Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qeyri-neft mənbələri üzərində...

Qeyri-neft mənbələri üzərində...

21.04.2026 [09:53]

2026-cı ilin yanvar-mart aylarında ölkəmizdə 29 milyard 703,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalsa da, qeyri neft-qaz sektorunda 0,2 faiz artıb. ÜDM istehsalının 33,5 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 23,3 faizi digər xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.

ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, əlavə dəyərin təxminən 70 faizi qeyri-neft mənbələrinin üzərində cəmləşib ki, bu da nominal ifadədə 20 milyard manata yaxın milli məhsul deməkdir. ÜDM-də əsas əlavə dəyər yaradan sahələrdən biri olan sənaye sektorunda 14,9 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin emal bölməsində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, elektrik avadanlıqlarının istehsalı, toxuculuq sənayesində yüksək istehsal qeydə alınıb.

Xarici investisiya qoyuluşları 19 faizə yaxın çoxalıb

2026-cı ilin yanvar-mart aylarında əsas kapitala 4 milyard 049,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 44,6 faiz artaraq 1 milyard 525,9 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 2,2 faiz artaraq 2 milyard 523,9 milyon manat olub. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 23,9 faiz artaraq 2286,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 27,3 faiz artaraq 1252,8 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 26,6 faiz azalaraq 510,4 milyon manat təşkil edib.

Sərmayə qoyuluşlarında xarici mənbələrin payı 1 milyard 125,8 milyon manatı ötüb ki, bu da 2025-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz çoxdur. Xarici investisiyaların 1 milyard 099,3 milyon manatı Böyük Britaniya, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, BƏƏ, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.

Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb

2026-cı il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyard 784 min nəfər olub, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla çalışan işçilərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olur. Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 1099,1 manat təşkil edib.

Cari ilin ilk rübündə əhalinin nominal gəlirləri 22 milyard 359,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.  Hesabat tarixində ölkə üzrə istehlak qiymətləri indeksi 5,7 faiz təşkil edib. İnflyasiya səbətində qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artım qeydə alınıb.

Birinci rübdə ictimai iaşə dövriyyəsinin dəyəri 630 milyon manat olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,2 faiz çoxdur. Üç ay ərzində özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxslərin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Bu amil istehlak bazarının 5 faizə yaxın böyüməsinə də səbəb olub. Belə ki, hesabat dövründə ümumi dəyərin 78,1 faizini pərakəndə ticarət dövriyyəsi, 18,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-neft ixracında rekord yüksəliş

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 862 milyon dollar təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1 faiz artaraq 281 milyon dollara bərabər olub. Birinci rübdə ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4 faiz, pambıq lifi 43,5 faiz, meyvə-tərəvəz 22,1 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 20,4 faiz, çay 15,1 faiz, spirtli və spirtsiz içkilər isə 4,3 faiz artıb. Ümumilikdə, dövr ərzində aqrar məhsullar üzrə ixrac 26,6 faiz artaraq 215,6 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 27,4 faiz artaraq 88 milyon dollar təşkil edib. Toplam dəyər ifadəsi ilə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8 faiz artaraq 303,7 milyon dollara bərabər olub.

Cənubi Qafqaz iqtisadiyyatının mütləq sahibi

Azərbaycanın son illərdə sürətli inkişafı onun beynəlxalq aləmdə nüfuzunun artmasına, regionun əsas siyasi aktoruna çevrilməsinə səbəb olmaqdadır. Bu dayanıqlı və möhkəm güc arxitekturası, eyni zamanda dövlətimizin yürütdüyü güclü siyasi iradənin və geridönməz qətiyyətin nümunəsidir. Respublikamızın regionda güc mərkəzinə çevrilməsini şərtləndirən başlıca amillərdən biri iqtisadi müstəqilliyin möhkəmlənməsi, ölkəmizin strateji maliyyə qüdrətinin artmasıdır.

Son 22 il ərzində Azərbaycan iqtisadiyyatı nominal ifadədə 14,8 dəfə böyüyərək əsas iqtisadi göstərici olan ÜDM-in həcmi 134 milyard manata çatıb. Dövlət büdcəsinin gəlir və xərcləri 32 dəfə artaraq 1,2 milyard manatdan 39,9 milyard manata yüksəlib. Xarici valyuta ehtiyatları 48 dəfədən çox artaraq 73 milyard dollara çatıb. Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb və xarici ticarət dövriyyəsi 5,2 milyard dollardan 56 milyard dollara yüksəlib.

Azərbaycan hazırda Cənubi Qafqaz iqtisadiyyatının lokomotividir. Bu regionda Azərbaycan ÜDM-in həcminə görə, lider və şəksiz sahibdir. Ölkəmizdə ÜDM 72,5 milyard dollar, Ermənistanda 16,2 milyard dollar, Gürcüstanda isə 19,3 milyard dollar təşkil edir. Cənubi Qafqaz iqtisadiyyatının ümumi həcmi 108 milyard dollar təşkil edir ki, onun 65 faizindən çoxu Azərbaycanın payına düşür.

Yaxud, maliyyə-büdcə ehtiyatlarının böyük əksəriyyəti Azərbaycanın sərəncamındadır.

Bölgəyə yönəlmiş investisiyaların 80 faizi Azərbaycanın payına düşür

Cənubi Qafqazın starteji valyuta ehtiyatlarının ümumi həcmi hazırda 90 milyard dollar təşkil edir. Ermənistanın strateji rezervləri 6 milyard, Gürcüstanın rezervləri 11 milyard, Azərbaycanın strateji ehtiyatları isə 73 milyard dollar təşkil edir. Cəmi 90 milyard ehtiyatların 80 faizi Azərbaycanın payına düşür.

Cənubi Qafqaz iqtisadiyyatına yatırılmış cəmi investisiyların həcmi 400 milyard dollardır, onun 310 milyard dolları Azrbaycanın payına düşür. Yəni, xarici investorlar Cənubi Qafqazda kapital qoyuluşlarının 80 faizidən çoxunu Azərbaycana etibar edib.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30