Vasitə məqsədi doğrultmayanda
26.10.2024 [09:51]
Fridrix Şillerin “Qaçaqlar” dramı haqqında
Onlar çirkin qayda-qanunlar uydurur, min bir şərtə boyun əyməklə öz təbiətlərini zorlayırlar. Bir qədəh şərabı əsə-əsə içirlər: görəsən bu sağlığa içsəm, necə olar, xatası çıxmaz ki? İşləri düşəndə lakeyə belə yaltaqlanırlar - yeri gələndə saqqal tərpədə bilər, ancaq fağırları, yoxsulları ayaqlayıb keçirlər, çünki onlardan qorxmur, bir xeyir gözləmirlər. Ləzzətli bir nahar verəndə bir-birinin tərifini göylərə qaldırırlar, di gəl, bir həsir üstündə bir-birinə qənim kəsilirlər. Kilsəyə az gedənləri kafir adlandırırlar, özləri isə mehrab önündə sələmlərini hesablayırlar. Diz çökəndə ibadətə yox, paltarlarının yaraşığına, oxunan dualara yox, dua oxuyanın parikindəki qıvrımlara fikir verirlər. Qaz başı kəsiləndə özlərindən gedirlər, rəqibləri birjada müflis olanda isə əl çalıb sevinirlər...
Mənmi öz bədənimi məngənəyə salmalı, iradəmi qanunlarla zəncirləməliyəm? Qanun qartal qanadıyla uça bilənləri belə ilbiz kimi sürünməyə məcbur eləyir. Qanun bir nəfər də olsun böyük insan yetirməyib, böyük ehtiraslar, nəhəng təbiətlər yalnız azadlıqdan doğur. Müstəbidin qarnına girəndən sonra onlar onun mədəsinin şıltaqlarını yerinə yetirir, onun yelində boğulurlar. Ah, əgər Hermanın böyük ruhu külə dönmüş xarabalıqlar içindən qalxıb alovlana bilsəydi!.. Mənə özüm kimi qoçaqlardan ibarət bir ordu verin, Almaniyadan elə bir respublika yaradım ki, Roma da, Sparta da onun yanında qadın monastırına bənzəsin”.
Göründüyü kimi, Karl Moor antik dövrün ideallarıyla yaşayır, ancaq qədim filosofların, alimlərin yox, antik sərkərdələrin idealları, qədim hökmdarların cəngavərlik arzuları, imperatorların cahangirlik xülyalarıyla. Onun Almaniyada qurmaq istədiyi respublika da maarifçi mütəfəkkirlərin, xalq hakimiyyəti ideyası müəlliflərinin arzuladığı cümhuriyyət yox, bir zaman Kromvelin İngiltərədə qurduğu sayaq respublika maskalı diktatura, bir az da uzağa gedə bilsə, işğalçı imperiya ola bilər.
***
Meyxanada olduğu vaxt qardaşının qoca qrafın adından göndərdiyi namə Karla yetişir. Bundan əvvəl Karl atasına yazdığı məktubda səhvlərini səmimi şəkildə boynuna almış, indən belə özünü ləyaqətlə aparacağına söz vermişdi. İndisə Frans yazır ki, ataları Karlı lənətləyib, əgər qardaşı qəsrə qayıtsa, qollarına zəncir vurulub zirzəmiyə atılacaq. Karl bu xəbərdən bərk sarsılır; o gözləyirdi ki, atası sevimli oğluna tələfxərcliyini, ərköyünlüyünü bağışlayıb ona yenidən xərclik göndərəcək, nəticə isə gözlədiyinin tam tərsinə olur. Bəs indi neyləməli?
Dostlardan biri təklif eləyir ki, Bohemiya meşələrinə çəkilib qaçaqlığa başlasınlar, zadəganları, tacirləri, varlı yolçuları soyub-talamaqla özlərinə gün ağlasınlar. Hamı bu təklifə həvəslə razılaşır, ancaq onlara bir rəhbər, bir başbilən gərəkdir. Dostlar Karl Mooru yekdilliklə qaçaq-quldur dəstəsinin atamanı seçirlər. Karl öz vəzifəsinə sadiq qalacağına, dostlarını heç vaxt bada verməyəcəyinə and içir. Öz növbələrində dəstə üzvləri də ona sədaqət andı içirlər.
***
Frans Moor qardaşını atasının gözündən salmaqla kifayətlənmir, adaxlısı Amaliyanı da ondan soyutmağa, iyrəndirməyə çalışır. Məqsədi bu yolla qızı ələ keçirməkdir. Frans deyir ki, Karl Amaliyanın ona yadigar verdiyi almaz qaşlı üzüyü xidməthaqqı yerinə bir fahişəyə bağışlayıb. Ancaq qızın saf qəlbi xain qardaşın hiyləsini duyur, Amaliya Fransı sərt bir tövrlə rədd eləyir.
Fəqət Frans məkrli əməllərindən bir addım belə geri çəkilmir. Təkcə qardaşı yox, atası da tikanlı kol kimi onun sərvətə, hakimiyyətə gedən yolunun üstündə bitib. Qardaşını sıradan çıxarandan sonra onun başlıca məqsədi qoca atasını yolundan qıraq eləməkdir. İblisdən dərs almış Frans niyyətinə çatmaq üçün taxt-tac uğrunda atasının, qardaşının, hətta övladının qanına əl bulayan sultanlar, krallar qədər amansız, onlar qədər qətiyyətlidir. Qoca qrafın qətlində barmaq izi qoymasın deyə müxənnət oğul Herman adlı qeyri-qanuni mülkədar balasını prosesə qoşur, atasının yaralı qəlbini yüksək dozalı dərdlə partlatmağı qərara alır. Hermanın da Amaliyada gözü var, Frans yalandan boyun olur ki, özü qraf olandan sonra Amaliyanı ona verəcək, Herman da bu ümidlə sui-qəsddə iştiraka razılaşır.
Qiyafəsini dəyişən bic mülkədar oğlu qoca qrafın hüzurunda özünü Karlı tanıyan adam kimi qələmə verir. Fransın öyrətməsiylə qraf fon Moora böyük oğlunun Praqa civarındakı döyüşdə həlak olduğunu xəbərləyir. Qoca qraf Karlın ölümündə özünü günahkar bilir, ancaq Fransın üzündəki sevinc sayrışmalarını görəndə fəlakət qasırğasının hayandan əsdiyini anlamağa başlayır. Qraf dərdin ağırlığına dözməyib Amaliyanın qolları üstündə huşunu itirir, Frans atasını öldü bilib dəfninə hazırlıq görür.
***
Bu əsnada qaçaq-quldur dəstəsinin başçısı Karl fon Moor Bohemiya meşələrində at oynadır, varlıların sərvətini talayıb yoxsullara paylayır. Allahsız dünyadan, ədalətsiz quruluşdan, harınlamış dövlətlilərdən öc almağı qarşısına məqsəd qoyan bəyzadə öz ailəsinə, silkinə, dininə, dövlətinə qarşı çıxan anarxist kimi davranır, ard-arda vurduğu ağır zərbələrlə köhnə dünyanın dayaqlarını sarsıdır. Qisas onun əsas hərəkətverici qüvvəsi, başlıca prinsipidir. Əslində, Karlın mübarizəsi konkret bir şəxsdən, quruluşdan, dindən, dövlətdən də çox bütün bəla qaynaqlarının ümumiləşdirilmiş adı-ünvanı olan fələyin çarxına, zamanın gərdişinə qarşıdır.
Fəqət dəstə üzvləri ataman kimi ədalətli, səxavətli deyillər. Varlılar, mülkədarlar bir yana qalsın, onlar hətta qadın monastırını talamaqla, rahibələri zorlamaqla öyünürlər. Ələ keçmiş bir qaçağı dara çəkilməkdən qurtarmaq üçün Karl Moor dəstəsiylə şəhərə hücum çəkir, əvvəlcədən söz verdiyi kimi, evlərə, küçələrə od vurur. Nəticədə dəstə üzvü dardan qurtulsa da, əksəri qadın, uşaq, xəstə, qoca olan səksən nəfəri qisas alovu diri-diri yandırır. Hətta qaçaqlardan biri üşüyən uşağı isinsin deyə oda atdığını yoldaşlarına gülə-gülə söyləyir. Ataman qəzəblənib onu yanından qovur.
Qaçaq yoldaşını ölümdən qurtarmağın ona çox baha başa gəldiyini anlayan Karl vicdan əzabı çəkir. Eynən Bohemiya qoşunu onları meşədə mühasirəyə alanda da qaçaqlar vur-tut bir itki verməklə üç yüz əsgəri qətlə yetirirlər. Bəlli olur ki, Karl Moorun öz məqsədinə çatmaq üçün alət kimi yararlanmağa çalışdığı qaçaqlar artıq çoxdan əldə qəfil açılan təhlükəli silaha, ramolunmaz başıpozuq dəstəyə çevriliblər. Artıq ataman onları yox, onlar atamanı idarə eləyirlər. Karlın idealları onlara yad-yabançıdır, onları var-dövlət hərisliyi, bundan da betəri - öldürmək ehtirası hərəkətə gətirir.
***
Karl ölümlə çilik-ağac oynamaqdaykən qardaşı Frans ata mülkünə yiyələnib. Di gəl, müxənnət qardaş nə xoşbəxtlik, nə rahatlıq, nə dinclik tapıb. Amaliyanı da heç cür ələ keçirə bilmir, atasının çörəyilə böyümüş yetim qızı zorla özünə arvad, bu da alınmazsa kəniz eləməyə cəhd göstərir (Amaliya gözü qızmış Fransa cehiz qismində yağlı bir şillə çəkir), heç biri baş tutmayanda qızı monastıra göndərməklə hədələyir. Amaliya isə buna şaddır - həm eybəcər məxluqun arvadı olmaq işgəncəsindən qurtulacaq, həm də monastırda dinclik tapıb Karlın xatirəsiylə baş-başa qalacaq.
Fransın ona kələk gəldiyini anlayan Herman Amaliya ilə söhbətdə dəhşətli sirrin üstünü açır: qoca qraf da, Karl da sağdır. Bu etiraf Amaliyanın qəsrdən qaçmaq planını pozur. Karl Moor başqa ad altında ata yurduna qayıdır. Amaliya ilə söhbətdən sonra Karl qızın öz andına sadiq qaldığını, “ölmüş” sevgilisinin xatirəsini hələ də əziz tutduğunu görür. Doğma evində ailənin böyük oğlunu heç kəs tanımasa da, şəkkak Frans daim oyaq şübhəsinin casusluğu sayəsində onun kimliyindən duyuq düşüb, qoca nökər Danielə qonağın başını əkməyi tapşırır. Nökər əlindəki çapıqdan Karlı tanıyır. Karl özünü dana bilmir, ancaq artıq qəsri biryolluq tərk eləməlidir. Bundan əvvəl o, Amaliyaya bir də baş çəkir.
Qəsrdən çıxan Karl Moor qaranlıqda qüllədən səs eşidir. Sən demə, qoca qraf Hermanın gətirdiyi yalan xəbərdən ölməyibmiş, sadəcə bayılıb, sonradan tabutda ayılıbmış. Bunu bilən Frans onu qülləyə atdırıb aclıqdan, soyuqdan ölməyə məhkum eləyir. Bu müddətdə sağ qalmağının səbəbi də Hermanın gizli-gizli qocaya yemək aparmasıymış. Atasının başına açılan oyundan xəbər tutanda Karl artıq dözə bilmir, öz əlaltılarına qəsrə soxulub qardaşını onun hüzuruna gətirməyi əmr eləyir.
***
Qoca nökər Daniel gecə vaxtı şələ-küləsini yığıb, bütün şüurlu ömrünü keçirdiyi qəsrdən həmişəlik ayrılmağa hazırlaşır. Bu vaxt Frans hövlnak özünü yetirib onu keşiş dalınca göndərir. Gənc qraf yuxusunu qarışdırıb, yuxuda ona məhşər əzabı əyan olub. Bu zamanacan Allaha, dinə istehzayla yanaşan Fransın indi Tanrı müdaxiləsinə, keşiş yardımına ehtiyacı yaranıb. Pastor ona ata, qardaş qətlinin ən ağır günahlar olduğunu deyəndə Frans başa düşür ki, ruhu cəhənnəmlikdir. Karlın qaçaqları qəsrə od vursalar da, Fransı sağ ələ keçirə bilmirlər - o özünü nazik qatmayla boğur.
Qaçaqlara qoşulub meşəyə gedən Amaliya adaxlısı Karla sarılanda qraf fon Moor sevimli oğlunun quldur dəstəsinin başçısı olduğunu anlayır. Qoca qraf buna dözməyib canını tapşırır. Amaliya isə sevgilisinin yedəyində hər yola getməyə hazırdır, fəqət Karlın qaçaqlarla əhd-peymanı var, cinayət aləminin qanunlarına görə, o, andını poza bilməz. Amaliya xoşbəxtliyinin baş tutmayacağını anlayanda Karldan ölüm istəyir. Karl xəncəri sevgilisinin köksünə saplayır, bununla da öz ölümünə cığır açmış olur.
Qaçaqlar onu yola davam eləməyə səsləsələr də, Karl Moor nifrət bəslədiyi başıpozuq kütlədən ayrılmaq qərarına gəlir. Yoldaşları onu sərsəmlikdə, şan-şöhrət divanəsi olmaqda suçlayırlar. O isə bağışlanmaz günahlarını ömrü çatdığı qədər suya çəkmək fikrindədir. İntihar çıxış yolu, həm də məqbul yol deyil - günahı günahla yumazlar. Onun başına böyük məbləğdə pul qoyulub, həmin pul onun yerini deyənə, onu təhvil verənə çatacaq. Daxmasında on bir tifil bəsləyən yoxsul muzdura bu, çox böyük kömək olacaq...
***
Karl Moor ədalət sorağına çıxan anarxist, həyata yeni nırx qoymağa çalışan qəhrəmanlıq təşnəsi, şücaət xəstəsidir. Onun faciəsi bundadır ki, qəlbinin saf diləklərini qol gücünə gerçəkləşdirmək istəyir, ona görə də yaxşı məqsədlə tutduğu əməllər cinayətə çevrilir, xoş niyyətlə atdığı addımlar qana bulaşır. Başqa sözlə, Karl Moorun seçdiyi vasitə onun ülvi arzularını, ali məqsədlərini doğrultmur, onlara uyğun gəlmir. Nəticədə sosial təhlükəyə, ictimai bəlaya müqavimət göstərən xilaskar güc özü ən böyük təhlükəyə çevrilir, bir günahkarı qurtarmaq üçün səksən günahsız insanı bada verirsən. Mənəviyyatın pozulmaz qızıl qanunlarından biri bu zaman bir daha təsdiqini tapır: qanı qanla yumaq, şəri şərlə sağaltmaq mümkün deyil. Ədalətə cinayət yoluyla çatılmaz, həqiqətə yalan dəlillərlə yetişilməz:
“Eşidin məni, mənim yırtıcı niyyətlərimin xəbis icraçıları! Bu andan etibarən mən sizə ataman deyiləm. Həya, qorxu içində mən bu qanlı tacı başımdan atıram. Bu günəcən mənim hökmümə boyun əyib cinayət toxumu səpmisiniz, şər əməllər törətməklə xaliqin evini viran qoymusunuz, üstəlik, bu işlərdə özünüzü haqlı bilmisiniz...
Mən axmaq dünyanı cinayətlə islah eləmək, qanunsuzluqla qanun yaratmaq xülyasında olmuşam. Elə bilmişəm qisas bayrağı, ədalət qılıncı qaldırıram. Əslində isə Tanrı iradəsinə qarşı çıxmışam... Rəhm elə, xudaya, sənin divanından əvvəl divan qurmaq istəyən bu tifilə rəhmin gəlsin! Divan da sənindir, qisas da! Sən insan gücünə möhtac deyilsən”.
Karl əgər antik çağın despotlarını, tiranlarını, cəlladlarını yox, müdriklərini, filosoflarını örnək götürmüş olsaydı, ondan yaxşı bir epikürçü, ya da stoik çıxardı. Onda onun anarxizmi bəhrə vermiş olardı, çün zahirən epikürçülərlə stoiklər bir-birinə düşmən olsalar da, hər ikisi asketizm məktəbi, hər iki tərəf tənhalığıyla kütləyə meydan oxuyan, səsini götürüb xordan çıxan anarxistlər ordusudur.
Axır-axırda Karl Moor qədim stoiklərin toplaşdığı məşhur limana yan almış kimi görünür, hərçənd xristian ehkamlarının içində böyümüş biritək stoisizmin zəruri halda məqbul saydığı intihardan vaz keçir. Ancaq onun özünü yoxsul muzdurun əliylə ədalət divanına təhvil verməsinin özü də bir intihardır. Onu edam eləyəcəklər; yox, əgər könüllü təslim olduğuna, ləyaqət nümunəsi göstərdiyinə görə aman, möhlət versələr, zindana atmaqla kifayətlənsələr, həbsdən çıxandan sonra Karl mütləq monastıra çəkiləcək, güclə, silahla, qoşunla çata bilmədiyi diləyinə orada əliyalın yetişəcək. Zatən tənhalıq cəngavəri rahib özü də dünyanın oturuşmuş nizamını pozan bir anarxistdir.
O ki qaldı Frans Moora, onun öz taleyi yoxdur; o zavallı bu həyata qardaşının kölgəsi kimi, həm də ondan azacıq sonra gəlib. Ona artıq adam da demək olar. Onun gözü özgəsinin qabında, özgə çəpərinin o üzündədir. Frans əgər özüylə əlləşib öz baxtının sorağına çıxsaydı, qardaşının qabından oğurlamağa çalışdığı təamlardan qat-qat ləziz nemətlər də tapa bilərdi. Ancaq müəllif ona heç bir şans, qismət verməyib, təpədən-dırnağa şeytana mübtəla olmuş bu fiqurun ruhu yoxdur, sadəcə, quru, yalın, köksüz-köməcsiz ağlı, soyuq, qansız məntiqi var. Bu ağıldan gələcəkdə Dostoyevskinin əxlaqi ehkamları, mənəvi qanunları şübhə altına alan rasional qəhrəmanlarına da pay düşəcək.
Həm də təkcə Dostoyevskinin yox. Çağdaş dünyanın mənzərəsinə diqqətlə göz yetirsək, görərik ki, Şillerin yaratdığı tiplər bu gün də aktualdır.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxElm
05 Noyabr 23:29
Xəbər lenti
05 Noyabr 22:57
Din
05 Noyabr 22:41
Dünya
05 Noyabr 22:20
Siyasət
05 Noyabr 21:59
Xəbər lenti
05 Noyabr 21:39
İdman
05 Noyabr 21:18
İqtisadiyyat
05 Noyabr 20:57
Sosial
05 Noyabr 20:37
Sosial
05 Noyabr 20:16
Elm
05 Noyabr 19:33
İdman
05 Noyabr 19:12
Xəbər lenti
05 Noyabr 18:52
Sosial
05 Noyabr 18:31
Dünya
05 Noyabr 18:10
YAP xəbərləri
05 Noyabr 17:28
YAP xəbərləri
05 Noyabr 17:26
YAP xəbərləri
05 Noyabr 17:25
YAP xəbərləri
05 Noyabr 17:24
YAP xəbərləri
05 Noyabr 17:23
YAP xəbərləri
05 Noyabr 17:22
Elm
05 Noyabr 17:02
Xəbər lenti
05 Noyabr 16:59
Siyasət
05 Noyabr 16:56
YAP xəbərləri
05 Noyabr 16:29
YAP xəbərləri
05 Noyabr 16:25
İdman
05 Noyabr 16:22
Siyasət
05 Noyabr 16:22
Gündəm
05 Noyabr 16:09
YAP xəbərləri
05 Noyabr 15:59
YAP xəbərləri
05 Noyabr 15:50
YAP xəbərləri
05 Noyabr 15:26
YAP xəbərləri
05 Noyabr 15:25
Elm
05 Noyabr 15:13
Elm
05 Noyabr 14:31
Dünya
05 Noyabr 14:30
Siyasət
05 Noyabr 14:29
İdman
05 Noyabr 14:29
Dünya
05 Noyabr 14:18
Mədəniyyət
05 Noyabr 14:10
Siyasət
05 Noyabr 14:08
Dünya
05 Noyabr 13:06
İqtisadiyyat
05 Noyabr 13:05
İqtisadiyyat
05 Noyabr 13:02
Dünya
05 Noyabr 12:53
Sosial
05 Noyabr 12:45
Gündəm
05 Noyabr 12:26
Hərbi
05 Noyabr 12:02
Dünya
05 Noyabr 12:00
İdman
05 Noyabr 11:59
İqtisadiyyat
05 Noyabr 11:55
Sosial
05 Noyabr 11:54
Siyasət
05 Noyabr 11:51
Siyasət
05 Noyabr 11:34
Sosial
05 Noyabr 11:03
İqtisadiyyat
05 Noyabr 10:54
Gündəm
05 Noyabr 10:28
Sosial
05 Noyabr 10:27
Dünya
05 Noyabr 10:25
Din
05 Noyabr 09:59
Hadisə
05 Noyabr 09:39
Dünya
05 Noyabr 09:38
Siyasət
05 Noyabr 09:23
Sosial
05 Noyabr 09:19
COP29
05 Noyabr 09:16
Analitik
05 Noyabr 09:12
İqtisadiyyat
05 Noyabr 09:09
Dünya
05 Noyabr 09:05
Dünya
05 Noyabr 09:03
Dünya
05 Noyabr 08:59