Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Antalya Diplomatiya Forumunda Azərbaycan amili

Antalya Diplomatiya Forumunda Azərbaycan amili

21.04.2026 [11:52]

Bakının yürütdüyü siyasi xətt təsdiqlənir...

Azərbaycanın son 6 ildə yaratdığı yeni siyasi-iqtisadi konfiqurasiya, müəyyənləşdirdiyi regional siyasi inkişaf xətti mühüm bir coğrafiyada olduqca böyük üstünlüklər formalaşdırıb. Belə ki, Bakı Avrasiyanın mərkəzində Şərq-Qərb ticari sistemini, siyasi münasibətlərini işgüzar müstəviyə daşımaqla birgə, Qlobal Cənubun yeni nizamdakı yerini də müəyyənləşdirib:

- Yaxın Şərq diplomatiyasında vacib rol alıb;

- Türkiyə ilə birgə regionun təhlükəsizlik arxitekturasının güclənməsinə töhfə verib;

- Ayrı-ayrı regionlarda (Suriya, Qəzza və s.) sülh və yenidənqurma prosesinin aktiv iştirakçısına çevrilib;

- Mərkəzi Asiya və Çinin Yaxın Şərq, Qlobal Cənub ilə əlaqələrinin möhkəmlənməsində, yeni səhifələrin açılmasında vasitəçi olub.

Beləliklə, Azərbaycan yeni nizamda mərkəzçi status qazanmaqla regiona öz gələcəyini müasir çağırışlara uyğun formalaşdırmaq imkanı qazandırıb. Bu fakt bir neçə gün öncə Türkiyənin Antaliya şəhərində keçirilən V Antaliya Diplomatik Forumunda (ADF) da təsdiqləndi.

Bakı Yaxın Şərqdə sülhün və yenidənqurmanın aktiv iştirakçısıdır...

Forumla bağlı istər beynəlxalq, istərsə də Türkiyə nəşrlərinin mövqeyinə diqqət yetirdikdə bir məqam ön plana çıxır - bu Forum qlobal təhlükəsizlik sistemində formalaşan bəzi yeniliklərə fokuslanıb. Bəli, Forum yaşadığımız və bizə yaxın coğrafiyalarda kataklizmlərin gücləndiyi bir dövrdə geostrateji stabilliyin düstürunu göz önünə sərir. ADF yeni nizamda ortaya çıxan  siyasi-iqtisadi güc mərkəzinin və ya mərkəzlərinin, təsir nöqtələrinin sərhədlərini müəyyənləşdirdi. Maraqlıdır ki, bu düstur daha çox Prezident İlham Əliyevin ADF çərçivəsində keçirdiyi görüşlərlə izah edilir. Məsələn, dövlət başçımızın aprelin 17-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü zamanı səsləndirilən fikirlər Bakının Yaxın Şərqdə gedən yeni stabilləşmə prosesindəki mövqeyini ortaya qoydu. Müzakirələrdə Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığının vurğulanması təsadüfi sayıla bilməz - bu sırada əsas mövqe təbii ki, enerji sahəsindəki əməkdaşlığa söykənir. Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsi Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, ümumilikdə bu ölkənin inkişafında önəmli rol oynayır. Bu fakt bir daha Bakının yeni inkişaf perspektivində Qlobal Cənubun tərkib hissəsi olan Yaxın Şərqdə gedən proseslərdəki aktiv iştirakını təsdiqləyir.

Türk birliyinin stabilləşdirici faktoru...

Digər bir maraqlı məqam isə Azərbaycan Prezidentinin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürmanla görüşüdür. Dövlət başçımız Tufan Erhürmanı prezident seçilməsi münasibətilə təbrik edib - söhbət zamanı Azərbaycanın ŞKTC-ya göstərdiyi daimi dəstəyə toxunulub. Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulanıb - bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Sirr deyil ki, Bakı və Ankara TDT-nin aparıcı simalarından sayılırlar və təşkilatın yeni nizamda mühüm bir mövqe tutması üçün səy göstərirlər. Antalya Forumu həm  də bu mənada xüsusi əhəmiyyət daşıyır - Bakı və Ankara təşkilatın gələcək perspektivini daha fərqli yerlərdə görürlər. Fərqli ölkələrdə iqtidarın dəyişməsi isə təşkilata münasibətdə fərqlilik yaratmır - bütün dövlətlər anlayırlar ki, Şuşa Bəyannaməsi üzərindən formalaşan yeni regional təhlükəsizlik konsepsiyası dolayısı ilə TDT-nin təhlükəsizlik doktrinasıdır. Bu doktrina yeni münasibətlər sisteminin müəyyənləşməsində əsas açardır - Yaxın Şərqdə yaşanan problemlərin həlli prosesində, sülh danışıqları və ya sülh tənzimləmələri zamanı, regionla bağlı qlobal dəyərləndirmələrin müzakirəsində bu konseptual sənəd vacib şərt kimi nəzərə alınır. ADF bu birliyin, dolayısı ilə yeni nizamda artıq ətrafında güc mərkəzi formalaşdırmış perspektiv təşkilatın maraqlarının diqqətə alınmasının vacibliyini ortaya qoydu. Burada da Azərbaycan amili ön plandadır - Bakı stabilləşdirici faktor kimi təşkilatın Şərq-Qərb təmərküzləşməsinin əsas dayaq nöqtəsi sayılır.

Azərbaycan yeni enerji xəritəsinin aparıcı simasıdır...

Bakı Türk dünyasının Avropa ilə əlaqələrinin də mühüm tənzimləyicilərindən sayılır. Köhnə qitənin enerji təminatında oynadığımız rol göz önündədir - 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu bu sahədə əməkdaşlığın yeni mərhələsini formalaşdırıb. Həmin sənədin imzalanmasından sonra Azərbaycanın Avropaya qaz ixracının həcmi və coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur və ümumilikdə 16 ölkə Azərbaycanın boru kəmərləri vasitəsilə ixrac etdiyi qazı alır. Eyni zamanda, Azərbaycan yaxın illərdə qaz hasilatını artırmağı planlaşdırır. Yeni yataqlardan hasilatın başlanması nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmlə müqayisədə azı 10 milyard kubmetr əlavə qazın hasil olunacağı gözlənilir. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artıracaq.

Paralel olaraq, perspektiv yaşıl enerji təminatı məsələsində də Azərbaycanın rolu yüksək dəyərləndirilir. Azərbaycanın strateji planına əsasən, növbəti beş-altı il ərzində ixraca hazır olan 6-8 giqavat gücündə bərpaolunan enerji istehsalının təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə Avropa tərəfdaşları ilə yeni ötürmə xətləri, dəniz dibi ilə gedən enerji kabelləri və digər infrastruktur layihələri üzərində intensiv iş aparılır. Bu layihələr Azərbaycanın Avropanın yaşıl enerji təhlükəsizliyinə töhfə verən mühüm tərəfdaş kimi rolunu daha da möhkəmləndirəcək. Şərqi Avropa dövlətləri ard-arda Bakının enerji təminatındakı yerini vurğulayırlar.  Antalya Forumu çərçivəsində Prezident İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü zamanı da ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirilib.

Bakı yeni mərhələdə Türk Dünyasının Qərblə əlaqələrinin daha da güclənməsi yönündə yorulmaz səy nümayiş etdirir. Bu isə analoji əlaqələrin daha da güclənməsi perspektivini formalaşdırır - ADF çərçivəsində aparılan müzakirələr də bunu təsdiqləyir. Azərbaycanın müəyyənləşdirdiyi siyasi xətt nümunə hesab olunur.

3 qardaş əl-ələ, ürək-ürəyə...

Nəhayət Forumun ən djiqqətçəkən məqamı: tarixi Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının növbəti təntənəsi və təcəssümü. Forumun açılış mərasimindən öncə 3 ölkənin rəhbərinin əl-ələ, ürək-ürəyə yanaşı dayanması bütün dünyaya açıq mesajdır. Üç ölkə arasındakı çoxşaxəli əlaqələr mühüm sahələri əhatə etməklə yanaşı, strateji məsələlərdə qarşılıqlı dəstəyin nümayişi həm də mühüm güc mərkəzi kimi çıxış etməyə imkan yaradır. Bunun nəticəsidir ki, bu üç dövlətin dövlət və hökumət başçıları, rəsmi strukturları, ictimai-siyasi sektoru arasında mütəmadi müzakirələr aparılır, fikir mübadilələri həyata keçirilir, birgə layihələr icra olunur. 3 dövlətin birliyi regional təhlükəsizliyin təmini üçün də əsaslı xəttdir - hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli əməkdaşlıqlarının inkişaf perspektivləri bölgənin təhlükəsizlik seqmentinin inkişafına töhfə verir. Beləliklə, yeni iqtisadi-siyasi münasibətlərin formalaşdığı hazırki zamanda üç dövlətin maraqlarını bir daha uzlaşdırması, münasibətlərin fərqli konturlar üzrə təmərküzləşdirilməsi vacib şərt kimi meydana çıxır. Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir - bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir. Antaliya Diplomatiya Forumu isə bu birliyin aydın təzahürünə çevrildi.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30