Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hər yerdə inkişaf

Hər yerdə inkişaf

26.07.2023 [10:10]

Paytaxtdan regionlara doğru...

Mübariz ABDULLAYEV

Azərbaycanın hərtərəfli inkişafı bütün dünyada nümunəvi model kimi qəbul olunur və təqdir edilir. Ölkəmizə gələn əcnəbilər bir qayda olaraq paytaxt Bakıda və regionlarda şahidi olduqları böyük quruculuq işlərindən məmnunluqlarını ifadə edir, belə sürətli dəyişiklikləri dünyanın heç bir yerində müşahidə etmədiklərini bildirirlər. Bir qədər bundan əvvəl  Prezident İlham Əliyevdən müsahibə alan Çinin “China Media Group” media korporasiyasının müxbiri də Bakıda, regionlarımızda gördüklərindən vəcdə gəldiyini gizlətməyib və dövlətimizin başçısı ilə müsahibəyə - həmin müsahibə iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb - bu sözlərlə başlayıb: “Biz yalnız üç gündür Bakıdayıq. Ölkənizin və şəhərin nə dərəcədə müasir olması bizdə dərin təəssürat yaratdı və getdiyimiz hər yerdə bir Azərbaycan elementi var”.

Dünyada paytaxtlarla əyalətlərin inkişaf fərqi

Hazırda paytaxtlarla, iri şəhərlərlə əyalətlər arasında fərqin artması bütün dünyada narahatlıq yaradan məsələlərdəndir. Müşahidə edirik: Bir sıra ölkələrdə inkişaf əsasən, iri şəhərlər, ələlxüsus da sənaye mərkəzləri ətrafında təmərküzləşir. Beləliklə, əyalətlər, necə deyərlər, gözdən-könüldən uzaq düşür, inkişafla bağlı ciddi problemlər yaşanır. Bunun təsdiqi olaraq iki qonşu ölkənin mənzərəsinə diqqət çəkək.

Şimal qonşumuz Rusiyanın paytaxtı Moskva dünyanın əzəmətli şəhərlərindən biridir. Gündüz həyatı qaynar keçən, gecələr işıq selinə qərq olan Moskva meqapolis kimi inkişaf edir. Ancaq şəhərin mərkəzindən uzaqlaşdıqca, eləcə də regionlara doğru irəlilədikcə şəhər və kəndlərin tamam fərqli mənzərəsinə şahidlik edirsən. Paytaxtdakı super yeniliklərdən əyalətlərdə əsər-əlamət yoxdur. Tikililərin böyük əksəriyyəti, infrastruktur obyektləri keçmiş sovet dönəminə aiddir.

İndi isə cənub qonşumuz İrana səyahət edək. Yenə də paytaxt Tehran meqapolis kimi diqqət çəkir. Əyalətlərdə isə səfalət, gerilik hökm sürür. Xüsusilə də bu ölkənin azərbaycanlılar yaşayan bölgələrinin mənzərəsi ürək dağlayır. Bu yerlərdə kəskin urbanizasiya proseslərinin getdiyi müşahidə edilir. İran zəngin eneji resurslarına malik olsa da, kəndlərin əksəriyyətinin qaz təminatı yoxdur.  Kənd evləri necə gəldi tikililərdən ibarətdir. Müasir texnologiyalar əyalət bölgələrinə hələ də gəlib çatmayıb.

Sadalanan iki nümunə ilə Azərbaycanın müqayisəsini apardıqda fərqin yerlə göy qədər olduğu fikrini tam cəsarətlə ifadə edə bilərik. Bu fərq həm paytaxtın inkişaf konsepsiyasında, həm də regionlara münasibətdə aydın şəkildə nəzərə çarpır.

Müasirliklə qədimliyin vəhdətində inkişaf edən Bakı

Bu gün doğma paytaxtımızın küçələrini, prospektlərini, meydanlarını, parklarını qısa ekskurs etmək kifayətdir ki, Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycanın qüdrəti barədə konkret təsəvvür yaransın. Bakı dünyanın paytaxt şəhərləri sırasında özünəməxsus yer tutaraq Azərbaycanı beynəlxalq aləmə çox yüksək səviyyədə təqdim edir. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində şəhərlərimizin, o cümlədən də Bakının inkişaf konsepsiyasına diqqət çəkib. “Bakıda gördükləriniz müasirliklə ənənələrin qovuşmasıdır və hesab edirəm ki, onlar bir-birinə qarşı çıxmır, bir-birinə zidd deyil. Bu, məqsədyönlü şəkildə edilib, çünki Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda, şəhərə inkişaf etmək imkanı verilməlidir. Bakıda hər iki məqamı duya bilərsiniz”.

Paytaxt Bakının inkişaf konsepsiyası ayrı-ayrı meqapolislərdə müşahidə edilən “hər şeyin dağıdılaraq yenidən tikilməsi” praktikasından tamam uzaqdır. Bu gün paytaxtımızın qədimliklə müasirliyin unikal vəhdətində inkişafından sonsuz qürur hissi keçiririk. İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı, digər belə daş abidələr zəngin tariximizi yaşadır, xalqımızın şəhərsalma mədəniyyətinin hələ bir neçə əsr bundan əvvəl də yüksək səviyyədə olduğunu təsdiqləyir. Əlamətdar haldır ki, son illərdə Prezident İlham Əliyevin tapşırığı əsasında paytaxtımızın bir sıra qədim tikililərində, o cümlədən də İçərişəhərdə yüksək zövqlə təmir-bərpa işləri həyata keçirilib, onlara ikinci həyat bəxş edilib. 2013-cü ildə Bakıda heç də adi olmayan hadisə baş verdi - Füzuli küçəsindəki 39 saylı bina yolun genişləndirilməsi ilə əlaqədar olaraq təxminən 10 metr geriyə sürüşdürüldü. Məsələ burasındadır ki, 1908-ci ildə neft maqnatları olan Hacınski qardaşları tərəfindən inşa etdirilən həmin bina tarixi memarlıq əhəmiyyəti daşıyır. Füzuli küçəsinin genişləndirilməsi ilə əlaqədar binanın taleyi məsələsi gündəmə gəlmişdi. Bakının hər bir memarlıq elementinə böyük önəm verən Prezident İlham Əliyev tarixi əhəmiyyətli tikilinin qorunması ilə bağlı tapşırıqlarını verdi və beləliklə də, “Hacınski qardaşlarının evi” kimi məşhur olan bina öz tarixi görkəmində qorunub saxlanıldı. Sürüşdürmə prosesini Prezident İlham Əliyevin şəxsən izləməsi dövlət başçısının bütövlükdə, Bakının tarixi simasının qorunmasına çox böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.

Bakının qədim simasının qorunması tarixi irsimizə verilən böyük dəyər olaraq çox vacib məqamdır. Eyni zamanda, bu gün göz önündə əzəmətli tikililəri, yeni memarlıq abidələri ilə diqqəti çəkən müasir Bakının formalaşması da hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaradır. Bir tərəfdə tarixin daş yadigarları, digər tərəfdən isə son dərəcə əzəmətli müasir tikililər, yeni gözəllik rəmzləri. Bunlar ilk baxışda təzadlı görünsə də, xalqımızın öz keçmişinə sıx tellərlə bağlılığını, ənənələri yaşatmasını, eyni zamanda, daim müasirliyə can atmasını, inkişafın ardıcıllığını təmin etməyə çalışdığını təsdiqləyir. Qədimliklə müasirliyin unikal vəhdəti Bakının özünəməxsus simasını formalaşdırır.

Bakının inkişafına davamlı diqqət və qayğı göstərən Prezident İlham Əliyev şəhərdə aparılan tikinti-quruculuq işlərinə böyük tələbkarlıqla yanaşır. Dövlət başçısının qəti mövqeyi belədir ki, şəhərdə yeni tikililər ucaldılarkən yer düzgün seçilməli, binaların fasadında, daxili tərtibatında ən mükəmməl memarlıq həllərinə üstünlük verilməli və keyfiyyətli inşaat materiallarından istifadə edilməlidir.

Son illərdə şəhərimizdə yaradılan yeni gözəllik rəmzlərinin əksəriyyətinin memarlıq həlli məhz dövlət başçısının bəyan etdiyi kriteriyalar əsasında formalaşıb. Bakının yeni rəmzləri sırasında 2012-ci ildə istifadəyə verilən Heydər Əliyev Mərkəzinin əzəmətli binası xüsusi yer tutur. Dünya şöhrətli memar Zaha Hadidin layihələndirdiyi binada düz xətlərdən istifadə olunmayıb. Bina dalğavari şəkildə yerdən səmaya yüksəlir və sonradan süzülərək yenidən yerə qovuşur ki, bu da sonsuzluğu təcəssüm etdirir.

Şəhərimizdə Bakının tarixi simvolunu - üç alovu əks etdirən möhtəşəm tikililərdən ibarət təkrarsız memarlıq ansamblı yaradılıb. Dağüstü hissədə inşa olunan 39, 37 və 34 mərtəbəli tikililər şəhər üzərində əbədi yanan üç alov dilini xatırladır. Şəhərin hər yerindən görünən “Alov qüllələri”nin üzərində gecələr böyüdülərək əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir azərbaycanlının qəlbində sonsuz iftixar hissi yaradır.

Təbii ki, Bakının yeni gözəllik rəmzlərinin hamısı haqqında bir qəzet məqaləsində geniş söhbət açmaq mümkün deyil. Zənnimizcə, buna heç lüzum da yoxdur. Əsas olan odur ki, dövlət başçısının diqqət və qayğısı sayəsində şəhərimizin memarlığı əhəmiyyətli dərəcədə zənginləşib və doğma Bakımızın siması daha da cəlbedici olub.

Bütün ölkə boyunca tarazlı inkişaf

Respublikamızda inkişaf bütün ölkə boyunca təmin olunur. 2004-cü ildən bəri Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi ilə inkişafın fərqli modelinin tətbiqinə başlayıb. Bu model özündə ölkənin bütün bölgələrinin tarazlı inkişafını ehtiva edir. Başqa sözlə desək, paytaxtın və regionların  tarazlı inkişafının təmin olunması strateji məqsəd kimi qarşıya qoyulub və son 20 ildə bu hədəfə doğru inamlı addımlar atılıb. Respublikamızda Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olunub. İndiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda yeni Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir.

Azərbaycanın hər bölgəsinin özünəməxsus iqtisadi potensialı var. Dövlət proqramları hazırlanarkən bölgələrin iqtisadi resursları, əmək ehtiyatları və əlbəttə ki, həlli vacib olan məsələlər, insanların istəkləri nəzərə alınıb. Bütün bunlar isə regional inkişaf proqramlarının uğurlu icrasını şərtləndirir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi regional inkişaf strategiyasında bütün ölkə üzrə yüksək səviyyəli infrastrukturun yaradılması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Dövlət başçısı dəfələrlə belə bir fikri əsaslandırıb ki, zəruri infrastruktur yaradılmadan ölkə üzrə iqtisadi inkişafı təmin etmək mümkün deyil. Prezident İlham Əliyev infrastruktur quruculuğuna həm də insanların həyatı ilə sıx şəkildə bağlı olan sosial məsələ kimi baxır. Beləliklə, əgər bütün ölkə üzrə yüksək səviyyəli infrastruktur varsa, deməli, inkişaf da olacaq, insanların məmnunluğu da artacaq.

Respublikamızda regional inkişaf proqramları çərçivəsində reallaşdırılan infrastruktur quruculuğu ölkənin bütün bölgələrini əhatə etməklə müxtəlif istiqamətlərdə aparılır.  Ölkə üzrə yol layihələrinin icrası geniş vüsət alıb. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında bu gün regionlarda kənd yolları da yüksək səviyyədə yenidən qurulur. Hazırda ölkə üzrə qazlaşdırmanın səviyyəsi 96 faizi ötüb, hətta ucqar dağ kəndlərinə belə “mavi yanacaq” xətləri çəkilib. Bir vaxtlar ölkənin regionlarının elektrik enerjisi təminatında çox ciddi çətinliklər yaşanırdı. Ancaq regional inkişaf proqramları çərçivəsində görülən işlərin nəticəsi olaraq ölkə üzrə elektrik enerjisi ilə təchizatda hər hansı bir problem yaşanmır. Son 20 ildə ölkə üzrə çoxsaylı su layihələri reallaşdırılıb. Nəticədə, regionların içməli və suvarma suyu ilə təminatında vəziyyət köklü şəkildə dəyişib. Bütövlükdə, hazırda Azərbaycanın infrastruktur təminatının dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə yüksəldiyi qənaətini tam əminliklə bölüşə bilərik. Əsas məqamlardan biri də ondan ibarətdir ki, paytaxt Bakıda olduğu kimi, regionlarda da infrastruktur quruculuğunda, abadlıq-quruculuq işlərində eyni yüksək standartlar tətbiq olunur.

Heydər Əliyev Fondunun töhfələri

Bütün ölkə üzrə aparılan quruculuq-abadlıq işlərinə Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da sanballı töhfələr verir. Ötən müddət ərzində Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində paytaxtda və regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri inşa və əsaslı təmir edilib, əhalinin səhiyyə problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Fond öz fəaliyyətində xalqa və vətənə xidmət yolunu əsas seçib.

2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qurumun “Regional İnkişaf” İctimai Birliyi təsis edilib. Başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərmək olan “Regional İnkişaf” İctimai Birliyi, eyni zamanda, vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. İctimai Birlik regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli, vətəndaşların qanunvericilik aktları ilə müəyyən edilmiş hüquqlarının qorunması istiqamətində tədbirlər həyata keçirir. İndiyədək İctimai birlik tərəfindən paytaxt Bakıda və regionlarda ekologiyanın qorunması, çimərliklərin təmizlənməsi, abad məhəllərin yaradılması və digər istiqamətlərdə çoxsaylı layihələr reallaşdırılıb.

Heydər Əliyev Fondu postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə tarixi mədəni-dini abidələrin bərpasını həyata keçirir. Qısa müddətdə Şuşada və işğaldan azad edilmiş digər ərazilərdə ayrı-ayrı abidələrin bərpası tamamlanıb, digərlərində isə işlər sürətlə davam etdirilir.  

Paylaş:
Baxılıb: 462 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31