Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 1961-ci il: Şuşada Bülbülü nə məyus etmişdi?

1961-ci il: Şuşada Bülbülü nə məyus etmişdi?

06.01.2022 [11:09]

Heydər Əliyev Bülbülün evində yaşayan ailənin başqa evə köçürülməsini tapşırdı

İlhamə Rəsulova

İşğala qədər Şuşada 8 muzey fəaliyyət göstərirdi  və onların hər biri Azərbaycanın maddi-mənəvi dəyəri hesab olunurdu.  Erməni vandalları tərəfindən  məhv edilən muzeylərdən hələ ki, yalnız biri, Bülbülün ev muzeyi təmir olunub. Bunun da gələcək nəsillərə ötürüləcək maraqlı bir hekayəsi var. Şuşaya səfər eləmiş Müzəffər Prezidentimiz İlham Əliyev Bülbülün  dağılmış  evini ziyarət edərkən “buranı da Polad Bülbüloğlu özü təmir etdirər” demişdi. Polad Bülbüloğlu Prezidentin bu  göstərişini təcili şəkildə reallaşdırdı. Bülbülün ata ocağı qədimi memarlıq  üslubu qorunub saxlanmaqla  təmir edildi, abadlaşdırıldı.   Polad Bülbüloğlunun işğaldan sonra ata evinə ziyarətini əks etdirən görüntüləri yəqin ki, xatırlayırsınız. 77 yaşlı sənətkar gənclik şövqü ilə “Gəl ey səhər “ deyərək oxudu. O, soyuq qış səhərində səsi titrəmədən, fonoqramsız, mikrofonsuz ilk gəncliyindəki kimi şövqlə oxudu. Özü demiş, baba evi onun da səsini eşitdi. İllərlə hər bir azərbaycanlının sevərək dinlədiyi “Gəl, ey səhər” musiqisi bu dəfə Şuşada qanadlandı, uçdu. 29 il düşmən işğalında gecələrə bürünmüş Şuşamıza o səhər axır ki, gəldi.

O evi əslində Şuşanı və Bülbülü sevən hər bir azərbaycanlı tanıyır. İki otağı  eyvana açılan, yerdən 3 daş hündürlükdə tikilmiş, kirəmit  damlı, yaşıl həyətli o balaca evi deyirəm. Bülbül haqqında çəkilmiş son filmdə hamımız o  evi görmüşük. Bəlkə bu taleyin bir oyunu idi. Yoxsa ocaqmı çağırmışdı onu? Bülbül dünyasını dəyişməzdən bir ay öncə göz açdığı evi ziyarət eləmiş və bu səfər onun haqqında son sənədli film olaraq kinolentə köçürülmüşdü.

Bülbül ocağının yadigarı, müğənni, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu o günləri belə xatırlayır:

“1961-ci ilin avqust ayının ortaları idi. Atam dedi ki, Şuşaya gedəcəm. Musiqiçilərlə  də danışdı, konsert vermək istəyirdi.  Anam o zaman Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin rəhbəri olan Teymur Əliyevə zəng edib dedi ki, Bülbül Şuşaya gedir, bir operator göndərsəniz çəkiliş gedər, yadigar qalar. Televiziyadan 2 operator göndərdilər və həmin tarixi kadrlar belə yarandı. Atam Şuşada iki konsert verdi və bu konsert şuşalılar tərəfindən  çox möhtəşəm qarşılandı. O elə çıxış edirdi ki, hələ ömründə elə oxumamışdı. Bu konsertdən təxminən 1 ay sonra, sentyabrın 26-da dünyasını dəyişdi. Mən belə deyərdim ki, o, öz torpağıyla vidalaşmağa getmişdi. Bu film də məhz o günlərin yadigarı olaraq qaldı”.

Heydər Əliyevə qədər heç bir rəhbər o evlə maraqlanmamışdı

Burda bir haşiyə çıxım ki, həmin səfər zamanı Bülbül  ata yurdundan çox məyus ayrılmışdı.  Həyətə girib, evi baxımsız vəziyyətdə görüb, həyətdə kimlərsə  . Bülbül ətrafa təəssüflə baxıb (elə filmdəki kadrlarda da bu kədərli baxışlar hiss olunur) və deyib:  “Bu hansısa bir erməni sənətkarın evi olsaydı, onlar belə münasibət göstərməzdilər”.

Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra Bülbül irsinə dövlət səviyyəsində xüsusi ehtiram göstərildi.

Polad Bülbüloğlu atasının ev muzeyinin yaradılması, ümummilli liderimiz Heydər Əliyevin o zaman  bu muzeyin yaradılmasına göstərdiyi böyük diqqət barədə də danışır:

Bülbülün Şuşada ev muzeyi 1982-ci ildə mərhum Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdı. Heydər Əliyev 82-ci ilin yayında şairə Natəvanın abidəsinin açılış mərasimi ilə bağlı Şuşaya səfər eləmişdi və onu müşaiyət edən qrupun içində mən də vardım. Məni yaxına çağırıb soruşdu ki, sənin xəbərin varmı, burda atanın evi varmış, o evi görmüsən? Dedim bəli, uşaq vaxtı çox gəlmişik. Yanında Şuşanın o zamankı birinci katibi Niyaz Hacıyev dayanmışdı. Həmin vaxt atamın evində bir ailə yaşayırdı. Ailəni tanıyıb tanımadığımı soruşdu. Bir neçə dəfə görüşdüyümüzü dedim.

Heydər Əliyev tapşırıq verdi ki, həmin ailəni yaxşı şəkildə, hörmətlə başqa bir evə köçürsünlər və başa salsınlar ki, həmin evdə Bülbülün  muzeyi yaradılacaq. Birinci katibə xüsusilə tapşırdı ki, köçürülən ailəni incitməsinlər.  Həmin ailə başqa bir evə köçürüldü və atamın doğulduğu evdə təmir işləri aparıldı, muzey yaradıldı.  Anam o zaman Bülbülün Bakıdakı memorial muzeyinin müdiri idi. O da bu işlərə qoşuldu,  eksponatlarla təmin etdi. Mədəniyyət Nazirliyi çox operativ kömək göstərdi.

Muzey hazırlanana qədər mən bir neçə dəfə Şuşaya gedib-gəldim. Hər gedişimdə bir neçə gün qalırdım. Muzey hazır olandan sonra biz muzeyin əməkdaşları üçün həyətdə 3-4 otaqlı ayrıca bir ev tikdik. Sonralar düşündüm ki, mən özüm də gedəndə həyətimzidə qala bilim deyə, həmin evin üstündə ikinci mərtəbəni  qaldırım. Tikinti başlamışdı, lakin işğalla əlaqədar hər şey yarımçıq qaldı.

“Şuşa yuxuma tez-tez girirdi, hey görürdüm ki, günəşli bir gündə küçəmizdə gəzirəm. Hələ 2007-ci ildə Şuşaya səfər edərkən ermənilərin etirazlarına baxmayaraq, mən həmin küçədə piyada gəzdim. Təbii ki, ata evini dağılmış halda görmək çox çətin idi.  Düşmən görməsin deyə mən ağlamadım. Özümü güclə saxladım. Atamın öz əlləri ilə əkdiyi 3 tut ağacından biri qalmışdı. İşğaldan sonra ilk dəfə həyətimizə qədəm basanda mən o tut ağacını öz doğmam kimi qucaqladım. Bu görüntü xətrinə deyildi. Atamın əlləri toxunmuş o ağacı qucaqlamaq bu hissi yaradırdı məndə”,- deyə Polad  Bülbüloğlu qeyd edir.

O, güllələnən abidələrlə bağlı tarixçəni də danışdıqca  Böyük Öndərin 30 il sonra reallaşan düşüncələrinə, uzaqgörənliyinə bir daha heyran olursan.

“Mən mədəniyyət naziri olan zaman təsadüfən Şuşadan aparılmış abidələr barədə xəbər tutdum.  Abidələr Gürcüstanda idi.  Məsələni ümummilli liderimiz Heydər Əliyevə məruzə elədim. O da dərhal lazımi göstərişlər verdi, abidələr Bakıya gətirildi. Heydər Əliyev mənə dedi ki, vaxt gələcək biz bu abidələri mütləq Şuşaya qaytaracağıq. Gələcək nəsillər bu tarixi xatırlasın deyə. Allah nəsib elədi, onun vəsiyyətini oğlu yerinə yetirdi, cənab İlham Əliyev həmin abidələri Şuşaya apardı və təntənəli şəkildə şəhər meydanına yerləşdirdi”.

Bülbülün evi iki otaq və eyvandan ibarətdir. Bülbül bu evdə uşaqlıq illərini keçirmiş, burada ilk dəfə musiqi aləminə qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdı.

Hazırda Muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər, şəxsi əşyalarından bəziləri, yaradıcılığını əks etdirən sənəd və şəkillər, konsert afişaları, qədim patefonu nümayiş etdirilir. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən  çoxlu sayda sənəd toplanıb.

Şuşa ərazi baxımından kiçik olsa da, Azərbaycanın mədəniyyət beşiyidir. Hər daşı tarix qoxuyur. Hər küçəsində ölkəmizin ictimai həyatında  önəmli iz buraxmış bir məşhur şəxsiyyətin ata ocağı yerləşib. Çox tezliklə biz mədəniyyət paytaxtımızı ən abad, ən müasir, ən gözəl şəhər olaraq görəcək və dünyaya göstərəcəyik.

Bir ovuc torpağına yüzlərlə can fəda edilmiş  Kəbəmiz  Şuşada yenə bülbüllər ötəcək. Xarı bülbül başqa torpaqlarda kök salmadığı kimi, Şuşam da yadlara yar olmadı, yurd olmadı, yolumuzu gözlədi. O bizi, biz onu bu qədər sevdiyimiz  müddətcə bu ölümsüz sevda dillərə dastan olacaq.

 

 

 

Paylaş
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31