Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülh gündəliyini qalib tərəf müəyyənləşdirir

Sülh gündəliyini qalib tərəf müəyyənləşdirir

05.02.2022 [22:10]

Beynəlxalq siyasi ictimaiyyətin Cənubi Qafqaza geostrateji baxışı dəyişib. Bu, Azərbaycan yaratdığı yeni reallıqlar fonunda postmüharibə gerçəklikləri, bölgədə dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşdırılması ilə əlaqədardır. Tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edən Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Ona görə də hətta 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar. 

Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüşdə müzakirə olunan məsələlər, ifadə edilən mövqelər də bu reallığı bir daha təsdiqləyir. Elə Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında əksini tapan məqamlar və məsələlər sülh gündəliyinin, bölgədə postmüharibə dövrünə dair yanaşma və fəaliyyətlərin məhz Azərbaycanın geosiyasi iradəsi və haqlı mövqeyi əsasında müəyyənləşdirildiyini göstərir. Bu da təsadüfi deyil. Çünki rəsmi Bakı yeni şəraitdə - yeni reallıqlar fonunda regionda proseslərin tənzimlənməsi üçün həm vacib çağırışlarla, həm də müvafiq təklif və təşəbbüslərlə çıxış edir. Bakının mövqeyi regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində tam adekvat yanaşma kimi xarakterizə olunur.

Turist diplomatiyası”na son, yaxud Minsk qrupunun siyasi reabilitasiyası baş tutmadı

Mişel və Makronun birgə bəyanatında diqqəti cəlb edən məqamlardan biri ATƏT-in Minsk qrupunun adının çəkilməməsidir.  Ermənistan və onun bir sıra havadarları müəyyən müddətdir ki, ATƏT-in “turizm idarəsi” rolunda çıxış edən Minsk qrupunu yenidən proseslərə cəlb etməyə çalışırdılar. Azərbaycanın mövqeyi isə bəlli idi: 30 ilə yaxın müddət ərzində vasitəçilik missiyası daşıyan, amma vəzifəsini yerinə yetirə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyəti etimad və səmimiyyətdən uzaq olub, sülhə, təhlükəsizliyə xidmət etməyib. Bir sözlə, bu qurum “turist diplomatiyası” ilə məşğul olub. Münaqişə isə həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas və ehtiyac yoxdur. İndi əsas məsələ müharibəsonrası dövrdə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr Bəyanatında əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir. “Siyasi reanimasiya” şəraitində olan Minsk qrupu isə varlığını qorumağa çalışsa da, yeni mərhələnin şərtlərinə və çağırışlarına fəaliyyət üçün konkret təklif və təşəbbüslərlə çıxış etmir.  Videoformatda keçirilmiş sözügedən görüşdə Paris həmsədr olaraq deyil, Aİ-yə sədrliyi qəbul etmiş ölkə kimi iştirak edib.

Paris və Brüssel fəallığını artırır   

Digər tərəfdən, görünən odur ki, artıq Makron ölkəsinin siyasi təsir zonasının genişlənməsi və iqtisadi imkanlarının artırılması məqsədilə yeni geostrateji əməkdaşlıq mühitində yer almasına çalışır, Fransanı yeni imicdə təqdim etməyə çalışır. Son zamanlar siyasi-diplomatik müstəvidə müəyyən fəallıq da məhz bununla bağlıdır. 

Aİ-nin prosesdə fəal iştirakına gəlincə, bu da bir sıra siyasi, iqtidasi və geostrateji məsələləri özündə ehtiva edir. Prezident İlham Əliyev bir müddət əvvəl Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqının  rol oynaya biləcəyini söyləmişdi. “Mən bunu müsbət qarşılayıram və sadəcə olaraq, burada ədalət prinsipi əsas rol oynamalıdır. Çünki bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur”, - deyə ölkə rəhbəri vurğulamışdı. Şübhəsiz ki, Aİ-nin yeni mərhələdə geosiyasi və geoiqtisadi fəallıq göstərməsi təsadüfi deyil. Çünki müharibənin nəticələri, ilk növbədə, regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində yeni dönəmin başlanmasını şərtləndirib. Qalib Azərbaycanın yaratdığı reallıqlar bölgədə çoxtərəfli işbirliyinin dərinləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün unikal imkanlar formalaşdırıb. Azərbaycanın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. Bu isə həm bölgə ölkələri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Beləliklə, Avropa İttifaqının da Cənubi Qafqaza marağının artmasının, bölgədə cərəyan edən proseslərdə fəal iştirak istəyinin əsas səbəbi postmüharibə dövrünün reallıqları ilə bağlıdır. Bu, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasında yer almaq niyyəti ilə əlaqədardır. Hər halda, mövcud reallıqlar fonunda və yeni geostrateji şəraitdə belə bir seçim Avropa İttifaqı üçün siyasi prestij və əlavə iqtisadi imkanlar gətirər. Xüsusilə də nəzərə almaq gərəkdir ki, Aİ yeni mərhələdə yaranmış situasiyadan geoiqtisadi imkanlarını genişləndirmək, bununla da alternativ geosiyasi güc mərkəzinə çevrilmək üçün istifadə etmək niyyətindədir.

Yeni mərhələdə müzakirə mövzusu məhz postmünaqişə reallıqlarıdır

Başqa bir məqam ondan ibarətdir ki, bəhs olunan sənəddə "Dağlıq Qarabağ münaqişəsi", hətta "Qarabağ" ifadələri yer almayıb. Bu, Azərbaycanın “münaqişə bitib, “Dağlıq Qarabağ” məfhumu yoxdur” tezisinin beynəlxalq səviyyədə - siyasi-hüquqi müstəvidə təsdiqidir.   Beləliklə, yeni mərhələdə müzakirə predmeti "münaqişə qalıqları" deyil, postmünaqişə reallıqlarıdır. 

Proses davam edir – növbəti strateji hədəflərə doğru 

Bütövlükdə, bəyanatda əks olunan məqamlar göstərir ki, müzakirələr Brüsseldə müəyyən olunmuş sülh gündəliyi əsasında davam etdirilir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, kommunikasiyaların bərpası - Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər sülh gündəliyinə daxildir. Ötən il dekabrın 15-də Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində səsləndirilən fikirlər postmünaqişə dövründə prosesləri tənzimləyən əsas qüvvənin - söz və nüfuz sahibinin Azərbaycan olduğunu təsdiqləmişdi. 

Beləliklə, hərbi qələbəni siyasi-diplomatik müstəvidə möhkəmləndirən, tarixi prosesə çevirən Azərbaycan regiona sülh, sabitlik, rifah, işbirliyi və inteqrasiya vəd edən strateji hədəflərinə doğru addım-addım irəliləyir. Proses isə davam edir və qarşıdakı dövrdə bu məsələlər ətrafında çoxtərəfli diplomatik trafikə, yaxud intensiv təmaslara şahidlik edəcəyik. 

Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 806 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31