Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Zəngəzurda doğuldum...

Zəngəzurda doğuldum...

19.04.2025 [08:20]

HƏSRƏT

Bir səhər oturub yol maşına

Qəlbimdə həsrətin, ümidin, şübhən...

Kəndimiz görünən gedik başına,

O nəğməli yurda uçacağam mən!

Ensiz dağ yolunda düşüb maşından,

Salam verəcəyəm daşa, qayaya.

Kiçik kənd çayına çatdığım zaman

Dünya mat qalacaq səsə, haraya.

Şər düşəcəyən Araz boyunca

Bir tanış ünvana,

bir doğma ada.

Belə gəzəcəyəm yollar boyunca

Sellimi, əhli-kef, payı-piyada!

Sonra evimizə baş alacağam,

Hardasa bir qərib şimşək çaxacaq,

Min yol dolacağam,

boşalacağam.

Göz yaşım qəlbimə axacaq ancaq!

Uşaqlar sevinclə qarşılar məni:

“Əmi, o körpüdən ehtiyatla keç...”

Sonra görəcəklər bu “qonaq əmi”

Şəhər adamına oxşamayır heç.

Bir ağsaqqal qoca tanıyar, durar;

(İller qəmətini yaman əyibdir)

- Qaçın muştuluğa,

Haydı, uşaqlar,

Rəhmətlik Xuduşun oğlu gəlibdir!

Anamın gözündə yaş görünəcək,

Hönkürtümü zorla saxlayacağam.

Yenə Leyli xala asta dinəcək,

Kövrək ürəkləri “dağlayacağam”.

Qoca itimiz də haray salacaq,

Dörd yanımda gəzib-dolanacaq hey!..

DİDƏRGİNLƏR

Küləkli çöllərdə, qarlı havada

Kəsə çığırları gəzən tapılmaz.

Göz yaşları qalan isti yuvada

Təndirlər üşüyər -

Çörək yapılmaz.

Qabağı gah duman, gah da çən kəsər,

Ağrılar üz tutar ümidə sarı.

İgidlər hirsinin başını kəsər,

Yorğun izdihamlar yorar yolları.

Düşərlər taleyin uzaqlığına,

Kimsədən bir qurtum su uman olmaz,

Fikirlər dirənər kədər dağına,

Gözlər od püskürər,

yalanı olmaz!

İzlər səpildikcə palçığa, qara

Sorar ürəkləri susuzluq, bürkü.

Hələ xəbərin yox, a bəxti qara,

Vətəndən böyükdür Vətənin yükü.

Hara üz tutsa da ayaqlar, əllər...

Ürəklər nisgillə, həsrətlə dolu.

Qayıdar ildırım sürəti ilə

Vətənə qayıdan qorxulu yolu.

Qoyarlar tövlədə atı, yəhəri...

Xeyri qabaqlayar hər addımda şər,

Bizim bu günlərin didərginləri

Gözümün önündə tarixə düşər.

Nə gözlər bu axşam, bu gecə, sabah?

İnsan dərd əlindən saçını yolar.

Bu əsrin sonunda, Allah, ay Allah,

Vətənin yolu da qorxulu olar?!

Bu da bomboş şəhər,

sarımtıl gündür...

Gəzməyə çıxarlar qürbət ölkəni:

Vətən

lap axırda... ölmək üçündür,

Yoxsa ölməyə də qoymurlar səni!

Məzarlar uçunar qəm-möhnət ilə:

Pirlər gözlərinin yaşını silər,

Xalqın təsəllisi gəlsə də dilə,

Didərgin dərdini

didərgin bilər!

Sozalar ömür də,

Sozalar gün də,

Zülmət zaman-zaman ayaqlar yeri,

Yalanmış sən demə, bu zülm önündə

Uzaq Afrikanın didərginləri.

Düşmənin gizlənib düşmən dalında,

Bu daş hansı dağdan qopub sürüşüb?

Bizim bu günlərin qovğalarında

Haqq, ədalət özü didərgin düşüb.

1989

MIĞRI

Uca dağlarında şırşır bulaqlar,

Ceyranlı, cüyürlü gözəl oylaqlar...

Qəlbim hara getsə səni soraqlar -

Zəngəzur yurdunun tərları Mığrı.

Tağəmir yaylağın, Xəllərə dağın,

Aldərə dağların, Kazım bulağın...

Sənin hər obadan gəlir sorağın -

Dadlı meyvələrin loğmanı Mığrı.

Yayda qar istəsən Ələngəzə bax,

Lehvazdan çiçək dər, öz saçına tax,

Ən ləzzətli üzüm Lökdədir ancaq,

Könlümün öz dağı, aranı Mığrı.

Hələ Maralzəmi çıxmış yadımdan,

Dinir təpələrdə o Rəhim çoban.

Gözüm ayrılmayır köksündən bir an,

Dolanmaq istərəm hər yanı, Mığrı.

Yayda bağlardadır qış qarın sənin,

Deyir alma, üzüm, yay narın sənin,

Gözəldir payızın, baharın sənin,

Kəkliktək qızların məkanı Mığrı!

MIĞRI ÇAYI

Çoxdan bura düşməmişdi

İzim, yolum, Mığrıçayı.

Bu yay gəldim, cənnət oldu

Sağım, solum, Mığrıçayı.

Sahillərini dolandım,

Uşaqlığıma boylandım,

Gah sevindim, gah da yandım,

Aman, zalım Mığrıçayı.

Qayalar fikrə dalıbdır -

Arxlar bir az sozalıbdır.

Suyun niyə azalıbdır,

Qadan alım, Mığrıçayı?!

Harayla günəşi, ayı,

Ötən hər payızı, yayı!

İstəyirəm ömrüm boyu

Burda qalam, Mığrıçayı.

Qəlbim içi - oyum-oyum,

Baxışlarım - duyum-duyum.

Sən quruma, mən quruyum,

Qurban olum, Mığrıçayı!

GƏRƏK KƏNDİMİZDƏN ÇIXMAYAYDIM HEÇ

Gərək kəndimizdən çıxmayaydım heç -

İndi bir külfətin bal arısıydım.

Beş babat kitabım çıxmazdı, nə qəm -

Bir elin dərdinə mən yarasaydım!

Gərək çıxmayaydım kəndimizdən heç -

Əkəydim qap-qara öz torpağımı,

Gərək yandıraydım öz çırağımı,

Gərək böyüdəydim çiçəklərimi,

Qucaqlayaydım öz küləklərimi,

Gəzəydim səllimi çovğunda, qarda,

Beşi mənə baxıb qalardı orda -

Beş çinar artardı yol qırağında...

Təki ömrün-günün bu sərt çağında

Vəfalı qalaydım babam qalayan,

Atam yandırdığı ocağa, oda.

Mənə o töhfəni vermişdi zaman,

Mən də öz əlimlə qoydum gör harda?..

Deyirlər, o yerlər mən görən deyil,

Dəyişib hər fəsil, dönüb ilbəlil.

Əkirlər - göyərmir o nağıl torpaq,

Sönüb birdəfəlik o sönməz ocaq,

Qızdıra bilməyir onu yad odu,

Natanış nəfəsi, natanış adı.

Susubdur o yellər, o küləklər də,

Açılmır o güllər, o çiçəklər də...

Neçə kənd, neçə yol batıbdır yasa,

Göylər şivən edir indi hardasa...

Gərək çıxmayaydım

kəndimizdən heç,

Çapa verməyəydim beş-on şeirimi,

Özüm isidəydim öz nəfəsimlə

Öz doğma yurdumu, doğma yerimi.

Gərək öz dağımın yelli sazında,

Gərək öz bağçamın ilkin yazında

Axaydı üzümə alnımın təri,

Onda itərdimi babamın qəbri,

Onda çatlardımı atamın qəbri?

Gəzdim çox diyarı, gəzdim çox yanı,

Mənsiz də kitab çox, naşirlər vardı,

Bu böyük sənətin nəhəng meydanı

Mənsiz də tünlükdür,

Mənsiz də dardır...

Gərək kəndimizdən

çıxmayaydım heç.

 MARALZƏMİ

Şiş buynuzlu dağlarında izlərim qaldı

Yellər, sellər çox çarpışdı,

poza bilmədi.

Min bir rəngli yuxu gördüm, yollar saraldı,

El yığışdı, bu yuxumu yoza bilmədi.

Hələ adın düşməyibdir bir xəritəyə -

Ürəyimdə çox arzumun başı ağardı.

Onda... qara qayaların boylanan göyə,

Şəvə kimi saçlarıma ağ qar yağardı.

Sevgilər var - çiçək kimi açılar, solar,

Mən qırx ildir açıqlamışam,

sola bilmirəm,

Öz yurdunu beşcə gündə unudanlar var,

Otuz ildir mən şəhərli ola bilmirəm.

Ay eloğlu, ay el qızı, məni çağırın

Məndən sonra gələnlərin

oğlan toyuna,

Həsrətiyəm unutduğum ürkək cığırın,

Tamarzıyam bircə ovuc bulaq suyuna.

O dağlarda, dərələrdə özümü yorum,

Saçlarımın rəngi kimi gün dəyişibdir.

Lökün köhnə məktəbinə tezcə baş vurum,

Görüm mənim skamyamda kim əyləşibdir?

Dağa, düzə yolu düşdü,

şimşək çaxmadı,

Atasını yandırdılar haqqın, inamın,

Yüz canavar hücum etdi,

bir şey çıxmadı,

Bəs necoldu sürüləri Rəhim çobanın?

Bu möhnətə lal qayalar

tutulub, dolub,

Ər igidlər, sus, sonalar saya salmayıb.

Əl tərpənib, kənd yürüyüb şəhərli olub,

Qonaq atı tutmağa da uşaq qalmayıb.

Məzarlığı böyüdübdü hər payız,

hər yaz,

Tüstüləri sozalbdır uşaqlığımın,

O günlərin... dərələrə süləyən haray,

Səsi-küyü azalıbdır uşaqlığımın.

Sozalsa da, azalsa da ana yurdumdur,

Alnıaçıq dayanmışam alın tərimlə!

Bərkə düşsəm, öz süvari könül ordumdur

Öz Səhərim, öz Xəzərim,

öz Zəfərimlə!

...Yolum düşməz o yanlara...

küsdün, incidin,

Çeşmələrin gileyləndi, daşların dindi.

Gözlərimdə gen dünyanın

uzaq küncüyüdün,

Gen dünyanın mərkəzinə

dönmüsən indi.

“QIZIMLA ATA-BABA OCAĞINDA”DƏFTƏRİNDƏN

Babalar

Doğulduğum yer -

Zəngəzurun Maralzəmi dərəsi.

İlkin adım -

Soltan yüzbaşının nəvəsi.

Babamdan

atama, anama qalan

iki güvən xalı olub,

bir də Zinyət nənəmin cəhrəsi.

Bir duz-çörəyi qalıb dillərdə,

bir də insan məhəbbəti - ellərdə!

Deyirlər ki,

o, yüzbaşı ola-ola

zəhmətsevər, insansevər adam olub.

Kəndimizə qonaq gələn

kasıbları

duz-çörəklə qarşılayan

elə mənim babam olub.

Bir gün bir el

Haray-bəşir qoparıb:

- Ay aman!!

Soltan yüzbaşını

Bahar çayı aparıb!!

Bir insan faciəsi

bir mahalın ürəyini

yeyib... yeyib...

Sen bir eldə sevgiyə bax -

candan artıq istədiyi

zümzüməli Bahara da,

min nəğməli bahara da

ağ deyib:

“Bahar, neylədin, Bahar?!”

Sen nə söylədin, bahar?

Soltansız bir mahala

De, nəyə gəldin, bahar?!

Mənim atam - sənin baban

bağban olub,

suçu olub,

yazı-pozu bilməyib.

Mənim atam - sənin baban

Göz yaşını ürəyinə axıdıbdır:

düşməninin önündə o,

dostlarının yanında o

gözlərini silməyib.

Sakit, ötkəm aləmiylə

öz eşqini, arzusunu

neçə dostun ürəyinə

əbədilik salıbdır,

Bağban atam,

suçu atam -

sənin baban

erkən köçüb bu dünyadan...

Onun adı

bir mahalda qalıbdır.

Maralzəmi

Bu kənd - mənim doğma kəndim

Maralzəmi,

Bu kənd - mənim ilkin misram,

ilkin bəndim,

Maralzəmi!

Kiçiklikdə ilk yaşımı

xatırladır,

dalda qalan illərimin

ən balaca qardaşını

Məğrurluqda, təmizlikdə

Ələngəzin qardaşıdır,

Xəllərgədə duru, qaynar

Çeşmələrin sirdaşıdır.

Bu cığırlar,

bu dərələr,

bu qayalar,

sehrlidir hələ mənə,

Uşaqlıqdan vurulmuşam

Zəngəzurda saz tutana,

söz deyənə.

Bu yollarla kürəyimdə

qışa odun daşımışam,

Hələ odun yanmamışkən

mənim özüm

bu yollarda alışmışam,

Bu daşlarla çırpışmışam mən

ürəyimin ağrısını,

Hələ qayğı duymamışkən

İstəmişəm özüm çəkim

evimizin qayğısını...

Bağçamıza yorğan sanıb,

vurulmuşam qalın qara,

Bu binanı

sənin baban təkcə tikib

qırx bir-qırx beş davasından

üç il sonra.

Su verəni, daş yonanı,

palçığını yoğuranı

özü olub,

nərəsini, pərdəsini rəndələyib

doğrayanı

özü olub.

Fəhləsi də, ustası da

özü olub,

dülgəri də, bənnası da

özü olub.

Bu pəncərə - qapıların hər naxışı -

sənin baban,

evimizin gündoğana öz baxışı -

sənin baban.

Qapımızda gülkarlığın gül nəfəsi -

sənin baban,

yeddi övlad, neçə nəvə dünyasının

coşqun səsi -

sənin baban,

bu bağçanın, bu ocağın mühəndisi -

sənin baban!..

Soruşursan:

- Axı, nənəm

niyə gec-gec gəlir bizə?!

Birdəfəlik niyə köçmür

şəhərdəki evimizə?

Parketimiz tərtəmizdir,

televizor, maqnitofon...

kreslomuz, divanımız,

çarpayımız çox yumşaqdır...

Axı, orda...

- Yox, ay bala!

Dedim, sözüm yerə düşdü...

Sənin nənən

bir könüldən min könülə vurulubdur

doğma yurda!

Kənd evinin öz təndiri, öz sacı da -

ona şirin,

Bu ocağın tüstüsü də, acısı da -

ona şirin...

Sənin nənən

ondan böyük babalara, nənələrə olub əvəz,

Sənin nənən

otuz evlik öz kəndini

Cakartaya,

Parisə də dəyişməz!..

Bu kənd - mənim doğma kəndim,

Maralzəmi,

Bu kənd - mənim ilkin misram,

ilkin bəndim,

Maralzəmi!

“AVTOPORTRET-83”

Zəngəzurda doğuldum,

İrəvanda yaşadım,

Bakıda öləcəyəm.

Kövrək sarı sim idim,

Unudulmuş,

Mükəddər

nəğməyə dönəcəyəm.

Bir yaddaş istəyərəm-

Bacara bilsə əgər-

Ömrünün qarasını,

ağını, yarasını,

çətən-çətən təzadlı

saatları, günləri

vura, çıxa, cəmləyə...

Yoxsa bütün həyatım,

ömrüm, müqəddəratım,

sığışar beş cümləyə.

Zəngəzurda doğuldum,

İrəvanda yaşadım,

Bakıda öləcəyəm.

Kövrək sarı sim idim,

Unudulmuş,

Mükəddər nəğməyə dönəcəyəm.

Nekroloq istəmirəm,

Urvatlı misralarım,

Oxunan nəğməm varsa,

İlk şeirimi çap edən

o qəzetdə yazılsın.

Heç bilmirəm nə deyim,

Heç bilmirəm, doğrusu,

qəbrim harda qazılsın?

Bakı tünlükdür yaman,

Mənim boyum ucadır.

Zəngəzurda yer boldur-

Kəndimiz balacadır,

Qəbristanı yol üstə...

Mənim kimi oğullar

dönmədi doğma kəndə.

Ürəyim qana dönür

Hərdən ora gedəndə...

Bu gün doğma kəndimdə

babamın nəfəsi var,

Sabah kiçik kəndimin

böyük qəbristanının

yoldan ötən atların

dırnaqları zərbindən

məhv olmaq təhlükəsi var...

Zəngəzurda doğuldum,

İrəvanda yaşadım,

Bakıda öləcəyəm.

Kövrək sarı sim idim,

Unudulmuş,

Mükəddər nəğməyə dönəcəyəm.

Tək-tənha adamlarla,

böyük izdihamlarla,

təzə-tər səhərlərlə,

gəzdiyim şəhərlərlə,

oxuduğum kitablar,

gördüyüm heykəllərlə,

önündə baş əydiyim

pirlərlə məbədlərlə

tanıdım bu həyatı.

Ömrüm-üçcə misralı

bir yarımçıq bayatı!

Bu misralar doğulub

Səyyah ayaqlarımın,

sonsuz soraqlarımın,

leysan yağışlarımın,

heyrət baxışlarımın

nidası, zərbəsiylə,

Axırıncı misrası

yazılmayıbdır hələ.

...İndi burdan baxıram

Yaşadığım günlərin,

yazdığım sətirlərin

qarasına, ağına,

Bir qədəh qaldırıram

bayatımın sonuncu misrası yazılacaq

o günün sağlığına!

Deyirəm: gec gəl, ey gün!

Həsrət əzəldən elə

Təbiətin şairə ən qiymətli bəxşidir,

Uğursuz uğurlardan

yenə həsrət yaxşıdır.

1983, Praqa.
 

Hidayət

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Analitik

Körfəzə səfər...

14 May 09:28  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31