Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Zamanın tələbi, sosial sifariş

Zamanın tələbi, sosial sifariş

14.01.2023 [10:05]

Yeni idarəetmə modeli necə olacaq?

Mübariz ABDULLAYEV

Müstəqillik illərində həyatın bütün sahələrində böyük uğurlar qazanan Azərbaycanın siyasəti konseptual, ardıcıl və çevik səciyyə daşıyır.  Əgər son 19 ilin təcrübəsinə geniş nəzər salsaq, görərik ki, ölkəmizdə heç bir qərar təsadüfən qəbul olunmayıb. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, atılan hər bir addımın arxasında çox böyük təhlil və böyük məqsədlər dayanır. İndiki qlobal çətinliklər şəraitində Azərbaycanın öz inkişafının ardıcıllığını təmin etməsi, bütün dünyada sabitlik adası kimi fərqlənməsi də məhz dövlət başçısının ölkənin potensialını, inkişaf səviyyəsini, cəmiyyətin sosial sifarişlərini və meydana çıxan çağırışları məharətlə uzlaşdıraraq prioritetləri önə çəkməsi və adekvat siyasət həyata keçirməsi ilə şərtlənir. Bunun təsdiqi olaraq vurğulayaq ki, son illərdə respublikamızın mənzərəsi dövlət başçısının qətiyyəti və möhkəm siyasi iradəsi ilə reallaşdırılan islahatlarla səciyyələnir.

İdarəetmənin yeni çərçivələri

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə yeni idarəetmə islahatlarının anonsunu edib və qarşıda duran hədəfləri nişan verib. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçımız vurğulayıb: “Eyni zamanda, mən onu da bir dəfə demişəm, bir daha demək istəyirəm, orada - Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi. İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Həmçinin eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni, bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik”.

Zaman ötür, ölkə inkişaf edir, yeni reallıqlar yaranır. Azərbaycanın yeni inkişaf mərhələsinə yüksəlməsi, müasir dövrün trendləri qarşıya həmçinin idarəetmə strukturunun təkmilləşdirilməsi tələbini qoyur.

Eyni zamanda, idarəetmənin yenilənməsi cəmiyyətin sosial sifarişidir. Açıq deyək, müxtəlif icra strukturlarının fəaliyyəti heç də qənaətbəxş deyil və narazılıqlara yol açır. Bir sıra hallarda yerlərdə süründürməçilik, rüşvətxorluq, məmurların səlahiyyət hədlərini aşmaları, digər belə neqativ hallar müşahidə edilir. Bu gün paytaxtda və regionlarda ayrı-ayrı icra qurumlarında vətəndaş qəbulları formal xarakter daşıyır. Bütün bunlar isə ölkədə vətəndaş məmnunluğuna əsaslanan siyasətlə daban-dabana ziddir və ölkəmizin müasir mənzərəsinə uyğun gəlmir. Prezident İlham Əliyev dövlət idarəçiliyinə o fəlsəfədən yanaşır ki, XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin.

Əslində, respublikamızda idarəetmə çərçivələrinin yenilənməsi istiqamətində ilk addımlar atılıb. Belə ki, Prezident İlham Əliyev 19 yanvar 2021-ci ildə  “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərman imzalayıb. Sənəddə də vurğulandığı kimi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər. Respublikamızda Prezidentin ilk xüsusi nümayəndəsi Vətən müharibəsində işğaldan azad edilən Şuşa rayonuna təyin edilib. Prezident İlham Əliyev 27 yanvar 2021-ci il tarixində Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib və ona Özünün dəyərli tapşırıqlarını verib.

Dövlət başçısının ölkəmizdə Prezidentin xüsusi nümayəndəsini ilk olaraq Şuşa rayonuna təyin etməsi də təsadüfi deyil. Qədim şəhər olan Şuşaya xalqımızı güclü mənəvi tellər bağlayır. Bu şəhər mədəniyyət paytaxtımızdır, bütövlükdə Azərbaycanın simvoludur. Prezident İlham Əliyev Şuşanın bərpasına çox həssaslıqla yanaşır və xüsusi nümayəndənin Onun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirəcəyinə əminliyini bildirib.  Şuşa rayonundan sonra xüsusi nümayəndəlik institutu Qarabağ iqtisadi rayonunda tətbiq edildi. Prezident İlham Əliyev 1 dekabr 2021-ci il tarixində imzaladığı Sərəncamla Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Daha bir belə təyinat 2022-ci il dekabrın son ongünlüyündə Azərbaycanın ayrılmaz hissəsi olan Naxşıvan Muxtar Respublikasında reallaşdı. Dövlətimizin başçısı dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlarını verib.

Bəs yeni idarəetmə modelindən hansı gözləntilər var? Bu sualla Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə müraciət etdik. Ölkədə yeni idarəetmə modelinə keçidi təqdir etdiyini bildirən Çingiz Qənizadə vurğulayıb: “Mənim zənnimcə, yeni idarəetmə modeli həm funksionallıq, həm də operativlik və şəffaflıq baxımından elə bir mexanizm olacaq ki, Azərbaycan vətəndaşlarının dövlət hakimiyyəti orqanlarına, onun yerli strukturlarına, parlamentə etimadını, inamını artıracaq. Mən şübhə etmirəm ki, yeni idarəetmə modelinin tətbiqi ilə vətəndaşlarımız  dövlət orqanlarından, icra qurumlarından onların hüquqları çatan istəklərini ədalətli şəkildə ala biləcəklər. Dövlət vətəndaş üçündür və icra qurumları da bu inamı öz fəaliyyətləri ilə doğrultmalıdırlar. Dövlət oqanlarının fəaliyyəti, təqdim etdikləri xidmətlər daha əlçatan olmalıdır. Naxçıvanda baş verən hadisələr, müxtəlif qurumlarda, o cümlədən də yerli icra orqanlarında vəzifəli şəxslərin həbsləri göstərdi ki, mövcud idarəetmə modelində olan boşluqlardan məmurlar sui-istifadə edirlər və daha çox varlanmaq, sərvət toplamaq istəyirlər. Bunun da nəticəsi olaraq vətəndaşlar dövlətdən narazı düşürlər. Bu baxımdan yeni model çevik və ədalətli omalıdır və yəqin ki, biz buna şahidlik edəcəyik”.

Kadrlara verilən tələblər

Yeni idarəetmə modeli Azərbaycanın yeni baxışlarını və müasir simasını əks etdirəcək. Burada heç şübhəsiz ki, kadrlar mərkəzi fiqurlar qismində çıxış edəcəklər. Kadrlar idarəetməyə yeni nəfəs və dinamizm gətirməlidirlər. Ölkəmizdə aparılan islahatların, o cümlədən də şəffaflaşdırmanın, neqativ hallara qarşı mübarizənin əhatə dairəsinin davamlı şəkildə genişləndirilməsinin, ideoloji işin, gənclərə qayğının, könüllülük hərəkatının genişlənməsinin məntiqi nəticəsi olaraq sağlam ruhlu nəsil formalaşmaqdadır. Yeni idarəetmə modelini də məhz bu nəsil irəli aparacaq və daha uğurlu edəcək. Dövlət başçısı vəzifələrə təyin etdiyi  kadrları şəxsən qəbul edir və onlara ictimaiyyət qarşısında tapşırıqlarını verir. Qarşıya qoyulan tələblər belədir: Kadrlar düzgün işləməli, əliəyriliyə yol verməməlidirlər. Biz indiyədək bir sıra hallarda bəzi məmurların yerlərdə özlərini, necə deyərlər, kiçik padşahlar kimi apardıqlarının şahidi olmuşuq. Mənəvi cəhətdən çox kasıb olan belə məmurlar insanları incidirlər, onlara yuxarıdan aşağı baxırlar. Kim onlara bu hüququ verib? Nə üçün dövlət başçısının şəxsi nümunəsi, insanlarla səmimiliyi, ehtiyacı olanlara qayğı göstərməsi bəzi məmurlara nümunə olmamalıdır? Məmurun kabinetə qapanmaq dövrü artıq keçmişdir. Kadrlar Prezidentin etimadının, onlara həvalə olunan vəzifələrin məsuliyyətini bütün miqyası ilə dəyərləndirməli və daim inkişafı, mütərəqqi yenilikləri hədəfləyən təşəbbüslər irəli sürməlidirlər.

Ölkəmizdə idarəetmə və kadr islahatlarının paralel aparılması hədəflənir. İdarəetmənin yeni çərçivələri kadrlara öz potensiallarını göstərmələrinə, təşəbbüslərini reallaşdırmalarına imkanlar yaradacaq. Eyni zamanda, onların fəaliyyətinə verilən tələblər də kifayət qədər yüksək olacaq.

İcra hakimiyyətləri, yoxsa bələdiyyələr?

Hazırda Azərbaycan cəmiyyətində aparılan müzakirələrdə tez-tez  belə bir sual səsləndirilir: İcra hakimiyyətləri mövcuddursa, onda bələdiyyələr nə üçün lazımdır? İnsanları narahat edən bu sual reallıqdan yaranır. Təəssüf doğuran haldır ki, bu gün yerli icra hakimiyyətlərinin böyük əksəriyyətinin fəaliyyəti qənaətbəxş səviyyədə deyil. Onlar yerlərdə problemləri həll etmək qayğısına qalmırlar, bir sıra hallarda memarlıq və şəhərsalma qaydaları pozulur, sahibkarlar incidilirlər. Yerli icra hakimiyyətləri bölgələrə investisiyalar cəlb edilməsinin zəruriliyini sanki tamam yaddan çıxarıblar. Digər belə neqativlər də sadalamaq mümkündür. Bütün bunlar vətəndaşlarda o qənaəti formalaşdırır ki, ölkə üzrə yerli icra hakimiyyətlərinin qalmasına heç bir lüzum yoxdur.

Bəs yerlərdə idarəetməni hansı quruma həvalə etməli? Nəzərlər bələdiyyələrə yönəlir. Ancaq burada da hər şey arzuedilən kimi deyil. Ölkədə bələdiyyələr institutu yaradılsa da, reallıqda onların fəaliyyəti az hiss olunur və yaxud heç hiss olunmur. Bir vaxtlar bələdiyyələr maliyyə mənbələrinin olmamasından şikayətlənirdilər. Bir neçə il bundan əvvəl Vergilər məcəlləsinə edilən dəyişikliklərə əsasən ayrı-ayrı vergiləri, o cümlədən də əmlak vergisini yığmaq bələdiyyələrə həvalə edilib. Bu, kifayət qədər böyük həcmdə maliyyə vəsaiti deməkdir. Bələdiyyələrin fəaliyyətində isə ətalət buzu ərimədi və heç bir dəyişiklik baş vermədi. Belə bir fikri tam cəsarətlə ifadə edə bilərik: Bu gün bələdiyyələrin böyük əksəriyyəti yerli icra hakimiyyətlərinin yedəyində gedən bir qurum olduqları reallığı ilə barışıblar. Axı qanunla bələdiyyələrə hüquqlar verilib. Bəs nə üçün bələdiyyə üzvləri bu hüquqlardan istifadə etməyə cəhdlər göstərmirlər?

Belə qeyri-formal asılılıq isə son nəticədə bələdiyyələrin nüfuzuna ciddi xələl gətirir. “Yeni idarəetmə modeli çərçivəsində icra hakimiyyətləri ləğv ediləcəkmi?” “Bələdiyyələr hansı statusda fəaliyyət göstərməlidirlər?” Qəzetimizə açıqlama verən Çingiz Qənizadə bu kimi aktual suallara cavab olaraq bildirib: “Mən idarəetmə islahatlarının yalnız bir istiqamətdə aparılacağını, yəni yalnız yerlərdə Prezidentin xüsusi nümayədələrinin təyin edilməsi ilə məhdudlaşacağını düşünmürəm. Yerli icra qurumlarının fəaliyyətində də hansısa dəyişikliklərin olacağı istisna edilmir. Mən hələlik yerli icra hakimiyyətlərinin ləğvini o qədər də məqbul saymıram. Biz icra hakimiyyətlərinin ləğvini o zaman məqbul hesab edə bilərik ki,  bələdiyyələrin statusunun yüksəldilməsi ilə məşğul olaq. Əgər yerlərdə bələdiyyələrin idarəçiliyi reallaşarsa, o zaman yerli icra hakimiyyəti orqanlarına ehtiyac qalmazdı. İndiki mövcud reallıq isə bunun əksini deyir”.

Türkiyə modelinə keçid mümkündürmü?

Müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətini dünyanın qabaqcıl ölkələrinin təcrübələri nəzərə almaqla qurur. Ayrı-ayrı ölkələrdə buraxılan səhvlər bizdə də təkrarlanmamalıdır. Bəs respublikamızda qardaş ölkə olan Türkiyənin idarəçilik modelinə keçid mümkündürmü? Bu sual təsadüfən yaranmayıb. Son illərdə Türkiyə müxtəlif sahələrdə böyük uğurlar qazanıb. Eyni zamanda, Azərbaycan bir sıra sahələrdə qardaş ölkənin təcrübəsindən bəhrələnir. Məsələn, respublikamız Silahlı Qüvvələrini Türkiyə standartlarına uyğunlaşdırmağı hədəfləyib və bu istiqamətdə real addımlar atılır. Nəticələr də müsbətdir. Belə isə nə üçün idarəetmədə də bizə hər cəhətdən yaxın olan Türkiyənin modelinə istinad etməyək? “İdarəetmə olduqca həssas bir sahədir. Burada “haradasa belədir deyə, biz də o yolu tutmalıyıq” prinsipinin tətbiqi diletantlıq olardı. Yenə də bələdiyyələrin statusu məsələsinin üstünə qayıtmaq istəyirəm. Mən Türkiyə modelinə keçməyi hələlik həm də ona görə məqbul saymıram ki, respublikamızda bələdiyyələr qardaş ölkədəki kimi yüksək statusa malik deyillər. Hesab edirəm ki, bizim bələdiyyələrin Türkiyədəki kimi yerli idarəetmədə bütün səlahiyyətləri öz üzərlərinə götürmək imkanları yoxdur.  Bu kimi məsələlərin həllini tapacağı təqdirdə qardaş ölkənin modelinə keçmək də mümkündür”.

Referenduma gediləcəkmi?

Qəzetimizə açıqlama verən Çingiz Qənizadə yeni idarəetmə modelinə keçidin ölkədə referendum keçirmək, Konstitusiya islahatları aparmaq zərurətini yaratdığını bildirib. “Bununla bağlı fərqli fikirlər var. Son vaxtlarda müxtəlif səviyyələrdə aparılan müzakirələrdə ölkədə referendum keçirilməsi və Konstitusiya dəyişikliklərinin edilməsinin zəruri olduğu barədə mülahizələr səsləndirilir. Cənab Prezident yerli televiziya kanallarına verdiyi səmimi və əhatəli müsahibəsində yeni modelin üzərində iş getdiyini bildirdi. Əgər ölkədə yeni idarəetmə modelinə keçilirsə, referenduma gedilməsi də qaçılmaz olacaq. Yeni idarəçilik modeli Konstitusiyada öz əksini tapmalıdır. Bu baxımdan da Əsas Qanuna əlavə və dəyişikliklər edilməlidir”, - deyə Çingiz Qənizadə vurğulayıb.

Seçicilərin sayı artırsa, deputatların da sayı artmalıdır

Hüquq müdafiəçisinin qənaətinə görə, ölkəmizin yeni reallıqları parlament islahatlarının aparılmasını da qaçılmaz edib. Bununla bağlı fikirlərini bölüşən Çingiz Qənizadə deyib: “Hakimiyyətin digər mühüm qolu olan parlamentə seçkilərdə müəyyən dəyişikliklərə gediləcəyi də gözləniləndir. Biz 2020-ci ildə növbədənkənar parlament seçkilərinə gedərkən, ölkədə seçicilərin sayı 5 milyon nəfərin üzərində idi. Bir neçə ay bundan öncə həm Dövlət Statistika Komitəsinin, həm də Mərkəzi Seçki Komissiyasının açıqlamalarında Azərbaycanda seçicilərin sayının artıq 6,2 milyona çatdığı qeyd olunub. Eyni zamanda, ölkə əhalisinin sayı hazırda 10 milyonu keçib. Əhalinin və seçicilərin sayı artırsa, onda parlamentdə deputatların sayı da artmalıdır. Bu baxımdan Konstitusiyanın 82-ci maddəsinə dəyişiklik edilməlidir. Çünki 1995-ci ildə qəbul olunan Konstitusiyada göstərlir ki, MM-in deputatlarının sayı 125 nəfərdir. O dövrdə əhalinin sayı 7 milyonun üstündə idi. Əhali sayında 3 milyondan çox artım olub. Biz 6,2 milyon seçici ilə növbəti seçkilərə gedəcəyiksə, deputatların sayının artırılması da mütləq öz həllini tapmalıdır”.


 

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31