Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ədalətsiz və mənfi münasibətin sirri...

Ədalətsiz və mənfi münasibətin sirri...

30.03.2023 [10:34]

Fransa əsl simasını göstərdi

Mübariz ABDULLAYEV

Artıq tarixdə qalmış Dağlıq Qarabağ problemi nə üçün üç onillik ərzində öz həllini tapmadı? Cənubi Qafqazın ən geridə qalmış miskin ölkəsi olan Ermənistan işğalı on illiklər ərzində davam etdirməyə və BMT-nin məlum qətnamələrini yerinə yetirməməyə özündə necə cəsarət tapırdı? Dünya praktikasında oxşar hallarda təcəvüzkar dövlətlərə qarşı vaxt itirilmədən sərt cəza tədbirləri görüldüyü halda Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini işğal altına alan Ermənistan hansı səbəblərə görə sanksiyalardan kənarda qalırdı? İndi sular durulur və bu kimi suallara daha konkret cavab vermək mümkündür. Ermənistanı cəsarətləndirən bu ölkəyə himayədarlıq edən havadarları olub. Məhz onların sayəsində işğalçı dövlət uzun illər ərzində beynəlxalq hüquq normalarına arxa çevirib və özünü cəzasızlıq mühitində hiss edib. Bu ölkəyə havadarlıq edən qüvvələr sırasında isə Fransa öndə gəlir.

Keçmiş  Minsk qrupunun riyakarlığı

Əlbəttə, işğalçı dövləti himayə etmək Fransanın tez-tez bəyan etdiyi prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir. Fransanın öyündüyü dəyərlərdən biri demokratiyadır. Ancaq demokratiya hara, Afrikada müstəmləkəçilik siyasətini davam etdirmək, Cənubi Qafqaza əl uzadıb burada işğalçı Ermənistanın başına çətir tutmaq hara? Dövlətimizin başçısı İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib. Qəbulda Prezident İlham Əliyev keçmiş Dağlıq Qarabağ münaqişəsinin üç onillik ərzində uzanmasının bəzi məqamlarına diqqət çəkib. Burada Fransanın da həmsədr olduğu Minsk qrupunun “töhfələri” xüsusi qeyd edilməlidir. Minsk qrupunun təmsilçiləri Bakını, İrəvanı su yoluna döndərmişdilər- tez - tez gedib gəlirdilər, özlərini masa arxasında hansısa müzakirələr aparan kimi göstərirdilər. Ancaq onların işi əslində işğalşı Ermənistanla torpaq itkilərinə məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoymaqdan uzağa getmirdi. Vasitəçilər ədalətli yanaşma ortaya qoymalı, hər şeyi öz adı ilə çağırmalı idilər. Bunun əvəzində biz onlardan ikili yanaşma və riyakarlıq görürdük. “Xüsusilə bildirməliyəm ki, uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə, Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı. Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər. İndi - müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 Fransanın açıq-aşkar ermənipərəstliyi

Fransa ilə Ermənistanın münasibətləri o qədər sıcaqdır ki, onlar bir-birlərinə bacı deyirlər. Bu, onların öz işidir, bir-birlərini necə istəsələr, çağıra bilərlər. Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə açıq-aşkar birtərəfli yanaşması isə narahatlıq doğurmaya bilməz. Bu ölkənin qatı ermənipərəstliyinin müxtəlif amillərdən qaynaqlandığını qeyd edə bilərik:

1.Lobbi maraqları. Burada bir xatırlatma etmək yerinə düşər: Zamanında Heydər Əliyev Fransanın sabiq prezidenti Fransua Mitteranla görüşüb. Sabiq dövlət müşaviri Vəfa Quluzadə xatırlayırdı ki, Heydər Əliyev ermənilərin işğal altına aldıqları ərazilərin qeyd edildiyi Azərbaycan xəritəsini Fransua Mitterana göstərərək orada törədilmiş dəhşətli etnik təmizləmələr barədə məlumat verib. F. Mitteran hər şeyi anladığını, lakin “ermənilər Fransaya yaxın xalq olduqları” üçün heç bir tədbir görə bilməyəcəyini etiraf edib.

Bu etirafda, əslində, Fransanın dövlət siyasəti əks olunub. Biz birmənalı şəkildə Fransanın siyasi hakimiyyətinin bu ölkədə yaşayan erməni lobbisinin girovluğunda qaldığı qənaətini ifadə edə bilərik. Ölkədə demokratik dəyərlərin lobbi maraqlarına qurban verildiyini müşahidə etmək təəssüf doğurur. Bu gün Fransa prezidenti Emmanuel Makronun Ermənistanı hər vəchlə dəstəkləməyi özünə borc sanmasını yalnız mənəvi öhdəlik kimi dəyərləndirmək mümkün deyil. Ortada Fransanın digər siyasiləri kimi, E.Makronu da qayğılandıran başqa səbəblər var. Söhbət seçkilərdə Fransadakı güclü maliyyə imkanlarına malik böyük erməni icmasının dəstəyini qazanmaq istəyindən, bu qəbildən olan digər bağlılıqlardan, asılılıqdan və korporativ maraqlardan gedir. Verilən məlumatlara görə, Fransada 700 mindən çox erməni yaşayır. Bildirilir ki, burada ermənilər özlərini Ermənistandakından daha rahat hiss edirlər. Onların ana dilində təhsil almalarına, öz dillərində qəzet-jurnal buraxmalarına, təşkilatlanmalarına, Ermənistana dəstək fondları yaratmalarına, biznes fəaliyyətlərinə “yaşıl işıq” yandırılır. Fransanın siyasi rəhbərliyinin, hökumət rəsmilərinin bir əli daim erməni icmasının başını tumarlamaqdadır ki, bunun da səbəbləri bəllidir: Fransanın erməni əsilli vətəndaşlarının səsini almaq, lobbinin maliyyə imkanlarından bəhrələnmək. Digər siyasilər kimi, E.Makron da bu məqamın fərqindədir. Onu da ilgiləndirən əsas məsələ seçki marafonlarında öz arxasında ermənilərin etimadını, səsini  və ən başlıcası maliyyə dəstəyini hiss etməkdir.

2.İslamofobiya amili. Fransanın demokratik dəyərlərindən geri çəkildiyi bu ölkədə bir növ dövlət siyasəti səviyyəsinə yüksələn İslamofobiyanın timsalında da qabarıq şəkildə nəzərə çarpır. Bu ölkənin onilliklər boyunca Afrikada davam etdirdiyi müstəmləkə siyasətinin həm də irqçiliyə əsaslandığı heç kəsə sirr deyil. Bunun təzahürlərini, həmçinin ölkədə İslam dininə etiqad bəsləyən insanların diskriminasiyaya məruz qalmalarında müşahidə etmək mümkündür. Bunu Fransa cəmiyyətinin təmsilçiləri də etiraf edirlər. Bu ölkədə müxtəlif auditoriyalarda müsəlmanların Fransa cəmiyyətini zəbt etmələrinə dair mesajlar verilir. Eyni zamanda, İslam dininə mənsub insanlardan məsafə saxlanılır və onlar potensial terrorçu kimi təqdim edilirlər. “Fransada siz öz inancınıza məxsus hansısa atributla gəzsəniz, bu, qeyri-qanuni hesab olunacaq”. Bu sözləri politoloq və ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “Fransada islamofobiya” adlı aralıq sessiyada deyib. “Artıq Fransa hökuməti hərəkətləri yox, düşüncələri kriminallaşdırır. Müsəlman vətəndaşların fikirləri kriminallaşdırılır”, - deyə politoloq əlavə edib.

3.Türkiyəyə qarşı yönələn siyasət. Fransada Türkiyəyə qarşı qısqanclıq həmişə yaşanıb. E.Makron iqtidarı isə bunu daha da irəli aparıb. Biz bilirik ki, Fransanın siyasi hakimiyyəti Türkiyəyə və İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Deyə bilərik ki, bu nəşr Fransa rəsmilərinin danışan dillərinə və görən gözlərinə çevrilib. Nəşrin səhifələrində dəfələrlə Türkiyəni və İslam dinini, Məhəmməd peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib. Belə görünür ki, “Charlie Hebdo” jurnalı özünün pis ənənəsini davam etdirir. Bunu həm də Fransanın siyasi hakimiyyətinin mövqeyi kimi qəbul etmək mümkündür. Bir qədər bundan əvvəl “Charlie Hebdo” nəşri  sosial şəbəkələrdə Türkiyədəki zəlzələ ilə bağlı nifrət dolu paylaşım edib. Nəşrin hazırladığı karikatura jurnalın “Tvitter” hesabında “Günün fotosu” həştəqi ilə paylaşılıb. Paylaşılan fotolara “Türkiyədə zəlzələ”, “Tank göndərməyə ehtiyac yoxdur” yazıları ilə şərhlər verilib.

4.Azərbaycanın Avropada artan nüfuzu.

Bu gün Azərbaycan məlum geosiyasi gərginliklər fonunda kəskin enerji böhranı yaşayan Avropa üçün xilaskar rolunda çıxış edir. Respublikamızın “qoca qitə”nin enerji xəritəsini yenilədiyi fikrini qətiyyətlə ifadə edə bilərik. Əvvəlki mərhələdə Azərbaycan Avropaya yalnız neft və neft məhsulları ixrac edirdi. 2021-ci ildən etibarən Azərbaycanla “qoca qitə” arasında enerji dialoqunun mavi yanacaq təchizatını əhatə edən  ikinci mərhələsi başlayıb. Öhdəliklərini ləyaqətlə yerinə yetirən respublikamız 2027-ci ilədək Avropaya qaz ixracını iki dəfə artırmağı hədəfləyib. Perspektivdə isə enerji dialoqunun yeni səhifəsi açılacaq. Belə ki, Xəzər sahillərindən Avropanın ayrı-ayrı ölkələrinə alternativ mənbələrdən alınan “yaşıl enerji” ixrac olunacaq. Hazırda “qoca qitə”də Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək istəyən ölkələrin sayı getdikcə artır. Bu sırada İtaliya, Albaniya, Rumıniya, Bolqarıstan, Serbiya və digər ölkələr yer alırlar. Biz Avropada Azərbaycan Prezidentinin nüfuzunun Fransanın dövlət başçısının nüfuzunu qat-qat üstələdiyi fikrini də qətiyyətlə ifadə edə bilərik. Bütün bunlar isə Ermənistanın böyük bacısını, o cümlədən də E.Makronu məmnun edə bilməz.

E.Makronun yırtılan maskası

Deyə bilərik ki, Fransa ermənipərəst siyasətinin forma və metodunu şəraitə uyğun dəyişməyə çalışır. Xatırlayaq: Minsk qrupunun triosunda Fransa ermənipərəstliyini bir qədər  pərdələməyə nail olurdu. 44 günlük müharibədə Azərbaycan Ordusu qələbələr qazandıqca və irəlilədikcə bu ölkənin rəsmilərinin, o cümlədən də prezident Emanuel Makronun maskası tamam yırtıldı. Fransadan Ermənistana siyasi dəstək verilir və təyyarələrlə yardımlar, hərbi yüklər göndərilirdi. Bunlar bir nəticə vermədi və Fransanın dəstəklədiyi işğalçı dövlət kapitulyasiyaya məruz qaldı. Prezident İlham Əliyev Fransanın postmüharibə mərhələsində Azərbaycana münasibətdə daha da aqressivləşdiyinə diqqət çəkərək bildirib: “İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən - İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni, bütün bunlar göz qabağındadır, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər”.

Postmüharibə dövründə Fransanın Azərbaycana aqressiv münasibət sərgiləməsini əks etdirən faktların sayı-hesabı yoxdur, desək, əsil həqiqəti ifadə etmiş olarıq. Onlardan bir neçəsinə diqqət çəkək. Prezident E.Makronun Fransadakı erməni lobbisinin sufluyoru rolunda çıxış etməsindən başlayaq. E.Makron bir qədər bundan əvvəl yerli mətbuata müsahibəsində işğalçı ölkəyə heç bir əndazəyə sığmayan dəstək ifadə etdi. Daha sonra Fransa Prezidenti Münhendə açıq mətnlə gələcəkdə də Ermənistanın arxasında dayanacağını bildirdi. Ötən ilin sonlarında bu ölkə parlamentinin hər iki palatasında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul olundu. Bütün bunlardan sonra Fransa BMT Təhlükəsizlik Şurasında respublikamızın əleyhinə qətnamə qəbul edilməsi təşəbbüsünü irəli sürdü. E.Makron Avropa İttifaqının Ermənistana çoxillik missiya göndərilməsi ilə bağlı qərar verməsinə xüsusi canfəşanlıq göstərib. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanla razılaşdırılmadan Ermənistana göndərilən bu missiya mülki adlandırılsa da, onun tərkibində Fransa jandarmeriyasının qüvvələri də yer alır.

Fransa bir böyük bacı kimi Ermənistanın başını sığallamaq cəhdini növbəti dəfə Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində nümayiş etdirdi. Cerba Zirvə Görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyilə Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunub. Lakin qurumdakı Azərbaycana dost dövlətlər həm sammitdə Ararat Mirzoyanın qərəzli bəyanatına, həm də bəhs olunan qətnamə layihəsində yer alan ölkəmizə qarşı müddəalara kəskin etirazlarını bildiriblər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib.

Bəli, lobbi maraqlarına görə demokratik ənənələrini ayaqlar altına atan Fransanın canfəşanlığı heç bir nəticə vermir və daim iflasa uğrayır. Bunun ən əsas səbəbi, zənnimizcə, Azərbaycanın haqlı mövqeyi, beynəlxalq prinsiplərə əsaslanan siyasət həyata keçirməsidir. Ermənistanın və onun havadarlarının beynəlxalq birliyi aldatmaq cəhdləri bumeranq effekti verərək özlərinə zərər gətirir.

Brüssel formatına xələl gətirən Fransa

Fransanın Ermənistana heç bir əndazəyə sığmayan bacılığı, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə irəliləyən Brüssel formatını da ciddi şəkildə zədələyib. Xatırladaq ki, indiyədək Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə bir neçə görüşü baş tutub. Liderlər arasında Brüsseldə ilk görüş 2021-ci il dekabrın 14-də keçirildi. Brüssel formatında sonuncu görüş isə 2022-ci il 6 oktyabr tarixində  Praqada Azərbaycan Prezidenti İlham  Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Ermənistanın baş naziri Nikol Paşinyanın və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə baş tutdu. Görüşdən sonra verilən bəyanatda bildirildi ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər. Ötən ilin dekabrında isə Brüssel formatında liderlərin gözlənilən görüşü baş tutmadı. Buna səbəb Ermənistanın şərti oldu. Məğlub ölkə Fransa prezidentinin də liderlərin görüşünə qatılmasını təkid etdi. Bu, qeyri-adekvat şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Azərbaycanın sərt mövqeyini şərtləndirən əsas amil odur ki, Fransa özünün münaqişə tərəfi olan Ermənistanın havadarı kimi aparır. Daim Ermənistanın maraqlarından çıxış edən Fransanın Brüssel formatında iştirakını hansı məntiqlə əsaslandırmaq mümkündür?

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30