Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Avropa üçün Azərbaycan nümunəsi

Avropa üçün Azərbaycan nümunəsi

16.03.2023 [09:59]

Mübariz ABDULLAYEV

Prezident İlham Əliyev fəal diplomatiya sayəsində Azərbaycanın bütün dünya üçün nümunə sayılan müsbət reallıqlarını beynəlxalq birliyin diqqətinə çatdırır. Bununla da dünyada ölkəmizin nüfuzu və ona olan inam artır. Bu baxımdan dövlətimizin başçısının son vaxtlarda Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələrə uğurlu səfərləri də xarakterikdir. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində martın 13-də Berlində bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Görüşdə çıxış edən dövlətimizin başçısı Azərbaycanın uğurlu inkişafa nail olduğunu diqqətə çatdırıb.

İqtisadi inkişafda dünya rekordu

Baş verən geosiyasi proseslər, qlobal pandemiya və digər mənfi təsirlər fonunda ayrı-ayrı ölkələrin iqtisadi inkişafla bağlı ciddi problemlərlə üzləşdiyi heç kəsə sirr deyil. Ancaq respublikamız daxili resurslarına istinad etməklə və preventiv tədbirlər görməklə belə mənfi təsirləri önləməyə nail olur.  Prezident

İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat quruculuğuna nail olan ölkəyə çevrilib. Son onilliklərdə bütün dünya miqyasında öz iqtisadiyyatlarını Azərbaycan kimi ardıcıl şəkildə genişləndirən ölkələrin sayı çox azdır. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Belə ki, milli iqtisadiyyatda makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində rəqabətqabiliyyətlilik və məhsuldarlıq xeyli artıb, daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Prezident İlham Əliyevin yuxarıda bəhs olunan görüşdə bildirdiyi kimi, son 20 ildə iqtisadiyyatımızın üç dəfədən çox artması dünya rekordu hesab oluna bilər .

Ölkəmizin maliyyə müstəqilliyinin təmin olunması da böyük uğurdur. Hazırda Azərbaycan dünya miqyasında donor təşkilatlarından, beynəlxalq maliyyə qurumlarından asılı olmayan azsaylı ölkələr sırasında yer alır. Respublikamızın strateji valyuta ehtiyatları 55 milyard dolları ötüb ki, bu da Azərbaycan kimi ölkə üçün kifayət qədər böyük həcmdir. Müqayisə aparsaq görərik ki, ayrı-ayrı ölkələr məcburiyyət qarşısında qalaraq borclanma siyasətinə əl atırlar. Azərbaycan isə əksinə, xarici borcun azsayldılması strategiyasını qəbul edib. “Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan iqtisadiyyatında neft-qaz amili xüsusi yer tutur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Uğurlu enerji siyasəti sayəsində ölkəyə gələn vəsaitlərin bir hissəsi məqsədyönlü şəkildə neft və qazdan kənar sahələrin inkişafına yönəldilir. Bu da öz bəhrəsini verir. Artıq ölkə üzrə ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür.

Uğurlu inkişaf Azərbaycanı özünün əsas hədəfinə çatmasına - iqtisadi müstəqilliyə nail olmasına imkan verib. İqtisadi müstəqillik isə öz növbəsində ölkənin siyasi müstəqilliyini şərtləndirir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın inkişafı bizə öz resurlarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi.

Böyük Qayıdış” böyük vəsait tələb edir

Dövlət başçısının imzaladığı müvafiq sərəncamla təsdiqlənən sənəddə yeni strateji mərhələdə ölkəmizdə reallaşdırılması nəzərdə tutulan 5 milli prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” kimi mühüm prioritetlərdir.

Artıq “Böyük Qayıdış” milli prioritetinin həyata keçirilməsinə başlanıb. Ölkənin perspektiv planlarında təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Bildirildiyi kimi,  Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib. İşğaldan azad edilmiş ərazilərdə bütün infrastrukturu, yaşayış evlərini yenidən tikmək tələb olunur. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan postmüharibə mərhələsində bəhs olunan ərazilərdə çoxsaylı layihələrin icrasını tamamlamağa nail olub. Diqqəti çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, respublikamız işğaldan azad edilmiş təxminən 11 min kvadratkilometr ərazidə bütün yenidənqurma və bərpa işlərini sırf daxili imkanları hesabına həyata keçirir. Podrat işlərinin həyata keçirilməsinə isə dost ölkələrdən olan şirkətlər cəlb olunublar.

Bildirildiyi kimi, “Böyük Qayıdış” proqramının icrası böyük vəsait tələb edəcək. İşğaldan azad edilmiş bütün ərazilərdə bərpa və yenidənqurma işləri yeni yanaşmalar əsasında reallaşdırılır. Həmin ərazilərdə tamamilə yeni, müasir standartlar əsasında layihələrin icrası planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur bölgələri Prezident İlham Əliyev tərəfindən yaşıl enerji zonası elan olunub. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət göstərəcək. “Böyük Qayıdış” proqramının uğurla reallaşdırılmasından bəhs edən Prezident İlham Əliyev deyib: “Biz “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start vermişik. Biz proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”. 

Avropa üçün etibarlı enerji tərəfdaşı

Azərbaycanla Avropa ölkələri arasında enerji əməkdaşlığı uzun tarixi əhatə edir. Əvvəllər neft və neft məhsullarının təchizatı ilə məhdudlaşan bu əməkdaşlığa son illərdə qoca qitəyə  “mavi yanacaq” tədarükü də əlavə olunub. Beləliklə, Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığı çoxvektorlu səciyyə daşıyır. Bu gün qaz təhdidləri ilə üzləşən Avropanın öz nəzərlərini Azərbaycana dikməsi heç də təsadüfi deyildir. Respublikamız ehtiyatları 1,2 trilyon kubmetr “mavi yanacaq” həcmində dəyərləndirilən “Şahdəniz” yatağının və 2020-ci ilin son günlərində bütünlüklə istismara verilən Cənub Qaz Dəhlizinin sayəsində Avropa üçün diversifikasiya edilmiş marşruta malik yeni mənbə qismində çxış edir. Çox haqlı olaraq Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi qoca qitənin “mavi yanacaq” təchizatında keyfiyyətcə yeni bir mərhələnin başlanması kimi dəyərləndirilir. Azərbaycan özünü proqnozlaşdırılan və etibar edilən tərəfdaş kimi təsdiqləyib. Avropa ilə enerji əməkdaşlığı tarixində müqavilə öhdəliklərinin respublikamız tərəfindən bir dəfə də olsun pozulması halı baş verməyib. Buna görə də bütün Avropa məkanında ölkəmizə böyük hörmət və etimad formalaşıb. Prezident İlham Əliyev bu yaxınlarda - bir ildən az vaxt bundan əvvəl Azərbaycanın Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırıldığını xatırlayıb.  “Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik”, - deyə Azərbaycan Prezidenti bildirib.

Prezident İlham Əliyev görüşdə qaz tədarükünün artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən Azərbaycana müraciət olunduğunu diqqətə çatdırıb. Bu, böyük etimaddır. Öz növbəsində Azərbaycan tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir. Hazırda respublikamızın Avropa İttifaqı məkanında qaz təchizatının  kifayət qədər şaxələndirilmiş coğrafiyası var. Artan təchizat həcmləri Cənub Qaz Dəhlizinin genişləndirilməsi zərurətini gündəmə gətirib. Hazırda kəmər imkanlarının genişləndirməsi planlaşdırılır. Dövlətimizin başçısı 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsinin nəzərdə tutulduğunu vurğulayaraq bildirib: “Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var”.

Enerji siyasətində yeni mərhələ

Hazırda Azərbaycan özünün enerji siyasətinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalını, onun istehlakını və ixracını əhatə edir. Azərbaycanda külək və ?ünəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Həmin mənbələrdən enerji istehsalı xarici şirkətlərlə əməkdaşlıq şəraitində həyata keçirilir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Hazırda “Masdar” və “ACWA Power” şirkətləri ilə iki layihənin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayıb: “Bunlar iki qlobal enerji şirkətidir və onlar bərpaolunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə, ümid edirəm, bu yaxınlarda BP ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühiti münasibdir. Belə olmasa, onlar sərmayə yatırmazdılar”.

Azərbaycanın bərpa olunan enerji mənbələrinin coğrafiyası kifayət qədər genişdir. Ölkəmizin Abşeron yarımadası, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Bu yaxınlarda orada ekspertizanın da aparıldığını bildirən dövlətimizin başçısı deyib: “Ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq ?ünəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var”.

İstehsalın artması fonunda elektrik enerjisinin ötürülmə imkanlarının genişləndirilməsi zərurəti də gündəmə gəlib. Bildirildiyi kimi, elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir. Çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır. “Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə - Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30