20 ildə 20 min kilometr yol!
27.10.2023 [10:05]
Son 20 ildə Azərbaycanda müasir infrastruktur quruculuğu geniş vüsət alıb. Qürurverici haldır ki, respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasına yüksəlib. Yaradılan müasir infrastruktur obyektləri bir tərəfdən bütün ölkə üzrə iqtisadi inkişafa təkan verir, digər tərəfdən isə insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir. Buna görə də dinamik iqtisadi inkişafı və yüksək rifah cəmiyyəti quruculuğunu hədəfləyən Azərbaycan dövləti Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq paytaxtda və bölgələrdə müxtəlif təyinatlı infrastruktur layihələrinin həyata keçirilməsinə dövlət büdcəsindən böyük həcmlərdə investisiya yönəldilməsini təmin edir.
Yol infrastrukturunun yenilənməsində kifayət qədər zəngin olan statistika
Azərbaycanın son 20 ildə məqsədyönlü şəkildə həyata keçirdiyi müasir infrastruktur quruculuğu siyasətinin konkret nəticələrini bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsinin timsalında aydın şəkildə görmək mümkündür. Bəhs olunan dövrdə respublikamızda kifayət qədər yüksək səviyyəli yol-nəqliyyat infrastrukturu yaradılıb.
Azərbaycan öz inkişafını planlı şəkildə təmin edir. Məlum olduğu kimi, 2004-cü ildən etibarən respublikamızda regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları reallaşdırılır. Eyni zamanda Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair müvafiq proqramlar qəbul olunub. Həmin sənədlərə istər bölgələrdə, istərsə də paytaxt Bakıda və şəhərətrafı qəsəbələrdə yeni yolların çəkilməsinə və yaxud mövcud yolların əsaslı şəkildə bərpasına aid çoxlu layihələr daxil edilib.
Biz son 20 ildə ölkə üzrə yol infrastrukturunun yenilənməsinin bir neçə istiqamətdə aparıldığını qeyd edə bilərik. Bu sırada
1. Beynəlxalq əhəmiyyətli yolların yenidən qurulmasını,
2. Yerli əhəmiyyətli və kənd yollarının yenidən qurulmasınını,
3. Paytaxt Bakının müasir yol infrastrukturunun yaradılmasına xüsusi yanaşmanı fərqləndirmək mümkündür.
Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək özünün tranzit imkanlarını genişləndirməyi hədəfləyib. Respublikamızın ərazisindən Şərq-Qərb, Şimal-Cənub kimi mühüm beynəlxalq dəhlizlər keçir. Ölkəmiz həmçinin indiki geosiyasi reallıqlar fonunda önəmi daha da artan Orta Dəhlizin ən mühüm həlqələrindən biridir. Azərbaycan Avrasiyada və Türk dünyasında yeni mühüm bağlantı olacaq Zəngəzur dəhlizinin yaradılmasına da güclü siyasi iradə nümayiş etdirir. Son 20 ildə əlverişli marşrutlar yaradılmaqla beynəlxalq dəhlizlərin bir-birinə inteqrasiyası təmin edilib. Eyni zamanda, həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizləri üzrə genişmiqyaslı yenidənqurma layihələri həyata keçirilib və hazırda yenilərinin icrası da intensiv şəkildə davam etdirilir. Bu gün ölkəmizdən İran, Gürcüstan və Rusiya ilə dövlət sərhədlərinədək, necə deyərlər, şüşə kimi hamar yollar uzanır.
Azərbaycan dövləti həmçinin regionlarda yerli əhəmiyyətli və kənd yollarının müasir standartlar səviyyəsində qurulmasına nail olmağı hədəfləyib. Prezident İlham Əliyev regional inkişaf proqramlarının icra vəziyyəti ilə bağlı keçirilən konfranslarda ölkə ərazisində bütün kənd yollarının yenidən qurulacağını bildirib. İndiyədək dövlət başçısının imzaladığı sərəncamlar əsasında yerli əhəmiyyətli və kənd yollarının yenidən qurulmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib. Bölgələrdə büdcə vəsaitləri hesabına qurulan yollar regionlarda qeyri-neft iqtisadiyyatının, o cümlədən də kənd təsərrüfatının inkişafına güclü təkan verir. Burada bölgələrdə yaşayan insanların həyatının yüngülləşməsi amilini də xüsusi qeyd edə bilərik. Rahat yollar vətəndaşlarda yüksək məmnunluq yaradır.
Son illərdə paytaxt Bakı meqapolis kimi inkişaf edir. Azərbaycanın güclənməsini paytaxtımızın timsalında izləmək mümkündür. Eyni zamanda, şəhərin gur inkişafı burada yol təsərrüfatının yenilənməsi, tıxaclar probleminin aradan qaldırılması üçün tədbirlər görülməsini qaçılmaz zərurətə çevirib. Bu reallıq nəzərə alınmaqla Bakının yol infrastrukturunun yenilənməsinə xüsusi yanaşma sərgilənir. Son 20 ildə Bakıda bir sıra irimiqyaslı yol layihələri həyata keçirilib. Paytaxtın Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində müasir yol infrastrukturunun qurulması belə layihələrdən biridir. Burada icra olunan işlər “Bakı şəhəri, keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsi çərçivəsində reallaşdırılıb. 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib. Birinci mərhələdə Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması təmin edilib. Paytaxt əhəmiyyətli bu layihənin icrası zamanı su, kanalizasiya, yağış sularının axıdılması, qaz, rabitə, elektrik və digər yeraltı kommunikasiyaların tikintisi həyata keçirilib.
Hazırda Bakıda dünyanın bütün iri şəhərləri üçün xarakterik olan tıxac probleminin aradan qaldırılmasında son illərdə tikilən körpulər, tunellər, yeraltı və yerüstü keçidlər, yol qovşaqları mühüm rol oynayır. Bakı ətrafında bir neçə dairəvi yolun yaradılması müstəqil Azərbaycanın necə güclü dövlət olduğunu təsdiqləyir. Qeyd edək ki, şəhər ətrafında dairəvi yolların yaradılması ilə bağlı planlar keçmiş sovet dönəmində uzun illər ərzində müzakirə mövzusu olmuşdu. Paytaxtımız üçün son dərəcə zəruri olan bu layihələri məhz müstəqillik illərində reallaşdırmaq mümkün oldu. Hazırda müxtəlif istiqamətlərdə regionlardan gələn avtomobillər şəhərə daxil olmadan müvafiq marşrutlarla yollarını davam etdirirlər. Bu sırada həmçinin Bakı-Sumqayıt şossesinin genişləndirilməsi layihəsinin də önəmini xüsusi qeyd edə bilərik. Paralel şəkildə, ətraf qəsəbələrdəki yollar da ən yüksək standartlar səviyyəsində yenidən qurulur. Son olaraq Prezident İlham Əliyev oktyabrın 25-də Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon (dörd milyon yeddi yüz min) manat ayrılıb.
Bütövlükdə, son 20 ildə ölkə üzrə şəhər və kənd yollarının yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəflinin “Yeni Azərbaycan”a verdiyi məlumata əsasən 2023-cü ilin 9 ayının yekunları da daxil olmaqla son 20 ildə ölkə ərazisində təxminən 20 min kilometr uzunluğunda avtomobil yolları tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Qurum rəsmisinin sözlərinə görə, 2003-2022-ci illərdə respublikamızda I texniki dərəcəli avtomobil yollarının uzunluğu artırılaraq 938 km-ə çatdırılıb. Bəhs olunan dövrdə ölkə ərazisində 499 körpü və yol ötürücüləri, həmçinin 114 yeraltı və yerüstü piyada keçidləri inşa olunub.
Ölkə ərazisində ilk ödənişli yol
Hazırda dünyanın bir çox ölkələrində ödənişli yollar var. Qiymətlər də təbii ki, ölkələr üzrə dəyişir. Azərbaycanda da dünyada geniş yayılan ödənişli yollardan istifadə olunması praktikasının tətbiqinə başlanılıb. İlk belə layihə kimi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu seçilib. Respublikamızda ilk ödənişli yolun açılışı oktyabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun təməli 2017-ci ilin dekabrında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı yolun təməlinin qoyulduğu ilk gündən başlayaraq inşaat prosesinin gedişi ilə şəxsən və yerində maraqlanıb, tikinti işlərinin ən yüksək standartlara uyğun icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını verib. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib.
Magistralın 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyənləşdirilib və Tarif Şurası tərəfindən gediş tarifləri təsdiq edilib. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Ödənişli avtomobil yolu 4 zolaqlıdır.
Magistral yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında 5 hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin hər hansı maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb. Yeni yol mövcud yoldan 13 kilometr qısadır. Anar Nəcəfli bildirib ki, ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə mümkündür. Həmin kartları ödənişli yola giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.
Məlumata əsasən, kartların 2 cür olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edənlər daimi kartlardan, yoldan vaxtaşırı istifadə edən sürücülər isə müvəqqəti və ya birdəfəlik kartlardan istifadə edə biləcəklər.
Bəs gələcəkdə respublikamızın ərazisində hansısa bir istiqamətdə yeni ödənişli yolun istismara verilməsi gözlənilirmi? Sualımızı cavablandıran Anar Nəcəfli qeyd etdi ki, hələlik bu barədə müzakirələr aparılmır. “Bu hökumətin qərarından asılıdır. Yeni qərarın imzalanması istisna deyil. Əgər belə bir qərar olarsa, AAYDA yeni layihənin icrasını da yüksək səviyyədə təmin edəcək. Buna əminlik yaradan həm də o amildir ki, artıq ilk təcrübə də var”, - deyə qurum rəsmisi vurğulayıb.
Qarabağda salınan yollar
Qaçqın və məcburi köçkün soydaşlarımızın doğma yurd yerlərinə qayıdışını tez və layiqli şəkildə təmin etməyi hədəfləyən qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına zəruri infrastruktur quruculuğu ilə start verdi. Bunsuz Qarabağı dirçəltmək, Böyük Qayıdış proqramını reallaşdırmaq mümkün olmazdı. Müharibənin başa çatmasından sonrakı dövrdə bəhs olunan ərazilərdə çoxlu sayda infrastruktur layihələri böyük uğurla icra olunub və yenilərinin də həyata keçirilməsi təmin edilir. O cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Müasir yol-nəqliyyat infrastrukturu olmadan bəhs olunan ərazilərə soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil. Bəhs olunan ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Bu potensialdan bəhrələnmək üçün, ilk növbədə, yaxşı yollar olmalıdır. Digər bir amilə də diqqət yetirək. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər dağlıq relyefə malikdir. Yol olmadığına görə Kəlbəcərin, Laçının bir sıra yaşayış məntəqələrinə qış aylarında getmək mümkün deyil. Bərpa proqramı çərçivəsində layihələndirilən yeni yollar işğaldan azad olunmuş ərazilərə qış aylarında da rahat gediş-gəlişi təmin edəcək. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə çəkilən yollar həm iqtisadi, həm də sosial, eyni zamanda hərbi baxımdan böyük önəm daşıyır. AAYDA-nın rəsmisinin məlumatına əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2300 kilometr uzunluğunda 21 yol layihəsinin icrası planlaşdırılıb. İndiyədək həmin layihələrdən 5-i tamamlanıb. İstifadəyə verilən yolların ümumi uzunluğu isə 185,3 kilometrə bərabərdir. Cari ilin sonunadək icrası tamamlanan layihələrin ümumi sayı 12-yə çatdırılacaq. 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Gündəm
12 Dekabr 00:09

Xəbər lenti
11 Dekabr 23:58

Gündəm
11 Dekabr 22:15

Xəbər lenti
11 Dekabr 19:18

Xəbər lenti
11 Dekabr 17:31

Dünya
11 Dekabr 16:40

Xəbər lenti
11 Dekabr 16:33

Xəbər lenti
11 Dekabr 16:29

Xəbər lenti
11 Dekabr 16:01

Xəbər lenti
11 Dekabr 14:22

Xəbər lenti
11 Dekabr 14:05

Xəbər lenti
11 Dekabr 13:35

Xəbər lenti
11 Dekabr 12:53

Xəbər lenti
11 Dekabr 12:42

İqtisadiyyat
11 Dekabr 12:38

Gündəm
11 Dekabr 12:36

Xəbər lenti
11 Dekabr 12:28

Xəbər lenti
11 Dekabr 12:03

Xəbər lenti
11 Dekabr 11:54

Siyasət
11 Dekabr 11:37

Xəbər lenti
11 Dekabr 11:26

Xəbər lenti
11 Dekabr 11:14

Xəbər lenti
11 Dekabr 10:52

Xəbər lenti
11 Dekabr 10:51

Xəbər lenti
11 Dekabr 10:44

Xəbər lenti
11 Dekabr 10:35

Xəbər lenti
11 Dekabr 10:33

Xəbər lenti
11 Dekabr 10:15

Xəbər lenti
11 Dekabr 10:01

Dünya
11 Dekabr 09:42

Xəbər lenti
11 Dekabr 09:36

Xəbər lenti
11 Dekabr 09:25

Xəbər lenti
10 Dekabr 18:54

Xəbər lenti
10 Dekabr 18:53

Siyasət
10 Dekabr 17:28

Xəbər lenti
10 Dekabr 16:16

Siyasət
10 Dekabr 16:11

Dünya
10 Dekabr 15:31

Xəbər lenti
10 Dekabr 14:24

İqtisadiyyat
10 Dekabr 14:23

Xəbər lenti
10 Dekabr 14:16

Gündəm
10 Dekabr 14:13

Xəbər lenti
10 Dekabr 14:05

İqtisadiyyat
10 Dekabr 13:54

Gündəm
10 Dekabr 13:25

Xəbər lenti
10 Dekabr 13:09

Siyasət
10 Dekabr 13:07

Xəbər lenti
10 Dekabr 12:47

Xəbər lenti
10 Dekabr 12:15

Xəbər lenti
10 Dekabr 12:05

Xəbər lenti
10 Dekabr 11:35

Dünya
10 Dekabr 11:18

Xəbər lenti
10 Dekabr 11:15

Xəbər lenti
10 Dekabr 10:50

Siyasət
09 Dekabr 23:08

Siyasət
09 Dekabr 22:02

Xəbər lenti
09 Dekabr 17:00

Xəbər lenti
09 Dekabr 16:49

Xəbər lenti
09 Dekabr 15:55

Xəbər lenti
09 Dekabr 13:47

Xəbər lenti
09 Dekabr 13:26

Mədəniyyət
09 Dekabr 13:06

Sosial
09 Dekabr 12:40

Analitik
09 Dekabr 12:30

Xəbər lenti
09 Dekabr 12:27

Xəbər lenti
09 Dekabr 12:24

MEDİA
09 Dekabr 12:20

Xəbər lenti
09 Dekabr 12:02

Analitik
09 Dekabr 12:00

Xəbər lenti
09 Dekabr 12:00
