Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Daha bir fakt, növbəti ifşa...

Daha bir fakt, növbəti ifşa...

04.06.2022 [10:09]

ABŞ Dövlət Departamentinin hesabatında erməni vandalizminə dair məlumat yer alıb

Nurlan QƏLƏNDƏRLİ

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi, dini və mədəni abidələrimizdir. Uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunub, maddi və mənəvi sərvətlərimiz olan bu abidələrin özününküləşdirilməsi cəhdləri edilib.

Təfərrüatlara varsaq, deyə bilərik ki, Ermənistan 1992-1993-cü illərdə Azərbaycan ərazisinin 20 faizini işğal etdikdən sonra qeyri-qanuni olaraq respublikamızın daşınmaz tarixi və mədəniyyət abidələrinin memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, divar yazılarını korlayıb, abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də alban dövrünə məxsus bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silib, onların bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar. Bu ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparıb, xaraba qalmış kəndlərdə kilsələr tikib, toponimləri dəyişdirib, Azərbaycanın maddi-mədəniyyət nümunələrini mənimsəməyə çalışıblar. Məlumata əsasən, bütövlükdə, uzun müddət işğal altında saxlanılan Azərbaycan ərazilərində dünya mədəniyyəti incilərindən olan, həmçinin dövlət və yerli əhəmiyyətli çoxsaylı abidə dağıdılıb, talan edilib. Bundan başqa, həmin ərazilərdə bir çox eksponatın saxlandığı muzeylər, eləcə də kitabxanalar, klublar, teatrlar, konsert salonları, istirahət və mədəniyyət parkları, incəsənət qalereyaları, musiqi məktəbləri, minlərlə musiqi aləti və sair qiymətli mal-material dağıdılıb və ya mənimsənilib.

Bütün bunlar dünyanın gözü qarşısında baş verib. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad, tarixi ədalətin və ərazi bütövlüyünün isə bərpa edilməsindən sonra Azərbaycan erməni vandalizminin ifşa edilməsi və reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıb, müvafiq çağırışlar edib. 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni və dini irsimizin dağıdılması, təhqir edilməsi, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətləri barədə UNESCO mütəmadi olaraq məlumatlandırılıb. Ölkəmizin əraziləri işğaldan azad edildikdən sonra bütün ölkə boyu olduğu kimi, bu ərazilərdəki abidələrin mənşəyindən asılı olmayaraq bərpası və mühafizəsi Azərbaycan üçün prioritet təşkil edən məsələlər sırasındadır.

Yeri gəlmişkən,  ABŞ Dövlət Departamenti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar paylaşıb. Dövlət Departamentinin 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı hesabatında qeyd olunub ki, sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnaməsi qəbul edilib. Qətnamədə uzunmüddətli münaqişənin bölgədəki mədəni irsə faciəvi təsirləri olduğu qeyd olunub. Vurğulanıb ki, Assambleya Ermənistanın məsuliyyət daşıdığı dağıntıları və zərərləri, xüsusilə də Ağdam və Füzuli rayonlarının ötən 30 il ərzində total şəkildə dağıdılması və qarət olunmasını, mədəni irsin dəyişdirilməsini qınayıb. Hesabatda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə səfər edən diplomatlar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə görə ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub, vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb. Qeyd olunub ki, professional imzası “REZA” olan beynəlxalq jurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus yüzlərlə məzarlığın sistematik şəkildə dağıdılmasını sənədləşdirib. “Qəbirlər murdarlanıb, bəzi hallarda məzarların qarət edilməsi məqsədilə dəliklər açılıb, digər yerlərdə isə onların ağır tikinti texnikası ilə dağıdılmasına və ekshumasiyasına dair dəlillər görülüb. Qəbir daşlarının metodik vandalizmi nəticəsində çox az sayda məzar toxunulmadan qalıb. Mərhumun üzünün əks olunduğu qəbir daşları çəkic və ya bənzər vasitələrlə dağıdılıb. Bundan başqa, azərbaycanlı qəbirlərinin qalıqları ekshumasiya edilib və qızıl dişləri çıxarılıb, kəllə və sümüklər ətrafa səpələnib və ya bəzi hallarda məzar tamamilə yox edilib”, - Dövlət Departamentinin hesabatında deyilir. Hesabatda o da qeyd olunub ki, fotojurnalist Reza Deqati bölgədə ermənilərə məxsus məzarlıqlara faktiki olaraq toxunulmadığını bildirib.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə 2600-dən çox tarix və mədəniyyət abidələri mövcud olub. Bunların böyük əksəriyyəti ermənilər tərəfindən dağıdılıb və saxtalaşdırılıb. Bununla yanaşı, 50-dən çox forması dəyişdirilən tarix və mədəniyyət abidələrimiz var ki, ermənilər həmin abidələrin üzərinə zəng qüllələri əlavə edərək kilsə və monastr kimi təbliğ ediblər. Halbuki həmin abidələr xristianlıqdan əvvəl mövcud olublar. Nümunə kimi Tuğ kəndində yerləşən alban məbədini, Laçın rayonunun Mirik, Hüsülü, Kosalar kəndindəki abidələri, bundan başqa Kəlbəcər rayonunda yerləşən Gəncəsər monastrını göstərmək olar.

Azərbaycan Mədəniyyət Nazirliyinin işğaldan azad edilmiş ərazilərdə apardığı monitorinqin ilkin nəticələrinə görə, Qarabağda 70-dən çox məscid dağıdılıb. Şuşa və Ağdamda cəmi bir neçə məscid salamat qalıb. Onlar yalnız şəhərin ən hündür hissəsində yerləşdiyinə və ətrafı yuxarıdan müşahidə etməyə imkan verən minarələrə görə, yəni hərbi məqsədlə istifadə üçün qorunub saxlanılıb. Təkcə Şuşada memarlıq abidəsi sayılan çox sayda yaşayış binası, mədəniyyət və tarixi abidə dağıdılıb. On minlərlə qiymətli muzey eksponatı, o cümlədən Qarabağ xalçaları qanunsuz olaraq Ermənistana aparılıb.

İşğaldan azad edilmiş ərazilərlə yanaşı, indiki Ermənistan ərazisində də tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələrin çoxu erməni vandalları tərəfindən tamamilə məhv edilib. Ermənistanda həyata keçirilən etnik təmizləmə və azərbaycanlıların zorla bu ölkədən çıxarılması mədəni abidələrin məhv edilməsi ilə də müşayiət olunub. Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscidin qəsdən dağıdıldığı barədə faktlar var. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib.

Ermənilərin tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri - mədəni abidələrin qəsdən dağıdılması, mənsubiyyətinin dəyişdirilməsi və özününk?ləşdirilməsi beynəlxalq humanitar hüququn tələblərinə kobud surətdə ziddir. Daha dəqiq desək, belə vandalizm aktları beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinin pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həm də sülh və təhlükəsizlik məsələsidir. Ermənilərin bu əməlləri, əslində, təkcə xalqımıza deyil, bütövlükdə, dünya mədəni irsinə, bəşər sivilizasiyasına qarşı barbarlıq, vandalizm aktı və soyqırımı siyasəti, cinayət əməlidir.

Erməni vandalizminin ifşa edilməsi ilə əlaqədar proses davam edir və heç şübhəsiz, Azərbaycan müvafiq addımlar atacaq. Amma bununla yanaşı, aidiyyəti beynəlxalq təşkilatlar da aşkar faktları əsas götürməklə, obyektiv araşdırma aparmaqla ifşaedici və qınayıcı bəyanatlar verməlidirlər. Çünki belə hadisələr Ermənistanın ümumbəşəri dəyərlərə, insan hüquqlarına mürtəce münasibət bəslədiyini göstərir.

Əlbəttə, hər bir xalqın xarakterini, mənəviyyatını əks etdirən göstəricilərdən biri milli-mənəvi, dini və bəşəri dəyərlərə yanaşmasıdır. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkməsinə, müxtəlif vandalizm aktları ilə üzləşməsinə baxmayaraq, Azərbaycan xalqı iradəli, əzmkar və mübariz olmaqla yanaşı, humanist, tolerant və qurucu xalq olduğunu da sübuta yetirib. Bu gün ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Dünyada multikulturalizm mərkəzlərindən olan və tolerantlıq nümunəsi kimi çıxış edən Azərbaycan bu zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Ölkəmizdə bütün xalq­lara və dinlərə hörmətlə yanaşılması multikulturalizmin, dinlərə və mədəniyyətlərə tolerant münasibətin cəmiyyətimizin həyat tərzi olduğunu təsdiqləyir. Bir sözlə, biz qururuq, yaradırıq, yaşadırıq!

Paylaş:
Baxılıb: 190 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30