Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 33 il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə...

33 il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə...

19.01.2023 [10:09]

Tariximizin kədər və qürur səhifəsi

O məşum, bədheybət hadisənin baş verdiyi tarixdən 33 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə keçmiş ittifaqın silahlanmış ordusu Bakının küçə və meydanlarında dinc insanlara qarşı misli görünməmiş vəhşiliklər törətdi. Həmin gecə baş verənlər xalqımızın qan yaddaşına yazılıb. İllər ötür. Ancaq biz o hadisələri unutmuruq və heç vaxt da unutmayacağıq.

Faciədən qaçmaq mümkün idimi?

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən Bakıya soxulan və tərkibində erməni şovinistlərinin də yer aldığı imperiya ordusu heç kimə aman vermədi- küçələrdə, meydanlarda, hətta mənzillərinin eyvanlarında görünən hər kəsi xüsusi qəddarlıqla güllə yağışına tutdu. Paralel şəkildə, respublikanın bölgələrində də qırğınlar törədildi. Ümumilikdə, Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Ölənlər və yaralananlar arasında uşaqlar, qadınlar və qocalar da var idi. Bu, dinc insanlara qarşı törədilən qanlı bir cinayət idi. Ordunun xalqa ağır hərbi texnikadan atəş açması tarixdə az rast gəlinən faktdır. Bunu keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun əmri ilə imperiya ordusu etdi. İtkilərimiz, oğul və qızlarımızın həyatlarını itirmələri, sözsüz ki, qəlbimizi göynədir. Azərbaycan xalqı hər il həmin gecə şəhidlik zirvəsinə ucalan övladlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edir.

Ancaq həmin məşum gecədə Azərbaycan xalqı həm də öz tarixinin iftixar doğuran bir səhifəsini yazdı. Kədərimiz böyükdür. Bu, başadüşüləndir. Eyni zamanda, yanvarın 19-dan 20-nə keçən gecədə minlərlə insanın azadlıq, müstəqillik istəyi ilə küçələrə, meydanlara axışmaları hər birimiz üçün bir qürur mənbəyidir. Azərbaycan xalqının tarixi şanlı səhifələrlə zəngindir. Tarixin bu və ya digər dönəmində yadellilərin torpaqlarımıza hücumlarının qarşısı mərdliklə alınıb. Həmin gecə Azərbaycan xalqı Vətənə, torpağa bağlılığını, azadlıq istəyini bir daha bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisələrindən sonra respublikamızda xalqın müstəqillik uğrunda mübarizəsi dönməz bir prosesə çevrildi. Bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayırsa və beynəlxalq birlikdə layiqli yer tutursa, buna görə həm də 20 Yanvar şəhidlərinə borcluyuq.

Baş verənlərin günahkarları kimlər idi? Ümumiyyətlə, xalqı faciədən qorumaq olardımı? Aradan üç onillikdən çox vaxt ötüb. Daha sular durulub, hadisələrə soyuq başla qiymət vermək mümkündür. Biz baş verənlərin tariximizin kədər və qürur səhifəsi olduğunu qeyd etdik. Ancaq təhlillərdən o nəticə hasil olur ki, həmin dövrdə respublikada yaranan ictimai-siyasi vəziyyət düzgün dəyərləndirilməyib. Burada həm respublikanın o vaxtkı rəhbərliyi, həm də xalq hərəkatını istiqamətləndirən qüvvələr məsuliyyət daşıyırlar. Tam qətiyyətlə söyləyə bilərik ki, həmin dövrdə proseslərə yanlış istiqamət verildi. Əslində, faciədən qaçmaq mümkün idi. Xatırlayaq.  Keçmiş ittifaqda 1985-ci ildə M.Qorbaçovun təşəbbüsü ilə başlayan yenidənqurma cəmi bir neçə ildən sonra SSRİ-nin dağılmasını labüd etmişdi. Yəni proseslər sütunları zəif olan ittifaqın parçalanmasına doğru gedirdi. Digər tərəfdən, Bakıdan əvvəl imperiya ordusu Pribaltika respublikalarında, Tbilisidə faciələr törətmişdi. Lakin o dövrdə respublikamızda təzə-təzə başlayan xalq hərəkatına soxulmuş ambisiyalı qüvvələr önə keçmək və perspektivdə hakimiyyətə gəlmək üçün insanların vətənpərvərlik hisslərindən özlərinin çirkin niyyətlərinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışırdılar. Onlar xalqa vəd edirdilər ki, Bakıya qoşun yeridilməyəcək. Digər tərəfdən, həmin dövrdə Azərbaycana Ə.Vəzirov kimi xalqdan uzaq olan kosmopolit bir şəxs rəhbərlik edirdi. O, təşəbbüssüz rəhbər idi və cəmiyyətdə  heç bir nüfuza malik deyildi. Onun yeganə məqsədi respublikada imperiyanın maraqlarını təmin etmək idi. Bax, bu iki səbəb üzündən Azərbaycan müstəqilliyinə faciədən keçərək nail oldu. Halbuki, keçmiş ittifaqın digər respublikalarında proseslər dinc məcrada inkişaf etdi və ötən əsrin doxsanıncı illərinin əvvəllərində onlar da öz müstəqilliklərinə qovuşdular.

Ulu Öndərin Moskvadan dünyaya çağırışı

Deyə bilərik ki, həmin dövrdə faciə yaşayan Azərbaycan tək qalmışdı. Keçmiş ittifaq rəhbərliyi yerli kosmopolit məmurlarla birlikdə respublikamızın ətrafında, sözün əsl mənasında, informasiya çəpəri çəkmişdi. Nəhəng ideoloji maşın yalan üyüdür, Bakının küçə və meydanlarında azadlıq uğrunda dinc mübarizəyə qalxan insanları beynəlxalq ictimaiyyətə terroristlər, qiyamçılar, silahlı dəstələr qismində təqdim edirdi. Belə ağır məqamdə o dövrdə keçmiş ittifaqdakı bütün vəzifələrindən uzaqlaşdırılsa da, Moskvada yaşayan ulu öndər Heydər Əliyev bir milli mücadilə nümunəsi ortaya qoydu. O, faciənin ertəsi günü hədə-qorxulara, təhdidlərə məhəl qoymayaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Bakıda baş verənlərlə bağlı informasiya blokadasını yardı, bütün dünyaya bir sıra mesajlarını çatdırdı. Doğma xalqı ilə bir yerdə olduğunu bildirən, dərin kədərini ifadə edən Ulu Öndər Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya yabançı, humanizmə və respublikada elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addım kimi dəyərləndirdi. “Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. Yeri gəlmişkən, deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir?

Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi?”, - deyə Heydər Əliyev sual edirdi.

Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində etdiyi çıxışında günahkarların, qırğın törədənlərin hamısının  cəzalandırılmasını istədi. Ulu Öndərin bu addımı xalq üçün böyük təsəlli oldu.

9 aydan sonra...

20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət verildi

Müstəqilliyimizin ilk illərində Azərbaycanın siyasi hakimiyyətində müxtəlif qüvvələr təmsil olunsalar da, onların heç biri 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə insanları meydanlara səsləyən “liderlər”in bir çoxu 1992-ci ilin yazında respublikada qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarında təmsil olunurdular. Təəccüblüdür ki, onlar da 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi təşəbbüsü ilə çıxış etmədilər. Sanki hər şey unudulmuş və belə bir hadisə baş verməmişdi.

Yalnız ümummilli lider Heydər Əliyevin səyləri sayəsində  20 Yanvar faciəsi özünün hüquqi-siyasi qiymətini aldı. Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı ümummilli lider Heydər Əliyev bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə  ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilib. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar faciəsi ilə bağlı mühüm sənədlər imzaladı. O cümlədən Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Ulu Öndər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31