Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Taleləri bəlli olmayanlar...

Taleləri bəlli olmayanlar...

08.10.2026 [09:32]

4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb

Üç onillik ərzində işğalçı Ermənistanın törətdiyi dəhşətli müharibə cinayətləri ilə üz-üzə qalan Azərbaycan itkin düşmüş vətəndaşlarının taleyinə həssas yanaşma sərgiləyir və bütün imkanlardan istifadə etməklə onlar barəsində məlumatların əldə olunmasına  ardıcıl səy göstərir. Bu siyasətin davamı olaraq Bakıda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində Gülüstan sarayında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfrans işə başlayıb. Prezident İlham Əliyev tədbir iştirakçılarına ünvanladığı müraciətində bildirib ki, itkin düşmüş şəxslər problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir. “Biz bu məsələyə dünyanın müxtəlif bölgələrində insanların həyatına təsir edən ümumbəşəri humanitar problem kimi yanaşırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biri

İtkin düşmüş şəxsləri adətən taleləri bəlli olmayan insanlar adlandırırlar. Bu humanitar problemdən ən çox əziyyət çəkənlər isə ailələrdir. Ölüm haqdır, deyiblər. Yaxın qohumlar, ata-ana əzizilərinin qəbrini ziyarət etdikdə müəyyən dərəcədə təskinlik tapırlar. İtkin düşmüş şəxslərlə bağlı vəziyyət isə tamam fərqlidir. Ailələrin  gözləri yollardan çəkilmir, valideynlər usanmadan zəif bir ümidlə də olsa övladlarının ölüm-qalım xəbərini gözləyirlər.

Müstəqilliyinin ilk illərindən qonşu dövlətin təcavüzünə məruz qalan, şəhər və kəndləri dağıdılan respublikamızın gündəliyində də bu məsələ xüsusi yer tutur. Prezident İlham Əliyev vurğulayıb ki, münaqişənin bitməsinə baxmayaraq, itkin düşmüş şəxslərin taleyinin araşdırılması Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biri olaraq qalmaqdadır.

Ölkəmizin təşəbbüsü ilə Bakı Dialoqunun yaradılması da belə həssas yanaşmanın əyani təsdiqidir. Bakı Dialoqu itkin düşmüş şəxslər məsələsində dövlətlərin, beynəlxalq təşkilatların və mütəxəssislərin səylərini birləşdirərək təcrübə mübadiləsi aparmaq və əməli əməkdaşlığı genişləndirmək, bu problemə beynəlxalq diqqəti artırmaq üçün əhəmiyyətli platforma olaraq çıxış edir.

Azərbaycanın itkin düşmüş şəxslərin problemini daim diqqət mərkəzində saxlaması təsadüfi deyil. Ermənistanın Azərbaycana qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb. Bu, 4 mindən çox ailənin narahatlığı, gecə-gündüz əzab çəkməsi deməkdir. Buna görə də hər zaman öz vətəndaşlarının yanında olmaq, onlara dayaq durmaq nümunəsi sərgiləyən Azərbaycan dövləti problemin həllinə nail olmaqda israrlıdır

Rəsmi İrəvan bütün məlumatları təqdim etməlidir

Otuz illik işğal dövründə Azərbaycan müxtəlif beynəlxalq platformalarda itkin düşmüş şəxslərlə bağlı problemi gündəmə gətirib və Ermənistandan bununla bağlı səhih məlumatları ölkəmizə təqdim etməsini istəyib. Rəsmi İrəvan isə müxtəlif bəhanələr gətirməklə məlumatları verməkdən yayınıb. Təəssüf doğuran haldır  ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzində fəaliyyəti də nəticə verməyib.

Şanlı zəfərlərimizlə başa çatan Vətən müharibəsindən və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatından sonrakı mərhələdə azad ərazilərdə respublikamızın müvafiq qurumlarının apardıqları axtarışlar Ermənistanın bu məsələdə də riyakarlıq etdiyini üzə çıxartdı. İşğaldan azad edilmiş ərazilərimizdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunub.  İnsan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Bu əməllərə hüquqi qiymət verilməlidir.

Azərbaycan qazandığı qələbələrlə regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar uzun illər ərzində müharibə risklərindən əziyyət çəkən Cənubi Qafqaz coğrafiyasının sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq şəraitində yaşaması üçün fundamental zəmin formalaşdırıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar, birgə bəyanatın imzalanması,  yekun sülh sazişinin paraflanması Azərbaycanla Ermənistan arasında sülh prosesini əhəmiyyətli dərəcədə irəli aparıb. Hazırda regionda real sülh var. O cümlədən Azərbaycan sülhə möhkəm sadiqliyini ortaya qoymaqla öz ərazisindən Ermənistana tranzit keçidlərini təmin edir və bu ölkəyə strateji əhəmiyyətli enerji məhsullarının ixracını həyata keçirir. İtkin düşmüş şəxslərlə bağlı səhih məlumatların ölkəmizə təqdim olunması da etimad quruculuğu yolunda mühüm addım olardı. Prezident İlham Əliyev rəsmi İrəvana çağırış edərək bildirib: “İtkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır”.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31