondu ilə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq 2023-cü ildə Pekin şəhərində Ulu Öndərin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyini xatırladıb. Azərbaycana Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Fondun Çinin olduqca inandığı və sıx əməkdaşlıq etdiyi bir qurum olduğunu vurğulayıb. O, ötən illər ərzində Heydər Əliyev Fondu ilə bir çox birgə layihələr, xüsusilə gənclər arasında əlaqələrin genişləndirilməsi sahəsində layihələr həyata keçirdiklərini bildirib. Yan Vanmin Fondla əməkdaşlığın daha da möhkəmlənəcəyinə və əlaqə dairəsinin genişlənəcəyinə əminliyini ifadə edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25

YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28
