Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şanlı Qələbədən suverenliyin bərpasınadək

Şanlı Qələbədən suverenliyin bərpasınadək

02.11.2023 [10:32]

Zəfər Günü - Azərbaycanın müstəqilliyinin, gücünün və qüdrətinin rəmzi

Zəfər ayının ilk günlərini yaşayırıq. 2020-ci ildə sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibədə qazanılan şanlı Qələbə son 200 illik tariximizin ən parlaq səhifəsidir. Bu Qələbəyədək məmləkətimiz çoxlu sayda savaşların məkanı olub, zaman-zaman torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub. 44 günlük müharibədə itkilər seriyasına, nəhayət, son qoyuldu. Vətən müharibəsində qazanılan Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü - Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.

Azərbaycan ərazi bütövlüyünə hərbi-siyasi yolla nail oldu

İşğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini o zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda AXC-“Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan, hərc-mərclikdən, həmrəyliyin təmin olunmamasından istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal etmişdi. Mənfur düşmən beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizi zor tətbiq etməklə işğal altına alanda və sonrakı mərhələdə ağır müharibə cinayətlərinə əl atdı. Belə ki, bu işğal nəticəsində  soydaşlarımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Qaçqın və məcburi köçkünlərin sayı bir milyonu ötmüşdü və bu, ölkəmiz üçün böyük humanitar fəlakət idi.

Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı.

Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına hesablanmışdı. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar sayəsində Azərbaycan bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəldi. Özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu.

Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğal etdikləri ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Verilən məlumatlara görə, müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusunda isə belə hal aşkarlanmayıb.

Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, - deyə vurğulayıb. Xatırladaq ki, Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.

Postmüharibə dövründə Qərbin riyakarlığı

Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi bizim üçün maksimal hədd olacaq. Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində respublikamızın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı.

2022-ci ilin sonu 2023-cu ilin əvvəllərində Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Laçın yolu üzərində etiraz aksiyası keçirəndə, müharibədən sonrakı dövrdə həmin ərazilərdə qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarının ardıcıl təxribatlarına Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görüləndə bəzi region ölkələrinin və Qərb dairələrinin məsələnin mahiyyətinə varmadan, heç bir araşdırma aparmadan verdikləri bəyanatlar respublikamıza qarşı təzyiq cəhdindən başqa bir şey deyildi.

ABŞ, Avropa İttifaqı, Fransa və bəzi başqa dövlətlər 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı idilər. Açıq-aşkar ATƏT-in Minsk qrupunun reanimasiyasına, yenidən uzun-uzadı danışıqlar prosesinə start verilməsinə cəhdlər göstərilirdi. Vəziyyətin belə qalması daim “parçala, hökm sür” siyasəti yürüdən qüvvələrin öz işlərini bu ənənəvi fəaliyyət prinsipi üzərində qurmaqla Azərbaycana qarşı real təsir və təzyiq mexanizmlərini saxlamağa imkan yaradırdı. Bütün bu prosesin məntiqi ondan ibarət olmuşdur ki, Qərb ermənilərin Azərbaycanda yaşaya bilməyəcəyi və buna görə də ayrılmasının zəruriliyini ehtiva edən hüquqi proseduru işə salsın.

Tarixi missiyanı başa çatdıran Lider Azərbaycana, şəxsən Prezident İlham Əliyevə olan təzyiqlər, dövlət başçısına və onun ailə üzvlərinə qarşı aparılan çirkin kampaniyalar, məkrli məqsədlər üçün BMT, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxalq mexanizmlərin potensialından yararlanmaq cəhdləri, respublikamıza sanksiyalar tətbiq ediləcəyi ilə bağlı hədələr Qərb dairələrinin sadəcə sözçülüklə məşğul olmadığını və öz niyyətlərini praktiki müstəviyə keçirdiklərini aydın nümayiş etdirdi. Məqsəd Prezident İlham Əliyevi planlarından çəkindirmək və Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək idi.

Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmamış, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olmuş və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatmışdır. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı.

Prezident İlham Əliyev həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran Liderdir. Azərbaycanda vaxtilə həyata keçirilən bir çox iqtisadi layihələr, siyasi arenada atılan addımlar illər sonra necə tam yeni bir keyfiyyət yaradırdısa, respublikamızın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli də ölkənin hərtərəfli inkişafı və aparılan fəal diplomatiyadan qidalanaraq uzunmüddətli perspektivə hesablanan çoxgedişli siyasi kombinasiyanın reallaşdırılması nəticəsində mümkün ola bilərdi. İlham Əliyevin böyüklüyü, uzaqgörənliyi və siyasi məharətinin qayəsini təşkil edən həqiqət ondan ibarətdir ki, O, böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işlədi, öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırdı, bu məsələdə maneə olan güclərin müqavimətini sındırdı və tarixi ədaləti bərpa etdi. Milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısı olan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı uğurla başa çatdırdı.

Xankəndidə bayrağımızın ucaldılması

2023-cü il sentyabrın 20-də cəmi 23 saat 51 dəqiqə ərzində Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər, növbəti parlaq Qələbə idi. Qarabağda suverenliyini bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu. İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpası ən böyük arzusu olan ümummilli lider Heydər Əliyevin ruhu şaddır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sabitlik olmadan...

29 Noyabr 09:23

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30