Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Müəllimlərin geyimində yeni tələb...

Müəllimlərin geyimində yeni tələb...

08.10.2026 [08:30]

Nələrə icazə var, nələrə yox?

Nazirlər Kabinetinin yeni qərarı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin geyimi ilə bağlı konkret tələblər müəyyənləşdirilib. Qərara əsasən, müəllimin geyimi təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalı, müəllimin fəaliyyətinə mane olmamalı və şagirdlərin diqqətini yayındırmamalıdır. Burada söhbət vahid müəllim formasından deyil, müəyyən edilmiş geyim qaydalarından gedir.

Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, həmçinin məktəbi təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə bu tələblərə riayət etməlidirlər. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə yol verilir.

Qərarla bağlı xüsusi vurğulanmalıdır ki, burda söhbət vahid formadan yox, geyim ilə bağlı qaydalardan - dress-koddan gedir. Ekspertlərin fikrincə, məktəb müəllimlərinin işgüzar tələblərə uyğun, dress-kod nəzərə alınmaqla geyinməsinin həm təşkilati, həm pedaqoji, həm də idarəetmə baxımından müsbət təsiri var. Çünki işgüzar üslub müəllimin müəyyən peşə standartlarının daşıyıcısı olduğunu vurğulamaqla yanaşı, həm də tədris zamanı lazım olan iş mühitini qorumağa kömək edir.

Şagird müəllimi biliyinə görə qiymətləndirməlidir

Təhsil eksperti Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, müəllimlər üçün vahid geyim formasının tətbiqi ilə bağlı müzakirələr fonunda əsas məsələni peşəkar dress-kodun formalaşdırılması kimi qiymətləndirmək daha doğru olardı: “Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli qərarında müəllim geyiminin təmiz, səliqəli, sadə, işgüzar və mövsümə uyğun olması, eyni zamanda pedaqoqun fəaliyyətinə mane olmaması və şagirdlərin diqqətini yayındırmaması nəzərdə tutulur. Bu tələblərin tətbiqi məktəb mühitində peşə mədəniyyətinin formalaşdırılması baxımından əsaslandırıla bilər. Müəllim yalnız dərs deyən şəxs deyil. O, həm də davranışı, ünsiyyəti və xarici görünüşü ilə şagird üçün müəyyən nümunə yaradan peşə sahibidir.

Bu baxımdan, müəllimin təmiz, səliqəli, sadə və işgüzar geyimə üstünlük verməsi normal peşə yanaşması kimi qiymətləndirilə bilər. Xarici görünüş müəllimin peşəkar imicinin formalaşmasına müəyyən qədər təsir göstərir. Şagird müəllimi ilk növbədə biliyi və pedaqoji bacarığına görə qiymətləndirməlidir. Lakin müəllimin görünüşü də məktəb mühitində ilk təəssüratın yaranmasında müəyyən rol oynayır”.

Qaydaların qəbulundan çox, tətbiqi önəmlidir...

Ekspert bildirib ki, səliqəli və peşəkar görünüş müəllimin öz işinə münasibətinin elementlərindən biri hesab oluna bilər: “UNESCO-nun müəllim peşəsinə dair yanaşmalarında da pedaqoqun peşəkar davranışı və etik standartlarının məktəb mühitində mühüm əhəmiyyət daşıdığı vurğulanır. Bununla yanaşı, burada mühüm bir sərhəd qorunmalıdır: dress-kod müəllimin şəxsiyyətini və fərdi üslubunu tamamilə aradan qaldırmamalıdır.

Qərarın diqqətçəkən tərəflərindən biri də məhz konkret rəng, model və ya bütün müəllimlər üçün eyni uniformanın nəzərdə tutulmamasıdır. Yəni müəllim müəyyən peşəkar çərçivə daxilində öz geyim seçimini davam etdirə bilər. Əsas məsələ isə qaydaların qəbul edilməsindən daha çox, onların məktəblərdə necə tətbiq olunacağıdır.

“Sadə”, “işgüzar”, “səliqəli” və “diqqəti yayındırmayan” kimi anlayışlar mümkün qədər obyektiv və aydın şəkildə izah edilməlidir. Əks halda, eyni geyimə müxtəlif məktəblərdə fərqli yanaşmaların ortaya çıxması və bunun müəllimlərlə məktəb rəhbərliyi arasında subyektiv mübahisələrə səbəb olması mümkündür”.

Şəxsi zövqə müdaxilə yolverilməzdir

E.Əfəndi vurğulayıb ki, qadın müəllimlərin geyimi ilə bağlı məsələlərdə şəxsi zövqə, bədən quruluşuna və fərdi görünüşə müdaxilə edən yanaşmalardan uzaq durmaq vacibdir: “Dress-kodun məqsədi müəllimi mühakimə etmək və onun geyiminə həddindən artıq nəzarət etmək deyil. Məqsəd məktəbdə peşəkar və təhsil prosesinə uyğun mühit yaratmaq olmalıdır. Nəticə etibarilə, müəllim üçün müəyyən geyim standartlarının olması peşəkar mədəniyyət baxımından əsaslandırıla bilər. Lakin müəllimin nüfuzunu yalnız geyim müəyyən etmir. Burada əsas meyar onun biliyi, pedaqoji səriştəsi, şagirdlərlə davranışı, etikası və tədrisin keyfiyyətidir.

Geyim qaydası müəllimin peşəkarlığını tamamlayan element olmalıdır, onun yerini tutmamalıdır. Ən sağlam yanaşma vahid forma deyil, vahid peşəkar standartla fərdi seçim azadlığının bir arada olduğu modeldir. Müəllim səliqəli və işgüzar görünməli, eyni zamanda müəyyən çərçivə daxilində öz fərdiliyini də qoruyub saxlaya bilməlidir”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31