Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülh prosesinin dördüncü mərhələsi...

Sülh prosesinin dördüncü mərhələsi...

17.03.2023 [10:23]

Azərbaycanın humanist mövqeyinə adekvat cavab verilməlidir

Paşinyanın “təzadlı mövqeyi” prosesi uzatmağa yönəlib Ermənistan ictimaiyyəti müharibə ehtimalını dəyərləndirir

Vətən müharibəsinin nəticələri regionda yeni siyasi reallıqlar formalaşdırıb. Tarixə qovuşmuş Qarabağ münaqişəsinin yekunlaşması da bu reallıqların tərkib hissəsidir. Azərbaycan dövləti əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edib. Qarşıdakı mərhələdə isə Ermənistanla sülh müqaviləsinin imzalanması dayanır. Bu müqavilə iki dövlət arasında ən əsas məsələlərə aydınlıq gətirəcək. Nəzərə alsaq ki, Ermənistan artıq ötən ilin oktyabrında keçirilmiş Praqa Sammitində və Soçi görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan edib, proses daha rahat şəkildə inkişaf etməlidir.

Ermənistan sadiq olarsa...

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin son iclasında bildirib ki, İrəvan tezliklə Bakının sülh müqaviləsi ilə bağlı növbəti təklifləri haqqında fikirlərini təqdim edəcək. O xatırladıb ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb və bununla da müzakirələrin 4-cü mərhələsinə başlanılıb. “Yaxın vaxtlarda müzakirə edib mülahizələrimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq”, - deyə Paşinyan bildirib.

Vurğulanmalıdır ki, sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 baza prinsipini təqdim etməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübadilə edirlər. Paşinyan isə bundan öncə də dəfələrlə “sülhə sadiq” olduğunu iddia edib - amma üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla sülh prosesini ləngitməyə çalışdığını nümayiş etdirib. Beləliklə, Azərbaycanın humanist və sülhpərvər mövqeyinə İrəvanın “cavabı” adekvat olmayıb...

Azərbaycanın yaratdığı ədalət mənzərəsi...

Ümumiyyətlə, ölkəmizin təqdim etdiyi və dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərinə nəzər saldıqda, Azərbaycanın yaratdığı ədalət mənzərəsi bir daha aydın olar. Nəzərdə tutulan ilk prinsip dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəlxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımalıdır. Bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ən mühüm addım sayıla bilər. Digər bir prinsip isə, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddiaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalqın arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı, normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur.

Üçüncü baza prinsipi isə dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prinsipləri arasında yer alır. Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Bu, qarşıdakı dövrdə ölkələr arasında normal münasibətlərin qurulmasına da stimul verən amilə çevrilər.

Yeni müharibə Ermənistan üçün daha ağır nəticələr vəd edir...

Qalib Azərbaycanın humanist mövqeyinin qarşılığında Ermənistanın davranışları qeyri-konstruktiv xarakter daşıyır. Hətta bəzi hallarda Ermənistanın davranışlarında “yeni müharibə hazırlığı” kimi ştrixlər də nəzərə çarpır. Azərbaycanın irəli sürdüyü və hər iki tərəfin maraqlarını təmin edən təkliflərdən boyun qaçırmaq kimi cəhdlər etməklə, özündən uydurma fikirlərə düşərək manipulyasiya  əl atmaq niyyəti nümayiş etdirməklə Ermənistan heç nəyə nail ola bilməyəcək. Bu amil hətta Ermənistan cəmiyyəti arasında da mühüm müzakirə predmetidir. Məsələn, baş nazirin son mətbuat konfransındakı ziddiyyətli fikirlərə münasibət bildirən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan KİV-ə açıqlamasında deyib ki, Nikol Paşinyan yeni müharibənin başlaya biləcəyini bəyan edir - əvvəlki müharibə və məğlubiyyətə görə məsuliyyət daşıyanlar isə hələ müəyyənləşdirilməyib: “Paşinyanın dilə gətirdiyi gündəm bizi addım-addım yeni eskalasiyaya aparır. Biz bu haqda danışanda Nikol insanları qorxudurdu ki, müxalifət müharibə istəyir. Mətbuat konfransında faktiki olaraq bildirdi ki, Azərbaycan onun irəli sürdüyü gündəmə əhəmiyyət vermir və istədiyi hər şeyi əldə etmək istəyir, əks halda müharibəni qaçılmaz sayır. Ya Azərbaycanın istəklərini təmin etməliyik, ya da alternativ müharibədir”.

Bu fikirlər bir daha təsdiqləyir ki, Ermənistan ictimaiyyəti hazırki situasiyanı görür - yeni müharibə Ermənistan üçün daha ağır nəticələr vəd edir. Bu mənada, Azərəbaycanın sülhpərvər təklifləri Ermənistan üçün həm də bir xilas yoludur. Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlar isə yaranacaq təhlükəsizlik arxitekturasının fonunda əməkdaşlığın gücləndirilməsidir. Bunun mümkün olması üçün isə Ermənistan özünün əsassız iddialarından geri çəkilməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və davamlı sülhün formalaşmasına töhfə verməlidir.

Erməni politoloq: Paşinyanla Ermənistan sülh yolu ilə deyil, sərt müharibə yolu ilə gedir

Qeyd edilməlidir ki, Nikol Paşinyanın son mətbuat konfransı Ermənistanın ictimai-siyasi kluarlarında ciddi müzakirəyə səbəb olub. Politoloq Yervand Bozoyan “Hraparak” nəşrinə müsahibəsində bildirib ki, Paşinyanın yeni mesajı müharibə ehtimalının etirafıdır. Onun fikrincə, 2023-cü ildə sülhə imza atılmasa, müharibə başlayacaq: “Burada yeni heç nə yoxdur. Nikol Paşinyan həll yolunun nə olduğunu demir. O, əslində erməni xalqına deyir: erməni xalqı, əgər mən bir neçə ay ərzində yeni güzəştlərə getməsəm, yeni müharibə başlayacaq. Bu, onun dediklərinə çox oxşayır, Qarabağı təslim etməsək, Ermənistan məhv olacaq. Sabah eyni şeyi Sünik bölgəsi haqqında da deyəcəklər. İnsanlar dərk etməlidirlər ki, Paşinyanla Ermənistan sülh yolu ilə deyil, sərt müharibə yolu ilə gedir”.

Beləliklə, erməni ictimaiyyəti də anlayır ki, Paşinyan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və Azərbaycan torpaqlarındakı silahlı birləşmələrini tam çıxarmalıdır. Üçtərəfli razılaşmanın ən mühüm bəndlərindən biri kimi xarakterizə olunan bu müddəa sülhün formalaşması üçün də əsas şərtlərdən biridir. Azərbaycan sülh prosesinə sadiqdir, amma BMT nizamnaməsinin 51-ci maddəsi ilə özünə məxsus olan hüquqlarını da qoruyur.  Ölkəmizin bu hüququndan istifadəsi isə qarşı tərəf üçün mühüm nəticələrə yol aça bilər.

Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa...

Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Beləliklə, Paşinyan sülh prosesinin dördüncü mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda, Azərbaycan yenidən öz hüququndan istifadə etməli olacaq. Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istərsə də vasitəçi tərəflər üçün aydındır. Ermənistanın yeni manipulyasiyaları, müharibə “anonsları” isə ona baha başa gələ bilər. Onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Prezident İlham Əliyev ilin əvvəlində yerli televiziyalara müsahibəsində  bildirmişdi ki, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər: “Mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31