Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Nə üçün Azərbaycan?!

Nə üçün Azərbaycan?!

09.07.2022 [09:30]

Nurlan QƏLƏNDƏRLİ

XXI əsrin üçüncü onilliyində dünyanın mənzərəsi olduqca ziddiyyətlidir. İqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə xaos, ideoloji boşluq, xarici müdaxilələr və digər mənfi hallar müxtəlif ölkələrin real mənzərəsini təşkil edir. Səbəblər müxtəlifdir. Siyasi hakimiyyətin nüfuzunun olmaması, səmərəli idarəetmə sisteminin yaradılmaması, xarici siyasətdə çoxsaylı qüsurlar və s. Ona görə də “rəngli ssenari”lər, xaos planları, iğtişaşlar, inqilablar, çevrilişlər, üsyanlar bir sıra ölkələr və regionlar üçün siyasi ənənəyə, “milli” adətə çevrilib, yaxud xroniki geosiyasi xəstəlik halını alıb.

Azərbaycan nümunəsi isə müsbət təcrübəni, mütərəqqi modeli ifadə və ehtiva edir. Yəni ölkəmiz pozitiv anlamda fərqlənir. Bu gün respublikamız güclü-qüdrətli və qalib dövlət, söz və nüfuz sahibi olan etibarlı tərəfdaş, regionun lider ölkəsi kimi diqqəti cəlb edir. Nə üçün? Daha dəqiq desək, niyə Azərbaycan seçilir və fərqlənir?

Suala aydınlıq gətirmək, yaxud sualı cavablandırmaq üçün bir sıra mühüm məqamlara ayrıca diqqət yetirmək lazımdır.

Tarixi təcrübə hər bir xalqın siyasi taleyində dönüş nöqtələri hesab olunan müstəsna hadisələrin, mühüm - kritik və taleyüklü məqamların, anların olduğunu təsdiqləyir. Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Müstəqillik dövrünün siyasi təqvimi bu reallığı əks etdirir. 31 ilə yaxın müddət özündə bütöv siyasi orqanizm olan dövləti müdrikləşdirən çox mühüm tarixi təcrübələri, taleyüklü hadisə və prosesləri ehtiva edir. Bu dövrdə Cənubi Qafqazın lider dövlətinə çevrilməkdən tutmuş nüfuzlu beynəlxalq təşkilatlara sədrlik etməyə, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaratmaqdan başlamış inkişafın milli modelini formalaşdırmağa qədər çox sayda mühüm uğurlara imza atılıb. Nəinki müstəqillik, hətta çoxəsrlik tariximizin zirvə nöqtəsi isə işğal altında olan torpaqların azad, ərazi bütövlüyünün və tarixi ədalətin isə bərpa olunmasıdır. Təbii ki, bütün bu nailiyyətlər asanlıqla əldə olunmayıb, yaxud olduqca mürəkkəb şərtlərə və şəraitə rəğmən, qazanılıb. Həlledici amili lider fenomeni, yaxud liderlik faktorudur. Deməli, “nə üçün Azərbaycan” sualının cavabı lider amilindədir.

1990-cı illərin əvvəlini yaxşı xatırlayırıq. Tənəzzül və böhran şəraitində, bərpa etdiyi müstəqilliyi itirmək təhlükəsinin, iflasın astanasında olan Azərbaycan xalqının xilası 1993-cü ilin iyun ayında Heydər Əliyevin Qayıdışı sayəsində mümkün oldu - dövlətimizin Qurtuluşu təmin edildi. Ulu Öndər Azərbaycanı sabitlik və inkişaf məkanına çevirdi, ölkəmiz beynəlxalq siyasi platformada söz və nüfuz sahibi oldu. Ən əsası, Ümummilli Lider dövlətçilik tariximizdə siyasi varislik erası və ənənələrini yaratmaqla davamlı inkişafı, dayanıqlı sabitliyi təmin etmiş oldu. 31 dekabr 2003-cü il tarixində keçirilmiş andiçmə mərasimində Azərbaycan xalqına rifah, inkişaf, intibah və tərəqqi ilə bağlı söz verən cənab İlham Əliyev xalqımıza vədlərini, ata vəsiyyətini yerinə yetirdi. O, inkişafın milli modelini yaratdı, daha güclü Azərbaycan quruculuğuna müvəffəq oldu.

İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, “demokratiya laboratoriyası”na, dini, etnik müstəvidə qarşıdurma sahəsinə çevrilən region ölkələrindən fərqli olaraq öz milli qüdrətini artırdı. İstər siyasi ekspertlərin şərhlərində, istər müxtəlif araşdırma mərkəzlərinin strateji tədqiqatlarında, istərsə də reytinq institutlarının hesabatlarında diqqət yetirilən ümumi məqam var: Azərbaycan sabitlik adası - təhlükəsizlik məkanıdır. Bu gün ölkəmizin öz təhlükəsizlik modeli var. Azərbaycan heç bir dövlətdən, regional və beynəlxalq güc mərkəzindən, hansısa təşkilat və qurumdan asılı deyil, öz təhlükəsizliyini təmin edir, yaxın və ya uzaq ölkələrin təsirinə məruz qalmır: Liderin uğurlu daxili və xarici siyasəti hesabına. O Lider ki, adı inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur, islahatçı və yenilikçi yanaşması ilə fərqlənir, mükəmməl geosiyasət bilicisidir, milli həmrəyliyin qarantıdır. Ən əsası, İlham Əliyevin güclü dövlət konsepsiyası konyuktur maraqları ehtiva etmir, hakimiyyətin mühafizəsinə deyil, dövlətçiliyin qorunmasına  hədəflənib.

Bunlarla yanaşı, Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən mühüm amillərdən biri davamlı islahatların həyata keçirilməsi, dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında və rəhbərliyi altında görülən işlər nəticəsində ölkənin idarəetmə sistemi təkmilləşdirilir, yeni kadr siyasəti hakimiyyət komandasının monolitliyini daha da gücləndirib. İdarəetmə orqanlarında, qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdırılmasından xəbər verir. Bu, həm də ictimai etimada əsaslanan yeni münasibətlərin təşəkkülüdür.

Digər tərəfdən, vətəndaşın rifahının yüksəldilməsi, mənafeyinin təmin olunması mühüm ictimai-siyasi əhəmiyyət daşıyır. Dövlət başçısı bu siyasətin reallaşdırılmasında ictimai amillərə xüsusi önəm verir. Yəni vətəndaş fəallığının, təşəbbüskarlığının və iştirakçılığının təmin olunması. Bu, bürokratiyanı və stereotipləri istisna edir, dövlət-vətəndaş ahəngdarlığını yaradır, dövlətçiliyin ictimai dayaqlarını möhkəmləndirir.

Eyni zamanda, Azərbaycan dünyaya yeni nümunə, yaxud ənənə ilə müasirliyin vəhdətinə əsaslanan dəyərlər təqdim edir. Ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Dünyada multikulturalizm mərkəzlərindən olan və tolerantlıq nümunəsi kimi çıxış edən Azərbaycan bu zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Bir sözlə, Azərbaycan yol və nümunə göstərir.

Qeyd edilənlərdən əlavə, Azərbaycan Liderinin uğurlu xarici siyasəti və ya dərin strateji diplomatiya siyasəti Azərbaycanın gücünü artırır, nüfuzunu yüksəldir, beynəlxalq mövqeyini möhkəmləndirir. Dövlət başçısı prinsipial, ardıcıl, milli maraqlara yönəlik siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, hədəflərin reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir. Müstəqil strateji kurs Azərbaycanın öz inkişafını davam etdirməsinə, ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. Dövlət başçısı inamla və qətiyyətlə deyir: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik”.

Regionda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturası məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində mümkün olur: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq. Prezidentimiz müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi yeni mərhələdə də vaxtı düzgün seçir: Azərbaycan nə tələsir, nə gecikir - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, İlham Əliyev heç vaxt avantüraya getmir. Ona görə də Azərbaycan ilə tərəfdaşlığın genişləndirilməsi güc mərkəzləri üçün strateji prioritetlərdən biridir. Bakıya regional və beynəlxalq təhlükəsizlik məsələsində inam - etimad mesajları, tərəfdaşlığı gücləndirmək çağırışları da bu səpkidə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan nəinki öz təhlükəsizliyini təmin edir, hətta regional sabitliyə və inkişafa çox mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə çoxtərəfli regional əməkdaşlıq formatları yaradılır.

Ölkəmiz beynəlxalq birliyin layiqli və məsuliyyətli üzvü olduğunu, müstəqil və milli maraqlara əsaslanan siyasət həyata keçirdiyini nümayiş etdirir. Bu, Bakının heç bir geosiyasi qüvvədən asılı olmadığını bir daha təsdiqləyir. Bütün bunlar ölkəmizin ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına üstünlük verdiyini göstərir.

Nəhayət, Azərbaycan Zəfər marşındadır. İndiyə qədər dünyada bir çox müharibə baş verib. Öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün milli mübarizəyə qalxan millətlər heç də həmişə qalib olmayıblar. Yalnız qətiyyətli lideri olan, güclü dövlət quruculuğuna müvəffəq olmuş və həmrəylik nümayiş etdirən xalqlar haqq-ədalətin təmininə nail olublar. Eynilə Azərbaycan xalqı kimi. Azərbaycan dövləti Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib. Bu gün Azərbaycan xalqı dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır.

İlham Əliyev hələ 2003-cü ildə andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün mütləq bərpa olunacağını qətiyyətlə ifadə etmişdi. O, ötən müddət ərzində güclü iqtisadiyyat quruculuğuna, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun, dostlarının və strateji tərəfdaşlarının sayının artmasına nail oldu. Son söz isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında deyildi: “Qarabağ Azərbaycandır!”. Prezident İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu. O, bir ölkənin ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında ağıllı siyasət yeridə, hədəfə doğru əminliklə irəliləyə biləcəyini əyani şəkildə - əməli fəaliyyəti ilə sübuta yetirdi. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilmədi.

İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Başqa sözlə, güclü Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir. Bu Qələbə, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir.

Müharibə bitib - postmüharibə mərhələsidir. Amma missiya bitməyib, Zəfər yürüşü bu gün böyük coşqu və təntənə ilə davam edir. Aydındır ki, min millik yol bir addımla başlayır. Və yol mədəniyyət olduğu kimi, həm də tarixdir. Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Artıq işğaldan azad edilmiş ərazilərdə qururuq, yaradırıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mütəmadi olaraq dilindən duyduğumuz “Biz müzəffər xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq” ifadəsi qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlını sonsuz dərəcədə qürurlandırır. Bu iftixarı zamanın hər anında, fəaliyyətin hər məqamında və həyatın hər bir sahəsində hiss edirik, yaşayırıq və yaşadırıq. İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri Zəfər yürüşünün davamı - qələbə təntənəsidir. Əziz Şuşanın, doğma Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olunur. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi ictimai, siyasi, iqtisadi, mədəni, humanitar və strateji əhəmiyyətə malikdir. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir. Göründüyü kimi, əzəli və əbədi torpaqlarımız nəhəng quruculuq meydanına çevrilib, işğaldan azad edilmiş ərazilərimiz tarixi görkəminə qaytarılaraq müasirləşdirilir. Qalib Azərbaycan dövləti prosesə start verib - artıq Böyük Qayıdış təntənəli Zəfər yürüşünün bir halqasına çevrilib. Bir sözlə, biz qururuq, yaradırıq və yaşadacağıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bütün bu işlərin həcmi bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bir daha demək istəyirəm, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.

Bütün bu reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların İlham Əliyevə böyük inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Bu, Azərbaycanın milli gücüdür!

Beləliklə, tarixi yola nəzər, həqiqətlərin üzərinə növbəti dəfə işıq saldıq. Reallıq məlumdur: ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanın Qurtuluşunu təmin etdi. Prezident İlham Əliyev isə Qurtuluş sayəsində təməli qoyulan Zəfər yolu ilə Azərbaycanı Şuşa zirvəsinə, Qarabağ məqamına yüksəltdi. Qurtuluşdan Zəfərə gedən və ölkəmizi strateji zirvələrə aparan yol xalqımızın qürur mənbəyi, dövlətimizin isə qüdrətinin ifadəsidir.

“Nə üçün Azərbaycan” sualını cavablandırmaq üçün daha bir mühüm və əsas məqama toxunmaq lazımdır. Bu, Azərbaycanın dörd sütun üzərində öz sarsılmazlığını təmin etməsidir: Heydər Əliyev ideyaları; İlham Əliyevin siyasəti; xalq-Lider birliyi və ya milli həmrəylik; tarixi Qələbə - möhtəşəm Zəfər. Məhz buna görə Azərbaycan!

Paylaş:
Baxılıb: 204 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31