Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropada müsəlmanlara qarşı diskriminasiya halları şiddətlənir

Avropada müsəlmanlara qarşı diskriminasiya halları şiddətlənir

22.08.2015 [10:58]

Yaxud “qoca qitə”də “müsəlman ovu”nu kim təşkil edir?
Son vaxtlar Avropada artan iqtisadi böhran bu qitədə müsəlmanlara qarşı diskriminasiya hallarının şiddətlənməsi ilə müşayiət olunur. Belə ki, “qoca qitə”də müsəlmanlara daha az tolerant yanaşılması ilə bərabər, rasizmə əsaslanan cinayət hallarına daha çox yol verilməkdədir. Yeri gəlmişkən, avropalılar xüsusilə immiqrantlara, daha doğrusu, müsəlman immiqrantlara qarşı olduqca amansız yanaşma nümayiş etdirməkdədirlər ki, bu da təsadüfi sayıla bilməz. O mənada ki, müsəlmanlara qarşı belə bir yanaşma əksər hallarda bəzi Avropa ölkələrinin rəsmi dairələrindən qaynaqlanır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Almaniyada bütün almanlar “muselman” və “ölauge” sözlərini ən ağır söyüş kimi qəbul edirlər. Alman Federal Polisi məhz bu sözlər altında müsəlman immiqrantları şübhəli şəxs qismində təqib edir. Məlumat üçün bildirək ki, “ölauge” alman dilində “neft göz” yaxud “neft rəngli göz” mənasında işlədilir və bu, əsasən, Yaxın Şərqdən gələn immiqrantları təsvir etmək üçün alçaldıcı ifadə kimi istifadə olunur. Bu sözü Almaniyada heç bir alman öz ünvanına götürməz. Hətta buna görə Düsseldorfda bir alman qadın öz qonşusunu məhkəməyə verib. Bəzi ekspertlərin qənaətinə görə, müsəlmanlara qarşı bu üzdəniraq təbliğatın arxasında heç də ayrı-ayrı ictimai birliklər dayanmır. Bunun birbaşa məsuliyyəti Almaniya hökumətinin üzərinə düşür. Bunu aydınlaşdırmaq isə elə də çətin deyil. Hər halda Almaniyada fəaliyyət göstərən PEGİDA (“Patriotische Europaer gegen die Islamisierung des Abendlandes”, yəni “Axşam ölkələrinin islamlaşdırılması əleyhinə Avropa vətənpərvərləri”, “Axşam ölkələri” dedikdə Qərbi Avropa nəzərdə tutulur, bura Almaniyadan İngiltərəyə qədər olan bütün ərazilər daxildir-E.K) hərəkatının addımlarını nəzərdən keçirmək bəzi mətləblərə aydınlıq gətirir. Bu, eyni zamanda, ortaya bəzi suallar çıxarır. Məsələn, PEGİDA-nın Almaniyada keçirdiyi mitinqlərə kütləvi axını kim təşkil edib? Bəs PEGİDA-nın irqçi çağırışlarının qarşısını niyə almırlar? Bu suallara elə avropalıların öz mənbələri aydın cavab verir. Belə ki, antiislam hərəkatı kimi formalaşan PEGİDA-nın yaradıcıları bu nümayişlərin pulsuz reklam olunmasının, pulsuz çağırış bukletlərinin dərcinin və paylanmasının Almaniyanın Konstitusiya Müdafiə İdarəsi (das Bundesamt für Verfassungsschutz) tərəfindən reallaşdırıldığını açıqlamışdılar. PEGİDA-nın yaradıcılarından olan Luts Bahman (Lutz Bahmann) isə məhz Konstitusiya Müdafiə İdarəsinin baş məsləhətçisidir. Bundan başqa, 2012-ci ildə Köln şəhərində bir türk qızın öldürülməsini tədqiq edən polis təhlükəsizlik kameralarında Konstitusiya Müdafiə İdarəsinə məxsus Katrin Ertelin xidməti avtomobilinin görüntülərini aşkar etmişdir. Katrin Ertel PEGİDA-da ideoloji məsələlər üzrə məsuldur. 2011-ci ildə “Die Zeit (Zaman) qəzetinin yazdığı məlumatda deyilir: “Kölndən 30 dəqiqəlik məsafədə Konstitusiya Müdafiə İdarəsinə məxsus bir barak aşkar edilib. Son illərdə itkin düşmüş, əksəriyyəti türkiyəli olmaqla, müsəlman miqrantlar burada saxlanılır. Qanundankənar sorğu keçirmək naminə onları qeydiyyata salmırlar. Sadəcə, itkin düşmüşlər kimi qeyd olunur”.
Öz növbəsində, “Süd Deutsche Zeitung (Cənubi Alman qəzeti) yazır ki, Avropada müsəlmanlara qarşı institusional rasizm mövcuddur. Qəzet bunun təkcə Almaniyada deyil, bütün Avropa dövlətlərində mövcud olduğunu qeyd edir. Yəni, dövlətin dəstəyi ilə yaradılmış PEGİDA kimi qruplar digər ölkələrdə də mövcuddur. Məsələn, İngiltərədə “İngilis Müdafiə Liqası Mançesterdə xüsusilə aktivlik nümayiş etdirir. Danimarkada fəaliyyət göstərən “Danimarkada islamlaşmanı saxlayaq” hərəkatı 2007-ci ildə ingilis antiislamçılarla birləşərək “Avropada islamlaşmanı saxlayaq” hərəkatını yaratdılar. Bu hərəkatın liderləri Stiven Geş (liberal-demokratların deputatı), Anders Gravers Pederson (Danimarka xüsusi xidmət orqanlarının əməkdaşı) Avropa hökumətlərinə yaxınlığı ilə tanınırlar.
Bütün bunlar Avropada müsəlman düşmənçiliyinin, İslama nifrətin bəzi rəsmilər tərəfindən qızışdırıldığını və irqçi hərəkatlara xüsusi qayğı göstərildiyini sübut edir.
Avropa İttifaqının müvafiq qurumu tərəfindən son dövrlərdə aparılan araşdırmalar isə daha dəhşətli gerçəkliyi ortaya qoyur: Avropada yaşayan hər 3 müsəlmandan biri dini ayrı-seçkiliyə, hər 10 müsəlmandan biri isə zorakılığa məruz qalır. Aparılan rəy sorğusunda iştirak edən hər 4 nəfərdən biri ilboyu polis tərəfindən izlənildiyini söyləyib. Digər bir sorğunun nəticələrinə görə isə Avropa dövlətlərində vətəndaşlıq qazanmış müsəlman miqrantların 28 faizi, vətəndaşlığı olmayan müsəlmanların isə 41 faizi müxtəlif formalı diskriminasiya halları ilə üzləşirlər. Bu hesabatı hazırlayan avropalıların özləri də immiqrantlara qarşı artan ayrı-seçkiliyin hökumət rəsmiləri tərəfindən məqsədyönlü şəkildə təşkil olunduğunu bildirirlər.
Məsələn, əksər Avropa ölkələrində məscid tikintisinə qarşı insanları səfərbər etmək üçün müxtəlif vasitələrə əl atan hökumət nümayəndələri xəbərləri yoxmuş kimi davranaraq islam əleyhinə təbliğatın genişlənməsinə yardım edirlər.
Bundan başqa, Macarıstanda miqrantların ölkəyə girişinin qarşısının alınması üçün sərhəddə kilometrlərlə uzunluqda sərhəd divarları çəkilib. Bununla yanaşı, ölkənin sərhəd bölgələrinə minlərlə polis yerləşdirilib. İtaliya və Yunanıstan isə mühacirlərin axınının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirir. Hazırda bu ölkələrin hökumətləri yeni və sərt qərarların qəbulu üzərində işləyirlər.
Slovakiyanın bu proseslərə baxışı isə xüsusilə heyrətləndiricidir. Rəsmi Bratislava Avropa İttifaqının 40 min suriyalı miqrantın üzv ölkələrdə yerləşdirilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirib ki, ölkəsinin ərazisində yalnız xristian miqrantlara yer verə bilər. Ölkənin Xarici İşlər Nazirliyi bunu gülünc bir bəhanə ilə açıqlayıb. Nazirlikdən bildiriblər ki, müsəlman qaçqınların ölkəyə buraxılmamasının səbəbi Slovakiyada məscidlərin olmamasıdır. Lakin Slovakiya bu şəkildə dini ayrı-seçkiliyə yol verən ilk Avropa ölkəsi deyil. Bundan əvvəl Çexiya Respublikası da yalnız xristian suriyalı qaçqınlara sığınacaq verə biləcəyini bəyan etmişdi.
Bir sözlə, yuxarıda sadalananlar Avropada islamofobiyanın kritik həddə çatdığından xəbər verir. Bu faktlar, eyni zamanda, “qoca qitə”də “müsəlman ovu”nun kimlər, yaxud hansı dairələr tərəfindən təşkil edildiyini də aşkara çıxarır.
Emin KƏRİMOV

 
Paylaş:
Baxılıb: 1159 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31