Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Telefon diplomatiyası...

Telefon diplomatiyası...

25.11.2022 [09:55]

Qoca qitə Ondan nəyi xahiş edir?

Mübariz ABDULLAYEV

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Serbiya Respublikasında işgüzar səfərdə oldu. Səfərin gündəliyi kifayət qədər əhatəli idi - dövlət başçımızın Serbiyanın Prezidenti və digər yüksək səviyyəli rəsmiləri ilə görüşləri baş tutdu, sənədlər imzalandı, prezidentlər mətbuata bəyanatlar verdilər. Lakin bəhs olunan səfəri yalnız gündəliyin zənginliyi, müzakirə olunan məsələlərin və imzalanan sənədlərin aktuallığı baxımından dəyərləndirmək düzgün olmazdı. Səfər həm də Azərbaycan Prezidentinin şəxsiyyətinə və fəaliyyətinə ölkə hüdudlarından kənarda da necə böyük dəyər verildiyini bir daha təsdiqlədi.

Mənə təhdid üçün, İlham Əliyevə xahiş üçün zəng edirlər

Serbiyanın paytaxtı Belqrad. Noyabrın 23-də burada tarixi anların şahidi olduq. Şəhərin küçələrində, bir sıra dövlət qurumlarının qarşısında Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalanırdı. Bizi fərəhləndirən həm də dövlətimizin başçısının Belqradda necə böyük hörmət və izzətlə qarşılanması oldu. Səfər üçün qısa vaxt ayrılsa da, onun xoş təəssüratları çox böyükdür. Biz Serbiya Prezidentinin, baş nazirinin, bu ölkənin digər rəsmilərinin Prezident İlham Əliyevə çox səmimi, mehriban münasibət bəslədiklərinin, Ona xüsusi ehtiram göstərdiklərinin şahidi olduq və bundan qürurlandıq. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyevə xitabən səmimi bir etirafını dilə gətirdi. Aleksandar Vuçiç müqayisə apararaq bildirdi ki, Avropa ölkələrinin və qurumlarının rəsmiləri ona çox nadir hallarda telefon açırlar, özü də adətən təhdid ritorikası ilə danışırlar, Azərbaycanın dövlət başçısına ünvanlanan zənglərin isə mövzusu tamam fərqli olur. Sitat: “Mən bilirəm ki, O, (Prezident İlham Əliyev nəzərdə tutulur-red) ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm. Onlar (Avropa ölkələrinin rəsmiləri nəzərdə tutulur-red.) mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər”.

Oxşar fikirləri bir qədər bundan əvvəl - oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimindəki çıxışında Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski də səsləndirmişdi. “Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidenti barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik. Ola bilsin ki, o, telefon nömrəsini dəyişib”.

Bəli, dünyanın dörd bir tərəfində Prezident İlham Əliyevi gözləyirlər, Ona zəng edirlər və telefon diplomatiyasını işə salaraq Onun fikirlərini, müxtəlif məsələlərə münasibətini öyrənməyə çalışırlar. Biz statistikaya nəzər saldıq. 2022-ci ilin əvvəlindən bəri ayrı-ayrı ölkələrin və beynəlxalq qurumların rəhbərlərindən və yüksək səviyyəli rəsmilərindən dövlət başçımıza 37 dəfə telefon zəngi gəlib. Türkiyənin, Rusiyanın, İsrailin, İtaliyanın, Fransanın, Özbəkistanın, Serbiyanın, Moldovanın, Polşanın və digər ölkələrin prezidentləri bu siyahıda yer alırlar. Avropa İttifaqı Şurasının Prezidenti, NATO-nun baş katibi və başqaları da Azərbaycan Prezidenti ilə telefon diplomatiyası qurublar. İlin əvvəlindən bəri

ABŞ-ın dövlət katibi Antoni Blinken dövlətimizin başçısına 9 dəfə zəng edib. Biz məğlub Ermənistanın baş naziri Nikol Paşinyanın tez-tez müxtəlif ölkələrin rəsmilərinə zəng vuraraq onların, sözün həqiqi mənasında, zəhlələrini tökdüyünün şahidi oluruq. N.Paşinyan zənglərində bir qayda olaraq məğlub ölkəsinin çırpıntılarını, yalvarışlarını və umacaqlarını dilə gətirir. O daim yazıqlanır, özünü məzlum qiyafədə təqdim edir və başqalarından kömək, yardım istəyir. Qalib Azərbaycanın Prezidenti isə yardım üçün bir dəfə də olsun hansısa bir ölkənin və yaxud beynəlxalq təşkilatın rəsmilərinə müraciət etməyib. Qüdrətli dövlət olan Azərbaycan gündəliyinin bütün məsələlərini öz gücünə həll edir. Biz müharibəni də öz gücümüzə udmuşuq, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərini də başqalarından dəstək almadan həyata keçiririk. İlham Əliyev qüdrətli dövlətin Prezidenti, Müzəffər Ali Baş Komandanıdır. Telefon diplomatiyası bir daha təsdiqləyir ki, dünyada Onunla hesablaşırlar. İlin əvvəlindən bəri Prezident İlham Əliyevə edilən zənglər zamanı regional və qlobal gündəliyə aid ən müxtəlif mövzular müzakirə edilib. Bunların sırasında postmüharibə mərhələsində Cənubi Qafqazda sülhyaratma prosesi, enerji və nəqliyyat layihələri ilə bağlı aparılan müzakirələri xüsusi vurğulaya bilərik.

Sözü və imzası eyni çəkiyə malik olan Lider

Xarici ölkələrin liderlərindən, beynəlxalq təşkilatların rəhbərlərindən Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı telefon zənglərinin fonunda sual yaranır: Onlar nə üçün Prezident İlham Əliyevə zəng vururlar və müxtəlif məsələləri Onunla müzakirə etməyə çalışırlar? Daha bir sual: Telefon diplomatiyası zamanı aparılan müzakirələrin yekununda ümumi, yekdil qənaətə gəlinməsində dövlətimizin başçısının mövqeyi nə üçün mütləq nəzərə alınır və yaxud əsas götürülür? Sualların cavabı olaraq bir neçə məqamı xüsusi vurğulaya bilərik. Beləliklə,

1-ci məqam. Prezident İlham Əliyevin daim regional və qlobal əməkdaşlığı

hədəfləyən təşəbbüslərlə çıxış etməsi

Azərbaycanın dövlət başçısının siyasi iradəsi əsasında reallaşan enerji və nəqliyyat layihələri Xəzər və Qara dəniz hövzələri coğrafiyasında, Asiya ilə Avropa arasında sıx bağlantılar yaranmasını təmin edib. Bu bağlantılar vasitəsilə Prezident

İlham Əliyev iqtisadi rıçaqlarla ölkələrin və regionların siyasi cəhətdən yaxınlaşmasını, mövqelərini və fəaliyyətlərini uzlaşdırmalarını təmin etməyə nail olub. Azərbaycan Prezidentinin reallaşdırılmasına nail olduğu layihələr regional və qlobal əhəmiyyət daşımaqla bütün tərəfdaşlara iqtisadi və siyasi dividentlər qazandırır.

2-ci məqam. Beynəlxalq həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verməsi

Son illərdə dünyada gedən təlatümlü, bir sıra hallarda kədərli proseslər və meydana çıxan çağırışlar beynəlxalq  həmrəyliyin zəruriliyini həmişəkindən daha artıq dərəcədə önə çıxarıb. Prezident İlham Əliyevin yanaşması belədir ki, qlobal təhdidlərə ancaq qlobal həmrəyliyi gücləndirməklə qalib gəlmək mümkündür. Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri oldu. Azərbaycan Liderinin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi və səmərəli müzakirələr aparıldı. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırdı, həmçinin çox sayda ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərdi.

3-cü məqam. Prezident İlham Əliyevin praqmatikliyi və qətiyyəti, perspektivə hesablanan fəaliyyət sərgiləməsi

Azərbaycanın yüksək idarəçilik keyfiyyətlərinə malik Lideri heç vaxt populist vədlər səsləndirmir. Yeni ideyalarını reallaşdırmaq üçün bütün mümkün məqamların təhlillərini aparır və ölçülüb-biçilmiş əsaslandırmalara uyğun olaraq qərarlarını verir. Yuxarıda bəhs etdiyimiz enerji və nəqliyyat layihələrinə zamanında müxtəlif mərkəzlərdən, maliyyə qurumlarından şübhəli yanaşmalar sərgilənirdi. Prezident İlham Əliyev dəmir məntiqi ilə belə şübhələrə son qoydu və ətrafında irəliyə baxan komanda formalaşdırmağa nail oldu. İndi həmin layihələr reallığa çevrilib və ölkələrin rifahına, ehtiyaclarının ödənilməsinə, iqtisadiyyatların inkişafına xidmət edir. İndiki geosiyasi reallıqlar fonunda bu layihələrin iqtisadi və siyasi önəmi daha aydın dərk olunur.

4-cü məqam. Bütün strateji addımları zamanında atmaq

Hər şeyin zamana ehtiyacı var. Prezident İlham Əliyev öz nümunəsində sübut etdi ki, Lider həm də dözüm və səbir nümayiş etdirməyi bacarmalıdır. Zamanında İlham Əliyev Azərbaycan xalqına söz verdi ki, biz mütləq ölkənin ərazi bütövlüyünün təmin edilməsinə nail olacağıq. Bəziləri güman edirdi ki, bu, sadəcə daxili auditoriyaya hesablanan bir vəddir. Ancaq Prezident İlham Əliyev məqsədyönlü siyasət həyata keçirməklə, uzun illər ərzində zəruri hazırlıqlar aparmaqla və lazımi məqamda qəti qərar verməklə ölkəmizə, xalqımıza Zəfər sevinci yaşatdı. Düşmənə sarsıdıcı zərbənin vurulması üçün zaman Prezident İlham Əliyev tərəfindən dəqiq seçildi. Onun özünün təbirincə desək, bir il qabaq tez ola bilərdi, bir il sonra isə gecikə bilərdik.

5-ci məqam. Onun sözünün və imzasının vəhdəti, mövqeyinin dəyişməz qalması

Çox heyif ki, indiki dövrdə liderlərdə belə keyfiyyətlərə tez-tez rast gəlinmir. Biz şahidi oluruq: Bir sıra hallarda liderlər şifahi razılaşmalarını demirik, imzaları ilə təsdiqlədikləri öhdəliklərini belə yerinə yetirməkdən yayınmaq üçün min bir bəhanəyə əl atırlar. Azərbaycan Lideri isə həmişə sözünə və imzasına sadiqlik nümayiş etdirir. Azərbaycan cəmiyyəti dövlət başçımızın bu liderlik keyfiyyətinə milli səviyyədə dəfələrlə şahidlik edib. Prezident İlham Əliyevin sözünün və imzasının vəhdət təşkil etdiyi həm də beynəlxalq səviyyədə etiraf olunur. Serbiyanın dövlət başçısı bunu səmimiyyətlə etiraf edərək deyib: “Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır. Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir”.

6-cı məqam. Daim təvazökar qalması

Sadəlik, insanlara yaxın olmaq, səmimilik Azərbaycan Liderinin daxildən gələn xarakteridir. Milli və qlobal səviyyədə böyük uğurlara imza atması Prezident İlham Əliyevi əsla dəyişməyib. Yenə də Aleksandar Vuçiçin sözlərinə istinad edək: “Mən həqiqətən şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir”.

Avropanı fəth edən Lider

İndi qoca qitənin özündə də Azərbaycan Prezidenti barədə Avropanı fəth edən bir dövlət başçısı kimi söhbət açırlar. Azərbaycan Liderinin fatehliyi dağıdıcılıq, qəsbkarlıq missiyası daşımır, əksinə xoş mərama əsaslanır. Mövcud geosiyasi reallıqlar fonunda aydın şəkildə dərk olunur və etiraf edilir ki, Azərbaycanın Avropaya yox, qoca qitənin özünün bizim ölkəmizə ehtiyacı var. Hazırda Avropa İttifaqı məkanında kəskin enerji aclığı yaşanır. İndiyədək Avropanın enerji təchizatına sanballı töhfələr verən Azərbaycan qoca qitənin indiki çətin durumunda öz rolunu daha da artıra bilər. Bunun üçün ölkəmizin geniş imkanları var. Həm zəngin enerji ehtiyatlarımız, həm də malik olduğumuz müasir nəql infrastrukturu bundan ötrü geniş perspektivlər açır. Ölkəmiz qoca qitə üçün tamamilə yeni bir mənbə sayılır. Əsas məqamlardan biri ondan ibarətdir ki, Prezident İlham Əliyev ölkələrin fürsətçiliyini, vəziyyətdən sui-istifadə etmək və enerji amilini siyasi təzyiq vasitəsinə çevirmək cəhdlərini əsla qəbul etmir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, qarşılıqlı əməkdaşlıq bütün tərəflərə fayda gətirməlidir. Son bir il yarım ərzində respublikamızdan Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib. 2022-ci ilin sonunadək ölkəmizdən mavi yanacaq ixracı 22 milyard kubmetrə qədər artırılacaq və bu həcmin 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaq. Avropa üçün hava, su kimi zəruri olan bütün enerji layihələrinin müəllifi isə məhz Prezident İlham Əliyevdir. Buna görə də Azərbaycan Prezidenti Avropada böyük nüfuz qazanıb. “İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir”, - deyə Sebiya Prezidenti vurğulayıb.

Paylaş:
Baxılıb: 658 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31