Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır
29.03.2019 [09:23]
Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə çıxış edib: “Martın 26-da ticarət mərkəzlərinin birində yanğın baş vermişdir. Xoşbəxtlikdən insan itkisi olmamışdır. Ancaq o ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəymişdir. Yanğının səbəbləri araşdırılır, bu gün ilkin məlumat veriləcəkdir və əminəm ki, tam araşdırılacaqdır. Eyni zamanda, biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik.
Dünən Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib. Bu gün səhər ikinci görüş keçirilib və onlara deyilib ki, dövlət onlara dəstək və yardım göstərəcəkdir. Belə hadisələr baş verir. Əlbəttə ki, səbəblər tam araşdırılmalıdır və operativ olaraq dövlət sahibkarlara öz maddi yardımını göstərməlidir. İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməlidir, onların problemlərini dinləməlidir və onlara dəstək göstərməlidir. Maliyyə Nazirliyi operativ olaraq, ilkin maliyyə vəsaiti ayırmalıdır ki, sahibkarlara bu vəsaitin verilməsi təmin edilsin. Bununla bərabər, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi yanmış malların qiymətini sahibkarlarla birlikdə araşdırmalıdır, aydınlaşdırmalıdır və bizdə bu məsələ ilə bağlı dəqiq məlumat olmalıdır.
Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlamışdır və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilmişdir. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq.
Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik.
Məsələni tam araşdırıb təklifləri vermək üçün komissiya yaradılacaq. Əlbəttə ki, komissiya bir müddət işləyəcək. Ancaq biz operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi dəstək göstərməliyik ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Gələcəkdə onları işlə təmin etmək üçün müvafiq addımlar atılacaq. O ki qaldı, ticarət mərkəzinin sahibkarlarının fəaliyyətinə, əlbəttə ki, onlar dövlət tərəfindən sahibkarlara veriləcək məbləğin ödənilməsini tam təmin etməlidirlər və edəcəklər. Ancaq nəzərə alsaq ki, biz istəyirik məsələ tezliklə öz həllini tapsın, bu məqsədlə, yenə də dediyim kimi, dövlət dərhal öz dəstəyini göstərməlidir”.
* * *
Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğının başvermə səbəbləri, əhatə dairəsi və həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə Prezident İlham Əliyevə məlumat verib. Nazir bildirib ki, hadisədən dərhal sonra operativ olaraq yanğınsöndürənlər hadisə yerinə yaxınlaşıb və ilkin tədbirlər həyata keçirilib.
Yanğının mənbəyinin ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadan başladığını deyən Kəmaləddin Heydərov qeyd edib ki, yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında da əks olunub. Yanğının söndürülməsinə 35 yanğınsöndürən maşının və 3 helikopterin cəlb olunduğunu deyən nazir bildirib ki, ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyədək əməl olunmayıb. Kəmaləddin Heydərov deyib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və rayon İcra Hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, burada yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib və bu məqsədlə tələb olunan hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkaponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub.
Nazir hadisənin fəsadlarının aradan qaldırılması və yanğının ətraf binalara keçməməsi üçün bütün lazımi tədbirlərin operativ görüldüyünü vurğulayıb. O, hadisənin başvermə səbəblərinin araşdırılması məqsədilə qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görüləcəyini və əldə edilən ilkin materialların komissiyaya təqdim ediləcəyini bildirib.
Baş prokuror Zakir Qaralov hadisə baş verən andan müvafiq qurumların birgə səyləri nəticəsində vəziyyətin nəzarətə alındığını, insanların həmin ərazidən təxliyə edildiyini bildirib. Baş prokuror hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi üzrə cinayət işinin qaldırıldığını, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizalarının təyin olunduğunu deyib, qısa vaxtda yaranmış istintaq-əməliyyat qrupu tərəfindən bu ekspertizaların həyata keçiriləcəyini vurğulayıb. Zakir Qaralov hadisə ilə bağlı sahibkarların dindirilməsi və ilkin ifadələrinin alınması istiqamətində işlərin görüləcəyini qeyd edib, istintaqın gedişi ilə bağlı vaxtaşırı dövlətimizin başçısına məlumat veriləcəyini bildirib.
Daxili işlər naziri Ramil Usubov məlumat verərək deyib ki, yanğın baş verdikdən dərhal sonra Daxili İşlər Nazirliyinin və Baş Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti hadisə yerinə gedib və qarşıda duran vəzifələrlə bağlı operativ tədbirlər görüblər. Belə ki, yol polisi əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə vaxtında və maneəsiz çatmaları üçün lazımi şərait yaradıb, 400 nəfərdən çox polis əməkdaşı hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olunmasına cəlb edilib, əhalinin oradan uzaqlaşdırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb. Ramil Usubov yanğının baş verməsi ilə bağlı müşahidə kameralarının qeydlərinin müvafiq qurumlara təqdim olunduğunu bildirib. Dövlətimizin başçısının tapşırığı ilə yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyi əməkdaşlarının da təmsil olunacağını vurğulayan nazir tapşırıqların yüksək səviyyədə həyata keçiriləcəyini qeyd edib.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bir sıra addımların atılacağını bildirib. Nazir ticarət mərkəzində icarədə olan sahibkarlara dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı görüşlərin keçirildiyini və ziyanla əlaqədar ilkin məlumatların alındığını diqqətə çatdırıb. O, sahibkarlara bir neçə istiqamətdə ilkin dövlət dəstəyinin göstəriləcəyini, müəyyən halda güzəştli kreditlərdən istifadə ilə bağlı mexanizm üzərində də işlənildiyini, sahibkarların yeni ticarət mərkəzi tikilənə qədər digər ticarət mərkəzlərində yerləşdirilməsi istiqamətində işlərin aparıldığını vurğulayıb.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov yanğınla əlaqədar yerli icra hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. O, dünən və bu gün sahibkarlarla operativ görüşdüklərini, dəyən ziyanın aradan qaldırılması məqsədilə dövlət tərəfindən ilkin maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Prezidentin tapşırıqlarını onlara çatdırdıqlarını deyib və sahibkarların bu xəbəri yüksək minnətdarlıq hissi ilə qarşıladıqlarını vurğulayıb.
* * *
Müşavirəyə yekun vuran Prezident İlham Əliyev deyib: “Bir daha demək istəyirəm ki, ilk növbədə, yanğının səbəbləri tam araşdırılmalıdır. İlkin versiyalar var. Kamera müşahidəsi də deməyə əsas verir ki, yanğın haradan başlayıb. Bunu nəzərə alaraq yekun rəy əlbəttə ki, təqdim olunacaq. Eyni zamanda, bütün ticarət mərkəzlərində ciddi təftiş işləri aparılmalıdır, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar, Bakı Şəhər İcra Hakimiyyəti, rayon, şəhər icra hakimiyyətləri bu işlərlə çox ciddi məşğul olmalıdırlar. Təhlükəsizliklə bağlı olan bütün məsələlər ən yüksək standartlarda təmin edilməlidir.
Sahibkarlara gəldikdə, bir daha demək istəyirəm ki, dövlət onların yanında olacaq. Onlara artıq bu məlumat verildi. Maliyyə dəstəyinin göstərilməsi operativ qaydada təşkil edilməlidir və müvafiq göstəriş verilib. Eyni zamanda, burada da qeyd olunduğu kimi, onlara güzəştli şərtlərlə kreditlər verilməlidir, dəymiş ziyan dəqiq hesablanmalıdır. Onların bu gün fəaliyyətdə olan digər ticarət mərkəzlərində yerləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir ki, işsiz qalmasınlar.
Beləliklə, hesab edirəm, görülmüş və görüləcək tədbirlər nəticəsində sahibkarlar bir daha görəcəklər ki, dövlət hər zaman onları dəstəkləyir. Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır. Azərbaycanda indi sahibkarlar sinfi yaradılıb. Sahibkarlar müxtəlif sahələrdə - həm istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Əlbəttə ki, dövlət onlara həm siyasi dəstək, həm də maliyyə dəstəyi verir. Bildiyiniz kimi, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman onların yanındadır və onların yanında olacaqdır.
Qeyd etdiyim kimi, komissiya tezliklə fəaliyyətə başlamalıdır, bütün bu məsələləri araşdırmalıdır və yekun rəy təqdim etməlidir. Sağ olun”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16

