Xankəndidən dünyaya...
14.11.2023 [10:10]
İlham Əliyev: Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin!
2023-cü ilin 8 noyabrı 3 illik Zəfər tariximizdə müstəsna yer tutdu. Xankəndi küçələrində fəxrlə addımlayan Azərbaycan Ordusunun rəşadəti dövlətimizin gücünü, qüdrətini nümayiş etdirməklə yanaşı, sülhpərvər məramımızı və məqsədlərimizi də hər kəsə çatdırdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hesabat xarakterli, eyni zamanda regionda sülhün və təhlükəsizliyin formalaşdırılmasının konturlarını özündə əks etdirən, Cənubi Qafqazın sabit inkişafının strateji yol xəritəsi sayılan nitqi mühüm tezisləri özündə birləşdirdi. Bu fikirlər Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlərin düsturu idi - dövlət başçısı qələbənin əldə edilməsi formulunu xalqı ilə bölüşürdü.
“Buna bənzər parlaq Qələbə olmamışdır”
Qalibiyyət və qalibiyyətə gedən yol - birinci nəticəsidirsə, ikinci bu nəticəni reallaşdıran tezislərin və fəaliyyətin toplusudur. Qələbənin tam, minimum itkilərlə, hədəflənmiş şəkildə əldə olunması üçün gərəkən şərtlər uyğun reallığa əsaslanmalıdır - bunun üçün zəmin formalaşdırılmalıdır. 2020-ci il Vətən müharibəsi dövründə həm dövlət, həm də xalq bu zəmini birgə formalaşdırdı. Ordu-dövlət-xalq birliyi qələbə formulunun bütöv kompleksini yaratdı. İctimai sektorun, siyasi palitranın, xalqın bütün təbəqələrinin vahid ideoloji hədəf uğrunda birləşməsi qələbəyə aparan yolu qısaltdı, möhkəmləndirdi. Prezident İlham Əliyev Xankəndidə keçirilən Qələbə paradındakı çıxışında bildirdi ki, Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır”.
Düzgün, müdrik addım...
Azərbaycanın qələbəsini zəruri edən şərtlər kimi Ermənistanın məğlubiyyətini reallaşdıran amillər də mövcud idi - burada bir sıra faktorlar əhəmiyyətli rol oynadı. Vurğulandığı kimi, düşmən ordusundakı panika, təşviş, ən əsası 12 min fərari Ermənistanın müharibədəki “iştirakının” real mənzərəsini formalaşdırır. Bu dövlət özünün “yaratdığı” mifə inana-inana, Azərbaycanın işğal altındakı torpaqları azad etməyəcəyi kimi əsassız bir fikrə qapılaraq və xarici güclərə arxayınlaşaraq özünü yalan çəmbərinə “pərçimləmişdi”. Bu minvalla da reallıq hissini itirmiş Ermənistanın siyasi rəhbərlyi öz yalanlarının əsirinə çevrilmiş, Azərbaycanın humanist çağırışlarını, sülh təkliflərini qəbul etməmişdi. İkinci Qarabağ müharibəsinin başlanması birmənalı şəkildə Ermənistanın siyasi rəhbərliyinin apardığı zorakılıq, işğalçı siyasətin nəticəsi idi - yeni işğallar fikrinə düşən, sülhdən çox təcavüzdən danışan Ermənistan nəticədə istədiyini aldı. Prezident İlham Əliyev çıxışında bildirib ki, əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı: “Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi”.
Nəticədə Ermənistan kapitulyasiya imzaladı. Bəlkə də həmin vaxt bəzi insanlar müharibənin dayanmasını arzulamırdısa belə, bu günün prizmasından qəbul edilən qərarın düzgünlüyü və strateji əhəmiyyəti aydın şəkildə görünür. İlk növbədə, Kəlbəcər, Laçın və Ağdam bir güllə atılmadan, itkisiz şəkildə geri qaytarıldı. İkincisi, ermənilər tərəfindən basdırılmış milyonlarla minanın kütləvi qurbanına çevrilmə təhlükəsi aradan qalxdı. Ən əsası isə davamlı və strateji ardıcıllığa əsaslanan “qələbə formulu” tam və düşünülmüş şəkildə icra olundu. Prezident İlham Əliyev vurğulayıb ki, müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi.
“O vaxt mənim sözümə baxsaydılar...”
Ən əsas məqam isə 10 noyabr üçtərəfli Bəyanatının ardından Azərbaycanın öz məqsəd və hədəfinə doğru aldığı yolda dayanmaması oldu. Ordu quruculuğu gücləndirildi, daha peşəkar və mobil qruplar, bölmələr formalaşdırıldı. Silah-sursat arsenalı daha müasir şəkildə yenilənmə prosesini davam etdirdi, zabit və əsgərlərin təcrübəsinin artırılması işinə xüsusi diqqət ayrıldı. Vacib strateji nöqtələr müəyyənləşdirirdi və onların nəzarətimizə keçməsi uğrunda əməli fəaliyyət ortaya qovuldu. Təbii ki, yaranan fasilədən, fürsətdən düşmənin yararlanma ehtimalı böyük idi - Laçın - Xankəndi yolu ilə separatçı rejimə silahların daşınması, Ermənistan daxilində revanşist qüvvələrin fəallaşması, bəzi beynəlxalq subyektlərin separatizmi dəstəkləyən “bəyanatları” Azərbaycanın fəaliyyətini daha da intensivləşdirməsinə səbəb oldu. Prezident İlham Əliyev çıxışında bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik: “Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Nə üçün biz bunu edirdik? Çünki biz bilirdik ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və onları bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün bizə şərait yaratdı”.
Bu addımlar həm də suverenliyin bərpası hədəfinin reallaşması uğrunda ortaya qoyulan fəaliyyətin tərkib hissəsi idi. Azərbaycan hərb meydanında olduğu kimi, danışıqlar masası arxasında da özünün real və qətiyyətli mövqeyini ortaya qoydu - Qarabağ Azərbaycandır! Qarabağ məsələsinin müzakirə predmeti olmayacağı təkrarən bəyan edildi. Ermənistan üçün başqa seçim imkanı buraxılmadı - bu dövlət özünün silahlı birləşmələrini Qarabağdan çıxarmalı idi. 10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən bu proses başlamalı idisə də, məqsədli şəkildə yubandırılırdı. Belə olan təqdirdə Azərbaycan qətiyyətli şəkildə hərəkətə keçdi və özünün suverenliyini tam şəkildə bərpa etdi: “Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız. Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir”.
“20 il ərzində bu günə doğru gedirdik”
Bəli, Qarabağ Zəfərinin mühüm hissəsi olan sentyabrda baş verən antiterror tədbirləri yeni siyasi reallıqların əsas nəticəsi sayıla bilər. Başqa sözlə, Azərbaycan öz hədəfinə çatdı. Qarabağın nəzarətimizə keçməsi, separatçı rejimin ləğvi, Azərbaycan qanunlarını pozan cinayətkarların zərərsizləşdirilməsi 1 nömrəli vəzifənin yerinə yetirildiyininin ən bariz sübutlarıdır. Qondarma rejimin təslim olması regional inkişaf prosesində yeni səhifə açdı. 8 noyabrda əldə olunan Qələbə, 23 apreldə sərhədlərin müəyyənləşdirilməsi yolundakı qətiyyətimiz nəticə etibarı ilə 20 sentyabra aparan yolu daha da möhkəmləndirdi. Öz çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr: “Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik”.
Bütün bu uğurlar, bütün nəticələr isə ötən 20 il ərzində qət olunan yolun doğruluğunu və düzgünlüyünü sübut edirdi. Ən kiçik detalları belə hesablanmış, ən xırda nüansları belə nəzərə alınmış “Zəfər yolu”nun 20 illik inkişafı dövrü reallığı bütün dünyaya nümayiş etdirdi: “Mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik”.
“Hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq”
Siyasət həm də hədəflərə doğru ən qısa və mükəmməl yolun müəyyənləşdirilməsidir. 2020-ci ildə üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycan özünün hədəflərinə doğru irəlilədiyi yolda mühüm üstünlüklər qazandı. Biz suverenliyimizin bərpası üçün onsuz da haqlı olduğumuz müstəvidə həm də bir hüquqi baza formalaşdırdıq - Üçtərəfli bəyanat Qarabağın Azərbaycan torpağı kimi tanınması şərtini Ermənistan üçün zərurətə çevirdi. Prezident İlham Əliyevin apardığı uğurlu siyasi kurs Ermənistanı Azərbaycan qarşısında tərk-silah etdi: BMT TŞ-nın qərarlarını, qətnamələrini saya salmayan Ermənistan Azərbaycanın ortaya qoyduğu iradə qarşısında təslim oldu. 2020-ci ildə Azərbaycanın şərtləri ilə kapitulyasiya imzalayan Ermənistan 2023-cü ildə Qarabağın Azərbaycan torpağı olduğunu bütün yüksək tribunalarda təsdiqləyirdi. Bu böyük uğur, bu böyük qələbə bütöv və suveren Azərbaycanın rəngarəng tablosu idi. Bu, nəyin nə vaxt və necə ediləcəyini hər kəsdən yaxşı bilən Sərkərdənin qəti qələbəsinin elanı idi. Prezident İlham Əliyev bildirib ki, bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq: “Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”.
Ermənistan və havadarları bilsin ki...
Dünəndən nəticə çıxarmayanlar üçün sabah çox ağır olur. Bu ifadə bu günün Ermənistanı üçün həyat fəlsəfəsidir. Ötən 3 illik tarixdə uğradığı məğlubiyyətlərdən nəticə çıxarmalı olan İrəvan dünəninə baxıb sabahını müəyyənləşdirməlidir. “Yeni torpaqlar uğrunda müharibə” və ya “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm iddialarının onlara nələrə başa gəldiyini əyani şəkildə gördülər. Bu gün fərqli xarici dairələrin fitvası ilə müharibə illüziyasına çəkilən Ermənistan həyatının ən böyük səhvini buraxmamalıdır. “DƏMİR YUMRUQ yerindədir” fikri Ermənistanın verəcəyi qərarlarda, atacağı addımlarda istinadgahına çevrilməlidir. Hər hansı bir “yoldan çıxma” İrəvan üçün böyük bir “son”a gətirib çıxara bilər. Bu mənada, revanşizm və ya yeni eskalasiya arzusu Ermənistan üçün özünüməhvdən başqa bir şey deyil. Azərbaycan xalqı, Azərbaycan əsgəri, Azərbaycan dövləti bir yumruğa çevrilib düşmənin başını əzməyə hər an hazırdır.
Xankəndi paradı zamanı çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin: “Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03

