Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Terror aktının saatı, günü və yeri...

Terror aktının saatı, günü və yeri...

28.01.2023 [10:05]

Səbəblər, versiyalar - İrandakı səfirliyimizə kim hücum edib?

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən silahlı hücum bir çox suallara yol açıb. Xatırladaq ki, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. İran tərəfi bu xain teraktı həyata keçirən şəxsin saxlanıldığını bildirib. Elə ilk açıqlamadaca İran məsələnin “şəxsi zəmində” baş verdiyini “bəyan edir”.

İranın qırmızı “xətti” - erməniyə qardaş olan Tehran

Baş verən terror aktı təsadüfi sayıla bilməz. Bir sıra siyasi ekspertlərin, hətta bir sıra xüsusi xidmət orqanlarının mütəxəssislərinin bildirdiyi kimi bu terror aktı uzun müddətdir ki, davam edən anti-Azərbaycan siyasətin, davranışın və ruhunun nəticəsidir - sifarişin haradan gəlməsindən asılı olmadan. Onsuz da İranın II Qarabağ müharibəsindən sonrakı davranışları bir sıra nəticələrə gəlməyə imkan yaratmışdı:

- Sən demə, Ermənistanın təhlükəsizliyi (!) məsələsi İran üçün “qırmızı xətt imiş;

- Ermənistan regionda İranın ən yaxın müttəfiqi imiş;

- Zəngəzur dəhlizi məsələsi İran üçün “həyati əhəmiyyət” daşıyırmış.

Beləliklə, İran açıq şəkildə Ermənistanla birgə regionun təhlükəsizliyinə birbaşa təhdid yaradan amilə çevrildiyini “diqqətə çatdırırdı”. Hətta İran özünün qoşulduğu beynəlxalq konvensiyaları belə təkzib etməkdən çəkinmirdi. Halbuki bir sıra beynəlxalq təşkilatın çərçivəsində İran Ermənistanın işğalçı olduğunu qətnamə ilə təsdiqləmişdi.

2020-ci ildə yaranan yeni reallıqlar isə artıq İran üçün “qəbuledilən” deyildi. İran vaxtilə Azərbaycanın nəzarətində olmayan tranzit yollardan rahat şəkildə istifadə etməkdən məhrum edilmişdi. Bu səbəbdəndir ki, İran açıq şəkildə Zəngəzur dəhlizinin açılmasına mane olduğunu ortaya qoyurdu. Bu dəhlizin açılmasını özü üçün “təhdid” kimi dəyərləndirirdi.

Üstəgəl, İranın son 4-5 aydakı daxili gərginlikləri - rəsmi Tehran baş verənlərin günahını apardığı despot siyasətdə axtarmaqdansa şimalda, qərbdə, şərqdə, hətta cənubunda “xəyanətkar” axtarışına çıxmışdı. Gah Səudiyyə Ərəbistanını təhdid etdi, gah İraqı “qarışdırdı”, gah Türkiyəyə çirkin niyyətlə kəşfiyyatçı göndərdi, gah da... Azərbaycanla bağlı edilənlər isə danışmaqla bitməz - ötən il ölkəmizdə

DTX-nin İranla bağlı keçirdiyi əməliyyatlar yaddaşlardadır. Hətta bu məsələdə İranın Bakıdakı səfirliyinin rolu da ifşa edilmişdi.

Yəni, artıq İranın kartları açıq idi. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarını boğan, milyonlarla azərbaycanlıya ən minimal haqqı belə tanımayan, əksinə bir ovuc erməniyə az qala “milli muxtariyyət” verən İran hədə-qorxu gələ-gələ həm də qorxurdu və bunu açıq şəkildə büruzə verirdi. Cənubi Azərbaycan şəhərlərinin küçələrində “Zəngəzur Azərbaycandır!” kimi divar yazıları İran üçün əməlli-başlı qorxuya çevrilmişdi. Və nəticədə...

Terror aktının səbəbləri, sifarişçiləri və hədəfləri...

İran öz siyasətində korrektə etməkdənsə, Qarabağda 30 il məscidləri dağıdan, İslam dəyərlərini təhqir edən müsəlmanları qətlə yetirən, işgəncə verən, zülm edən ermənilərlə qardaş olmağa üstünlük verdi. Ermənilərin terror sevgisi isə hər kəsə bəllidir. Son 200 illik tariximiz bunu deməyə əsas verir - son 200 illik tarixdə ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi terror aktlarını sadalamaqla bitməz. Köhnə - yeni “müttəfiqlər”in bu dəfəki hədəfi də Azərbaycandır.

Təbii ki, səfirliyə edilən terror hücumu araşdırılmalıdır və Azərbaycan bütün instansiyalar üzrə bunu tələb edir, buna nəzarət edəcəyini bildirir. Tehran polisinin rəisinin tələm-tələsik “şəxsi zəminə” daşımaq istədiyi bu teraktın əsl səbəbləri, sifarişçiləri və ən əsası hədəfləri bəlli olacaq. Əslində bəllidir, sadəcə “istintaq” baxımından bunu öncədən söyləmək siyasi etikaya sığışmaz...

SEPAH terrorçu təşkilat kimi tanınan an...

Səfirliyin qorunması İranın məsuliyyətindədir

Tehran polisinin rəisi, briqada komandiri Sərdar Hüseyn Rəhiminin açıqlaması, onların təbirincə desək, “ilkin versiya” şəxsi zəmin müstəvisindədir. Amma Tehran polisinin rəisinin unutduğu, bəlkə də demək istəmədiyi bəzi məqamlar var:

- Diplomatik binalar yerləşdiyi ölkənin hüquq mühafizə orqanları tərəfindən də qorunmalıdır;

- Diplomatik binaların təhlükəsizliyinə yerləşdiyi ölkələr cavabdehdir.

Bu müddəa beynəlxalq konvensiyalara əsaslanır. Tehran “polisinin” hücum zamanı harada olması, binanın qorunmasına cavabdeh olan polisin hara qeyb olması da cavabsız suallardandır. Ümumiyyətlə, son dövrlərdə SEPAH-ın terror təşkilatı kimi tanınması məsələsi onsuz da bütün dünyada aktuallıq daşıyır - hətta bəzi ölkələr, beynəlxalq təşkilatlar bunu təsdiqləyib. SEPAH-ın dünyanın “öndəgedən” terror təşkilatlarına himayədarlıq etməsi faktı da sirr deyil. Belə olan halda Azərbaycan səfirilyinə edilən xain terror hücumunun “izləri” həm də daxili arenada axtarılmamalıdırmı? Bu versiyanın “ilkin” olmasa da, sonrakı yerlərdə həqiqətə uyğunluq ehtimalı heç də az deyil...

Teraktın vaxtı - zaman Tbilisini göstərdiyi vaxtla eynidir

Bir də İrandakı səfirliyimizə edilən terror hücumunun reallaşdırıldığı dövrə nəzər salaq. Yenə ortamaraqlı mənzərə çıxır:

- Azərbaycan ilin əvvəlində bu il qəti şəkildə Ermənistanla sülh bağlayacağını bildirir;

- Azərbaycan dövləti danışıqlar prosesinin yeni mərhələsini - Tbilisi raundunu elan edir;

- ABŞ sülh gündəliyinə daha aktiv nüfuz etməyə qərar verir və Antoni Blinken Azərbaycanla məsləhətləşmə aparır;

- Nəhayət, Azərbaycan ötən dövr ərzində digər vasitəçilərin rolunu “dəyərləndirir”.

Danışıqların Tbilisi raundunun nəzərdə tutulması, ABŞ-ın məsələyə aktiv müdaxiləsi, problemin birdəfəlik həlli kimlərə sərf etmir - regionda təhlükəsizliyin təmin edilməsini istəməyən qüvvələrə. Bu qüvvələrin başında hansı ölkələr gəlir:

- Erməniyə silahı ötürən ölkələr;

- Erməniyə PUA “satan” ölkələr;

- Qarabağdakı separatçı rejimi “dəstəkləyən” ölkələr;

- Səfirliyə hücumda istifadə olunan silahın tətiyinin arxasındakı barmağı himayə edənlər.

Beləliklə, İranın “araşdıracağı” versiyalar arasında bunların da nəzərə alınması vacibdir - əks halda, araşdırma hüquqi cəhətdən tam olmayacaq...

Sadiq İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31